Daxil olQeydiyyat

Joker filmi ilə bağlı bilinməyən nüanslar

OKTYABR 16, 2019 3 dəq. oxu
Joker filmi ilə bağlı bilinməyən nüanslar

Hər kəsin səbirsizliklə gözlədiyi “Joker” filmi artıq kinoteatrlardadır.  Rejissor Todd Phillipsin ekranlaşdırdığı dram və triller janrlarında olan filmin baş rollarını Joaquin PhoenixRobert De Niro canlandırır. Süjet xəttində “Batman”in düşməni olan Jokerin gənclik illəri, onun uşaqlıq travmalarının və psixoloji sarsıntılarının xarakterinə təsiri önə çəkilir.Film tənqidçiləri tərəfindən müsbət şərhlər alan ekran işinin “Oscar”a iddialı olduğu bildirilir.55 milyonluq büdcəylə çəkilmiş filmin gəlirləri 2 həftə ərzində 300 milyonu aşıb və bu rəqəmlərin hələ artacağı gözlənilir.Filmdə həmçinin Zazie Bietz, Frances Conroy, Brett Cullen və başqaları çəkilmişlər.

 

Joker filmləri və ən yaxşı Jokerlər


Joker cizgi film xarakteri kimi keçən əsrin ortalarından oxuculara təqdim edilmişdir.Bu günə qədər isə bir çox film versiyaları çəkilmişdir.İlk dəfə 1966-cı ildə ekranlaşdırılan “Batman” filmində Joker obrazında Cesar Romeronu görürük.1989-cu ildə isə Jack Nicholson bu rol üçün kameralar önünə keçir.Əlbəttə, obrazın sevilməsi onun fenomenləşməsinə səbəb olmağa başlayır.Daha bir filmdə- 2008-ci ildə “The Dark Night”-da Joker rolunda Heath Ledger özünü sınayır və olduqca bəyənilir.Oktyabrın əvvəlində tamaşaçılara təqdim edilən filmdə isə Joker rolu Joaquin Phoenix’ə həvalə olunur və düşünürəm ki, bugünə qədər canlandırılmış ən uğurlu Joker obrazıdır.

 

Süjet xətti


Əvvəlcədən qeyd edim ki, bu yazıda “spoiler” yoxdur və könül rahatlığıyla oxumağa davam edə bilərsiniz.Əslində, süjet xətti azdan-çoxdan hamıya bəlli olan filmdə daha çox Joker obrazı ön plana çəkilib.Filmin Joker adlanması da elə buna xidmət edir.Görünür, film yaradıcıları son dövrlərdə çəkilmiş filmlərdəki uğursuz Joker obrazlarından sonra(xüsusilə daha çox döymələri ilə yadda qalan 2016-cı ildə Jared Letonun canlandırdığı obraz)onun yenidən fenomenləşməsini istəyiblər. Filmdə Joaquin Phoenix-in canlandırdığı Artur Flek obrazının keçmişi və onun Jokerə çevrilməsinə səbəb olan hadisələrdən bəhs edilir.Hadisələr 1980-ci illərdə baş verir.Arturun ən böyük arzusu aktyor olub insanları güldürməkdir.Amma o istəmədiyi işlə məşğul olur və kloun kimi tədbirlərə qatılır.Xəstə anası ilə birlikdə yaşayan Artur cəmiyyətdə özünə yer tuta bilmir.Uşaqlıqda yaşadığı travmalar nəticəsində asosiallaşan obraz yaşadığı “pis bir gün” nəticəsində Jokerə çevrilməyə başlayır.Filmdə çoxsaylı sosial mesajlar və “sətiraltı” məqamlar var. Əvvəlcə, hadisələrin baş verdiyi “Gotham” şəhərindən başlayaq.1980-ci illərdə gecələri cinayətlərlə dolu təhlükəli Nyu-York məhz belə adlanırdı.Həmçinin, Arturu Jokerə çevirən metro cinayəti də real faktlara söykənir.Psixoloji xəsətəlikdən əziyyət çəkən Artur filmin irəliləyən dəqiqələrində cinayətlər törətdikcə özgüvən qazanır.Əvvəldən sona doğru bunu onun hərəkətlərində, yerişində, rəqslərində, hətta gülüşündə görmək mümkündür.Nevrolojik sindrom səbəbindən özündən asılı olmadan hadisələrə gülüşlərlə cavab verir.Xarakterlə bütünləşən bu gülüş insana qəribə, daha doğrusu, ürküdücü hisslər ötürür.Phoenix müsahibələrində obraza hazırlaşarkən ilk olaraq elə xarakterin gülüşündən başladığını bildirir.Bunun üçün nevroloji problemləri olan xəstələrin gülüşlərini izlədiyini deyən aktyor işin öhdəsindən olduqca yaxşı gələ bilib.Phoenix rejissorun istəyi ilə obraz üçün 24 kq çəki atdığını və bunun onda əsəbiliklə müşahidə olunduğunu da qeyd edib.

 

Joaquin Phoenix kimdir?


Aktyor 28 oktyabr 1974-cü ildə Puerto Rikoda doğulub.Uşaq yaşlarındaykən ailəsi ilə birlikdə ABŞ-a gələn Phoenix səkkiz yaşından etibarən filmlərdə çəkilməyə başlayır.Amma o 2000-ci illərdən sonra məhz “Qladiator” filmindəki rolu ilə diqqəti üzərinə çəkir.Hətta bu filmdəki roluna görə Oskar mükafatına namizədliyi də irəli sürülür.2005-ci ildə isə “Walk The Line” filmindəki performansı onu “Qızıl Qlobus” mükafatının sahibi edir. “The Master”“Her” filmləri isə onun ən çox tanındığı ekran işlərindəndir.Aktyorun peşəkarlığı ona həvalə edilən obrazların öhdəsindən ustalıqla gəlməsinə səbəb olur.Bu Joker filmində bir daha sübuta yetir.Aktyor bu obraza bir daha qayıtmayacağını bildirsə də, filmin rejissoru və ssenaristi Todd Phillips Joaquin Phoenix razılıq verdiyi halda ikinci filmin də çəkilə biləcəyini bildirmişdir.

 

Nyu-York polisini hərəkətə gətirən Joker


Joker filminin pərdəyə çıxmasından az əvvəl Nyu-York Polis Departamenti kinoteatrların önündə polislərin yerləşdiriləcəyini açıqlamışdı.Eyni zamanda Joker maskasıyla filmin izlənməsi də qadağan edilib.Əlbəttə, bunu 2012-ci ildə “Batman:The Dark Knight Returns” filmini izlədikdən sonra bir nəfərin Avrora kinoteatrında 12 nəfəri silahla öldürməsiylə əlaqələndirsək, Nyu-York polisinin narahatlığını başa düşmək çətin olmaz.Qeyd edim ki, film 18+ yaş kateqoriyası üçündür.Filmin psixoloji və təsiredici süjet xətti kino yaradıcılarını belə bir addım atmağa sövq etmişdir.

Filmin qəribə aurası var.122 dəqiqəlik filmi izlədikdən sonra bu abu-havanın bir müddət sizin üzərinizdə olacağınıza əminəm.Joker mənfi qəhrəman olsa da, ona qarşı insanda nifrət hissi oyanmır.Əvvəldən sona kimi onu daim həqiqətləri söyləyən bir xarakter kimi görmək mümkündür.Jokeri uğursuzluğa düçar edən və cinayətkara çevirən elə cəmiyyətin özü deyil?Bəlkə də, hər birimizin içində yatan bir dəli, bir Joker olması ona qarşı nifrət hissi oyanmasına mane olur?

Ən sevindirici məqamlardan biri isə filmin gözləntiləri doğrultmasıdır. Aprel ayından fraqmentləri yayımlanan kino həqiqətən ərsəyə gətirilən ekran işləri arasında birinciliyə layiqdir.Axıcı süjeti, rəngarəng kadrları, rejissor və aktyor işi və musiqi tərtibatı filmi hələ bundan sonra uzun zaman diqqətdə saxlayacaqdır.Joker İMDb-nin reytinq cədvəlində 9.0/10 balla bugünə qədər çəkilmiş ən yaxşı 10 film arasına daxil ola bilmişdir. Özəlliklə baş rol ifaçısının inanılmaz aktyorluq nümayiş etdirməsi filmi bu ilin Oskar mükafatçısı etmək iqtidarındadır.

 

 

Bu bloqları da oxuya bilərsiniz: 

HARRY POTTER FİLMİNİN ÇƏKİLDİYİ YERLƏR

LA CASA DE PAPEL SERİALININ ÇƏKİLDİYİ ÖLKƏ VƏ MƏKANLAR

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.