Daxil olQeydiyyat

Afrikanın görməli olduğunuz 6 ölkəsi və niyə?

FEVRAL 14, 2020 4 dəq. oxu
Afrikanın görməli olduğunuz 6 ölkəsi və niyə?

Turistik marşrutlar içərisində ən maraqlı kontinentlərdən biri Afrika qitəsidir. Ekzotik təbiəti, zəngin faunası, əsrarəngiz dəniz sahilləri, qeyri-adi mətbəxi, milli etnik tərkibinin müxtəlifliyi ilə Afrika turizmin istənilən istiqaməti ilə maraqlanan insanların istəklərini qarşılaya bilər. Bizə ilk baxışdan elə görsənir ki, yer üzündə araşdırılmamış yerlər demək olar ki, yoxdur. Ancaq, Afrika qitəsindən danışanda bunu tam əminliklə demək olmaz. Hələ də tam araşdırılmadığı üçün Afrika sirli və sehrli bir qitədir. Günümüzdə Afrikaya səyahət  o qədər də çətin deyil. Qara materikə müəyyən məbləğlə (o qədər də az deyil) istənilən şəxs səyahət edə bilər. Afrikaya səyahətin mənfi tərəflərindən uzun uçuşlar və bəzi ölkələr üçün peyvəndlərin məcburi olmasını göstərmək olar. Marşrutların müxtəlifliyi, yerli sakinlərin qonaqpərvərliyi və nəfis təbiəti  Afrikanı turistlər üçün cənnətə çevirir.

Afrikada 54 müstəqil ölkə olsa da,  onlardan yalnız yarısından az hissəsi təhlükəsiz və rahat turizm üçün uyğundur. Davamlı yerli qarşıdurmalar və müharibələr Afrikanın bir çox ölkələrini turizm üçün əlverişsiz edir. Lakin hər il daha çox Afrika ölkəsi öz sərhədlərini turistlərə açır. Seçim etməkdə çətinlik çəksəm də, təhlükəsizliyi və turizm infrastrukturunun inkişafını nəzərə alaraq Afrikanın 5 görülməli ölkəsi haqqında danışmaq istərdim.


Keniya

Afrikanın mütləq görülməli 5 ölkəsindən fikrimcə ilki Keniyadır. Hind okeanı sahilinin kurortları və milli parkların gözəllliyi sayəsində Keniya bütün dünyada Afrikanın simvolu kimi tanınan ölkədir. Afrikada dünya turizmi üçün ən məşhur istiqamətlərdən birinə çevrilən Keniya, illərdir bəşəriyyətə isti qucağına gəlməyi təklif edir.


“Masai Mara”, “Tsavo”, “Aberdare”, “Amboseli” kimi təbiət parkları ilə Keniya Afrikanın vizit kartı rolunu oynayır. Bu parklarda siz vəhşi təbiət canlılarının bir çoxunu – şirlər, bəbirlər, kərkədanlar, camışlar, antiloplar, fillər, zürafələr, begemotlar, timsahları  görə və bir çox başqa nadir heyvanlarla da rastlaşa bilərsiniz. Masai tayfalarının vətəni olan Keniya gözəldir və turistik cəhətdən inkişaf edib. Keniya dağı Kilimancarodan sonra qitədəki ikinci ən yüksək dağdır.

Safari və Afrika bir-birindən ayrılmaz anlayışlardır. Hər il təxminən 200 mindən çox turist Keniyadakı gəzinti cipləri ilə savanlara üz tutur. Əvvəllər safarinin orijinal məqsədi əsasən ov idisə, indi isə bu bələdçinin müşayiəti ilə savannaya dinc ekskursiyalardır. Safari həyəcanverici bir macəradır, təbiətə qərq olmaq və təbii yaşayış yerlərində aslan, bəbir, kərgədan, zebra, fil, camış və başqa bu kimi heyvanlara baxmaq üçün bir yoldur. Zürafə ilə səhər yeməyi yemək də, yalnız Keniyada mümkündür desək, bəlkə də yanılmarıq. Nairobi yaxınlığında yerləşən “Giraffe Manor Boutique” Oteldə bunu reallaşdıra bilərsiniz. Qətiyyən narahat olmayın, Zürafələr sizin yeməyinizi yeməyəcək. Artıq turistlərə öyrəşmiş zürafələri qonaq etmək üçün otelə daxil olanda sizə xüsusi yeməklər veriləcək. 


Ruanda

Vəhşi təbiət aşiqləri üçün dünyanın ən əsas ölkəsi Ruandadır. Bu qonaqpərvər Şərqi Afrika ölkəsinə turist marağının əsas mövzusu dağ qorillalarıyla əlaqədardır. Ruandanın minlərlə təpələrinin yamaclarında (xalq inanclarına görə burada məhz min təpə var) ən yaxın qohumlarımız yaşayır və artırlar. Yeri gəlmişkən, dağ qorillaları ən böyük və insanabənzər meymunlardır. Onlar böyük əhəmiyyətə malikdirlər və burada dövlət tərəfindən qorunurlar. Nəhəng meymunlar dünyanın hər yerindən təbiətşünasları bir araya gətirir. Ruandada cəmi üç milli park var, lakin mövcud flora və faunanın müxtəlifliyi bir neçə Afrika ölkəsi üçün kifayət edəcək qədərdir.


Ruanda Afrika qitəsindəki ən sürətlə böyüyən turist yerlərindən biridir. "Rahat Afrika" - Ruandanın üstünlüklərini qısaca belə təsvir edə bilərsiniz - il boyu sabit mülayim iqlim, zəhərli ilanların olmaması, yerli sakinlərin səmimiyyəti, flora və faunanın zənginliyi Ruandanı cəlbedici edir. Ruandada yerləşən “Kivu” gölü Şərqi Afrikanın göllərindən ən gözəlidir. “Kivu” gölündə sürət gəmisinə, kanoeyə və qayıq da minə bilərsiniz.


Efiopiya

Efiopiya kasıb bir ölkədir lakin orada görməli çox şey var. Bu ölkə sözün həqiqi mənasında hər kəsi özünə cəlb edə biləcək bir ölkədir. Burada yerli sakinlərin heyrətamiz adət və ənənələri, nadir heyvanlar, bənzərsiz mənzərələr turistlərin diqqətini cəlb edir. Bununla yanaşı, ölkədə kifayət qədər tarix-mədəniyyət abidələri mövcuddur.


Baxmayaraq ki, italyanlar və ingilislər Efiopiyaya müntəzəm olaraq can atırdılar, lakin bu dövlət bütün Afrikada heç vaxt müstəmləkə olunmamış azsaylı ölkələrdəndir. Bundan əlavə, Efiopiya xristianlığın ən qədim mərkəzlərindən biri kimi məşhurdur - XII əsrdə burada tikilmiş kilsələr, eləcə də qədim dini kitablar turistləri cəlb edir. Buradakı məbədlərdə yaşı 600-dən yuxarı olan “İncillərə” rast gəlinir.

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhəridir. Qeyd etmək yerinə düşər ki, Əddis-Əbəbədə böyük beynəlxalq şəbəkələrin otellərində qalmaq daha yaxşıdır. Əddis-Əbəbə paytaxt olsa da,  burada hələ də çox sayda gecəqondular var. Böyük şəhərlərdə cinayət nisbəti azdır, lakin ölkənin geniş ərazilərini gəzərək, sayıqlığınızı itirməməlisiniz. Efiopiyanın Somali ilə qonşu olduğu cənub sərhədlərinə yaxınlaşmağınız qətiyyətlə tövsiyə edilmir. Burada bəzi Somali quldurlarına rast gələ bilərsiniz.


Cənubi Afrika Respublikası

Cənubi Afrika Respublikası haqlı olaraq Afrikanın ən inkişaf etmiş ölkəsi hesab olunur. Bura olduqca təhlükəsizdir. Lakin, bələdçilər küçədə təsadüfi taksi tutmağı tövsiyə etmirlər – axı turisti qaçırsalar nə edərlər? Bəli bu halda mümkündür.  CAR-da ziyarət üçün ilk növbədə böyük şəhərlər olan Durban, Keyptaun, Yohannesburq, Sun City, Port-Elizabet daha çox uyğundur. Bu şəhərlərin hər biri Britaniyalı müstəmləkəçilər tərəfindən tikildiyi üçün İngilis şəhərlərinə bənzəyirlər.


Ölkənin yaxşı infrastrukturu var, böyük şəhərlər dəmir yolu şəbəkəsi ilə bir-birinə bağlanır. Diqqət çəkən məqam budur ki, CAR-da turistlər üçün xüsusi qatarlar var. Bu qatarların yolları xüsusilə mənzərəli yerlərdən keçir və bəzi vaqonlar antik üslubda bəzədilib. Bir daha milli parklar və qoruqlar haqqında danışmağa ehtiyac yoxdur - hamı başa düşür ki, Cənubi Afrikada flora və faunanın zənginliyi şimal ölkələrindən gələn istənilən turisti heyran edəcəkdir.

Cənubi Afrikadakı istirahəti “Knysna”-nı ziyarət etmədən təsəvvür etmək mümkün deyil. CAR-ın cənubunda yerləşən şəhər mülayim, isti iqliminə görə turistlər arasında populyardır.


Misir

Dünyanın ən qədim ölkələrindən biri hesab olunan Misir iki qitədə Afrika və Asiyada yerləşir. Piramidalar və məbədlər Misirə turistləri daha çox cəlb edir. Misirin əsas görməli yerləri “Giza Piramidaları”, “Sfinks”, “Antik Misir” Muzeyi və Nil çayı-dır. Misirə heç bir səfər Liviya sərhəddinə yaxın olan Dahab yaxınlığında sualtı mağara – “Mavi” çuxuru və “Kəttarə” çökəkliyində yerləşən Siva oazisini ziyarət etmədən bitə bilməz.


Misiri Afrika ölkələri içərində ən məşhur edən piramidalardır desək yanılmarıq. Piramidalar Liviya çölündə, Giza yaylasında, qitədəki ən vacib "güc yeri" və bəlkə də planetimizin ən gözəl yerlərindən biridir. Burada məbədlər, türbələr və s. bütöv bir şəhər qəbiristanlığına bənzəyən Gizanın Böyük Piramidaları mövcuddur. Qədim nekropolda Böyük Xufu Piramidası (dünyanın 7 möcüzəsindən biri olan Xeops Piramidası kimi də da tanınır), bir qədər kiçik Xefren Piramidası və ölçüsü daha kiçik olan Mikerin Piramidası, həmçinin bir neçə kiçik peyk piramidalar var. Əslində piramidalar Misirin bir çox digər yerlərində də var. Lakin bunlardan ən böyük və ən məhşurları Giza Piramidalarıdır.


Mərakeş

Mənzərəli Şimali Afrika ölkəsi Mərakeş, səsküylü bazarlar, gözəl minarə və qülləli məscidlər ilə doludur. Bura tarixi yerləri görmək üçün heyrətamiz bir məkandır. Mərakeşin paytaxtı Rabat gözəl bağları, geniş küçələri və möhtəşəm məscidləri ilə bura gələnləri heyran edir. “Qırmızı şəhər” olaraq da bilinən Mərakeşin Mərrakeş şəhərinin küçələrini gəzmək unudulmaz bir təcrübədir. Şəhər meydanları günortadan sonra canlanır. Burada ilan ovsunçularını, xına döymə sənətçilərini, eləcə də quru meyvə satıcılarını tapa bilərsiniz. Gecə düşdükcə, bazarlar qızardılmış ət və salat ala biləcəyiniz yemək arabaları ilə dolur.


Mərakeş ərəblərin, Şimali afrikalıların və bəzi avropalıların mədəniyyət mərkəzidir. Ölkədə ən yaxşı ənənəvi restoranlar, qədim şəhərlərin və məbədlərin qalıqları var. Mərakeş orta əsr məbədləri və Mavritaniya qalaları ilə maraqlananlar üçün ideal yerdir. Mərakeşdə görməli yerlərin sırasında ilk növbədə Saxara səhrası vurğulanmalıdır. Lakin təkbaşına oraya getməyə dəyməz, yerli turizm şirkətləri vasitəsi ilə bunu etmək daha məqsədəuyğundur. Mərakeşin şimal-qərbində yerləşən “Mavi şəhər” olaraq tanınan Şaven şəhərinə də səyahət etmək, səyahət sevənlər tərəfindən tövsiyə olunur.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

XANINLARIN TƏK SƏYAHƏTİ ÜÇÜN AFRİKANIN TOP 5 TƏHLÜKƏSİZ ÖLKƏLƏRİ

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.