Daxil olQeydiyyat

MÜASİR DÜNYANIN 10 ARXİTEKTURA MÖCÜZƏSİ

NOYABR 14, 2019 4 dəq. oxu
MÜASİR DÜNYANIN 10 ARXİTEKTURA MÖCÜZƏSİ

Günümüzdə şəhərləri cazibədar edən sözsüz ki, onların görünüşüdür. Şəhərin görünüşü dedikdə isə, onun arxitekturası nəzərdə tutulur. Müasir memarlığı daha qeyri-adi edən özündə həm keçmişin çalarını, həm bu günün innovasional dizaynını, həm də gələcək xəyalları bir yerdə toplamasıdır. 

Arxitektura sabit qalmır, hər zaman yenilənir və dəyişir. Məhz buna görə də memarlığın özünəməxsus bir sıra üslubları var. Bir neçə əsr öncə barokko, rokoko, qotizm və s. cərəyanları özünün yüksək dövrlərin yaşayırdısa, indi isə kitçi, modern, ekspersionizm stilləri arxitektura dizaynında əvəzsiz rol oynayır. 

Səyahət sevərlərimiz üçün müasir dünyanın 10 arxitektura stilini və onlara aid möhtəşəm tikililərin siyahısını tərtib etdik. Artıq səyahətdə olarkən təkcə şəhərin görüşünə valeh olmayacaqsız, həmçinin onun arxitekturasının incəliklərini duyacaqsınız.


1. Modern memarlıq üslubu

Bu stil 1890-1910 – cu illərdə avropada formalaşsa da, hal-hazırda çiçəklənmə dövründədir. Üslubun özünəməxsusluğu klassik xətt və bucaqlardan imtina etib qeyri-adiliyə üstünlük verməsidir. Tikintiyə yeni materialların qatılması memarlar üçün sərhədləri aradan qaldırdı.

Modern stilində tikilən müasir möcüzəmiz isə, kitab sevənlərin sevincinə səbəb olacaq. Əgər Fransada səyahətdəsizsə, Nitsa şəhərinə dönməyi unutmayın! Orada sizi mükəmməlliyi ilə heyrətləndirən Lui Nyuser adına kitabxana gözləyir. Kitabxana öz xüsusiyyətləri ilə dünyanın heç bir tikilisinə bənzəmir. Onun qəribəliyi damında cəmlənib. Yuxarı hissəsi böyük qutuya bənzər bir baş formasında tikilib. Kitabxanın maraqlı adı da bunu təcəssüm etdirir. Fransızca onun adı «La Tete au Carre» kimi  səslənsə də, bizim dilə “Qutuda düşünmək” kimi tərcümə olunur. 2002-ci ildə tikilmiş kitabxananın memarları Yves Bayard və Francis Chapus idi. 


2. Xay-tek memarlıq üslubu

Şüşə, plastik, metal, mərkəzləşdirilməmiş işıqlandırma, yeni texnologiyalar, lift, cürbəcür dizaynlı pilləkənlər və s. bunları birləşdirən arxitekturanın xay-tek üslubudur. 1970-1980-ci illərdə bu stil ingilislər tərəfindən çox istifadə olunmuşdur. İndi ofis binalarının tikintisində özünü çox göstərsə də, Ərəbistanın, eləcə də dünyanın ən gözəl hotelini unutmaq olmaz. 


Müasir xay-tek stili dedikdə ağıla gələn tikili Dubayda yerləşən dünyanın ilk 7 ulduzlu hoteli Bürc əl-Ərəbdir.  Hotel 1999-cu ildə dəniz sahilindən 280 metr aralıda süni ada üzərində tikilib. Hündürlüyü 321 metr olan hotel dau yelkəni formasındadır. Bürc əl-Ərəb hotelini seçməklə siz əfsanəvi interyer, dəbdəbəli otaqlar seçirsiniz. 


3. Dekonstruktivizm memarlıq üslubu

Şəhərin təmkin dolu küçələrində bütün sərhədləri aşmış “aqressiv” binalara rast gəlməmiş olmazsız. Bütün bu binalar dekonstruktivist tikililərdir. Vizual mürəkkəblik, qəsdən pozulmuş, dağılmış formalar 1980-ci ildə formalaşmış stilin ən özəl xüsusiyyətləridir.


Ölkənin mədəniyyətini, tarixini əks etdirməyin bir üsulu da muzeylərdir. Turistlərin ən çox ziyarət etdiyi muzeylərdən biri də İspaniyanın Bilbao şəhərindəki dekonstruktivizm stilini əks etdirən Quqqenhaym muzeyidir. Memar Frank Gehry öz “əsərində” dəniz mövzusuna toxunub, tikili Nehri(Nervion) çayı boyunca üzən bir gəmiyə bənzəyir. Binada düz bucaq yoxdur, səthlər yumuşaq bir şəkildə bükülüb, bir-birinə qarışır. Quqqenhaym muzeyi təkcə sərgilədiyi incəsənətlə deyil, həm də öz dizaynı ilə görənlərin heyrətinə səbəb olur. 


4. Kitçi memarlıq üslubu

Zövqsüz, ucuz sözləri ilə xarakterizə olunan bir stil sizcə, necə olmalıdır? Kitçi stili buna cavab verəcək. Burjuaziya və kasıblıq dövründə yaranan üslub alman dilindən tərcümədə məhz “ucuz” kimi səslənir. İndi kitçi hər yerdə mövcuddur. Özündə digər stilləri qarışdıraraq, yeni unikal şedevrlər yaradır.


Uşaqların sevimli oyunu konstruktordan evlər düzəltməkdir. Inntel Hotels kompaniyası isə deyəsən hələ də konstruktorla oynamağı sevir. Beləki Hollandiyanın Zaandam şəhərində böyük bir konstruktor hoteli yerləşmişdir. Kitçi üslubunda hazırlanan hotel 70 müxtəlif evin birləşməsindən yaranmışdır. Turistlər üçün bu məkan əsl uşaqlıq xəyallarının gerçəkləşməsidir. 


5. Ekspersionizm memarlıq üslubu

Birinci dünya müharibəsindən sonra yaranan ekpersionizm stili günümüzdə də aktualdır. Təbiət landşaftlarından (dağ, mağara və s.) istifadə edərək klassik memarlıq formalarını aşan ekspersionizm teatr, məbəd tikintilərində özünü səciyyələndirir. 


Lotos məbədi təkcə Hindistanın deyil, bütünlüklə Asiyanın ekspersionizmdə tikilən ən möhtəşəm məkanıdır. Məbəd Lotos çiçəyinin hələ təzəlikcə çiçəklənmiş çağında təsvir olunub və indi də su üzərində “çiçəklənmədədir”. Beləki məbədi 9 hovuz hər tərəfdən əhatə edir. Məhz bu hovuzların üstündən keçərək “çiçəyin” içinə daxil olmaq olur.1986-ci ildə inşa edilmiş məbəd hal-hazırda turistlərin ən sevdiyi müasir memarlıq incisidir. 


6. Postmodern memarlıq üslubu

Moderndən sıxılan şəhərlərə yenilik qatan postmodern memarlığı 1960-cı illərdə meydana gəlib. Postmodern tarixi abidələrə bənzərliyi, əvvəlki dövrün heykəllərinə işarəsi, bir sözlə, “köhnə dadlardan” istifadə edərək arxitekturaya yeni “dadlar” qatmağa başladı. 


Bir gün Rotterdam rəsmisi Hans Mentnik memar Bloma köhnə limanın yerində yeni qeyri-adi, modern üslubunun sərhədini aşacaq layihə hazırlamağı tapşırdı. Beləcə Rotterdamın mərkəzində “Kubik evlər” yarandı. Evlər turistlərin marağına səbəb olur deyə ev sakinləri bəzən onlar üçün kiçik ekskursiyalar keçirir.


7. Orqanik memarlıq üslubu

Təbiətin insanla vəhdəti sizcə təkcə fəlsəfi fikirlər və incəsənətdir, ya memarlıq?


Orqanik memarlığın əsas vəzifəsi özündə insanın daxili aləmini və təbiətlə hormoniyasını ifadə etməkdir. Tikililər təbiətin bir hissəsi olub onunla ahəngdarlıqdadır. Bütün həndəsi fiqurları rədd edən bu stil ətraf landşafa uyğun olan materiallardan hazırlanır. 

Orqanik memarlığın etalonu olan “Şəlalə üstündə ev” yüzlərlə turistin Pensilvaniyaya axmasına səbəbidir. Frenk Rayt bütün ömrü boyu orqanikaya can atıb və sonunda şəlalə üstündə “uçan” evini yaratmağa müvəffəq oldu.  Şəlalə üstündə ev qayalıqdan çıxaraq, onun bir hissəsi kimi görünür. 


8. Digital memarlıq üslubu

Bu stil axır vaxtların – 1990-cu illərin məhsuludur. Bu dövrdə memarlar yeni çalarların, rənglərin, sərhədlərin axtarışında olub. Bütün simmetriyaya, hətta fizika qanunlarına qarşı olan digital memarlığın nümayəndələrindən biri isə öz abidələri ilə gözoxşayan memar Zaha Hadiddir.


“Kosmik tikililəri” ilə tanınan Zaha Hadid Azərbaycanda digital memarlığın mirvarisini yaradıb. Bakıda parlayan Heydər Əliyev mərkəzi işıqlı gələcəyi təmsil edir. Binanın dalğavari forması dəniz tematikasına yaxınlığı ilə bərabər keçmişin gələcəyə axınını simvol edir. 


9. Brutalizm memarlıq üslubu

Boz divarlar və nəhəng tikililər bunlar brutalizm üslubunun əsasıdır. 1950-1970-ci illərdə Böyük Britaniyada yayılan brutalizm binaların mürəkkəbliyi və konstruksiyaların “ağırlığı” ilə seçilirdi. 


Kanadada nəhəngliyi ilə tanınan Habitat 67 354 kubun bir-biri üzərinə xaotikcəsinə düzülmüş bina şəklindədir. Kənardan uşaq evciklərinə bənzəsə də belə quruluş funksionallığı artırır. Tikili Monrealın ən gəzməli-görməli yerlərindən biridir.


10. Konstruktivizm memarlıq üslubu

Konstruktivizm 1920-1930-cu illərdən mövcud olan avantürist memarlıq üslubudur. Konstruktivizmin əsası təkcə funksional deyil, həm də ifadəli binalar yaratmaqdır. Memarlıq abidələri öz dekorativliyi ilə deyil, forma və materailları sayəsində effektivlik əldə edir. Şüşə, beton, metal memarların əlində rəssamlıq alətinə çevrilir. Buna Viktor Kramarenko və Mixail Vinaqradovun birgə əməyində şahid oluruq. “Belarus almaz”ını əsas götürərək yaratdıqları kitabxana elmə, biliyə olan dəyəri nümayiş etdirir. Konstruktivizm memarlıq üslubunda işlənən Belarus milli kitabxanası öz bənzərsiz quruluşu, nadir kitabları və maraqlı ekskursiyaları ilə həm yerli əhalini, həm də turistləri cəlb edir. 

İnsan fantaziyasının hüdudu yoxdur və müasir arxitektura buna sübutdur. Demək olar ki, hər il onlarla yeni memarlıq inciləri yaranır. Kim bilir, illər sonra bu siyahıda insanın yaratdığı hansı möcüzələrdən bəhs olunacaq.

 

Bu bloqlarıda oxuya bilərsiniz:

DÜNYANIN MƏŞHUR PİRAMİDALARI

DÜNYANIN ƏN BÖYÜK 5 PARKI

ABU DABİNİN LUVR MUZEYİ PARİSİN LUVRUNA QARŞI

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.