Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Vüsalə Sənəm MikayılVüsalə Sənəm Mikayıl 24 YANVAR 2020 1060 views 4 dəq. oxu

Bungee jumping üçün nəfəskəsən yerlər

1060 views 4 dəq. oxu
uploads/blog/breathtaking-places-for-bungee-jumping.jpg

Adrenalin və ekstrim sevən macərapərəstlərin seçimi olan "bungee jumping" bugün bütün dünyada məşhurdur. Elastik kanatlar vasitəsilə yüksəklikdən atlayaraq həyata keçirilir.  Artan maraq bu ekstremal növü turizmdə ən böyük gəlir mənbəyinə çevirib. "Bungee jumping" ilk dəfə Yeni Zelandiyadan olan A.J. Hackett tərəfindən gəlir məqsədilə turistlərə təqdim edilmişdir. Amma bundan illər öncə, daha dəqiq desək, 1970-ci ildə ortaya çıxan idman növü daha çox elit təbəqənin əyləncəsi kimi tanınırdı. A.J. Hackett Oksford Universiteti Təhlükəli İdman Növləri bölməsinin ideası olan “bungee”-nin xüsusiyyətlərini öyrənərək əvvəlcə özü tətbiq etməyə başladı. Əvvəllər onun bu fikri hər kəs tərəfindən birmənalı qarşılanmırdı. Hətta, Yeni Zelandiya polisi tərəfindən yerli telekanallarda atlayışın təhlükəli olması ilə bağlı məlumatlar paylaşılırdı. Amma, bütün bu anti-reklamlar Hackettin ideyasını insanlar üçün daha da maraqlı etməyə başladı. A.J. Hackett son olaraq Eyfel qülləsindən etdiyi atlayışla ictimaiyyətin diqqətini öz üzərinə çəkməyi bacardı. Nəticədə, Quenstonda daimi "bungee jumping" nöqtəsi aça bildi. Bu gün dünyanın bir çox yerində – Çin, Rusiya, ABŞ, Fransa və başqa ölkələrdə A.J. Hackettə məxsus onlarla "bungee" nöqtələri var.

 

Kavarai körpüsü – Yeni Zelandiya
Körpü 47 metr yüksəklikdə yerləşir və dünyada "bungee jumping" üçün istifadəyə verilən yer kimi məşhurdur. Hackett tərəfindən açılışı edilən ekstremal zona hər il 500 minə yaxın turist tərəfindən ziyarət edilir. Buranın ilk atlayış nöqtəsi olması turistlərin marağını ən çox çəkən səbəblər arasındadır.

 

Makao – Çin
Makao Qülləsində yerləşən və 233 metr uzunluğunda olan "bungee jumping" atlama yeri dünyada ən yüksək nöqtələrdən ikincisidir. Birincinin ictimaiyyətə bağlanması səbəbi ilə hazırda fəaliyyət göstərən ən yüksək nöqtədir. Burada 5 saniyəlik nəfəs kəsən atlayışla adrenalin dolu anlar yaşanır. Macəra həvəskarlarının atlama zamanı qülləyə çırpılmaması üçün xüsusi avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar ipin irəli geri yellənməsini tənzimləyir. Atlayışdan sonra 228 metr sonra yerə 96 metr məsafə qalanda atlayış tamamlanır. Daha yavaş atlayış etmək istəyənlər də nəzərə alınıb. Fərqli memarlıq nümunəsinə sahib Makao qülləsindən "bungee" atlayışı etmək başqa bir səyahət keyfidir. Ona görə də, Çinə gələn turistlər adətən buranı mütləq ziyarət edirlər. Atlamayanlar belə Pearl çayına açılan möhtəşəm mənzərə üçün bura gəlirlər.

 

“Royal Gorge” körpüsü – ABŞ
321 metr hündürlükdə yerləşən körpü dünyanın ən yüksək "bungee jumping" nöqtəsi kimi tanınır. 5 saniyə atlama vaxtı çəkir. Arkansas çayı üzərində yerləşir və olduqca yüksək olması atlayış üçün cəsarət tələb edir. Hazırda atlama üçün ictimaiyyətə açıq olmasa da turistlər tərəfindən ən çox ziyarət edilən bölgələrdəndir. Ümumiyyətlə, ABŞ düyada ən çox "bungee jumping" nöqtələrinə sahib ölkələr siyahısındadır.

 

Livinqston körpüsü- Zambiya
Atlayış üçün ideal məkanlar arasında Zambiyada yerləşən Livinqston körpüsünündə adını qeyd etmək lazımdır. Viktoriya şəlaləsinin gözəl mənzərəsinə həm də adrenalin dolu anlar qatmaq səyahəti unudulmaz edəcəkdir. Zambiya çayı üzərindəki körpü 1904-cü ildə inşa edilsə də, hələ də istismardadır. 111 metr yüksəklikdə olan körpünün digər adı Viktoriya körpüsüdür və Zambiya və Zimbavbe sərhəddində yerləşir. Nəfəs kəsən atlayışlar üçün bura turistlər hər il axın edir. Körpünün yerləşdiyi və möhtəşəm mənzərəyə sahib ərazi, eləcədə əsrarəngiz yaşıllıqlar təbiətsevərlər üçün də uyğundur. Atlayış 3 saniyə çəkir.

 

“Golden Eye” – İsveçrə
220 metr yüksəklikdən atlamaq istəyən adrenalin sevənlərin ən çox seçdiyi məkanlardandır. Buranı məşhurlaşdıran birinci səbəbi isə yəqin ki, film sevərlər daha yaxşı bilir. Rejissor Martin Campbell 1996-cı ildə “Agent 007” seriyasından olan “Golden Eye” filminin bəzi kadrlarını burada lentə alıb. Pirs Bosnanın baş rolda çəkildiyi filmin ilk səhnəsində James Bond məhz buradan atlayır. Bundan sonra bölgə çoxsaylı turist tərəfindən ziyarət olunmağa başlanılıb. Bura Verzaska vadisində yerləşir. Həm də “Contra Dam” kimi tanınır. Bungee jumping üçün uyğun şəraiti ilə həm də adrenalin sevənlərin ziyarət nöqtəsinə çevrilib. Olduqca füsunkar təbiəti ilə də məşhur olan “Verzasca”-dan atlamaq günün müxtəlif saatlarında mümkündür. Gecə və səhər günəş doğarkən atlamaq istəyənlərin əlləri ciblərində olsun, çünki bu vaxt edilən atlayışlar günün digər vaxtlarına nisbətən bahadır.

 

Navajo körpüsü – ABŞ
Böyük Kanyon Milli parkında piyadalar üçün olan Navajo körpüsü "bungee jumping" sevərlərin ən çox ziyarət etdiyi bölgədir. Şimali Arizonada Kolorado çayı üzərindəki körpü 142 metr yüksəklikdədir və 4 saniyəlik atlayış vaxtı var.

 

Bloukrans körpüsü – Cənubi Afrika Respublikası
Bloukrans körpüsü elə Bloukrans çayı üzərində yerləşir. Körpü 216 metr yüksəklikdədir. Afrikadakı ən yaxşı atlama nöqtəsi hesab edilən körpü dünya üzrə dördüncü yüksək "bungee jumping" bölgəsidir. "Bungee jumping" üçün nə qədər uyğundursa, ecazkar mənzərəsi ilə də təbiətsevərlər üçün bir o qədər idealdır. Bura atlayışlar üçün ən güvənli "bungee" atlama nöqtəsi hesab edilir. 1990-cı ildən bu yana turistlər üçün atlayış xidməti verilməsinə baxmayarq hələ ki, ciddi bir qəza halı qeydə alınmayıb. Bu günə qədər körpüdə 30000-ə yaxın turist tərəfindən atlayış test edilib. Körpünün yuxarı hissəsindən çəkilmiş xüsusi hissədən atlayışlar həyata keçirilir. Qiymətlər o qədər baha deyil. Sadəcə 5 dollar ödəməklə 5 saniyəlik "bungee" keyfi yaşamaq mümkündür. Əlavə 1 dollar ödəməklə körpünün tarixi barədə də məlumat almaq olar. Gəlin Bloukrans haqqında məlumatı mən sizə verim və 1 dollarınız cibinizdə qalsın. Körpü 1980-1984-cü illərdə inşa edilib. Körpü 451 metr uzunluğundadır. Əgər istəsəniz sizə sonda cəsarətə görə “For Bravery” diplomu və atlayış videosunu da təqdim edəcəklər. Ancaq buranın ecazkar təbiətini seyr etmək məqsədilə gələn turistlər üçün də körpü açıqdır.

 

Vulkan bungee – Pakon, Çili
"Bungee" atlayışı etmək özü böyük cəsarət tələb edir. Çili turizm şirkətlərindən biri isə cəsarət sərhədlərini dağıtmaq üçün qeyri-adi "bungee jumping" təklif edir. “Volcan bungee” adlandırılan bu növ zamanı helikopterdən aktiv vulkan üzərinə atlayış edilir. Bu dəlilik kimi səslənsə də, artıq bunu test etmək istəyən yüzlərlə adrenalin sevərlər var. Hər halda, siz yenə də ilk bungee təcrübənizi burda etməyin. Vollariko aktiv vulkanından 700 metr məsafədə dayanaraq odlu lavalara tamaşa etmək mümkündür. Nağıldakı kimi “yandım” deyib ipi üç dəfə çəkməzdən öncə sizi təhlükədən uzaqlaşdıracaqlarına əmin ola bilərsiniz.

 

“Europabrücke” körpüsü – Avstriya
Adı Avropa körpüsü kimi tərcümə edilir. 200 metr yüksəklikdə yerləşən körpü Avropanın ən yüksək körpülərindən biridir. Körpü həm piyada, həm də avtomobil yolu kimi istifadə edilir. Burada fonda avtomobillərin səsi gözlərinizin qarşısında Alp dağlarına tərsdən baxmaq şansını "bungee" atlayışla əldə edə bilərsiniz. Atlayış 5 saniyə müddətində davam edir.

 

Korint kanalı – Yunanıstan
Hər il Zulu Bungy festivalına ev sahibliyi edən Korint yeni başlayan “bungee”-çilər üçün əvəzolunmazdır. Burada 80 metr yüksəklikdə kanal üzərində qurulmuş xüsusi körpü sayəsində atlayışlar etmək olur. Festivala qatılan idmançılar və "bungee jumping" sevənlərin atlayışları turistlər tərəfindən maraqla qarşılanır. Bura atlayışda yeni təcrübə əldə etmək istəyənlər üçün əlverişlidir.

Sadaladığım “bungee jumping”-ə aid maraqlı faktlardan da göründüyü kimi, bu ekstrim növü yüksək səviyyədə həyəcan və adrenalin axtaranlar üçündür. Təhlükəsizlik qaydalarına düzgün riayət olunduqda hər şey qaydasında gedəcəkdir. Bu günə qədər qəza halları ilə bağlı ciddi bir statistika yoxdur. Amma ürək-damar xəstələri və aşırı həyacanlanmanın qadağan oldunduğu şəxslər “bungee”-dən uzaq dursalar daha yaxşıdır. Dünyaya tərsdən baxmaq istəyənlər isə “Siz öndən buyurun!”

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

EYFORİYA, ADRENALİN VƏ EKSTREMAL TURİZM

Paylaş

Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Klassik və avtobioqrafik kitablar oxumaq, səyahət etmək, özünü daima inkişaf etdirmək yolunda musiqi onun ilhamlandırır. Rob Qonzalves və Salvador Dalinin rəsm əsərləri ilə maraqlanır. Yazar, araşdırmaçı-jurnalist, bloqer kimi fəaliyyəti yolunda addımları dəyərləndirir.

Bütün bloqlar