Daxil olQeydiyyat

DİNOZAVR QALIQLARININ OLDUĞU ƏRAZİLƏR

FEVRAL 26, 2020 5 dəq. oxu
DİNOZAVR QALIQLARININ OLDUĞU ƏRAZİLƏR

Filmlərdən və ya animasiyalardan bizə tanış olan dinozavrların bir zaman dünyamızda gəzdiyini təsəvvür etmək belə insana ürpədici hislər verir. Bu nəhəng cüssəli canlıların varlıqları tapılmış fosillər vasitəsilə  insanlığa məlum oldu. 1841- ci ildə paleontoloq Riçard Ouen tərəfindən aşkar edilən dinozavrlar elm aləmində dinozavr çağını başlatdı. Bundan sonra ard-arda aparılmış tədqiqatlar nəticəsində 850- dən çox dinozavr növü aşkarlandı. Tapılmış hər bir fosil bir vaxtlar mövcud olmuş böyük bir ekosistemin parçaları olan dinozavrlara diqqəti bir az daha artırırdı. Onların yaşam şərtləri, kütləvi məhvolma səbəbləri, nə zaman yaşadıqları bu gün də cavab istəyən ən aktual suallardandır.


Dinozavr nəslinin tükənmə səbəbləri

Əlbəttə, bu sual çoxdan elm aləmini düşündürür. Bu məqamda dinozavrların məhv olma səbəbləri arasında bir neçə ehtimalı nəzərdən keçirmək lazımdır. Səbəb kimi göstərilənlər arasında meteorid yağışları, dünyanın quyruqlu ulduzla toqquşması və yerdə baş verən güclü vulkanik partlayışlar da var. 2016-cı ildə “Science” jurnalında dinozavrların məhv olma səbəblərini aşkarlamaq üçün dünyanın bir çox ölkələrindən olan alimlərdən ibarət tədqiqatçı qrupun bir sıra faktları ortaya qoyan araşdırması yayımlandı. ABŞ, İsveçrə, Hollandiyadan olan alimlər əvvəlcə dinozavrların məhv olma tarixini dəqiqləşdirməyə çalışdılar. Bu prosesin təxminən 66 milyon 38 min il öncə baş verdiyini təyin etdilər. Məhz bundan sonra məhv olma səbəblərini daha dəqiq şəkildə aydınlaşdırmaq mümkün ola bilərdi.

Dinozavrların məhv olması ilə bağlı ən məşhur nəzəriyyə 1980-ci ildə ortaya atılmışdı.Ata-oğul Luis Alvarez və Volter Alvarez tərəfindən irəli sürülən hipotez Alvarez hipotezi kimi məşhurdur. Onlara görə 66 milyon il əvvəl iri miqyaslı meteroidin yerlə toqquşması nəticəsində atmosferi və iqlimi kəskin şəkildə dəyişdirən qaz və torpaq qatı əmələ gəlmişdir. Bu həm də temperaturun kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Bunlar isə bir çox bitki örtüyünün məhv olmasına və qida zəncirinin qırılmasına gətirib çıxarmışdır. İri cüssəli dinozavrların qidaya və istiyə olan tələbatının ödənilməməsi həyat şəraitini sıfıra endirmişdir. Nəticədə, dinozavrların məhvi baş vermişdir.

Ehtimal edilən toqquşma zamanı Meksikanın Yukatan ştatında 180 km böyüklüyündə yaranan “Chixclub” adlı kraterin sualtında aparılmış və kraterin mərkəzinə nüfuz edən tədqiqatlar bir sıra məqamlara aydınlıq gətirmiş oldu. Belə ki, toqquşma zamanı atmosferə toz və qazın püskürməsinin illərlə davam edə biləcəyi ehtimal edilir.

2019-cu il iyun ayında “National Geographics” jurnalında yayımlanan məqalədə alimlərin gəldiyi son nəticələr öz əksini tapmışdır. Şimali Dakotada qazıntılar zamanı tapılmış fosillərdən əlavə, olduqca qiymətli yeniliklər əldə olundu. Kütləvi məhv olmadan əvvəl var olan bütün ekosistemin qalıqları əldə edildi. Fosillərin tapıldığı qatlarda aşkarlanan tektit(ing. tectit) adlı parçaların ancaq atmosferdə möhkəmlənən və yer üzünə yağan kosmik mənşəli olması fikri irəli sürüldü.

Digər nəzəriyyə-vulkanik partlayışlar nəticəsində kütləvi məhvolma hadisəsinə baxsaq, burada da alimlərin əsaslı mülahizələri ilə rastlaşmış oluruq. Hindistanda Dekan yaylası kimi tanınan ərazinin təxminən 60 milyon il bundan əvvəl (dinozavrların məhv olduğu vaxt) vulkanik partlayışlar zamanı yarandığı təsbit edilib. Bu miqyasda böyük bir tektonik ərazinin yaranması həm də böyük vulkanik partlayışın baş verməsi deməkdir. Bu hadisə zamanı atmosfer qatında illərlə toz və qaz qatının müşahidə olunmasına səbəb ola bilərdi. Nəticədə, temperaturun enməsi, bitki örtüyünün məhv olması baş vermişdir. Sözügedən məqalədə hər iki nəzəriyyənin- həm meteorid toqquşması, həm də vulkanik partlayışların dinozavrları məhv etdiyi bildirilir. Belə ki, vulkanik partlayışlardan zəifləmiş ekosistem meteroid toqquşması nəticəsində məhvə səbəb ola bilərdi.

Sadalanan faktların sübut edilməsi hələ uzun illər böyük və məşəqqətli araşdırma tələb edə bilər. Amma dinozavr fosillərinin tapıldığı ərazilərə baş çəkmək o qədər də çətin deyil. Bu ərazilər bu gün turistlərin üzünə açıq elan edilib.


Kotelniç-Rusiya

Dinozavr qalıqları 1933-cü ildə aparılmış qazıntılar zamanı Rusiya Federasiyasının Kirov oblastında Kotelniçdə aşkarlandı. Kotelniçdə Vyatki çayının 25 kilometrliyində böyük bir ərazidə tədqiqatların aparılması öz nəticəsini verdi. Parareptilianın ilk skeletinin tapıldığı qəsəbə kimi tanınan Kotelniçdə bu gün də araşdırmalar aparılır. 12 kilometrlik ərazini əhatə edən kəşfiyyat zonasında 1948-ci ildə 11 pareozavr skeleti tapılmışdı. Bu tapıntı alimləri olduqca heyrətləndirmiş və bugün yaşayan nəhəng quru tısbağalarının əcdadı kimi qiymətləndirilmişdir. Araşdırmalar zamanı aşkarlanan eksponatları qəsəbədə yerləşən Paleontologiya muzeyində görmək olar.


Rukva gölü- Tanzaniya

Tanzaniya da dinozavrların yaşadığı ərazilər kimi tanınır. Buna əsas verən isə, ərazidə 100 milyon il yaşamış titanazavrların skeletinin tapılmasıdır. Rukva gölü hövzəsində aşkarlanan fosillər öz böyüklüyü ilə olduqca heyrət doğurur. Müqayisə üçün qeyd etmək olar ki, tapılmış skeletlərin ölçüsü bir neçə filin böyüklüyünə bərabərdir. Tironazavrlar otyeyənlər siyahısına daxildir. Bu növün fosillərinin Afrikada tapılması elm aləmi üçün gözlənilməz oldu. Tanzaniyada həm də nyasazavrların qalıqları tapılmışdır. Nyasazavrların 250 milyon il bundan əvvəl, yəni yer kürəsinin ən qədim dövründə yaşadığı məlumdur.


Aksu-Zhagably- Qazaxıstan

Dinozavrların yaşadığı ərazilərdən biri də Qazaxıstanda Aksu-Zhagably Təbiət Qoruğudur. Bu ərazilər Yura dövrünə aid edilir. Məlumdur ki, bu ərazilər vaxtilə Tetiz dənizi suları altında olmuşdur. Karatau gölü hövzəsi də daxil olmaqla burada piliozavr və uça bilən sürünənlər nəslinə aid fosillər əldə edilib. Fosillər Qazaxıstanın Təbiət Muzeyində sərgilənir. Aksu-Zhagably Təbiət Qoruğu turistlərin üzünə açıqdır.


Qobi çölü- Monqolustan

Qobi çölündə tapılan dinozavrlara aid tapıntılar dünyanı ən çox heyrətləndirənlər arasındadır. Burada da dinozavr skeleti aşkar edildi. Həm də ilk dəfə dinozavr yumurtaları tapıldı. Bu elm aləmi üçün olduqca böyük tapıntı oldu. Bain-Drak bölgəsində aparılan qazıntılar zamanı isə demək olar ki, bütün dinozavr növlərinə aid yumurtalar aşkarlandı. 1968-ci ildə Ulanqab bölgəsində tapılan dinozavr yumurtaları isə ölçüsünə görə çox daha böyük idi. Həcmi 1,7 litr hesablanan yumurtaların heç birində təəssüf ki, embrion aşkarlanmadı.


Avstraliya

Avstraliyanın faunası bu gün də fərqli heyvan növləri ilə zəngindir. Viktoriyanın Gipsland sahili adlanan hissəsində qayalarda dinozavra aid üst çənə sümüyü tapıldı. Təxminən kenquru böyüklüyündə tapılmış nümunə ətyeyən dinozavra-tironazavra aid edildi. Ərazidə tironazavra aid fosillərin tapılması bir sıra nəzəriyyələri alt-üst etdi. Çünki əvvəllər alimlər bu növün ancaq Şimal yarımkürəsində yaşadığını ehtimal edirdilər.

2007-ci ildə Avstraliyanın Queensland bölgəsində daha bir fosil nümunəsi aşkarlandı. Ancaq alimlər bu nümunəni heç bir qrupa aid edə bilmədilər. “Zach” adlandırılan bu dinozavr növü 90 milyon il əvvələ aid edildi. Dr. Henre vəziyyəti belə izah edir ki, bura itmiş bir dünyanın izlərini daşıyır. O dünyadan bizə gəlib çatan isə sadəcə bu fosillərdir. “Paleontology” jurnalında yayımlanan fosillərin analizi haqqında məqalədə nümunələrin “iki ayaqlı, çox cəld qaça bilən” dinozavr növünə aid olduğu qeyd edilmişdi.


Argentina- Pataqoniya

Bu günə qədər aşkar edilən fosillər arasında ən heyrət doğuran Argentinanın Pataqoniya bölgəsində tapılanlardır. Pataqoniyada böyük paleontologiya bölgələri, fosil məzarlıqları var. Fosillərin təxminən 90 milyon il əvvələ aid olduğu bildirilir. Tədqiqatlar zamanı ölçülərinə görə olduqca böyük skeletlər əldə olundu. Dinozavrların boyları təxminən 3 mərtəbəli bina hündürlüyündə olduğu ehtimal olunur. Bu dünyada tapılmış üç böyük dinozavrdan biridir. Argentinalı paleontoloqlar “Reuters”-ə müsahibəsində məsələni belə şərh edirlər: “ Bu yeni bir növ, yeni bir qrupdur. Bu tapıntı yeni bir titanozavr nəslinə işarə edir.” Argentinada aparılan araşdırmalar zamanı ağac, yarpaq, müxtəlif balıq nümunələri də daxil olmaqla böyük bir ekosistemin qalıqları tapılıb. Fosillərin 70%-i elmə faydalı məlumatlar verə biləcək vəziyyətdədir. Burada tapılan nümunələr dünya üzrə tapılmış fosillərin 10%-ni təşkil edir.


Çin -Liaoning

Mezozoy dövrünə aid tapıntılar 110 və ya 130 milyon il əvvələ aid edilir. Bu dövrdə artıq bir sıra məməli, quş və bitki növləri formalaşmışdı. Liaoningdə tapılmış fosillər günümüzə çox yaxşı vəziyyətdə gəlib çatmışdır. Buna fosillərin gil və kül təbəqədə oksigendən mühafizə olunması şərait yaradıb. Nəticədə isə dinozavrların yumşaq bədən formaları az çürüməyə məruz qalmışdır. Burada təkcə sümük yox, bütöv skeletlər aşkar edilib. Bəzi fosillər o qədər yaxşı şəkildə tapılmışdı ki, onların dişi və ya erkək cinsinə aid olmasını da təyin etmək olurdu.


İtaliya - Besano

1993-cü ildə  İtaliyanın Besano bölgəsində Besanozavr adlanan növ tapıldı. Orta Trias dövrünə aid ixtiozavr fosilləri daşlaşmış şəkildə- qayalarda aşkar edildi. Alimlər burada fosillərə zərər vermədən X-ray texnologiyası vasitəsilə tədqiqatlar apardılar. 1996-cı ildə isə İtaliyanın başqa bir şəhəri Saltrioda yeni nümunələr tapıldı. Saltriozavr adlanan növ ət yeyən dinozavrlar sinfinə aid edildi. Saltriozavrın ön ayaqlarında üç barmaqlarının olması da paleontoloqların nəzərində saxladığı məqamlardan idi.


Tayland- tapılmış ən yeni fosillər

Bir neçə gün öncə Tayland Mineral Resurslar Departamenti təşkil etdiyi konfransda ölkə ərazisində daha bir dinozavr növünün aşkarlandığını açıqladı. Köpəkbalığı kimi iri dişlərə sahib dinozavr növləri olduqca maraqla qarşılandı. Tayland və Fukui Prefektura Universitetindən olan tədqiqatçılar Siamraptor kimi adlanan növün 115 milyon il əvvələ aid olduğunu qeyd edirlər. Fosillərin individuallığı dörd fərqli dinozavr növünə aid xüsusiyyətləri daşımasıdır.

Tədqiqatlar nəticəsində bütün materiklərdə dinozavr fosilləri aşkar edilib. Hələ də bu nəhənglərin məhv olma səbəbi tam şəkildə sübut edilməyib. Amma tapılan hər bir parça, hər bir fosil insanlığı dinozavrlara bir az daha yaxınlaşdırır. 

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

DÜNYANIN ƏN QEYRİ-ADİ İÇKİLƏRİ

YEMƏKDƏN ÇƏKİNMƏLİ OLDUĞUNUZ 5 YEMƏK

BU YERLƏRƏ GEDƏCƏK BİR İGİD AXTARILIR. ƏN TƏHLÜKƏLİ YERLƏR

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.