Daxil olQeydiyyat

Adrenalin dolu səyahət: təhlükəli qatar yolları

MART 12, 2020 4 dəq. oxu
Adrenalin dolu səyahət: təhlükəli qatar yolları

Bu dəfəki bloqumuzda da sizə adrenalin dolu səyahətlərin ünvanını verəcəyik. Təhlükə dolu qataryollarının həyəcan bəxş edən hər anı əsl macərapərəstlər üçündür.


10. “Kuranda" qataryolu – Avstraliya
Dik yarğanlar və şəlalələr arasındakı misilsiz mənzərələrdən ibarət möhtəşəm və həyəcanlı bir səyahət “Kuranda” qataryolu vasitəsilə mümkündür. “Kuranda” səyahəti təxminən 2 saat çəkir və marşrut 15  tunel, 37 körpüdən ibarətdir. Kairns şəhəri və Kuranda arasında 37 kilometrlik dəmiryolu xəttinin uçurumlar arasından keçən hissəsində təhlükə daha artıqdır.

Ətraflı məlumat üçün:
www.ksr.com.au

9. ”Ramesvaram” qataryolu – Hindistan
Hindistanın cənub-şərq sahillərini Ramesvaram adasına bağlayan qataryolu su üzərində inşa edilib. Ramesvaram adasına gedən dəmiryolu körpüsü 1914-cü ildə inşa edilib və uzunluğu 1,4 kilometrdir. Ada özünəməxsus dini və memarlıq üslubuna malik abidələrlə zəngindir. Buna görə Ramesvaramı dünyanın hər yerindən bir çox insan ziyarət etməyə can atır. Amma dənizin fırtınalı olması adaya gəmi və qayıqla səyahəti çətinləşdirir. Hələ XIV əsrdə yerli əhali materiki ada ilə birləşdirən körpü inşa etmək istəyirdilər. XX əsrin əvvəllərində təhlükəli hava səbəbi ilə dəmiryolu xəttinin çəkilməsinin daha əlverişli olacağına qərar verdilər. Amma bu da təhlükəni azaltmadı. 1964-cü ildə bu bölgədə baş verən fırtına zamanı dalğaların 7,4 metr yüksəyə qalxması səbəbi ilə 150 sərnişin öldü.

8. “Georgetown” dəmir yolu – ABŞ
19-cu əsrin ikinci yarısında- 1877-ci ildə inşa edilən Georgetown Loop Railroad dəmiryolu Klorado əyalətində, “Clear Creek County” sərhədləri daxilində yerləşir. Gümüş mədənlərinə işçilərin daşınması məqsədi ilə inşa edilib.  Dar və təhlükəli dəmiryolu mədənçilərin qayalı dağları keçməsinin yeganə yolu idi. Amma dəmiryolu yalnız mədənlərdə qazıntılar aparıldığı illərdə fəaliyyət göstərdi. Daha sonra istifadəsiz qalsa da, əraziyə turist cəlb etmək məqsədi ilə qataryolunun fəaliyyəti yenidən bərpa edildi. Dəmiryolunun fəaliyyətə başladığı ildən təxminən 100 il sonra sərnişin daşımalarına başlanıldı. 1973-cü ildə yolun dağıdılmış hissələri bərpa edildi və bir il sonra artıq turistlər üçün açıq elan edildi. Corctaun qataryolu “Loop Rail”, Koloradonu “Silverplume” şəhərinə bağlayır. Marşrut iki körpüdən ibarətdir: Krik Vadisi Körpüləri və Şeytan Qapısı Körpüsü. Yolun ən qorxulu və təhlükəli hissəsi “Şeytanın qapısı” adlanan körpüdür. Körpü 30 metr yüksəklikdədir. Dəmir yolu marşrutu 7,2 kilometrdir, inanılmaz dərəcədə gözəl dağ ərazilərindən keçir və dəniz səviyyəsindən 195 metr yüksəkliyə qalxır.

7. Aso Minami qataryolu – Yaponiya
“Minamiaso” marşrutu Yaponiyanın ən aktiv vulkanlarından biri olan Aso dağının ətrafında inşa edilib. 1928-ci ildən etibarən dəmiryolu xətti sərnişinlərin istifadəsinə verildi. Dəmiryol xəttinin bir hissəsi, ilk baxışdan tamamilə etibarsız görünən yüksək dəmir körpü boyunca davam edir. Körpünün yolu çox dardır və bu xüsusiyyət onu daha da təhlükəli olmasına şərait yaradır. Çünki sürücünün səhv bir manevr etməsi qatarın yoldan çıxması üçün kifayət edə bilər. 2016-cı il Kumamoto zəlzələsi zamanı dəmiryolu körpüsünə ciddi ziyan dəydi və körpü qəzalı vəziyyətə düşdü. Zəlzələdən sonra bu dəmiryolu xəttindən istifadə xeyli azaldı. Digər tərəfdən dəmiryolunun aktiv vulkanın ətrafında yerləşməsi növbəti püskürmə ehtimalının qaçılmaz edir. Amma qataryolunun bu təhlükə ilə yarışa biləcək möhtəşəm mənzərəsi var.

6. “A Las Nubes” qataryolu – Argentina
Salta Argentina şəhərini Çilidəki Polvorillo ilə birləşdirən dəmiryolu 217 km uzunluqdadır. Əvvəlcə yük daşınması üçün nəzərdə tutulsa da, indi turistlərin üzünə açıq elan edilib. Bu dəmiryolunun inşası üçün, ümumilikdə, 27 il lazım oldu.   Dağ silsilələri və ən dərin kanyonlardan keçən unikal dəmir yolu tikintisi 1921-ci ildə başladı və 1948-ci ildə tamamlandı. Dəmiryolu 29 körpü, 21 tunel və hündürlüyü 4,200 metr olan 13 keçiddən ibarətdir. Yolların ziqzaq quruluşu, spiralvari qıvrımları və sərt döngələri ilk sərnişinləri daha çox həyəcanlandırır. Təxminən 16 saat çəkən adrenalin dolu səyahət turistlərə nəfəskəsən anlar vəd edir.

Daha ətraflı məlumat üçün aşağıdakı keçiddən baxa bilərsiniz:
https://trenalasnubes.com.ar/inicio-en/


5. ”Pilatus” dəmiryolu – İsveçrə
“Pilatus” dəmiryolu dünyanın ən dik marşrut xəttinə malikdir. Pilatus dağından keçən dəmiryolu 1889-cu ildə istifadəyə verilib. Qatar xətti “Alpnachstad”-dan başlayaraq Pilatus dağının zirvəsinə qədər uzanır. Burada yüksəklik 2073 metrdir. Vaqonların relsdən çıxmaması üçün dişli çarxlardan istifadə bu ehtimalı azaldır. Layihə üçün bu fikri ilk dəfə mühəndis Eduard Loçer təklif edib. Relslərdə və vaqonlarda olan üfüqi və şaquli çarxlar vasitəsilə zirvəyə doğru dik qalxma mümkün olur. Hazırda bu xətt üzrə marşrutlar sərnişinlərin ixtiyarındadır. Nostalji vaqonlar vasitəsilə turistlər qorxulu da olsa zamanda səyahət hissi yaşaya bilərlər.

Ətraflı məlumatlara, biletlərə və canlı kamera vasitəsilə Pilatus görüntülərinə aşağıdakı keçiddən baxa bilərsiniz:
https://www.pilatus.ch/

4. Ölüm dəmiryolu – Burma
1943-cü ildə Yaponiya imperiyası İkinci Dünya Müharibəsi zamanı Burmada öz hakimiyyətini möhkəmlətmək üçün dəmiryolu inşa edir. Qatarın “Ölüm Dəmiryolu” adlanmasının səbəbi inşa zamanı çoxsaylı insan tələfatının baş verməsi ilə əlaqədardır. 12 min məhkum və 90 mindən artıq işçinin həyatının itirdiyi məlumdur. Düzü qatarın marşrut xəttini də insan həyatı üçün təhlükəsiz adlandırmaq olmaz. 415 metr uzunluğunda olan dəmiryolu Burmanı Taylanda bağlayır.

3. Ağ keçid və Yukon marşrutu – ABŞ
“White Pass and Yukon Railroad” Alyaska ilə Kanadanı birləşdirən dəmiryolu xəttidir.  Dəmiryolu sisteminin ümumi uzunluğu 175 kilometrdir və ən təhlükəli hissəsi Alyaskadadır. Xəttin mürəkkəb quruluşuna görə dünyada bərabəri yoxdur. Marşrut təhlükəli dağlıq ərazidən keçir, bəzi qayalar 3000 metr hündürlüyə çatır. Dar və qaranlıq tunellər xəttə daha çox qorxu əlavə edir. Bu marşrutdakı körpülər qorxulu və təhlükəlidir. Əgər çox cəsarətli olduğunuzu düşünürsünüzsə, marşrutun yüksək, dönüşlü olması sadəcə sizə mənzərədən zövq almağa şərait yaradacaq. Bu dəmir yolundakı bəzi körpülərin yüksəkliyi 2000 metrə  qədər ola bilər. Dəmiryolu marşrutunda müxtəlif illərdə qəzalar da baş verib. 2006-cı ildə baş verən qəza ölümə səbəb oldu. Yenə 2014-cü ildə qatar relsdən çıxdı və 19 sərnişin və dörd dəmir yolu işçisi yaralandı. Kanadanın “Whitehorse” şəhərini ABŞ-ın “Skagway” şəhəri ilə birləşdirən qataryolu nə qədər təhlükəli olsa da, bugün hələ də turistlərin istifadəsindədir. 

2. “Duffy's Cut” qataryolu – ABŞ
Haqqında mistik rəvayətlər dolaşan “Duffy's Cut” dəmiryolu 1832-ci ildə inşa edilib. Dəmiryolunun tikintisi üçün podratçısı Philip Duffy ərazinin sıx meşəli təpələri və yarğanları boyunca qataryolu xəttini inşa etməkdən ötrü 57 irlandiyalı immiqrantı işə götürür. Bir müddətdən sonra işçilər arasında yoluxucu xəstəlik yayılır və 57 işçinin hamısı vəfat edir. Bu hadisədən sonra bölgədə bir sıra şəxslər və sərnişinlər tərəfindən ruhlar və kabusların görüldüyü iddia edilməyə başlanılır. Bölgədə yaşanan anomal hadisələrlə bağlı hətta filmlər də çəkilməyə başlanılır. Güman olunurdu ki, işçilər arasında yayılmış xəstəliyin digər şəxslərə keçməməsi üçün onlar qəsdən öldürülüb. Tədqiqatçılardan ibarət bir araşdırma qrupu 2004-cü ildə arxeoloji qazıntılara başladılar və beş il sonra dünyanı şoka salan faktları açıqladılar.Tədqiqatçılar işçilərin qəsdən öldürülməsi ehtimalını təsdiqlədilər. Bəzilərinin ümumi məzarda diri-diri basdırıldığı bildirildi. Araşdırılmalardan sonra kabusların insanlar tərəfindən görülməsi hadisələri də azaldı. Bunu narahat ruhların rahatlıq tapması ilə izah edirlər.  Amma buna baxmayaraq, kabus görmək arzusuyla turistlər bura hələ də axın edirlər.

1. Şeytan burnu – Ekvador
Aranızda atraksiyon parklarında qorxu qatarlarına minənlər varsa, özünü Ekvadordakı “Şeytan burnu” qataryolundan istifadə etmiş saya bilər. Dağın kənarıyla uzanan bu dəmiryolunun marşrut xətti olduqca təhlükəlidir. Qataryolu dağın “burnuna” çatdıqdan sonra aşağı doğru hərəkət edir və döngədən sonra yenidən yuxarı istiqamətdə davam edir. Yenidən “buruna” çatdıqdan sonra təkrar aşağı istiqamətdə irəliləyir. “Şeytan burnu” Ekvadordakı “Quito”-dan “Guarayquil”-a gedən qataryoludur. Dəmiryolunun tikintisi zamanı 2 minə yaxın işçi həyatını itirib. “Şeytan burnu” həyəcan sevən turistlərin alternativi olmağa iddialıdır.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.