Daxil olQeydiyyat

KEYPTAUNA SƏFƏR ÜÇÜN 5 SƏBƏB

NOYABR 8, 2019 4 dəq. oxu
KEYPTAUNA SƏFƏR ÜÇÜN 5 SƏBƏB

Dünyada həyatdakı ən xoş, asanlıqla əldə edilə bilən və möhtəşəm şeyləri bir araya gətirən çox az yer var. Məftunedici bir təbiət, maraqlı bir tarix, böyük bir macəra, əla yemək, ən möhtəşəm şərab və dünyanın ən həyəcanverici təbiətindən biri... Cape Town'nun niyə ən yaxşı şəhərlərdən biri  seçildiyi və niyə ora getmək üçün indi bilet almağın lazım olduğunu izah edəcəyik. Dərhal olmasa da, bu yazını oxuduqdan sonra ən azından siz yaxın günlərdə oranı ziyarət etmək istəyəcəksiniz!

Cape Town (Keyptaun) Cənubi Afrikanın ən qədim şəhərlərindən biridir. Xalq dilində “Ana Şəhər” olaraq adlandırılır. Şəhər tarixi abidələr, qədim tikililər və tarix qoxan küçələrlə doludur. Keyptaunda canlı caz, rok, trans və müxtəlif musiqilərlə zəngin gecə həyatı və rəqs sizi gözləyir. Bütün bu əyləncə və musiqi dolu tətil sizin üçün mükəmməl olacaqdır.

Keyptaun əyləncə və musiqi şəhəri olması ilə yanaşı, həm də qızılı çimərlikləri mas-mavi okeanı ilə ən gözəl şəhərlərdəndir. Dünyanın ən fotogenik şəhərlərindən biri olan Keyptauna gəldiyiniz zaman kameralarınızı özünüzlə götürməyi və şəhərin mükəmməl görüntüsünü çəkməyi unutmayın!

İndi isə bütün bu sadaladığımız keyfiyyətlərlə daha yaxından tanış olaq. Keyptaun turistlər üçün təhlükəsizdirmi? Keyptaunda tətil bizə nələr vəd edir? Keyptauna səfər üçün 5 səbəbi sizlər üçün sıralayırıq.


1.  Ecazkar təbiət

Keyptaunun içərisində və ya çevrəsində demək olar ki, bütünlüklə siz Table Mountain dağlarını görə bilərsiniz. 1100 metr hündürlükdə olan təpə, şübhəsiz ki, Keyptaundakı ən məşhur şəhər simvollarına baxmaq üçün ideal məkandır. Yerdən üfüqə baxmaqdan bezmisinizsə, mənzərəyə yuxarıdan fərqli perspektivdən baxmaq üçün dağlara qalxa bilərsiniz. Funikulyora minərək havada sürüşməkdən ləzzət ala bilərsiniz və ya 3-10 km-ə qədər dəyişən yolları sınamaqla təpəyə çıxa bilərsiniz. Bu artıq öz seçiminizdir. 

Table Mountain dağlarının tam qarşısında dəniz səviyəsindən 670 metr yüksəklikdə Lion Head dağı yerləşir. “Afrikada dağ” dedikdə ən birinci göz önünə gələn dağ da məhz buradır. Sözügedən dağa doğru 5 km-lik gəzi nəhayətində sizə şəhərin ən gözəl mənzərələrini təqdim edəcəkdir. Daha çox adrenalin arzulayırsınız? O zaman iki nəfərlik paraşüt uçuşu təşkil edə bilər və şəhərin üzərində sahildən mərkəzə doğru süzülərək əyləncənin və macəranın dadını çıxara bilərsiniz.

Signal Təpəsini qeyd etməmək günah olardı. Bura şəhərin Qərbində yerləşir. 350 metr yüksəklikdə yerləşən bu təpəni özəl edən məqam isə, burada siz gün batımının ecazkarlığını çox böyük bir rahatlıqla izləyə bilərsiniz. Təpədən baxdığınız zaman təkcə şəhəri yox, eyni zamanda olimpiyada stadionunu, yam-yaşıl təpələrin ardından uzanan sahili və okeanı görə bilərsiniz. Həmçinin bura maşınla səyahət etmək də mümkündür. Mərkəzdən şərab alaraq burada mənzərə qarşısında piknik etmək sizin üçün möhtəşəm və unudulmaz bir xatirə ola bilər.


2. Zəngin və qədim bir tarix

Cənubi Afrikanın ən məşhur insan haqları aktivisti və keçmiş dövlət başçısı Nelson Mandelanın həbs olunduğu ada sayılan Robben adası mütləq ziyarət edilməli yerlərdən biridir. Hollandiyalılar tərəfindən həbsxana olaraq istifadə edilən Robben adası Apartheid (irqçilik) dönəmində Cənubi Afrika dövlətində sivil və siyasi aktivistlərin tutulması üçün istifadə olunurdu. Siz burada gəzdiyiniz zaman Mandelanın 18 il boyunca həbs olunduğu kameranı (hücrəni) görə bilərsiniz.

Şəhər mərkəzinə döndükdən sonra “District Six” bölgəsində bir vaxtlar şəhərin ruhu olan çətinliklər və sıxıntıları görə bilərsiniz. Bu bölgədə indi çox şey olmasa da, bir vaxtlar inkişaf edən bölgə idi, 60 mindən çox tacir və qaçqın evi məhz burada yerləşirdi. Apartheid qanunlarına görə, District Six (6-cı məhəllə) yalnız ağların yaşadığı bir bölgəyə çevrildi, burada bir çox ailələr 1968-ci ildə evlərindən zorla çıxarıldı və 25 km məsafədəki Cape Mənzillərinə köçürüldü. 1968-ci ildən bəri boş olan əraziyə ekskursiya edərək, xüsusi bələdçilərlə illərlə şəhərdəki həyatın həqiqi və aydın bir mənzərəsini görmək qulağa ürküdücü gəlsə də bir o qədər maraqlıdır. Keçmişdə bölgədəki həyatın necə olduğunu öyrənmək üçün “District Six” Muzeyinə getməyi unutmayın. Bu muzey başdan-ayağa tarix qoxur.


3. Macəra və həyacan hər yerdə!

Macəra bu şəhərin ruhunun bir parçasıdır. Tək bir gün ərzində siz həm sörfinq edə bilər, dağa dırmaşa, təbiətin qoynunda oksigenlə zəngin bir yürüşə çıxa bilər və paraşütdən atlana bilərsiniz. Əgər həqiqətən də cəsarətlisinizsə, siz hətta bəyaz köpəkbalıqları ilə dolu olan bir akvariuma qəfəsin içərisində mühafizə olunaraq daxil ola bilərsiniz. Əgər bu macəra dolu akvarium sizə kifayət etməsə, Tsitsikamma Milli Parkına gedə bilərsiniz. Bloukrans körpüsündə Dünyanın ən yüksək 4-cü bungee jumbing yerində həyəcanın nirvanasına çata bilərsiniz. Daha sonra dağ velosipedi sürə bilər, su altı dalış edərək Afrikanın dənizindəki möhtəşəm fauna ilə yaxından tanış ola bilərsiniz. 


4. Bir nömrəli şərab və dadlı yeməklər

Garden Route sahili əvəzolunmaz yeməkər yemək və mükəmməl bir şərab dadmaq üçün ən gözəl yerlərdən biri hesab olunur. Eyni zamanda, şəhərdən sahilə gəlmək də olduqca asandır. Sahil boyunca gözəl qumsal mənzərələr, heyranedici göllər, yaşıl çəmənliklər, əkin əraziləri və 2-li yollar uzanır. Stellenbosch, Constantia və Paarl kimi bir neçə qəsəbəni də özündə ehtiva edən Cənubi Afrika’nın ən yaxşı üzüm bağlarını burada tapacaqsınız. Elə həmin üzüm bağlarından toplanan məhsulla yerli əhali şərab istehsal edir ki, həmin Keyptaun şərabı dünyanın ən təmiz və orijinal şərablarından biri hesab olunur. Bu şəhərdə siz bir neçə şərab zavoduna rast gələ bilərsiniz. Şəhər iqtisadiyatının böyük bir qismi də məhz bu zavodlar sayəsində inkişaf edir.

Ən gözəl təamlardan dadmaq, həftəsonu yerli satıcılardan ibarət bazarı gəzmək və heç yerdə rastlaşmadığınız böyük xərçənglərdən yemək üçün Hout Bay Market-i (bazar) ziyarət etmək mütləqdir. Burada dükanlarda satılan ləziz barbekülər, biltonglar (qurudulmuş ət), odda bişirilən pizzalar, nəhəng dəniz məhsulları və digər təamlar həm büdcənizə uyğun olacaq, həm də ağız dadınıza. Hətta buradakı satıcılar təzə tərəvəzlərdən hazırlanmış dadlı salatları da qəpik-quruşa satırlar desək heç də səhv etmiş olmarıq. 

Bəhs etdiyimiz bazarda təkcə yeməklər yox, paltarlar, əşyalar, sənətkarların bir-birindən dəyərli və maraqlı əsərləri, müxtəlif zinyət əşyaları və qızıl satışı da var. Geyimlərin bir çoxu Afrika mədəniyyətini özündə əks etdirir. Burada dulusçuluq da xeyli inkişaf edib.


5. The Big 5-ı yaxından görmə imkanı

The Garden Route Game Lodge, məşhur "Böyük 5"i safaridə görmək üçün mükəmməl yerdir: Afrika şirləri, Afrika filləri, Cape camışları, Afrika bəbirləri və gərgədanlar. Arxası açıq Land Rover cipinə minib, durbin və kameralarınızı özünüzlə götürün. Gözəl bir gün batımı safarisi üçün sizin ehtiyacınız olan tək şey bunlardır. Xüsusən, əgər siz orada gecələyəcəksinizsə səhər tezdən baş verən safarini görmək sizə həyəcan verəcək. 

Bütün bunlar kifayət etmir? Vəhşi heyvanların yaşadığı De Hoop sahəsinə baş çəkin. Vəhşi təbiəti araşdırma macəralarını davam etdirmək üçün bura əla bir yerdir. Bu özəl vəhşi həyat bölgəsi, bel çantalarının taxılaraq yürüş edilən, balinaların asanlıqla göründüyü Whale Trail bölgəsinin yanında yerləşir. 

Ən yaxşısı, səhrada bir və ya iki gecə (ovçu olmadan) qalın. Ancaq babunlardan qorunmağı unutmayın.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.