Daxil olQeydiyyat

İçində aza biləcəyiniz dünyanın 10 ən böyük xəstəxanası

FEVRAL 12, 2020 4 dəq. oxu
İçində aza biləcəyiniz dünyanın 10 ən böyük xəstəxanası

Hər zaman insanların ən çox maraqlandığı mövzulardan biri olmuşdur dünyanın "ən"ləri. Ən böyük şəhərlər, ən böyük otellər, ən böyük şoppinq mağazaları və s. Bəs heç dünyadakı ən böyük xəstəxanalar haqqında düşünmüsünüz? Sağlamlığımız hər birimiz üçün ən həssas nöqtələrdən biridir və xəstəxanalar isə hər birimizin həyatında mütəmadi olaraq ziyarət etdiyimiz yerlərdən biridir, lakin əminəm ki, heç biriniz heç vaxt bu barədə axtarış etməmisiniz. Elə isə biz sizin üçün etdik və dünyanın ən böyük xəstəxanalarının siyahısını bir yerə topladıq. Buna bir neçə aspektdən yanaşa bilərdik: işçi sayının çoxluğu, sahəsi və s. Biz isə onun tutumu, daha ətraflı desək eyni anda özündə yerləşdirə bildiyi xəstə sayına və çarpayı sayına əsasən bu siyahını qururuq. Elə isə bu siyahıdakı ən kiçik, dünyada isə ilk onluğa girə bilmiş ən böyük xəstəxanalardan biri ilə başlayaq:


10. Auckland Şəhər Xəstəxanası

Yeni Zellandiyanın həm ən böyük, həm də ən qədim xəstəxanalarından biri sayılan Auckland Şəhər Xəstəxanası. Əsası 1846-cı ildə qoyulmuş bu xəstəxana Auckland şəhərinin Grafton adlı hissəsində yerləşir. Xəstəxanada ümumilikdə 1124 çarpayı və 3500 otaq vardır. Burada yalnızca təcili yardım bölməsi ildə 47.000-dən artıq xəstə qarşılayır. Burada həmçinin qadınlar və uşaqlar üçün ayrıca bölmələr vardır. Həmçinin qeyd edə bilərik ki, bu xəstəxana dünyada ən yaxşı sayılan laboratoriyalardan birinə sahibdir. Auckland City xəstəxanası dövlət tərəfindən maliyyələşdirilir və eyni zamanda ictimai, özəl və kommersiya təşkilatları ilə tərəfdaşlıq ilə klinik tədqiqat mərkəzi kimi xidmət göstərir.


9. Müqəddəs Corc Xəstəxanası

Siyahımıza bir digər materikə gedərək davam edirik. 1733-cü ildə əsası qoyulan və Londonda yerləşən Müqəddəs Corc Xəstəxanası (St George's Hospital) Birləşmiş Krallığın ən böyük tədris xəstəxanalarından, ümumiyyətlə isə Avropanın ən böyük xəstəxanalarından biridir. Tədris xəstəxanası və ya universitet xəstəxanası, gələcək və hazırkı sağlamlıq mütəxəssislərinə tibbi təhsil verən və tibbi araşdırmalarla məşğul olan bir xəstəxana və ya tibb mərkəzidir. Xəstəxanada 1300 çarpayı və 8500 nəfərlik işçi heyəti var. Xəstəxana ilk növbədə Londonun cənub-qərbindəki 1,3 milyon insana və Surrey və Sasseksin əhalisindən təxminən 3,5 milyon nəfərə xidmət göstərir.


8. Cekson Xatirə Xəstəxanası

Cekson Memorial Xəstəxanası (Jackson Memorial Hospital - həmçinin "Jackson" və ya qısaldılmış olaraq "JMH" kimi də tanınır), qeyri-kommersiya, üçüncü dərəcəli tədris xəstəxanasıdır. Həmçinin Florida ştatının Mayami şəhərində Mayami Universiteti Leonard M. Miller Tibb Məktəbinin əsas tədris xəstəxanasıdır. 1550 ədəd qeydə alınmış çarpayısı olan bu xəstəxana 1918-ci ildə yaradılmış və artıq keçən il yaradılışının 100 illiyini qeyd etmişdir. Orqan köçürülməsində olan uğurlarına görə dünyaca məşhurdur. Bu sahədə ən son və ən yaxşı tibbi avadanlıqlara, ən təcrübəli və ən savadlı həkimlərə sahib olduğu üçün dünyada ən yaxşılardan biri sayılır. Eyni zamanda gündəlik 2000-dən artıq, il ərzində isə 70.000-dən artıq xəstə qəbul etmək imkanına sahibdir.


7. Nyu-York Presbyterian Xəstəxanası

Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında yerləşən bu xəstəxananın əsası 1868-ci ildə Presbyterian Xəstəxanası adı altında qoyulmuş, 1872-ci ildə isə artıq əməliyyatlara başlanmışdır. İspaniya-Amerika müharibəsi, I dünya müharibəsi və II dünya müharibəsi zamanı xəstəxana hərbi hissələrdə və ya xaricdəki xəstəxana bazalarında fəaliyyət göstərirdi. Əvvəllər nisbətən kiçik bir ərazini əhatə etsə də, əsasən 19-cu əsrdə, bir neçə dəfə də 20-ci əsrdə genişləndirilərək indi halını almışdır. 1998-ci ildə isə 1771-ci ildə yaradılmış Nyu-York Xəstəxanası ilə birləşdirilərək Nyu-York Presbyterian Xəstəxanası kimi adlandırılmağa başlanmışdır. Ümumilikdə 2478 çarpayısı və 20.000 işçisi ilə dünyada ilk onluğa daxil ola bilmişdir. İllik olaraq 2 milyon xəstəyə xidmət göstərir.


6. Pekin Ənənəvi Çin Tibb Xəstəxanası

Çinin paytaxtı Pekində yerləşən bu xəstəxana 2500-dən artıq çarpayıya malikdir. Xəstəxana bitki mənşəli dərmanların hazırlanmasında, səhiyyə konsaltinqlərində öz ənənəvi müalicə üsulları ilə birgə qərbin də müalicə üsullarından istifadə edir. Onlar həmçinin sizə müalicələrinin ən yüksək səviyyədə olmasına zəmanət verir və bunu bütün otların Çin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməsi ilə sübut edir. Xəstələrə bitki mənşəli dərman reseptlərini insan istehlakına uyğun şəkildə hazırlamağa da kömək edirlər. İşçi heyətinin böyük bir hissəsi ikidillidir və xarici xəstələr və ziyarətçilər üçün 24 saat tərcümə xidməti təklif edir.


5. Əhmədabad Mülki Xəstəxanası

 Artıq siyahının tam olaraq mərkəzindəyik və dünyadakı ən böyük 5-ci xəstəxana ilə tanış oluruq. Siyahıya Asiya qitəsi ilə davam edirik. 1,3 milyarddan artıq əhaliyə sahib olan Hindistanın ən qədim və tibbi baxımdan inkişaf etmiş xəstəxanalarından biridir. 1841-ci ildə açılan bu xəstəxana 2800 çarpayılıq 44 palataya malikdir. Xidmətlərinin münasib qiyməti ilə bir çox aztəminatlı insanlar üçün daha  əlverişlidir və onlara müayinə keçməklərində böyük kömək olur. İldə 70.000 xəstə qəbul etməsi, 26.000 əməliyyat və 6500 doğuş keçirməsinə görə Asiyada ən böyük dövlət xəstəxanası sayılır.


4. Serbiya Klinik Mərkəzi

Dövrümüzə daha yaxın bir tarixdə yaranması ilə siyahımızdakı ən gənc xəstəxana ilə davam edirik. Serbiya Klinik Mərkəzi 1983-cü ildə 1 yanvar tarixində yaradılmış və 3150 çarpayıya sahibdir. Bu göstərici ilə o Avropanın ən böyük xəstəxanası adını qazanmışdır. 7000-dən artıq işçi heyəti ilə il ərzində 1 milyona yaxın xəstə qəbul olunur, 50.000 əməliyyat və 7000-dən artıq doğuş həyata keçirilir.


3. Chris Hani Baragwanath Xəstəxanası

Siyahımızda ilk üçlüyə ilk dəfə Afrika materikini qeyd edərək daxil oluruq. Xəstəxana İkinci Dünya Müharibəsi zamanı (1941-1945) artan ehtiyaca və yaranan kritik vəziyyətə görə 1942-ci ildə fəaliyyətə başlamışdır. Cənubi Afrikada yerləşən bu xəstəxana 6760 nəfərlik işçi heyəti, 3400 çarpayı sayı və 70 hektarlıq ərazisi ilə materikin ən böyük xəstəxanasıdır. Gün ərzində 2000-dən artıq xəstə daxil olur ki, onlardan 70 faizi təcili yardıma ehtiyac duyur və təəssüflər olsun ki, hər ay 160 nəfərə yaxın insan güllələnmənin qurbanı olur.


2. Sichuan Universitetinin Qərbi Çin Tibb Mərkəzi

Özündən əvvəlki rəqibi ilə arasında 900 kimi böyük bir rəqəm fərqi qoyan bir Çin xəstəxanası daha. 4300 çarpayılıq tutuma sahib bu xəstəxananın əsası Qərbi Çin Tibb Elmləri Universiteti olaraq 1914-cü ildə qoyulmuşdu. 2000-ci ildə Sichuan Universiteti ilə birləşdirilmiş və hal-hazırdakı adını almışdır.

Xəstəxana Çinin ən vacib tibb məktəblərindən biridir və ixtisaslaşmış beş fərqli kollecdən ibarətdir: Təməl və Ədli Tibb, Stomatologiya, İctimai Səhiyyə, Əczaçılıq və Tibb. Xəstəxanada 3000-dən çox tələbə var ki, bunların yarısı bakalavr təhsili, qalanları daha inkişaf etmiş tibbi fənlərdən təhsil alır. Çin Təhsil Nazirliyinin birbaşa nəzarəti altında olan 8 əsas tibb universitetindən biridir. Davamlı olaraq da hər zaman Çinin top üçlüyündədir. ABŞ, İngiltərə, Kanada, Hollandiya, Yaponiya, Almaniya, Finlandiya, Tayvan, Honk Qonq, Avstraliya kimi ölkələr də daxil olmaqla 43 ölkədən 150-dən artıq universitetlə də əməkdaşlıq edir.


1. Chang Gung Xatirə Xəstəxanası

Nəhayət, nəinki Avrasiyanın, bütün dünyanın ən böyük xəstəxanası - Chang Gung Xatirə Xəstəxanası. İkinci yer ilə arasında inanılmaz bir fərq qoyaraq 10.050 çarpayı tutumuna malik olan bu xəstəxana Tayvanda yerləşir. 1978-ci ildə qurulması ilə əslində çox da uzaq bir tarixdə yaranmamasına baxmayaraq bu qısa müddət ərzində dünyadakı ən böyük, ən prestijli və ən yaxşı xəstəxanalardan birinə çevrilmişdir. Burada hər il orta hesabla 8,2 milyon xəstə qəbul edilir və onlardan 167.460 nəfər cərrahi xəstələr olur.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.