Daxil olQeydiyyat

BUNYOLU QIRMIZIYA ÇEVİRƏN SAAT

AVQUST 8, 2019 2 dəq. oxu
BUNYOLU QIRMIZIYA ÇEVİRƏN SAAT

Hər il, avqust ayında, Valensiya şəhərindən 38 km aralıda, Bunyol qəsəbəsində 20.000 insan su eynəyi geyinir. Məqsəd dənizdə, çayda üzmək deyil. Məqsəd 150 ton pomidorun yaratdığı qırmızı dalğaları ram etməkdir.

Sakit həyata öyrəşmiş Bunyol qəsəbəsinin sakinləri ildə bir dəfə, bütün qapılarını, pəncərələrini bağlayır. Ticarət mərkəzlərinin divarlarını xüsusi örtüklə müdafiə etməyə çalışır. Qəsəbəyə iri yük maşınları daxil olur. Yük maşınlarıyla birgə minlərlə turist dar küçələrin içində sıxışıb qalır. Hərarət, həyəcan və siqnal səsindən sonra başlayan inanılmaz 1 saat sözlərlə izah edilə bilməz. Hərkəs bilir ki, bütün qəsəbə qırmızı rəngə boyanacaq. Hərkəs doğmalaşır. Birbirini tanımayan insanlar qardaş-bacı rahatlığıyla, əzilmiş pomidoru üzlərə yapışdırır. Canlı ketçup olmanın təcrübəsini yaşamaq nəsib olur.

Bəzi insanlar əzilmənin şokundan ayıla bilmir. Bəziləri qəsəbə mərkəzində olan uzun dirəyə tərəf şığıyır. Hərkəs dirəyin ucundan asılmış ət parçasını götürmək üçün sürüşkən dirəyə dırmaşmaq cəhdini edir. Gülüş səsləri, qızarmış üzlər, ilboyu yığılmış stressin atılması, bütün ilə bəs edəcək adrenalinin yığılması üçün Bunyola gəlmiş 20.000 nəfərə 60 dəqiqə vaxt verilir. İkinci siqnal səsiylə hərkəs əlində olan pomidorları yerə atır. Atəşkəs elan edilir. Sıradan çıxan paltarlarını, əzilmiş bədənlərini və rənglənmiş saçlarını yumaq üçün festival iştirakçıları su olan yerləri axtarır. Qapı, pəncərələrini bağlamış Bunyol sakinləri ikinci siqnalı eşidən kimi qonaqpərvər hallarına qayıdaraq su şlanqlarıyla gələn turistləri qarşılayır. Bütün qəsəbə pomidorun izlərini silməyə başlayır. Qırmızı döyüşdən sonra musiqi gecəsi təşkil edilir. Bütün baş verənlərə LaTomatina adını veriblər.

LaTomatina İkinci Dünya müharibəsindən etibarən keçirilən festivaldır. Dəqiq yaranma səbəbi bəlli deyil. Bir çox ehtimallar sadalanır. Əsas olan məqam isə bu nəhəng pomidor döyüşünə olan nəhəng sevgidir.

50-ci illərdə bu festivala bir neçə dəfə qadağa qoyulsa da yerlilərin etirazı nəticəsində qadağa götürülüb. Bir dəfə qadağa qoyulan ildə Bunyol əhalisi yas elan edərək tabut içinə pomidor doldurub və qəsəbənin içində bu simvolik tabutla yürüş təşkil edib. Bütün İspaniya bu məsələni müzakirə edib. Nəticədə dövlət rəsmiləri bu şənliyi bərpa edib.

  

LaTomatina festivalında iştirak etmək üçün nə etməliyəm?

İlk növbədə yaxşı-yaxşı düşünmək lazımdır. Bu hadisə ürəyi və fiziki hazırlığı zəif olanlar üçün deyil. Hadisə müddətində başınıza minbir iş gələ bilər. Əgər xasiyyətinizi izah edərkən “çılğın” sözünü dəfələrlə istifadə edirsinizsə o zaman Valensiyaya səyahəti planlaşdıra bilərsiniz.

LaTomatina hər il, Avqustun 25-29-u arası keçirilir. Döyüşün özünə səhər saat 11-də start verilir. Bu qırmızı döyüşdə iştirak etmiş veteranların verdiyi bəzi məsləhətlər budur:

  • Bir daha geyinməyəcəyiniz paltarları geyinin. Bu döyüşdən sonra çətin ki, köynək, ayaqqabı və digər geyim vahidlərini bir daha geyinəsiniz. Qadınlar idman geyimlərinə üstünlük versin. İştirakçıların əlləri dinc dayanmaya bilər.
  • Oğurluq halları baş verir. Pasport və pul qabını üstünüzdə gəzdirməyin.
  • Döyüşdən əvvəl çoxlu su için. Avqustun istisi sizi yaman quruda bilər.
  • Köynəyinizi cırmaq istəyənlər olacaq. İçkili vəziyyətdə olan iştirakçılar qaydaları pozmağa və köynəkləri cırmağa meyillidir.

 

Festival olan məkana Valensiyadan avtobus (75 dəqiqə), maşın (40 dəqiqə) və qatarla getmək mümkündür. Festivalda iştirak haqqı 12-20 avro arasında dəyişir. (Sifariş edilmə tezliyindən asılı olaraq.) İşini daha rahat təşkil etmək istəyənlər üçün otel və turu təşkil edən xüsusi xidmətlər mövcuddur. Adətən İspanların yerli turist agentlikləri 3 gecəlik paketi təklif edir. (Adambaşı 200 EUR olmaq şərtiylə)

Dünyanın müxtəlif yerlərindən LaTomatinaya getmiş insanlar sonda bu cümləni deyir:

“Həyatınızda mütləq etməli olduğunuz işlər siyahısına bu qırmızı döyüşü əlavə edin!”

Mənə isə “Bunyola çıxmazdan əvvəl su eynəyini götürməyi unutmayın” demək qalır.

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.