Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Nərgiz MəmmədzadəNərgiz Məmmədzadə 11 MART 2020 396 views 8 dəq. oxu

Almaniya haqqında maraqlı və qəribə 10 fakt

396 views 8 dəq. oxu
uploads/blog/10 most interesting and strange facts about Germany.jpg

Hər bir ölkə onu unikal və məşhur edən nüanslarla tanınır. Dünyada 195 ölkə vardır və bu da o deməkdir ki, hər bir ölkənin adı çəkiləndə insanlar onu müxtəlif kriteriyalarına, səciyyəvi xüsusiyyətlərinə görə tanıyırlar. Bəziləri iqliminə, florasına və ya faunasına, bəziləri məşhur şəhərlərinə, abidələrinə, tarixinə, bəziləri isə mətbəxinə və sayaraq bitirə bilməyəcəyimiz bir çox şeyə görə tanınır. Təbii ki, ən gözəl və ən maraqlı xatirələr bu ölkələri səyahət edən insanlarda olur. Ölkəyə səyahət edərək onun tarixi ilə yaxından tanış olmaq, təbiətini müşahidə etmək, yerli əhalisi ilə ünsiyyətdə olmaq, yeməklərini dadmaq şansını qazanırsınız. Birbaşa özünüzün yaşayacağı bu unudulmaz təcrübə həmin ölkə haqqında standartlaşmış və hamı tərəfindən bilinən eyni fikir və düşüncələrinizi həm müsbət, həm də mənfi yöndə dəyişə bilər.

Əlbəttə dəyişməz olaraq bayraq, gerb, himn ölkəni təmsil edən əsas əlamətlərdəndir, lakin insanlar tərəfindən onların hamısının bütün ölkələr üçün bilinməsi əlbəttə ki çox çətindir. Buna görə də əksər hallarda insanların ölkələrə aid qeyri-adi şeyləri xatırlaması daha çox müşahidə olunur. Gəlin baxaq. Fransa deyəndə ağlınıza ilk öncə nə gəlir? Sevgi şəhəri Paris və ya Eyfel qülləsi! Bəs Avstraliya? Kenqurular və koalalar! İspaniya? Real Madrid və Barcelona! Misir? Piramidalar! Bu siyahını maraqlı ölkələrlə daha da çox uzada bilərik. Ancaq bu dəfə seçdiyimiz ölkə Almaniyadır!

Bəs Almaniya? Bəs sizin Almaniya deyəndə ağlınıza nə gəlir? İkinci Dünya Müharibəsi? Hitler? Yüksək səviyyəli təhsili və sağlamlıq sektoru? Əlbəttə, bunlar Almaniya haqqında hamıdan daha çox eşitdiyiniz, hər kəsin bildiyi ümumi faktlardır. Biz isə Almaniya haqqında az bilinən, maraqlı və qəribə faktları bir araya gətirdik. Əgər bir gün Almaniyaya səyahət etmək fikrinə düşsəniz, əminəm ki bu məlumatlar sizə özünüzü daha doğma hiss etmək və yerli əhali ilə danışarkən daha məlumatlı olmaq üçün faydalı olacaq. Həmçinin onların nəyi sevib sevmədiyini bilərək daha qısa bir müddət ərzində onlarla səmimi və isti münasibət qura bilərsiniz.


1. Almaniyanın paytaxtı hər zaman indiki kimi Berlin olmamışdır!

Almaniya deyiləndə ağla həmin an Berlin gələ bilər, lakin bu hər zaman belə olmamışdır. Əslində, tarix ərzində tam 7 dəfə paytaxt şəhəri dəyişdirilmişdir. Karolinq İmperiyası dövründə Almaniyanın paytaxtı Aaxen idi. Ondan sonra isə ardıcıl olaraq bu illər ərzində paytaxt şəhərləri Regensburq, Frankfurt-Mayn, Nürnberq, Berlin, Veymar (qeyri-rəsmi olaraq, Berlindəki iğtişaşlar zamanı) və Bonn olaraq dəyişdirilmişdir. Berlin isə yenidən 1990-cı ildən bəri paytaxt seçilmiş və o gündən etibarən müasir dövrümüzə qədər hələ də paytaxt olaraq qalmışdır.


2. 1000-dən artıq kolbasa, 300-dən artıq çörək növü və ildə 800 milyondan artıq yeyilən Karrivurst!
Almaniyadan danışırıqsa mətbəxinə toxunmadan keçə bilməzdik. Alman mətbəxində 1000-dən artıq sosiska və kolbasa növü vardır. Onların ən sevilən yeməyi də Karrivurst adlanır. Onlar bu yeməyi o qədər sevir ki, ildə 800 milyon artıq yeyildiyi qeyd edilir. Bəs nədir bu belə sevilən yemək? Tərkibi donuz əti kolbasası və köri ketçupundan ibarətdir. Karrivurst - alman mənşəli qəlyanaltıdır. Buxarda bişmiş, sonra qızardılmış donuz əti kolbasası kiçik ölçülərdə kəsilir və köri ketçupu, ədviyyatı bol olan ketçup və ya tomat pastası əsasında hazırlanmış sous ilə qarışdırılır. Üzərinə köri tozu və ya köri və digər ədviyyatlarla zəngin ketçup əlavə olunur. Sonda isə isti formada təqdim olunur. Sizə daha maraqlı və təəccüblü bir şey də deyə bilərəm ki, burada hətta karrivursta həsr olunan bir muzey açılmışdı. Muzey Berlində yerləşirdi və karrivurst şərəfinə açılan ilk və yeganə muzey idi. Muzey Berlin sakini Herta Heuver 1949-cu ildə karrivurstu ixtira etdikdən 60 il sonra, yəni, 15 avqust 2009-cu ildə açıldı. 21 dekabr 2018-ci ildə təməlli olaraq bağlandı.

Bundan başqa Almaniya dünyadakı ən çox çörək növünə sahib olan ölkədir. Çörək alman mətbəxinin əvəzedilməz və ən əsas hissəsidir. Şəhərlərdə gəzərkən çörəkxana görmədən bir neçə metrdən artıq getmək mümkün deyil. Ölkədə 300 növ müxtəlif dadda çörək növləri bişirilir. Bu rəqəm hələ regionlarda olan fərqli dəyişikliklər ilə hazırlanan çörək növləri daxil olmadan sayılır. Bundan əlavə, demək olar ki, 1200 çörək rulosu və şirniyyat növü bişirilir. Almanlar təbii ki yenə ən sevdikləri qida növü üçün muzey açmışlar. Ölkədə Ulm və Eberqytçen şəhərlərində iki çörək muzeyi var.


3. Birinci sinifin ilk günündə hər uşağa oyuncaq və konfet ilə dolu nəhəng bir konus hədiyyə edilir
Hər bir uşağın həyatındakı ilk özəl və önəmli günlü ilk dəfə birinci sinifə qədəm qoyduğu gündür. Artıq illərdir olan rahatlığın bitdiyi və həyatlarında məsuliyyətli günlərin başlanğıcı sayılır bu gün. Bununla da həyatlarında başqa bir dövr başlayır. Birinci sinifin ilk günü hər bir uşaq üçün fərqli olur. Kimi sevinir, kimi isə ağlayır və evinə, valideynlərinin yanına qayıtmaq istəyir. Təbii ki, sadəcə 6 və ya ən çoxu 7 yaşı olan uşaqlar üçün birdən birə radikal dəyişikliklərə məruz qalmaq, tanımadıqları mühitə düşmək, tanımadığı onlarla insanın əhatəsində olmaq, hər zaman bildiyi rahatlıqdan çıxıb daha məsuliyyətli və sərbəst olmaq məcburiyyətində qalmaq çətin bir addımdır. Bütün bunları düşünərək, almanlar öz uşaqları üçün çox gözəl və həvəsləndirici bir fikir düşünüblər: Məktəb konusu! 1800-cü illərə qədər gedib çıxan bu kiçik ənənə olan Məktəb konusu (almanca: Schultüte), "həyatın ciddiliyini" qeyd etmək üçün ilk dəfə məktəbə gedən uşaqlara verilir. Bu konus xüsusi olaraq hədiyyə kimi bağlanılır, çoxlu oyuncaqlar və konfetlər dolu olur, çox vaxt da balacaların özündən belə böyük olur. Müasir zamanımızda uşaqların konuslarında hətta video oyunlar və mobil telefon da ola bilər. Nəzərə alsaq ki, bu yaşdan sonra, universiteti saymamaq şərti ilə, onlar həyatlarının 12 və ya 13 ilini oxumağa həsr edəcəklər, bu, həqiqətən də qeyd etməyə dəyər bir gündür!


4. Qəsrlər ölkəsi - Almaniya!
Tarixi oxuyarkən hər birimiz müxtəlif coğrafi mövqelərdə adı çəkilən qəsrlərə rast gəlirik. Tarixlə və ya memarlıqla maraqlanan hər kəs bu qəsrlərlə biraz daha çox maraqlanır, onları araşdırır, bizə keçmiş barədə nələr deyə biləcəkləri barədə araşdırmalar edir və ya ən azından sadəcə olaraq tarixi memarlıq abidələrini, o zamanki incə işləri müşahidə etməyi sevirsinizsə qəsrlər də marağınızı cəlb edəcəkdir. Bəs heç düşünmüsünüzmü dünyada ən çox qəsr hansı ölkədədir? Bəzi mənbələrdə 20.000, bəzilərində isə 25.000 qəsrə sahib olduğu deyilən ölkə Almaniyadır. Bu qəsrlərin çoxu keçmiş əsrlərə təsadüf edir və böyük əksəriyyəti ictimaiyyət üçün açıqdır. Qəsrlərin bəziləri restoran, otel, kafe, muzey kimi xidmət göstərərkən, bəziləri isə hətta satışa çıxarılıb.

Bəs nəyə görə Almaniyada bu qədər qəsr var? Xüsusi olaraq  bilinən heç bir səbəbi yoxdur, ancaq yalnızca bir tarixi izah verilə bilər. Almaniya bir millət olmamışdan əvvəl bir çox qəbilələrdən ibarət idi. Eramızdan əvvəl 3500-cü ilə aid qeydlərə əsasən bu qəbilələrin bir-biri ilə vuruşduğu deyilir. Həmçinin, xarici işğalçıların da davamlı təhdidi altında idilər. Buna görə də, alman tayfaları özlərini qorumaq üçün çoxlu qəsrlər inşa edirdilər. Kaş bütün qəsrləri görmə şansımız olardı, ancaq ən çox səyahət olunanları bilmək istəyirsinizsə onlardan ikisi Wartburg qəsri və Lichtenstein qəsridir. Əvvəldə də qeyd etdiyimiz kimi alman qalalarını ziyarət etmək tarix və memarlıq haqqında məlumat almaq üçün əla bir yoldur.


5. Heç kimin ad gününü öncədən təbrik etməyin! Bu uğursuzluqdur!
Başda uşaqlar olmaqla ad günləri bir çox insanın ən sevdiyi günlərdən biridir. Həmin günün qəhrəmanı olmaq, ailənizin, dostlarınızın, yaxınlarınızın sizi təbrik etməsi, hədiyyələr qəbul etmək və insanların sizi düşünməsi hər kəsi xoşbəxt edən səbəblərdən biridir. Bəzən isə şərtlər elə gətirir ki, ad gününüzü kiminləsə bir neçə gün öncədən qeyd etməli olursunuz və ya kimsə sizi bir gün öncə təbrik edir. Bir çox yerdə bu qəbul olunandır və bunda heç bir problem yoxdur, ancaq Almaniyada yox, Almaniyada bu belə deyil!

Alman təffəkkürünü gözəl şəkildə ifadə edən bir ifadə var: "Du sollst den Tag nicht vor dem Abend loben" və ya "Gecədən əvvəl günü tərənnüm etməməlisiniz". Əslində, düşündükdə çox gözəl məna ifadə edir. Bu o deməkdir ki, bir şey tam baş tutana qədər ondan əmin olmayın, çünki o zaman baş verməyəcək. Buna görə kiminsə ad gününü öncədən təbrik etmək, o deməkdir ki, onun ad günü olmayacaq və ya daha dəqiq desək, həmin adam ölə bilər. Ah, almanların bu batil inancları!


6. Dünyanın ilk şam ağacı bəzəyən ölkəsi olaraq tarixə keçiblər.
Dünyada bəlkə də yeganə bayramlardan biridir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, din, dil, irq fərq etmədən hər kəs Yeni ilin gəlişini böyük təmtərahla və sevinərək qarşılayır. Yeni ildə hər kəs üçün "Olmazsa olmaz" dediyi isə təbii ki, şam ağaclarının bəzədilməsidir. Uşaqlar başda olmaqla hər kəsin həvəslə şam ağaclarını bəzədikləri zamanlar yaxınlaşdıqca insanın içi sevinc ilə dolur. Bəs heç düşünmüsünüzmü ilk dəfə kim birinci şam ağacını bəzəmişdir? Bu ənənə hansı ölkədə başlamışdır? Ümumiyyətlə, kimin ağlına gəldi axı yeni il üçün şam ağacı bəzəmək? Suallarımızın cavabı üçün yenə Almaniyaya üz tuturuq!

Xristianlığın gəlişindən çox əvvəl, həmişəyaşıl bitki və ağaclar qışda insanlar üçün xüsusi bir məna daşıyırdı. İnsanlar bu gün bayram mövsümündə evlərini şam ağacları ilə bəzədikləri kimi, qədim xalqlar da həmişəyaşıl ağacların budaqlarını qapı və pəncərələrinə asırdılar. Bir çox ölkədə həmişəyaşıl ağacların cadugərləri, pis ruhları qovduğuna və xəstəliklərdən uzaq tutduğuna inanılırdı.

Erkən müasir Almaniya isə İntibah dövründə bizim müasir zamanımızda olan yeni il ağaclarını bəzəmə ənənəsinə başlamağı ilə bilinir. Bunu biz XVI əsrdə dindar xristianların evlərinə bəzədilmiş ağaclar gətirməsi ilə bilirik. Bəziləri ağacın odunlarından piramidalar düzəldirdilər və odun az olarsa onları həmişəyaşıl ot və kollarla, həmçinin şamlar ilə bəzəyirdilər.

Ağaca işıqların əlavə olunması isə daha xoş və gözəl bir hekayədir. Çox geniş yayılmış məlumata görə, XVI əsr protestant islahatçısı Martin Luther ilk dəfə olaraq ağaca işıqlar əlavə etmişdir. Deyilənə görə, bir qış axşamı evinə tərəf gedərkən həmişəyaşıl ağacların budaqları arasından görünən ulduzların parlaqlığına heyran olur və səhnəni ailəsinə canlandırmaq üçün əsas otağa bir ağac qoyur və onun budaqlarını işıqlı şamlarla bəzəyir. Bununla da, bizim indiki zamanda rəngəbərəng işıqlarla və müxtəlif oyuncaqlarla bəzədiyimiz yeni il ağaclarının başlanğıcı qoyuldu.


7. Heç vaxt su ilə badənizi qaldırıb kiminsə şərəfinə sağlıq deməyin, kimisə öldürə bilərsiniz!
Düşünün ki, kiçik və ya böyük bir qonaqlıqda, bir ad günündə və ya yeni evliləri qeyd etmək üçün bir şənlikdə əyləşmisiniz. Hər kəs bir-birini və ya həmin günün qəhrəmanlarını təbrik emək üçün şərəfə bir şeylər deyərək qədəhlərini qaldırır. Sizin də qədəhinizdə su var və ya o gün başqa heçnə içmək istəmədən sadəcə su içmək istəmisiniz. O zaman qədəhinizi qaldırmayın, nə edirsiniz edin, lakin su ilə qədəhinizi qaldırıb kiminsə şərəfinə deməyin! Almanların inancına görə bu zaman siz qarşınızdakına ölüm arzu etmiş olursunuz. Dəhşətə düşdünüz, elə deyil? Əgər bunu etsəniz qarşınızdakılar da dəhşətə düşmüş olacaq. Niyyətiniz nə qədər yaxşı olur olsun, qarşınızdakına ölüm arzulamış kimi qəbul olunmaq istəmirsinizsə bunu qətiyyən etməyin. Qədəhinizi o an qaldırmamağınız, içindəkini dəyişməniz və hətta boş qədəh qaldırmağınız belə daha məqbul sayılacaq, inanın.


8. Angela Merkel Barbie-si!
Əminəm ki, hamımız Barbie oyuncaqları yaxşı tanıyırıq. Cinsindən asılı olmayaraq həm qızlar, həm də oğlanlar üçün müxtəlif oyuncaq növləri mövcuddur. Bəs onların Almaniya kansleri Angela Merkel üçün də xüsusi oyuncaqları olduğunu bilirdiniz? Özü də eyni ilə ona oxşayan bir gəlincik! Bu məşhur oyuncağın 50 illiyi qeyd olunarkən xüsusi olaraq onun üçün bir gəlincik düzəldilib. O zamanlar 54 yaşı olan alman liderin şərəfinə hazırlanmış bu oyuncaq ilk dəfə 2009-cu ildə Almaniyanın Nuremberg şəhərində keçirilən 60-cı Beynəlxalq Oyuncaq Sərgisində təqdim edildi və 20 avroya satışa çıxarıldı. Barbie oyuncaqlarını hazırlayan şirkət o zamanlar qeyd etmişdir ki, Missis Merkel gənc qızlar üçün çox ideal və gözəl bir nümunədir. Bu gəlincik hazırlanarkən onun bütün dünyadakı qızlar üçün çox yaxşı bir rol model olduğu vurğulanmışdır. Angela Merkel Barbie gəlinciyi tam olaraq onun saç stilinin eynisi olan sarışın saç düzümü və zərif bir şəkildə düzəldilmiş gödəkçəsi ilə baxdığınız anda onu xatırladır.

"Angela Merkel inanılmaz bir rol modelidir və bu bənzərsiz Angela Merkel Barbie gəlinciyi ilə biz onun bütün dünyadakı qadınlar üçün olan möhtəşəm təsirini tanımaq və şərəfləndirmək istəyirik" dedi Richard Dickson, GM və Barbie baş vitse-prezidenti. "Barbie artıq 50 ildir ki, qızları istədikləri hər şey ola biləcəklərinə ilhamlandırır və kansler Merkel və onun uğurları, fəaliyyəti, şübhəsiz ki, bütün dünyadakı qızlar üçün bu mesajı verir".

Qeyd edək ki, 65 yaşlı Angela Merkel 2005-ci ildən etibarən Almaniya kansleri olaraq fəaliyyət göstərir və ölkəsi tərəfindən çox sevilən bir lider olaraq ad qazanmışdır. Avropanın ən nüfuzlu lideri olaraq ad qazanmış Angela Merkel, həm də dünyanın ən güclü qadını olaraq da seçilmişdir. Hər il məşhur Forbes jurnalı siyasət, biznes və əyləncə sahələri daxilində dünyanın ən nüfuzlu qadın liderlərinin siyahısını tərtib edir. Bu siyahı həmçinin 2019-cu ildə də tərtib olundu və 2019 da daxil olmaqla artıq doqquzuncu ildir ki, Merkel siyahıdakı ən yaxşı göstəricilərdən birini alaraq yenə dünyanın ən yaxşısı seçildi.


9. Övladınıza qoyduğunuz adı bəyənməsələr dəyişəcəklər
Dünyaya gətirdiyiniz övladlarınıza ad qoyarkən o adı seçməkdə valideynlər olaraq sizin qədər Almaniya hökumətinin də haqqı var. Adı sizin bəyənmənizlə bərabər onların da bəyənməsi lazımdır, hətta deyərdim ki, onların bəyənməsi daha vacib rol oynayır. Ona görə də, hər nə qədər illər boyu övladınıza arzudladığınız o adı qoymaq istəsəniz də, bu, onların qaydaları ilə düzgün sayılmırsa, təəssüflər olsun ki, o adı dəyişmək məcburiyyətində qalacaqsınız. Bəs nədir bu qaydalar?

Alman qanunlarına görə görə, insanın cinsi artıq onun adından aydın şəkildə  məlum olmalıdır və seçilmiş ad uşağın rifahına mənfi təsir göstərməməlidir. Beləliklə, uşağın anadan olduğu ərazinin mülki qeydiyyatı idarəsi uyğun olmayan adlardan imtina edə bilər. Ancaq bu qərara etiraz edə bilərsiniz və apelyasiyaya müraciət edə bilərsiniz. Ancaq itirsəniz, fərqli bir ad düşünməli olacaqsınız. Hər dəfə yenidən müraciət etmək isə çox bahalı bir proses sayılır, buna görə bir çox valideyn Maykl və Mariya kimi ənənəvi adlara müraciət edir. Onların hətta adlardan ibarət xüsusi bir kitabı da var ki, valideynlər oraya baxıb təsdiq olunmuş adların siyahısını bilərək içlərindən birini seçə bilərlər.


10. Mədəniyyətin, elmin və ilklərin ölkəsi!
Gündəlik həyatımızda artıq bizim üçün adiləşən bir neçə şey ilk dəfə Almaniyada icad edilmişdir. Məsələn, rentgen aparatı Wilhelm Conrad Roentgen tərəfindən 1895-ci ildə icad edilmişdir, cib saatı, klarnet, hər kəsin sevdiyi jelibonlar, kuku saatı, dizel mühərriki, parafin, avtomatlaşdırılmış kalkulyator, aspirin, kontakt linzalar, telefon, Fanta, bağça, velosiped LCD ekran, hamiləlik testi və daha bir çox adlarını çəkmədiyimiz yeni kəşflər hamısı Almanlar tərəfindən edilmişdir. Bundan əlavə, dünyada çox məşhur olan Adidas və Puma qardaşlar Adolf Dassler və Rudolph Dassler tərəfindən əsası qoyulan alman markalarıdır. Həmçinin dünyaca məşhur musiqiçilər Johann Sebastian Bach, Ludwig van Beethoven, Wolfgang Amadeus Mozart, dünyaca məşhur alim, fizik Albert Einstein və daha saymadığımız neçə dahi insan alman və ya Almaniya doğumludurlar.



Gördüyünüz kimi, çox maraqlı və rəngarəng bir ölkədir Almaniya. Siz də artıq onun tarixi, mədəniyyəti, qəribə inancları, adət-ənənələri və ən əsası da ilkləri ilə bir qədər tanış oldunuz. Və əgər yolunuz oraya düşərsə o məşhur Currywurst-dan yeyib mümkün olduğu qədər çox qəsr gəzməyi unutmayın! Çünki bir ölkəni ən yaxşı tanımanın yolu onun tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaqdır!

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

AVROPANIN BİLİNMƏYƏN 10 YERİ

AFRİKANIN GÖRMƏLİ OLDUĞUNUZ 6 ÖLKƏSİ VƏ NİYƏ?

Paylaş

Daima bölüşmək, paylaşmaq sevgisi var. Bu sevgi sonradan özünü öyrəndiklərini, oxuduqlarını yazmaqla hamı ilə bölüşmək sevgisi ilə əvəzləyib. Bu yola qısa hekayələr, məqalələr yazmaqla başlayan Nərmin, gələcəkdə kitabını nəşr etdirməyi məqsəd qoyub. O, yazaraq özümüzü ifadə etdiyimizə, özümüzdən sonrakı nəsillərə xatirələr qoyduğumuza inanır. Ən sevdiyi hədiyyə də kitabdır. Hər kəsdən gələcək kitabxanası üçün bir töhfə verməsini istəyir. İncəsənətə, yeni dillər öyrənməyə marağı böyükdür.

Özünü 1 cümlə ilə ifadə etsə, o cümlə belə olardı: “Bir gün arzuladığım o dünya səyahətim zamanı Madriddə dayanarkən Santiago Bernabeu-da REAL MADRİDin oyununa baxmaq istəyən 12 illik Madridistayam”.

Bütün bloqlar