Daxil olQeydiyyat

Dünyanın ən bahalı 10 restoranı

FEVRAL 3, 2020 5 dəq. oxu
Dünyanın ən bahalı 10 restoranı

Müasir dövrümüzdə restoranlara olan tələb günü gündən artır. Ad günləri və xüsusi ailəvi tədbirlər zamanı, görüşlər  keçirərkən,  işdən sonra və ya sadəcə həftəsonunu dostlarla xoş və maraqlı keçirmək üçün ağlımıza ilk gələn yaxşı bir restoran tapmaq olur. Bəs biz bunu hansı kriteriyalara əsasən seçirik? Yerləşdiyi yer, populyarlığı, yeməkləri, dizaynı və ən əsas da qiymətləri. Hər birimiz çalışırıq ki, nisbətən orta qiymətlərlə daha keyfiyyətli yerlər seçək. Ancaq bəzi restoranlarda oturmaq istəyirsinizsə ağlınıza belə gəlməyəcək qiymətlər ödəməli ola bilərsiniz. Həm ölkəmizdə, həm də dünyada bir çox bahalı restoranlar var. Lakin onlardan bəziləri dünyanın ən bahalı restoranı olaraq top 10-a daxil ola bilmişdir.


1. SubliMotion – İbiza, İspaniya – Adambaşı 1700$

İbizada yerləşən SubliMotion restoranı nəinki Avropanın, həm də dünyanın ən bahalı restoranıdır. Hətta bir neçə ilin göstəricilərinə baxıldıqda belə bu restoranın illərdir bu siyahıda liderlik etdiyini görə bilərsiniz. Burada yemək yemək üçün siz təxminən 1700 dollar ödəməlisiniz. Bu rəqəm siyahıda özündən sonra gələn restorandan demək olar ki, 3 dəfə daha bahadır.

Burada cəmi 12 stol olduğu üçün gəlmədən öncə rezerv etmək mütləqdir. Maraqlı faktlardan biri də odur ki, menyu hər mövsümdə dəyişir və siz bir il sonra təkrarən gəlsəniz fərqli mətbəxdən olan müxtəlif və yeni təamlar dada bilərsiniz.

Restoranın aşpazlar, illüzionistlər, DJ-lər, ofisiantlar və sənətkarlar da daxil olmaqla iyirmi beş işçisi var. Onlar sizə lazer işığı şouları, üzən desertlər, müxtəlif qarışıq içkilər və virtual reallıqda sərgüzəştləri özündə cəmləşdirən unudulmaz bir təcrübə yaşatmaq üçün böyük səy göstərirlər. Bu sadəcə bir nahar və ya bir axşam yeməyi olmayacaq, həmçinin heç vaxt unuda bilməyəcəyiniz bir şou olacaqdır. Bunlar hamısı birlikdə isə ən azı 1850 ABŞ dolları dəyərinə başa gəlir.

Həmçinin İbizanın gecə klubları, partiləri və çimərlikləri ilə məşhur olan ən populyar İspan adalarından biri olduğunu nəzərə alsaq, həqiqətən də bu restoranın illik ziyarətçi sayının çox yüksək olduğunu deyə bilərik. Beləliklə, əgər bir gün İbizaya tətilə getsəniz və özünüzə hədiyyə olaraq unudulmaz bir an bağışlayıb “Mən dünyanın ən bahalı restoranında oldum” demək istəsəniz, bu restorana mütləq baş çəkməlisiniz!


2. MASA – Nyu York, Amerika Birləşmiş Ştatları – 595$

ABŞ-ın Nyu York əyalətində yerləşən MASA restoranı buradakı ən bahalı restoranlardan birincisi, dünyada isə ikincidir. Bu restoran Yaponiyada anadan olmuş Masa Takayama tərəfindən yaradılmışdır. Bu restoran əsasən sadəliyə və hər bir inqridientə özəl olaraq diqqət yetirilməsi ilə seçilir. Masa Takayama xüsusən müxtəlif dadların riskli formada qarışdırılmasından uzaq durduğunu deyir. Eqzotik dəniz məhsulları gözəl təqdim olunan və 595 dollara başa gələn menyunun diqqətəlayiq təamlarından biridir. Maraqlı məqamlardan biri də odur ki, masada menyular olmur, bu, “Omakase” təcrübəsi adlanır. Aşpazlar o gün yalnız hansı inqridientlər varsa onlarla da yeməklər hazırlayırlar.


3. Ultraviolet – Şanxay, Çin – 570$

Çində yerləşən bu restoran dünyanın ən bahalı və elit restoranlarından sayılır. Onu digərlərindən fərqləndirən də odur ki, burada ətrafında sadəcə 10 insanın otura biləcəyi bir stol var. Qiymətlər 500 dollar və 900 dollar arası dəyişir, lakin bu ilin avqust ayına olan məlumata görə bu, orta hesabla 570 dollardır. Buraya gələn müştərilər 10 ilə 20 arası müxtəlif yeməkləri dada bilərlər, hər bir yemək isə müxtəlif inqredientləri vurğulamaq üçün xüsusən hazırlanmış olur. Bununla da bitmir. Yemək zamanı onlar müxtəlif audio və video instalyasiyalar ilə əhatələnmiş olurlar, beləliklə də özlərini müxtəlif məkanlarda hiss edirlər. Maraqlı faktlardan biri də odur ki, burada hər bir qonaq üçün xidmət göstərən üç işçi olur. Bu da izah edir ki, nəyə görə buranın qonaqlarından biri olmaq sizə 570 dollara başa gələcək.


4. Kitcho Arashiyama – Kyoto, Yaponiya – 570$

Kunio Tokuokanın şefi olduğu bu restoran Yaponiyanın ən bahalı birinci, dünyanın isə ən bahalı dördüncü restoranıdır. Ölkədəki əm gözəl restoranlardan ilki sayılan bu restoranda yeməklərin qiyməti 380 dollardan başlayır, lakin bütün on növ yeməyin dadına baxmaq sizə 570 dollara başa gələcəkdir. Bu restoran ənənəvi çay mərasimləri üçün məkan kimi nəzərdə tutulub, lakin eyni zamanda Yapon modern mətbəxini də təmsil edir.


5. Aragawa – Tokio, Yaponiya – 560$

Siyahımız bir Yapon restoranı ilə daha davam edir. Əslində bir ofis binasının zirzəmisində yerləşən bu restoran dünyadakı ən bahalı steykləri ilə ilk onluğa daxil ola bilmişdir. Ancaq qeyd etmək lazımdır ki, bu, sadəcə ən bahalı steyklər deyil, həmçinin ən dadlı və ətirli steyklər olaraq da bilinir. Yaponiyanın Kobe regionunda yetişdirilən xüsusi inəklərin əti ilə bişirilmiş bu steyklər özəl qulluq tələb edirlər. Onlar bişirilmədən öncə masaj edilməli və sonra isə düyüdən hazırlanmış xüsusi Yapon alkoqollu içkisi olan “Sake” içkisinin içində gözlədilməlidir. Siyahıdakı son üç yeri Asiya ölkələrinin restoranlarının tutması bu regionun bu sahədə necə məşhur və usta olduğunun sübutudur.


6. Guy Savoy de Paris – Paris, Fransa – 536$

Bir-birinə tamamilə əks olan iki materikdə eyni ad altında iki eyni restoran yerləşir. Biri Las-Veqasda, digəri isə Parisdə yerləşən bu restoranlardan ilki “Sevgi şəhəri” kimi tanınan Parisdə açılmışdır. Paris restoranlarının bir çoxundan fərqli olaraq burada daha çox ətlə hazırlanan yeməklərə üstünlük verildiyi qiymətlərin yüksək olmasının əsas səbəblərindəndir. Ümumilikdə tam olaraq 13 fərqli yeməyi dadmaq isə 536 dollar başa gələcəkdir. Əsas şef olan Guy Savoy hər iki restoranın idarəsi ilə məşğul olur, həmçinin Parisdə başqa dörd restoranın da sahibidir.


7. Arpege – Paris, Fransa – 471$

Dünyanın ən bahalı yeddinci restoranı olmaqla yanaşı, həm də 2018-ci ildə “Dünyanın ən yaxşı 50 restoranı” siyahısında səkkizinci yeri qazanmağı bacarmışdır. Bu fransız restoranı tam olaraq müasir dizayn ilə qurulmuşdur. Əsasən tərəvəzlərdən olan yeməklərə üstünlük verilir və restoranın heyyətinin fəxr etdiyi məqamlardan biri olaraq bu tərəvəzlərin daima təzə, təravətli və soyuducuya qoyulmadan istifadə olunması göstərilir. Gündəlik olaraq tərəvəzlər yığılır və o günün menyusuna uyğun yeməklər hazırlanır. Qiymətlər əsasən 196 dollardan 471 dollara dəyişir. Menyu daha çox vegetarian və veqanlara uyğun olduğundan əgər sizin də seçimləriniz bu yöndədirsə mütləq bu restorana baş çəkməlisiniz!


8. The French Laundry – Youthville, Kaliforniya, Amerika Birləşmiş Ştatları – 450$

The French Laundry Qərb sahillərində gedə biləcəyiniz ən bahalı restoran olaraq adını bu siyahıya yazdırmağı bacarmışdır. Tomas Kellerin dünya səviyyəli mətbəxinin təqdim olunduğu bu yerdə adından da bəlli olduğu kimi Fransız mətbəxi təqdim olunur. Adının Laundry, yəni, çamaşırxana hissəsi isə köhnə buxar çamaşırxanasında yerləşməsindən götürülmüşdür. Napa Vadisində yerləşən bu restoran iki mərtəbəli daş kottecdən ibarətdir. Hər mövsümdə menyusu dəyişərək ilin həmin fəslinin təamları ilə müxtəlif fransız yeməkləri hazırlanır. Lakin hər gün dadmaq üçün hər biri doqquz yeməkdən ibarət olan iki menyu olur. Buranın qonaqlarından biri olmaq sizə 325 dollardan 450 dollara qədər dəyişən bir məbləğə başa gələcəkdir.


9. Joël Robuchon – Las Vegas, Amerika Birləşmiş Ştatları – 445$

2018-ci ildə dünyasını dəyişən məşhur Fransız şefi Joël Robuchon şərəfinə adlandırılmış bu restoran fransız mətbəxini sevənlər və qurmanlar üçün tam olaraq ideal bir yerdir. 190 dollardan 445 dollara qədər dəyişən menyuya sahib olan bu restoran öz luksluğu ilə seçilən restoranlar arasındadır.


10. Plaza Athénée Maison – Paris, Fransa – 443$

Diqqət etsəniz görərsiniz ki, siyahıdakı son beş restoran Fransada və ya ABŞ-da yerləşməsindən asılı olmayaraq yalnızca fransız restoranlarıdır. Nəhayət siyahımızda sonuncu olan və öz mükəmməl dizaynı ilə seçilən yenə bir fransız restoranı - Plaza Athénée Maison. Öz maraqlı loqosu ilə diqqət çəkən bu restoran öz fəlsəfəsini bu yolla ifadə edir. Loqoda təsvir olunmuş balıq və turp sadəliyi və ümumiyyətlə bu yeməklərin bişirilməsinin təbiiliyini təmsil edir. Maraqlıdır, elə deyil? Həmçinin əgər buraya nahar və ya axşam yeməyi üçün gəlmisinizsə, bilin ki, həmin yeməyin bütün inqredientləri səhər yığılmışdır. Nahar menyusu 236 dollar təşkil edərkən, ən yüksək səviyyəli menyu sayılan "Jardin Menu" 443 dollardır və bu qiymətə şərablar daxil deyildir.



Top onluqdan əlavə həmçinin Maison Pic (Valans, Fransa), Restaurant Le Meurice (Paris, Fransa), Restaurant De L'Hotel De Ville (Krisye, İsveçrə), Per Se (Nyu York, ABŞ), Urasawa (Los-Anceles, ABŞ), Alinea (Çikaqo, ABŞ), Ithaa (Maldiv adaları), Noma (Kopenhagen, Danimarka), Chef's Table at Brooklyn Fare (Nyu York, ABŞ), Eleven Madison Park (Nyu York, ABŞ) restoranlarını da dünyadakı ən bahalı restoranlar olaraq qeyd edə bilərik.

Həm ən maraqlı yerlər görmək, həm dünyanın müxtəlif mədəniyyətlərinin fərqli mətbəxlərinin ən keyfiyyətli və dadlı təamlarını dadmaq, həm də eyni zamanda xüsusi bir zövq alaraq heç yerdə görmədiyiniz xidməti görmək istəyirsinizsə mütləq bu restoranların qonağı olmalısınız!

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.