Daxil olQeydiyyat

Azərbaycan xarici ölkə vətəndaşlarının və mediasının gözündən

MART 4, 2020 9 dəq. oxu
Azərbaycan xarici ölkə vətəndaşlarının və mediasının gözündən

Şübhəsiz hər kəs bir ölkəyə səyahət etmədən öncə onun haqqında qısa bir araşdırma edir. Araşdırmalar ilk öncə səyahət etdiyiniz fəslə uyğunlaşa bilmək üçün həmin aylarda əsasən hökm sürən və o günlər üçün aktual olacaq hava şəraiti və iqlimi haqqında olur. Bu zəruri araşdırma bizi gedəcəyimiz yerə və şəraitə uyğun olaraq hazırlanmağa və əşyalarımızı ona uyğun götürməyə kömək edir. Bundan sonra isə ölkənin özü haqqında ümumi araşdırmalar başlayır. Burada da üstünlük gedəcəyiniz şəhərlərin araşdırmasına verilir. Hansı tarixi abidələr var, hansı restoranlar daha yaxşıdır, nəyi mütləq dadmalısınız, mütləq görməli olduğunuz yerlər hansıdır, hansı turistik yerləri daha məşhurdur və s. Bu siyahı dayanmadan belə uzanaraq gedə bilər. Ancaq araşdırmaların ən maraqlı tərəfi də o ölkə və yerli əhalisi haqqında maraqlı və qəribə faktlar olur. Daha tez uyğunlaşa bilmək və oradakı insanlar ilə daha isti və səmimi münasibət qurmaq üçün onların adət-ənənələri, yaşayış tərzləri, nələri sevib sevmədikləri haqqında bir araşdırma etmək də mütləq hal alır. Bunun üçün də bir çox müxtəlif mənbəyə rast gələ bilərsiniz. Bəziləri doğru, bəziləri isə fərziyyələrdən ibarət və bəzən də yalnış çıxaraq sizi yanılda biləcək bu məlumatlar sizə kömək olduğu kimi çox da ciddi olmayan kiçik problemlər də yarada bilər.

Bəs belə bir maraqlı sual yaranır: Siz heç Azərbaycan haqqında deyilən maraqlı və qəribə faktları araşdırmısınızmı? Bu cümləni oxuyarkən təəccüblənə və "Nəyə görə araşdırım, axı mən burada yaşayıram" deyə bilərsiniz. Ancaq buraya ziyarətə gəlmiş və hətta burada yaşayan xarici ölkə vətəndaşlarının düşüncələrini və hisslərini bilmək maraqlı olmazdı? Və ya xarici media səhifələrinin ölkəmiz haqqında nələr yazdığını bilmək və bunları bizim əslini bildiyimiz gerçəklərlə müqayisə etmək əyləncəli olmazdı? Ölkəmiz və burada yaşayan yerli əhali haqqında onlara nə qəribə və maraqlı gəlir? Hansı adət-ənənələrimizi sevir, hansılarını qəbul etməkdə çətinlik çəkirlər? Milli mətbəximizdəki hansı yeməkləri sevə-sevə yeyir, hansıları təəccüblə qarşılayırlar? Bu suallar həqiqətən də marağımı çəkdi və bir çox məşhur saytlardan, şəxsi bloqlardan və həmçinin az bilinən saytlardan geniş bir araşdırma edərək bu suallara cavab vermək və mənim kimi bu sualların cavablarını bilmək istəyən insanların marağına son qoymaq istədim. Gəlin, başqa ölkələrdən bizə gələn insanların ölkəmiz haqqında araşdırma edərkən nələr ilə qarşılaşdıqlarına özümüz şahid olaq və ölkəmizə onu tanımayan başqa bir insan gözü ilə kənardan baxaq.

P.S. Nəzərə alın ki, məlumatlar yalnış və ya doğru olmasından asılı olmayaraq mənbələrdə yazıldığı kimi, heç bir dəyişiklik olmadan və təhrif edilmədən yazılır. Sonra isə yazılan səhv məlumatlar barədə əslində olan, düzgün fikirlər qeyd olunur.


İlk öncə www.telegraph.co.uk saytında 2018-ci ildə yazılan bir məqaləyə göz atdıq və gəlin, burada qarşılaşdığımız maraqlı məlumatlar ilə başlayaq!

1 ."Pancake sevirlər. Qutab - doldurulmuş pancake - praktiki olaraq Azərbaycanın milli yeməyidir. Balqabaq, tərəvəz, ət və ya sadəcə otlar ilə doldurulur, sonra qatlanır və bir tavada qızardılır. Nutella'nızı evdə qoyun: Azərbaycanın pancakeləri çox dadlıdır" - Gördüyünüz kimi, qutabları pancake xəmiri ilə hazırladığımızı düşünürlər. Əslində isə qutab xəmirinin xüsusi olaraq hazırlandığını və adi xəmirdən bir fərqi olmadığını, pancake xəmiri ilə isə tamamilə əlaqəsiz olduğunu onlara kim deyəcək? :)

2. "Azərbaycanlılar cem ilə çay içirlər. Heç bir tədbir çaysız tamamlanmır. Çay saysız-hesabsız bəzəklərlə təqdim olunur. Tez-tez mürəbbə ilə təqdim olunur və kəklikotu, limon, nanə və ya gül suyu ilə dadlandırılır və ətirli olur" - Onların nöqteyi nəzərindən baxdığımızda anlaya bilirik, çünki onlar "jam" sözünü həm cem, həm də mürəbbə mənasında istifadə edirlər. Lakin ümid edirik ki, azərbaycanlılar üçün cem ilə mürəbbənin tamamilə fərqli iki şey olduğunu bilirlər.

Həmçinin Azərbaycan haqqında yazılan bütün məqalələrdə çay haqqında mütləq bir qeyd olduğunu müşahidə etdim. Çayın armudu stəkanda içilməsi, mürəbbədən əlavə mütləq hər zaman yanında şirniyyat, limon və ya qənd qoyulması, ümumiyyətlə, çayın təqdimatı göz zövqlərini oxşadığı üçün onların çox sevdiyi və qeyd etməkdən yorulmadıqları bir detaldır. Bir çoxları da əvvəlcə onlara qəribə gəlsə də, burada bir dəfə çay içdikdən sonra artıq yalnızca bu şəkildə çay içməkdən həzz aldıqlarını qeyd edirlər.

3. "Şəkər yoxdursa, toy yoxdur. Ailələr elçiliyə gələndə çay süfrəsi münasibətin necə irəlilədiyini yaxşı göstərir. Şəkərsiz verilərsə deməli ailələr arasında daha çox danışıqlar aparmaq lazım gələcək, əgər şirin olsa, toy yaxın gələcəkdə mütləqdir" - Necə olduğunu bilmirik, lakin həqiqətən də bu ənənəmizi tamamilə doğru öyrəniblər.

4. "Onların atları qəhrəmandır! Xüsusi olaraq çalışmadan onların var olan sürəti, zəkası və dözümlülüyü ilə tanınan Qarabağ atları Azərbaycanın milli heyvanıdır. Onlar ölkəyə endemikdirlər və dünyadakı ən qədim cinslərdən biridir. At əti bir vaxtlar Azərbaycanda geniş yayılmışdı, lakin artıq istifadə olunmur, onun əvəzinə isə menyuda quzu və mal əti tapacaqsınız" - Qarabağ atlarımız ilə dünyada məşhur olmaq və bununla tanınmaq ölkəmiz üçün qürur duyulası səbəblərdən biridir!

5. "Atalar sözlərindən zövq alırlar. Daha çox istifadə edilənlərə isə nümunə olaraq bunları deyə bilərik: "Ucuz ətin şorbası olmaz", "Ədəb bazarda satılmaz", "Qaş düzəldən yerdə göz çıxarmaq"" -  Görəsən bu atalar sözlərini harada, necə və kimdən öyrəniblər?

6. "Onlar güclüdür. Əgər bir gün Azərbaycanın paytaxtı Bakıda olsanız, qol güləşi matçına çıxmaq istəyə bilərsiniz. Şəhər ölkənin peşəkar liqasını qəbul edən Armwrestling Federasiyasının evidir. Diqqət edin, çünki buna Bakının idman və fitness salonlarında çox ciddi yanaşılır" - Həqiqətən də kənardan baxanda bizim haqqımızda düşünüldüyünü təxmin belə etmədiyim yönlərdən biri xarici vətəndaşlar üçün böyük və önəmli bir detal imiş!

7. "Yaxşı xalçanı sevirlər. Azərbaycan Xalça Muzeyi 2014-cü ildə, Bakının dəniz sahilində, nəhəng yuvarlaq xalça şəklində olan bir binada açıldı. İçəridə ölkənin hər yerindən hər əsrə aid xalçalara rast gələ bilərsiniz. Həmçinin yalnız xalça toxunulması ilə bağlı nümayişlər ilə dolu bir tamaşaya da baxa bilərsiniz" - Ecazkar dizaynı olan xalça muzeyimiz buraya gələn hansı turistin diqqətini cəlb etməyə bilər ki?

8. "Bütün "cool" uşaqlar toxuya bilir. Ənənəvi Yeddi Gözəl turnirlərinə hazırlaşmaq üçün qızlara kiçik yaşdan toxumağı öyrədirlər. Qızlar corabları zaman ilə yarışaraq toxumalıdırlar və ən yaxşı cütü toxuya bilən qalib elan olunur" - Onlara görə bütün "cool" uşaqlar toxumağı bacarır, ancaq bizə görə bu bir neçə əsr öncədə qalma bir ənənədir. Həqiqətən də, bu məlumatı haradan öyrəndikləri çox maraqlıdır.

9. "Çörək müqəddəsdir. Çörək artıq köhnəldikdə, azərbaycanlılar onu zibil qutusuna atmırlar. Çörəyə olan hörmətlərini bildirmək üçün digər zibillərdən ayıraraq bir paketə qoyur və onu asırlar. Əgər çörək yerə düşsə, üzr istəmək məqsədi ilə onu öpmək adətdir" - İçimizi isidən bir məlumat oldu, elə deyil? Gözəl və mənalı adət-ənənələrimizin bilinməsi necə də xoşdur! Əminəm ki, bundan nümunə götürənlər də olmuşdur!

10. "Bir çox insanın qızıl dişləri var. Qızıl, parıldayan təbəssüm, xüsusən də Azərbaycanın yaşlı nəsilləri üçün adi görünüşdür. Bəziləri üçün çürük dişləri əvəz etmək üçün cəlbedici bir yoldur. Digərləri üçün bu, əmanət hesabına uyğundur" - Ölkəmizə gəldikdə yaşlı nəsil ilə yaxından tanış olmanın maraqlı və təbəssüm doğuran nəticələri :)

11. "Körpələri duzlu suda yuyurlar. Düşünürdülər ki, yeni doğulmuş körpələri duzlu su ilə yumaq onları güclü, sözüdüz və cəsarətli edəcəkdir. Uşaqların dırnaqları və saçları yalnız ilk doğum günlərindən sonra kəsilir" - Günümüzdə artıq belə adətlər bir çox yerlərdə var olmasa da, çox uzaq tarixdə yox, bundan sadəcə 2 il öncə - 2018-ci ildə yazılmış məqalədə nəyə görə yer aldığı çox müəmmalı bir sualdır.

12. "Böyük bir casus üçün bir xatirə var. Rixard Zorge Barbarossa Əməliyyatı haqqında Sovet rəhbərliyini xəbərdar etdi və Bakının Zorge Parkında olduqca əhəmiyyətli bir xatirə tərəfindən tanınır" - Demək olar ki, bütün saytlarda qarşılaşdığım, onlara şəhərimiz haqqında ən qəribə gələn faktlardan biri də Zorge bağının olmasıdır. Nəyə görə onun şərəfinə bir park yaradılmasından daha çox, bu parkın və o gözlərin onları "qorxutduğu" bir çox yerdə yazılıb.


İndi isə www.wanderlust.co.uk saytında qarşılaşdığımız yazı ilə tanış olaq.

1. "Neft Daşları dənizdə tikilən ilk və ən böyük şəhərdir. Xəzər dənizində yerləşən şəhər 1947-ci ildən sonra mərhələlərlə qurulmuşdur" - Demək olar ki, bütün mənbələrdə Neft Daşlarının əzəməti və onları heyrətə salması haqqında bir çox qürurverici sözlər yazılmışdır.

2. "Azərbaycanın ən qədim milli bayramı olan Novruzda uşaqlar evlərin ön qapısından kənarda çantalar və ya kiçik papaqlar qoyurlar. Qapını döyürlər və gizlənirlər, qayıdanda çantaları ev sahibi tərəfindən Novruz hədiyyələri ilə doldurulur. Novruzun bir hissəsi olaraq ailə həyatı qurmamış qızlar da öz yarlarını tapmaq üçün uğursuzluqların simvolu olan qara pulları su dolu bir qaba atırlar. Axşam, gün batmadan əvvəl bu suyu pullarla birlikdə çölə tökürlər" - Novruz Bayramının xarici ölkələr tərəfindən çox böyük bir marağa səbəb olduğunu görmək və onlara bu adət-ənənlərin necə qəribə gəldiyini müşahidə etmək həqiqətən də çox maraqlıdır.


www.onceinalifetimejourney.com saytında isə bir digər maraqlı və daha çox elmi faktlar qeyd olunmuşdur.

1. "Nobel mükafatının mənşəyi. Mükafatın qurulduğu yer deyil, lakin neft yolu ilə bu ailənin şansının gətirdiyi ölkədir. Bunu dünyada hər kəsə tanından məşhur azərbaycanlıların sayı çox deyil, ancaq Azərbaycanla bağlı ən maraqlı faktlarından biri də Nobel mükafatını maliyyələşdirən Nobel ailəsinin pullarını ölkədə qazma və ticarət yolu ilə əldə etməsidir. Onların ev-muzeyi qonaqlar üçün açıqdır və eyni zamanda Azərbaycanda Norveçdəki buzlaqdan buz şəklində çıxan kondisioneri olan və ev telefonu olan ilk evdir. Bir faktı da bilmək maraqlıdır ki, onların neft sərvətləri Krım müharibəsi başa çatdıqda və orijinal ailə biznesləri iflasa uğradıqda işlərini dəyişdirməyin nəticəsidir" - Bəlkə də çoxlarının bilmədiyi ən maraqlı faktlardan biridir. Neftimiz bütün dünya mediasında hər zaman ən çox toxunulan və maraqlı mövzulardan biri olmuşdur.

2. "Dünyanın palçıq vulkanlarının 45% -i. Palçıq vulkanları özləri bir qəribəlikdir və Bakı ətrafındakı maraqlı təcrübələrdən biridir. Palçıq vulkanları ölkə üçün eksklüziv olmasa da, Azərbaycanla bağlı maraqlı bir fakt da onun palçıq vulkanlarında üstünlük təşkil etməsidir. Böyük qaz ehtiyatlarının üstündəki yerini nəzərə alaraq, yumşaq torpaqdan keçən qaz, bu palçıq vulkanlarını yaratmışdır. Ziyarət etmək üçün bənzərsiz bir yer olmaqdan başqa, yerli sakinlər palçıq vulkanlarının yaxşılıqlarla dolu olduğuna inanırlar və vulkanların içində müalicəvi xüsusiyyətlərindən zövq alaraq palçıqla örtülmüş halda vaxt keçirməkdən zövq alırlar" - Dünyanın ən çox marağını cəlb edən də bizim üçün adi, onlar üçün isə qəribə sayılan müalicə yollarımız və inanclarımızdır.


www.mytravelaffairs.com-da yazılan bir məqaləsdə daha çox maraqlı və əyləncəli faktlara yer vermişdir.

1. "Lada Diyarı. Azərbaycan Lada ölkəsidir və Azərbaycan haqqında maraqlı faktlar arasında ən sevdiyimdir! Beləliklə, Azərbaycan mənim üçün Lada cənnəti kimi idi! Hər yerdə Ladalar var idi. Bütün rənglərdə və formada. Azərbaycan Lada idxal edənlərin ilk 5-liyindədir, buna görə orada nə qədər Ladanın olduğunu təsəvvür edə bilərsiniz" - Azərbaycana səyahət edən bir Lada sevərin gözündən!

2. "Selfie məsələsi. Azərbaycan xalqı özlərinin şəklini çəkməyi və onların şəkillərini çəkməyinizi sevir, xüsusən də kişilər! İnanın, Azərbaycanın paytaxtı - Bakı bir çəkiliş səhnəsidir. Bakı dəniz sahilini dənizdən seyr etmək üçün gəmi gəzintisinə getdim, ancaq şəhər mənzərəsinə baxan yeganə insan idim! Yerlilər diqqətlərini buraya vermək üçün kameraları ilə çox məşğul idilər! Və bu hər kəsə, istənilən vaxt və vəziyyətə aiddir!" - Fərqli və daha çox müşahidə edən baxışlardan gələn rəylər isə bu yöndədir.

3. "Yer üzündəki son kolxoz? Heç "kolxoz" haqqında eşitmisiniz? Bəli, Sovet İttifaqı dövründən qalmış kolxozdur. Azərbaycanda birinə baş çəkə bilərsiniz! Bəli, hələ də kollektiv cəmiyyətin bütün qaydalarını işlədir və tətbiq edir. Bu, bütün insanların eyni maaş üçün işlədikləri mənasını verir. Burada şəxsi əmlak yoxdur, istehsal etdiklərini bölüşürlər və s. Bu fakt yalnız super maraqlı deyil, həm də yerin özü də, sahəsi də çox gözəldir. İvanovka səyahət etməyi mütləq əldən verməməli olduğunuz bir yerdir"

4. "Qarpız torpağı. Azərbaycan qarpızlar ölkəsidir, buna söz yoxdur. Ancaq orada necə qarpız yeyilməli olduğu ilə bağlı çox xüsusi bir şey var. Həmişə ağ pendir və çörəklə! Bəli, həqiqətən ağ pendir və çörək yazmaq istəyirdim. Əgər məndən Azərbaycanın nə ilə məşhur olduğunu və ya Azərbaycanın nə ilə tanındığını soruşsanız, düşünürəm ki, qarpızı pendirlə yediyi üçün deyərdim :) Əlbəttə, Azərbaycan, onun mədəniyyəti və irsi haqqında bir çox həqiqət var ki, azərbaycanlılar fəxr etməlidirlər. Bu ancaq mənim qəribə və maraqlı seçimimdir" - Azərbaycanlılar üçün yay aylarının ən seviləni, süfrələrdən əksik olmayan pendir, qarpız, çörək! İsti günlərimizin xilaskarı, həm də dadı ilə çox sevdiyimiz, günorta elə yemək yerinə, axşam isə yeməyin yanında mütləq yediyimiz! Hələ bunun üzüm, pendir, çörək və ya yemiş, pendir, xama, çörək versiyaları da var. Görəsən ondan xəbərləri var?


www.theculturetrip.com saytında tanış olduğum məqalədə isə bunlar deyilirdi:

1. "Misilsiz qonaqpərvərlik. Azərbaycana gəlin və dünyanın ən yaxşı qonaqpərvərliyini hiss edin. Yerli insanlar kömək etmək üçün çox səy göstərirlər və qonaqlara çox dəyər verirlər. Bir yerdə qonaq qalın və ev sahibinin sizi sonsuz stəkan (və ya armudu) çay, qəlyanaltılar və başqa istənilən hər şeylə qonaq etdiyini görəcəksiniz. Bir ünvanı soruşsanız və onlar sizə demək əvəzinə göstərə bilərlər. Bəzi ingilis dilində danışan gənclər, öz ölkələri haqqında söhbət etməkdən məmnundurlar. Yaxşı qonaqpərvərlik bəxş etmək Azərbaycan mədəniyyətində dərin məna daşıyır" - Dünya ölkələri arasında dillərə dastandır qonaqpərvərliyimiz!

2. "Qadının gücü. Təxminən iki əsr Rusiya hökmranlığının müsbət mirası kişilərin qadınlara hörmət etməsidir. Kişilər avtobusda onlara oturacaqlarını verir, ödəniş etməkdə israr edir və onlar keçərkən onlar üçün qapıları açıq saxlayırlar. 1918-ci ildə Azərbaycan qadınlara səs vermək hüququ verən ilk ölkələrdən biri oldu - İslam dünyasında isə tamamilə ilk idi. Qadınlar da dövlət orqanlarında yüksək vəzifələr tutur və hərbi xidmətdə olurlar".

3. "Tolerans. Azərbaycan qonşusu İranla eyni şəkildə Şiə İslamını izləyir. Burada qeyri-adi heç nə yoxdur. Ancaq sünni olan Türkiyəni öz qardaşları hesab edirlər. Ölkənin İsrail ilə yaxşı əlaqələri var, bu da islam dünyasında eşidilməyən bir şeydir. Bu hələ hamısı deyil. Əsrlər boyu Rusiyadan gələn təsirdən sonra bir çox azərbaycanlı rusiyapərəst olmağa meyllidir. Eyni insanlar da Qərbyönlüdür. Bir sözlə, Azərbaycan mədəniyyəti hər şeyin ən yaxşısını özündə birləşdirən qarışıqlıq kimi görünür".


www.daniellaattinella.com - Daniella Attinella - hazırda Azərbaycanda yaşayan, özü isə Amerika Birləşmiş Ştatlarının Minnesota ştatından olan və freelance dizayner olaraq işləyən bir qadındır. Azərbaycanda yaşamağa başladıqdan sonra burada qazandığı təcrübələr və müşahidələr ilə Azərbaycan haqqında çox maraqlı faktlardan ibarət və həmçinin öyrədici xarakter daşıyan bir məqalə yazmışdır. O məqalə ilə biz də sadəcə səyahət edənlərin yox, həmçinin illərlə burada yaşamış biri olaraq onun da fikirlərini öyrənə bildik.

1. "Paytaxt Bakı dünyanın ən aşağı yatağında, dəniz səviyyəsindən 28 metr altındadır" - Bəli, həqiqətən də belədir. Bakı coğrafi mövqe olaraq dünyada ən aşağı səviyyədə yerləşən milli paytaxtdır və eyni zamanda dəniz səviyyəsindən aşağıda yerləşən dünyanın ən böyük şəhəridir.

2. "Bakı memarlıq baxımından heyrətamiz binalarla inanılmaz dərəcədə müasirləşməsi ilə tanınır ("Qafqazın Dubayı" adlanır), lakin Dubaydan fərqli olaraq, Bakı dərin köklü bir tarixə malikdir və dünyanın ən qədim yerlərindən biridir. VII əsrə qədər (YUNESKO-nun Ümumdünya İrsinə daxildir) şəhərin mərkəzində inşa edilmiş divarlı Köhnə Şəhəri (və ya "İçəri Şəhər") qoruyub saxlamağa böyük qayğı göstərirlər".

3. "1918-ci ildə qadınlara bərabər səsvermə hüquqlarını verən lider ölkələrdən biri idi. ABŞ-dan 2 il əvvəl və Şərqdə isə ilk ölkə".

4. "Azərbaycanda bir çox insan rus dilini bilir və getdikcə daha çox (xüsusən gənc nəsillər) ingilis dilini daha yaxşı bilir. Ən azı 4 dildə danışa bilən biriylə görüşmək nadir deyildir (Azərbaycan, Türk, Rus, İngilis). Bir çoxları film və ya YouTube kanallarını, məsələn, rus və ya türk dilində izləyəcəklər".

5. "Azərbaycan mədəniyyətində ailə üzvlərinizə qayğı yüksək qiymətləndirilir. Məsələn, gənc yetkinlər üçün məktəbdən və ya universitetdən sonra ailə həyatı qurana qədər ailələri ilə yaşamaları hörmətlə qarşılanır və təşviq olunur. Valideynlərinizlə eyni şəhərdə, ancaq öz mənzilinizdə yaşayırsınızsa, bu, "qəribə" olaraq görünə bilər".

6. "Dünyadakı yeganə miniatür kitablar muzeyi - Bakı Miniatür Kitablar Muzeyi burada yerləşir" - Ümid edirəm, İçərişəhərdə yerləşən bu muzeyə hamınız baş çəkmisiniz. Əgər hələ də görməmisinizsə, zaman itirmədən gedin. 2x2 mm ölçüləri ilə heyrətə salan kiçik kitablar da burada yerləşir.


Bir çox mənbələrdən də gördüyümüz üzrə, ölkəmiz istənilən insanda çox xoş təəssüratlar yaradır, maraqlı xatirələrlə yadda qalır. İstər bayramları, istər ənənələri, istərsə də mətbəxi ilə özünə cəlb edir, həmin insanların gələcəkdə üzündə təbəssümlə xatırlaya biləcəyi gözəl anlara səbəb olur. Yazarkən fəxr etdiyim qədər oxuyarkən də fəxr etdiyinizə əminəm. Ancaq araşdırmalarımı edərkən demək olar ki bütün mənbələrdə, bütün yazılarda tez-tez yazılan bir ifadəni qeyd etmək istərdim: "Özü kiçik, tarixi böyük ölkə!" Bu, bizə çox şey deməlidir. Sadəcə Azərbaycanda yaşayan Azərbaycanılar olaraq deyil, bütün dünya Azərbaycanlıları olaraq dünyanın ən qədim yaşayış məskənlərindən biri olan, zəngin tarixə və mədəniyyətə sahib bu ölkəni qorumalı və dəyərini bilməliyik!

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

PASXA ADASI

VENESİYA KARNAVALI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.