Daxil olQeydiyyat

BLACK FRIDAY YOXSA CYBER MONDAY? FƏRQLƏRİ NƏLƏRDİR?

NOYABR 25, 2019 4 dəq. oxu
BLACK FRIDAY YOXSA CYBER MONDAY? FƏRQLƏRİ NƏLƏRDİR?

Black Friday və ya Qara Cümə adlandırılan alış-veriş çılğınlığı bu il noyabr ayının 29-na təsadüf edəcək. İlk dəfə ABŞ-da keçirilən və daha sonra Kanada və Britaniyaya yayılan bu satış ənənəsi hazırda dünyanın bir çox yerində təşkil edilir. Qara Cümə ənənəsinin formalaşması və günümüzdə alış-veriş trendinə çevrilməsi uzun bir zaman almışdır. Daha doğrusu, bu ifadə tarixdə bir sıra hadisələrlə yanaşı çəkilmişdir.


Şükran günü və Qara cümə

Black Friday noyabrın son həftəsi Şükran günündən sonrakı cümə gününə təsadüf edir. Əvvəlcə Şükran gününün tarixinə nəzər salaq. Corc Vaşinqton məhsul bayramı kimi qeyd edilən günün “Şükran günü” kimi elan edilməsi haqqında qərar verir. Linkolnun verdiyi rəsmi qərarla isə Şükran günü noyabr ayının son cümə axşamı günündə qeyd edilməyə başlanılır. Sonralar Şükran gününün Yeni il bayramı ərəfəsində qeyd edilməsi bu iki tarix arasında insanların alış-veriş etməsində artışlara səbəb olmağa başladı. 1932-ci ildən etibarən isə bu tarix Yeni il bayramı üçün alış-veriş sezonunu rəsmi açılış tarixi kimi qəbul edildi. Amma hələ trend halına sonralar çevriləcəkdi. Qara Cümə ifadəsi isə ilk dəfə 1961-ci ildə  istifadə olunmağa başlandı. Bu tarixdə satışlarda yüksək rəqəmlər qeydə alındı. Günə “qara” adını isə Filadelfiya polisi verdi. Çünki, həmin gün nəqliyyatda və şəhərin bir çox yerində sıxlığın müşahidə olunması polisin işinə maneələr törətmişdi. Qəzetlərdə başlıqlarında “Qara Cümə” ifadəsi olan çox sayda xəbərlər dərc olunmuşdu. Endirimlərdən yararlanmağa çalışan kütlə bir çox bölgədə şiddət və xəsarətlərin ortaya çıxmasına səbəb olmuşdu. Hadisə zamanı əldə olunan yüksək gəlir şirkətləri hərəkətə keçirdi. Düzdür, trend kimi formalaşmasına bir neçə on il lazım oldu. Amma 90-cı illərin ortalarından etibarən kütləvi endirim kompaniyaları başladı, bir çox markalar həqiqi endirimlər edərək insanların bu ənənəyə qoşulmasına şərait yaratdılar.


Endirimlər və şiddət hadisələri

“Black Friday” günü bəzi markalar 90%-ə qədər həqiqi endirimlər edə bilirlər. Bu tarixdə mağazalar səhər saatlarında açılır. Adətən, Qara Cümə vaxtı 06:00-da açılan mağazalar 2000-ci ildən başlayaraq 04:00-da açılır. 2011-ci ildə bəzi mağazalar hətta 24 saatlıq iş rejimi ilə işləyəcəklərini elan etdilər. Endirimlər, geyim və texnoloji əşyalar satan mağazalarda daha çox müşahidə olunur. Onlayn mağazalar da artıq bir müddətdir ki, bu trendə qoşulublar. Endirimlərdən, əlbəttə, hər kəs yararlanmaq istəyir və bu çox vaxt şiddət hadisələri ilə yadda qalır. Statistikalar 2011-ci ildən bu yana “Black Friday” zamanı şiddət hadisələrinin daha da artdığını göstərir. Buna işarə edən bəzi mətbuat orqanları “Black-eye Friday” ifadəsini işlətməkdən belə çəkinmirlər.


“Black Friday” zamanı ən çox şiddət hadisələri Alabamo, Arkansas, Qərbi Virciniya, Şimali Karolinada qeydə alınıb. Ən “qara” Cümə isə 2008-ci ildə bir nəfərin ölümü ilə nəticələnən “Black Friday” hesab olunur. Bu vaxt, gözü dönmüş qəzəbli kütlənin ayaqları altında bir nəfər qalıb vəfat etmişdi. İnsanları çılğına çevirən hadisədə müştərilər bir-birilərinə göz yaşardıcı qaz püskürtmədən belə çəkinmirlər. 2000-ci illərdən etibarən daha da kütləviləşən və “bu endirimi əldən verə bilmərəm” deyə düşünən insanlar markaların sehrli oyununa aludə olublar. Satışda artışları görən bəzi kompaniyalar 2013-cü ildə hətta Şükran gününün axşamından etibarən satışlara başlamışdılar.


“Black Friday”  yoxsa  “Cyber Monday”?

Dilimizə “Kiber Bazarertəsi” kimi tərcümə edilən bu gün 2005-ci ildə ortaya çıxıb. Shop.org tərfindən “Black Friday”-ə alternativ olaraq yaradılıb. Məqsəd yalnız internet üzərindən istifadə oluna biləcək endrim kompaniyaları başlatmaq idi. Bu internet üzərindən edilən satışların artırılması üçün də olduqca mühüm bir addım idi. Bəs niyə məhz bazarertəsi seçildi? “Cyber Monday” “Qara Cümə”dən sonrakı ilk bazaertəsinə təsadüf edir. Bu il 2 dekabr tarixində baş tutacaq. Məhz bazarertəsinin seçilməsi isə heç də təsadüfi deyil. Araşdırmalara görə, internet üzərindən edilən alışlar ən çox bazarertəsi edilir.

Artıq, Amazon kimi onlayn satış xidməti verən şirkətlər də, “Black Friday” trendinə qoşularaq böyük endrimlər edirlər. Yəni, artıq heç bir mağazanın qapısında səhər saatlarında gedib dayanmağa ehtiyac yoxdur. Bu bir tərəfdən dünyanı “Qara Cümə” ənənəsinə qoşulmağa xidmət edir. Digər tərəfdən isə, internet üzərinə keçid edərək “Cyber Monday” ilə rəqabətə aparmağa səbəb olur. Nəticədə isə veb alış-verişin kütləviləşməsinə gətirib çıxarır. Ən böyük məqsəd isə istehlakçıları bu yarışa qoşub böyük gəlir əldə etməkdir. Bunu statistikalar və ildən ilə artan gəlirlər göstərir. Rəqəmlər olduqca böyükdür. 2009 və 2018-ci illəri  müqayisə etdikdə gözə çarpan fərq ortaya çıxır. Belə ki, 2009-cu ildə 887 milyon ABŞ dolları olan satış gəlirləri 2018-ci ildə 7,9 milyard ABŞ dollarına qədər yüksəlmişdi.


Ən çox endrim edənlər

“Walmart” marketlər şəbəkəsi ən çox endrim edənlərdəndir. Bu mağazalarda o qədər yüksək endrimlər olur ki, insanlar məhsulları əldə edə bilmək üçün bir-birlərini əzib keçirlər. Son 10 ildə Qara Cümədə yaşanan şiddət hallarının 51%-dən çoxu “Walmart” mağazalarında yaşanıb. 2012-ci ildə özünü itirən kütlə mağazanın Floridada yerləşən şöbəsinə böyük ziyan vermişdilər. Kaliforniyadakı “Walmart” mağazasında isə yaşanan böyük sıxlıq səbəbi ilə polis müdaxilə etmiş və mağazanı dövrəyə almışdı. Siyahıda “Target”, “Best Buy”, “Macy” kimi iri şəbəkələr də var. Bu mağazalarda da sıxlıq və daha çox satış müşahidə edilir. İllik satışın 20%-i məhz bugünlərdə həyata keçirilir. Belə mağazalarda bəzən alıcılarla yanaşı məhsullar da zərər görə bilir. Amma bu hal mağaza rəhbərlərini narahat etmir. Çünki, satışda yüksək rəqəmlərin əldə olunması istehsalçıların da əhvalının yüksəlməsinə səbəb olur.


“Deal” nədir?

Bir müddət öncə ortaya çıxan “Black Friday” ənənəsidir. Qısaca olaraq belə şərh vermək olar. “Qara Cümə” zamanı müştəri istədiyi hər hansı bir texnoloji məhsulu əldə edə bilmir. Əvəzində isə aldığı başqa bir məhsul var. Black Friday sonrası internet üzərindən almaq istədiyi həmin texnoliji məhsulu əldə etmiş şəxslərlə əlaqə yaradır və aldığı məhsulla dəyişmək istədiyi haqqında ona təklif göndərir. Lap qısa desək “deal” barter etmək mənasına gəlir. Başqa ənənə isə “Black Friday” zamanı alınmış məhsulların daha sonra alıcılar tərəfindən internet üzərindən yüksək qiymətdə satılmasıdır. Təəssüf ki, belə hallar artmaqdadır.


Sonda bir faktı daha nəzərə çatdırmaq istəyirəm. Mühasibatlıqda yüksək gəlirləri qeyd etmək üçün əvvəllər qara rənglə göstərirdilər. Gəlirlərdə azalma olduqda isə qırmızı rəngdən istifadə olunurdu. Bir çoxları “Black Friday” ifadəsindəki qara kəlməsini bununla əlaqəli olduğunu iddia edirlər. Nə qədər dəqiq olması mübahisəlidir. Amma satışlardan əldə edilən yüksək gəlirlər bu fakta müəyyən qədər doğruluq payı qatır. Gündən-günə trendə marağın artmasının kökündə başqa səbələr də yatır. Markaların rəqabət siyasəti, insanlarda alış-veriş psixologiyasının ehtiyacdan daha çox başqa müstəviyə keçməsi, kütlə psixologiyası və s. amilləri göstərmək olar. Nəticədə isə, hər iki tərəfin qazandığı görünür. İstər aşağı qiymətlə daha çox məhsul satan markalar, istərsə də daha ucuza alış-veriş edən müştərilər vəziyyətdən olduqca məmnun görünür. Necə deyərlər, alan razı, satan razı.

 

Bu bloqlarıda oxuya bilərsiniz:

SƏYAHƏT VƏ ŞOPİNQ

DUBAYIN 10 ƏN MƏŞHUR TİCARƏT MƏRKƏZLƏRİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.