Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Nərgiz MəmmədzadəNərgiz Məmmədzadə 17 FEVRAL 2020 633 views 9 dəq. oxu

Avropanın bilinməyən 10 yeri

633 views 9 dəq. oxu
uploads/blog/10-Best-places-to-visit-in-Europe.jpg

Əminliklə demək olar ki, dünyanın hansı nöqtəsinə olursa olsun səyahət etmək hər zaman ən maraqlı və ən əyləncəli təcrübədir. Fərqli ölkələr, fərqli mədəniyyətlər, fərqli mətbəxlər və yeni insanlar - bütün bunlar necə həyəcanverici olmaya bilər? Hələ dünyada bu qədər kəşf edilməli qitə, bu qədər gəzməli ölkə varsa! Hər birinin özünə xas zəngin təbiəti, flora və faunası, maraqlı adət-ənənələri var. Hər biri özündə bizə bir çox şeyi deyə biləcək bir tarixi gizlədir. Əsrlər boyu əzəmətini qoruyaraq qalan memarlıq abidələri buna əsl sübutdur. Təbii ki, hər bir ölkəni gəzmək və dünya turu etmək bir çox insanın arzularındandır. Lakin daha da önəmlisi hər bir ölkə ilə dərindən maraqlanmaq və ayaq basdığımız torpaqları hər şeyi ilə tanımaqdır.

Hər zaman ən çox marağımı cəlb edən insanların çoxunun ziyarət etdiyi turistik yerlərdən fərqli olaraq daha az görülən, daha az insan ayağı dəyən, bəlkə də çətin və keşməkeşli yerlərdə yerləşən fərqli məkanlar olmuşdur. Məsələn, Fransaya getdikdə Eyfel qülləsini, İtaliyaya getdikdə Pizza qülləsini, Böyük Britaniyaya getdikdə Big Beni, Hindistana getdikdə Tac Mahalı görməkdən daha çox o yerlərlə gizli qalan, daha az bilinən yerləri ziyarət etmək. Təbii ki, bu yerlər də mütləq görülməyə dəyər yerlərdir, ancaq marağını daha sirrli və qeyri-adi yerlər çəkən insanlar bu yerləri ziyarət etdikdən sonra mütləq istiqamətini daha fərqli yerlərə çevirir.

Bəs siz səyahət edərkən daha çox turistik yerləri seçənlərdənsiniz yoxsa dəyişiklik edib daha çox bilinməyən, gizli, turistlərin az ziyarət etdiyi yerləri seçənlərdən? Sizə də daha az insanın gördüyü yerlər maraqlı və cəzbedici gəlir? Və ya insan sıxlığından uzaqlaşıb daha sakit yerlərə baş çəkmək istəyirsiniz? O zaman bu dəfə sizi Avropada gizli qalmış, az bilinən və bir çox insanın getmədiyi yerlər ilə tanış edəcəyik.


Setenil de las Bodegas, İspaniya

Siyahımıza İspaniya ilə başlayırıq. İspaniya dedikdə hər kəsin ilk anda ağlına Madrid və Barselona şəhərləri gəldiyinə əminəm. Setenil de las Bodegas İspaniyanın cənubunda yerləşən və qayalara bürünmüş kiçik bir qəsəbədir. Bu isə o deməkdir ki, buradakı insanlar demək olar ki, bir qaya altında yaşayırlar. Təsəvvür edə bilirsiniz? Deyildikdə həqiqətən qorxuducu səslənsə də bir o qədər də fərqli bir gözəlliyi və ecazkar bir havası var. Əhalisi 2700 insandan biraz çox olan bu qəsəbədə evlər tamamilə ağ rəngə boyanmışdır. Səbəb isə tünd rəngli daşlardan onları kəskin dərəcədə ayıran bir rəng seçmək idi.

Hər nə qədər qayalar altında yerləşən qəsəbə adı ilə tanınsa da, buranın həqiqətən də diqqətəlayiq bir cəlbediciliyi var. Nazari qalası və La Encarnación Kilsəsi buraya xas olan gəzməli və görməli yerlərdəndir. Nazari qalası təpənin başında yerləşir və əslində 13-cü əsrdə bir ərəb qalası idi. Qalanın orijinal qüllələrindən başqa digər bütün qüllələri son mühasirədən sonra dağıldı. Ancaq nə olursa olsun, şəhərin mükəmməl mənzərəsinə tamaşa etmək istəyirsinizsə, bu qalaya baş çəkməyə dəyər.


La Encarnación Kilsəsinin də maraqlı bir tarixi var. O, 1500-cü illərin əvvəllərində qotik memarlığını təcəssüm etdirmək üçün tikilmişdi. Ölkənin ən görkəmli və dəbdəbəli kilsələrindən biri olmaya bilər, lakin bütün kiçik ispan qəsəbələrinə xas olduğu kimi çox sakit və dinc bir auraya malikdir.

Əminəm ki, bu maraqlı qəsəbə diqqətinizi çəkdi. Əgər ziyarət etmək qərarına gəldinizsə və ya gələcək planlarınıza əlavə etdinizsə, o zaman yerləşməsini sizə daha dəqiq deməkdə fayda var. İspaniyanın məşhur şəhərlərindən olan Sevilya və Qranada arasında yerləşən bu qəsəbə həm ölkənin, həm də dünyanın ən unikal yerlərindən biridir. Buranın bu qədər uzun müddətdir qayalıqlar altında özünü necə qoruyub saxlaya bilməsi çox maraqlı və mövüzəvi bir hadisədir.


Brisighella, İtaliya

İndi isə yolumuz İtaliyayadır! Bir çox insanın eşitməməsi və tanımaması ilə bağlı olaraq bu siyahıda yer almalıdır deyə düşünürəm. Boloniya şəhərinin cənubunda yerləşən bu kiçik qəsəbəyə "Orta əsrlər nağılı" da deyilir. 7500-dən artıq əhaliyə sahibdir. Brisighella zəngin bir tarixə və orijinal mədəniyyətə sahib bir yerdir. 14-cü əsrə mənsub La Rocca qalası, 16-cı əsrə mənsub La Torre saat qülləsi və 18-ci əsrə mənsub Il Monticino kilsəsi kimi tanınan üç möhtəşəm təpənin arasında yerləşir.

Yay ayları əsas olmaqla ölkə boyu gəzinti burada çox məşhur bir fəaliyyət növüdür. Brisighella həqiqətən çox maraqlı zaman keçirərək səyahət edə biləcəyiniz, qəribə və rəngarəng küçələrindən bezmədən, valeh olaraq gəzəcəyiniz bir yerdir. Gəzinti zamanı yorulanlar üçün də xüsusi məsləhətimiz var! Buranın restoran və kafelərində dünya səviyyəli çoxlu şərab, zeytun yağı və jelatonu dadma imkanı tapacaqsınız.

Əgər təbiətlə iç-içə olmaq, qədim memarlıq abidələri ilə yaxından tanış olmaq, əsrlər öncəsinin tarixinə şahid olmaq və ən əsası çox az insanın bildiyi, gördüyü və səyahət etdiyi yerə getmək istəyirsinizsə istəyirsinizsə Brisighella mütləq ziyarət etməli olduğunuz yerlərdən biridr.


Mittenwald, Almaniya

Almaniya dedikdə ağla ilk olaraq təbii ki Berlin, Münhen, Frankfurt kimi şəhərlər gəlir. Ancaq şəkillərini gördüyüm anda vurulduğum və bu gözəlliklə necə tanınmadığına böyük heyrətə düşdüyüm kiçik bir yer haqqında bəhs etmək istərdim. Sanki nağıllardan çıxmış qədər heyrətamiz gözəlliyə malikdir. Əslində Mittenwaldın Almaniyanın möhkəm avtomobil sənayesinə yaxınlığını nəzərə alsaq, necə bu qədər gizli qala bilmişdir, təəccüb doğurucudur.

Turist izdihamından uzaq, ancaq eyni zamanda canlı, tarixi abidələrlə zəngin, Alman yeməklərinin ən yaxşılarını dada biləcəyiniz və ən əsası qarla örtülü dağları olan möhtəşəm mənzərəsi ilə insanı valeh edir bu kiçik qəsəbə. Qəsəbənin ətrafında yerləşən Karwendel Alpləri buranı qışda xizək sürmək və yayda gəzinti üçün cəlbedici bir yerə çevirir.

Burada yaşayan 7500-dən artıq şanslı insanı qısqanmadım desəm, yalan olar. Mittenwald ömründə ən azı bircə dəfə də olsa hər kəsin ziyarət etməsi mütləq lazım olan Alman şəhərlərindən biridir. Rəngarəng memarlığı və evlər üzərində bir sənət əsəri kimi çəkilən rəsmləri şəhəri o qədər zövqlü göstərir ki, vurulmamaq əldə deyil. Yüz illərlə tarixə malik olan evləri sanki dünən tikilmiş qədər müasir və ən əsası da sağlam görünüşə sahibdir. Buraya səyahət etsəniz mütləq Altstadt və ya Old Town'ı gəzmək üçün vaxt ayırın. Hər küçədə, xüsusən də əsas küçə olan Obermarktda zamansız ənənələri tam olaraq nümayiş olunur.

Daha bir maraqlı fakt da budur ki, Mittenwald skripka sənətində uzun bir tarixə və irsə sahibdir. Buna görə bura tez-tez "Min Skripka Kəndi" adlanır. Bu adın arxasındakı hekayə, 17-ci əsrə aiddir: Klotz ailəsinin incə simli alətləri istehsal etmək üçün işə başladığı zamanlara. 19-cu əsrə qədər skripkalar Avropada o qədər məşhur idi ki, Mittenwalddakı hər bir ailə müəyyən bir şəkildə onları hazırlamaq və ya satmaq prosesində iştirak edirdi.

Əgər siz də turistlərdən uzaq, sakitliklə səyahət edə biləcəyiniz təkraredilməz və tayı-bərabəri görülməyən bir yer axtarırsınızsa, mədəniyyətin və tarixin ən gözəl izlərini qoruyan bu şəhəri elə bu gün siyahınıza əlavə edin!


Perast, Monteneqro

630 minə yaxın olan əhali sayı ilə kiçik ölkələrdən biri olan və elə özü də az tanınan Monteneqro. Diqqətimizi buradakı bir çox şəhərə, bir çox kiçik qəsəbəyə yönəldə bilərik. Çünki təəssüflər olsun ki, ölkə digər Avropa ölkələri qədər məşhur deyil və onlar qədər turist axınına da məruz qalmır. Ancaq bu, onlar üçün sadəcə bu ölkənin gözəl təbiətindən məhrum qalmaq demək olacaq.

Monteneqronun az bilinən kiçik bir kəndi də sadəcə və sadəcə 400-dən biraz çox insanın yaşadığı Perastdır. Şəhərdəki sakitliyi və dincliyi bu rəqəmdən başa düşmək olar artıq. Avropanın ən gözəl şəhərlərindən biri olan, Kotordan 12 km şimalda Perast adlı kiçik bir sahil kəndi yerləşir. Bura qəribə və əlçatmaz görünsə də, təbiətinə söz ola bilməz.

15 və 18-ci əsrlər arasında Osmanlı İmperiyası ilə Venesiya Respublikası arasında strateji bir liman idi. Yalnızca bir əsas küçəsi olan bu kiçik kəndin əvvəllər bu güclü imperiyaların kəsişməsində olduğunu təsəvvür etmək həqiqətən də çox çətindir. Bu qədər kiçik bir ərazisi olan kənddə 16 kilsə vardır və bu göstərici onu adambaşına düşən ən çox kilsəyə sahib olan ölkə kimi tanıdır. Bunlardan ən əzəmətlisi 17-ci əsrə aid və Barok şah əsəri olan Müqəddəs Nikola Kilsəsidir. Qəsəbə həmçinin aşağıdakı körfəzi seyr edən mənzərəli dağlarla əhatə olunmuşdur. Kiçik qəsəbələrin və kəndlərin dağ mənzərəsinin olması necə də gözəldir, elə deyil?

Burada "Daşların Xanımı" adlı bir süni ada da vardır ki, əfsanəyə görə dənizçilər bu adanı 500 il əvvəl süxurlar və köhnə gəmilər yığmaqla inşa etmişlər. Kiçik bir kilsə suyun içindən çıxan bu qayalı kurqanın üstündə oturur. İçəridə 17-ci əsrə aid çox gözəl rəsm əsərləri və 1400-cü illərə aid olan Müqəddəs Məryəm Ananın bir simvolu vardır. Perast həmçinin dəniz məhsulları həvəskarları üçün də möhtəşəm bir yerdir. Yerli balıqçılar o günün təzə tutulmuş balıqlarını birbaşa Kotor Körfəzindən və Adriatik dənizindən gətirirlər. Kiçik, ancaq bir o qədər maraqlı, sirrli və tarixlə zəngin bir yer!


Folegandros, Yunanıstan

Yunanıstan bir çoxlarının sevdiyi və turistlərin tez-tez baş çəkdiyi ölkələrdən biridir. Ancaq bu dəfə Afina və ya Santorinidən daha fərqli bir yerdən bəhs edəcəyik. 1000-ə yaxın yerli sakini və sadəcə 32 kv. km ərazisi ilə Folegandros!

Folegandros o məşhur Santorini yaxınlığındakı Cyclades'in cənub kənarında kəşf edilməmiş bir adadır. Onun toxunmamış çimərlikləri və arxitekturası hər kəsi valeh edir. Təmizliyi və rəngi ilə insanı valeh edən suları ilə seçilən Karavostassis, Vitzetzo və Hohlidia kimi çimərliklər mütləq ziyarət etməli olduğunuz yerlərdəndir. Bu ada Xoranın qəbiristanlığından Panagia təpəsi kilsəsinə möhtəşəm qürub mənzərələri izləyərək gedilən yol ilə gəzintiləri üçün hazırlanmışdır. Buraya gəldikdə isə məşhur matsata, qızardılmış quzu və pomidor sousu ilə təqdim olunan və evdə hazırlanan pastadan dadaraq fərqli təcrübələr qazana bilərsiniz.

Bir sözlə, siz də artıq adiləşmiş ada gəzintilərindən, insanların izdihamından, dolub daşan çimərliklərdən yorulmusunuzsa və içinizdəki yenilikləri kəşf etmə və tanıma istəyi heç vaxt sönmədən baş qaldırırsa o zaman bu qeyri-adi kiçik ada sizin üçündür!


Figeac, Fransa

Dünyada kimdən soruşsanız Fransa dediyiniz ilk anda ağlına paytaxtı Paris gələr. Bu 2 ad bir-birindən ayrılmayan mövhumlara çevrilmişdir artıq. Təbii ki, bu gözəl sevgilər şəhərinə səyahət etmək mütləqdir, lakin bu dəfə Fransa deyəndə ağıllara belə gəlməyəcək, hətta Fransada yerləşməsindən bir çox insanın xəbəri belə olmayan, kəşf edilməmiş və ya az bilinən yer kimi tanınan Figeacdan bəhs etmək istəyirəm.

Figeac səssiz, qəribə və bəlkə də orta əsrlərdə olan həyata ən yaxşı şahid olan yerlərdən biridir. Məlumatı olmadan belə buraya səyahət edən ziyarətçilər qəsəbənin arxitekturası və abidələrindən buranın nə qədər qədim olduğunu təxmin edə bilər. Həmçinin tarix və təbiətin necə bir ahəng içində olduğunu görənlər üçün buraya vurulmamaq mümkün deyil. Qəsəbənin bütün zamanlara meydan oxuyan cazibəsi hər kəsi ovsunlamağa qadirdir. Dəbdəbəli küçələr, 13-cü əsr binaları və ecazkar mənzərələr buna sübutdur. Şampollion Muzeyində (Musée Champollion) Rosetta Daşının inanılmaz bərpasını tapa bilərsiniz. Şənbə günləri yüz illərdir dəyişməməsinin qatdığı gözəllik ilə yerli məhsulları ala biləcəyiniz bazar qurulur.


Mdina, Malta

Malta 2019-cu il statistikasına əsasən sadəcə 494 minə yaxın insanın yaşadığı, Siciliya ilə Şimali Afrika sahilləri arasında yerləşən mərkəzi Aralıq dənizindəki arxipelaqdır. Ancaq arxipelaq deyildiyinə baxmayın, rəsmi olaraq Malta Respublikası olaraq tanınır. Səyahəti sevənlərin ən çox sevəcəyi yanlarından biri də ölkənin baş çəkmək üçün ən təhlükəsiz ölkələrdən biri olmasıdır. Ancaq bu ölkə digər Avropa ölkələri qədər çox da turist axınına məruz qalmaması ilə bərabər bəzi şəhərləri ümumiyyətlə tanınmır və hətta içlərində "Səssiz şəhər" olaraq tanınan bir şəhər də mövcuddur. Bu şəhər sadəcə 300 nəfə yaxın insanın yaşadığı Mdina şəhəridir.

Bu cazibədar şəhər təqribən 2700 ildir qiymətli bir istehkamdır. Deyilənə görə, Mdina küçələrində dayandığınızda eyni anda həm Avropa, həm Şimali Afrika, həm də Orta Şərqdə dayanırmışsınız kimi bir hiss yaranır. "Bu necə mümkündür?" deyə soruşa bilərsiniz, ancaq bu yerləşdiyi coğrafi mövqeyi, tarixi, arxitekturası və mədəniyyəti ilə bağlıdır deyə bilərik. Memarlığına Finikiyalılar, Romalılar, Ərəblər, Bizans və Normans da daxil olmaqla bir çox güclü imperiyalar təsir etdi, bu də hər şeyi izah edir.

Burada ziyarət edilməsi mütləq olan bir çox yer vardır. 12-ci əsrdə qurulan Müqəddəs Paul Kilsəsi şəhərdəki ən möhtəşəm binalardan biridir. Bu gün gördüyümüz quruluşun çox hissəsi 1600-cü illərin sonlarına aiddir və barokko üslubunda qurulmuşdur. Game of Thrones fanatları üçün isə daha möhtəşəm xəbərimiz var, buna diqqət edin! Bundan sonra bu şəhəri mütləq siyahınıza əlavə etmək istəyəcəksiniz. Mdina Qapısı və Qalası kralın enişi və Qırmızı Saxlama üçün film çəkiliş yerləri kimi istifadə edildi.


Müqəddəs Gilgen, Avstriya

Yenə təbiətinin gözəlliyi ilə seçilən və hər kəsi özünə valeh edən bir Avropa ölkəsi: Avstriya! Və onun gizli qalmış və az tanınan gözəlliklərindən biri olan Müqəddəs Gilgen! Ölkənin ən gözəl göllərindən biri olan Wolfgangsee'nin başında, Salzburg əyalətindəki "Salzkammergut" bölgəsində yerləşən kiçik bir qəsəbədir.

Bu kiçik qəsəbə Avstriyanın digər şəhərləri kimi bahalı qiymətlərə və ya izdihamlı küçələrə sahib deyil. Bu da onu mənzərələri, nağıl kimi evləri və ölkənin ənənəvi mətbəx ilə tanış olmaq üçün mükəmməl bir yerə çevirir. Burada olan rəngarəng evlər və dükanlar sizi şən əhval ruhiyyəyə bürüməyə niyətlidir. Fasadlar göy qurşağının hər rənginə boyanmışdır.

Qış aylarında avstriyalıların xizək sürmək üçün üz tutduğu ən sevilən yerlərdən biridir. Zwölferhorn dağının mənzərəsi şəhərə və ona bitişik olan gölə baxır, bu da qışda "Möcüzələr Diyarı" adlanacaq qədər gözəl bir mənzərəyə şahidlik etməyə imkan verir. Yay aylarında isə göldə su idmanı ilə məşğul olmaq üçün hər bir fürsət var. Qayıqlar, avar lövhələr və istədiyiniz hər hansı bir başqa su avadanlıqlarını icarəyə götürə bilər, sakit yoxsa adrenalin dolu bir istirahət istədiyinizi seçə bilərsiniz.


Pag adası, Xorvatiya

Xorvatiya bir ölkə olaraq bir zamanlar Avropanın gizli qalmış və ən az ziyarət olunan yerlərindən biri idi. İndi artıq turistlərin ən məşhur səyahət yerinə çevrilməyə başlasa da, burada hələ də tanınmayan, kəşf olunmayan və ya az bilinən yerlər çoxdur. Elə Pag adası da onlardan biridir!

Pag adası Xorvatiyanın Adriatik dənizindəki 1200 adasından biridir. Bu sayın çoxluğu bu adanın necə gizli qalmasını və Avropadakı ən az tanınan yerlərdən biri olmasını da izah edə bilər. Bu adaların bir çoxu tropik olmağa meyilli və sıx bitki örtüyü olması ilə tanınır. Ancaq Pag adası bu adalardan fərqli olaraq sanki bu dünyadan deyil, hətta demək olar ki, öz planetimizdən daha çox aya bənzəyir. Burada çaylar və ağaclar yoxdur, tam əksinə quraq mənzərə, ağ daşlar və çoxlu duzla örtülmüşdür. Bu mənzərə də bizə nəyə görə ayı xatırladığını sübut edir. Adanın şimalı olduqca canlı gecələri ilə tanınsa da, cənub hissəsi daha sakit və səssizdir.

Maraqlı bir fakt olaraq qeyd edə bilərik ki, Pag adası da qoyun südü pendiri ilə məşhurdur. Xorvatiyanın ən yaxşı pendiri hesab olunur və onu mütləq yerli ağ şərab olan Pag Zutica və Pag quzusu ilə daddığınızdan əmin olun. Deyilənə görə, o zaman nə demək istədiklərini anlayacağıq. Dadı mənə çox maraqlı gəldi, bəs sizə?


Bohinj, Sloveniya

Və nəhayət siyahımızı Sloveniyanın sirrli, unikal, cazibədar, heyrətamiz bir bölgəsi olan Bohinj ilə bitiririk. Bu digərlərindən fərqli olaraq, bura bir qəsəbə və ya kənd deyildir, ad sadəcə bölgə ilə bağlıdır. Bohinj Julian Alp dağlarının tam mərkəzində yerləşir. Sloveniyadakı ən geniş və ən yüksək dağ silsiləsi həmçinin Alp dağlarının ən cənub-şərq hissəsi sayılır. Ən tanınan və heyrətləndirici təbii yer Sloveniyanın ən böyük gölü olan Bohinj gölüdür. Vadidə və yuxarıda 24 kənd yerləşir və bu kəndlər keçmişdən qalan zənginlikləri özündə birləşdirib bu günün gözəlliyini də özünə qataraq əvəzedilməz bir yerə çevrilir.

Bohinj gölünü görənə qədər gördüklərinizin ən gözəl göllərdən biri olduğunu düşünə bilərsiniz. Lakin gölün mavi sularına yansıyan dağlar buraya o qədər əzəmətli və valehedici bir görünüş qazandırır ki, bütün insanlardan uzaqda saatlarla buradan ayrılmadan zaman keçirmək, təbiətin səssizliyinə və gözəlliyinə doya bilmək, buraya gələn bir neçə insandan biri olmaq keyfini yaşamaq istəyəcəksiniz. Vogel Kabel Avtomobil, Mostnica dərəsi, Müqəddəs Yəhya Kilsəsi və əsasən də Triglav Milli Parkı bölgənin ziyarət edə biləcəyiniz ən çox tanınan və sevilən yerləridir.

Rumıniya, Slovakiya, İsveçrə, Portuqaliya, Polşa və daha neçə-neçə deyə biləcəyimiz, saya biləcəyimiz ölkələr və gizli qalmış gözəlliklər var. Saydığımız ölkələrdə belə bunlardan başqa bir çox yerlər var. Ancaq ən qeyri-adi, ən gözəl və ən az tanınan yerləri bu siyahıda toplamağa çalışdıq. Dünyanın hər bir nöqtəsi gəzib görülməyə, kəşf edilməyə dəyər, bu siyahı sadəcə sizə başlamaqda asanlıq yaratmaq üçün bir xəritə olsun!

Paylaş

Daima bölüşmək, paylaşmaq sevgisi var. Bu sevgi sonradan özünü öyrəndiklərini, oxuduqlarını yazmaqla hamı ilə bölüşmək sevgisi ilə əvəzləyib. Bu yola qısa hekayələr, məqalələr yazmaqla başlayan Nərmin, gələcəkdə kitabını nəşr etdirməyi məqsəd qoyub. O, yazaraq özümüzü ifadə etdiyimizə, özümüzdən sonrakı nəsillərə xatirələr qoyduğumuza inanır. Ən sevdiyi hədiyyə də kitabdır. Hər kəsdən gələcək kitabxanası üçün bir töhfə verməsini istəyir. İncəsənətə, yeni dillər öyrənməyə marağı böyükdür.

Özünü 1 cümlə ilə ifadə etsə, o cümlə belə olardı: “Bir gün arzuladığım o dünya səyahətim zamanı Madriddə dayanarkən Santiago Bernabeu-da REAL MADRİDin oyununa baxmaq istəyən 12 illik Madridistayam”.

Bütün bloqlar