Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Gülər AğayevaGülər Ağayeva 04 FEVRAL 2020 956 views 3 dəq. oxu

Kampinq? Lüks yataq? Bəlkə qlampinq?

956 views 3 dəq. oxu
uploads/blog/Camping-luxury-bed-or-glamping (2).jpg

Səyahəti “Büdcə səyahəti” yoxsa “Lüks səyahət” deyə bölməyin tərəfdarı deyiləm. Səyahətdə hər tipli təcrübəni yaşamaq lazımdır. Mənə daima verilən “ən çox hansı səyahətə üstünlük verirsiniz?” sualına da dəqiq verəcəyim bir cavabım belə yoxdur. Yeri gələr dünyanın ən məşhur hotelinin ən məşhur hovuzunda üzərsən, yeri gələr də şəhərin təhlükəli zonasında yerləşən moteldə gecəni keçirərsən. Yeri gələr də uçduğun ən bərbad lou-kosterində dünyanın ən birinci hava yolunda uçmağın həzzini yada salıb hüzünlənərsən. Səyahəti bizə sevdirən də bu gözləmədiyimiz hissləri yaşamağımız deyilmidir bəyəm?!

Gah çamadanı itirərsən, 1 ay səyahətin boyunca əl çantanda qalan 3-4 paltarla gəzərsən (çünki yeni paltar alsan səyahət büdcəsindən çıxacaq), gah da “kaş ki o çamadanı indiki “təcrübəli qız” itirərdi və başqa cür reaksiya verərdim” deyə ağlasığmaz bir fikirlə üzündə gülüş yaranar. Məişət həyatında bəlkə də 60 yaşınadək ağlına belə gələ bilməyəcək hadisələr başına gələr… Ya da 60 yaşında insanların belə yaşamadığı hissləri yaşamısan… Hər tipli təcrübəni yaşamısan demək olar ki…. Hələ nə təcrübələr vardır ki, başına gəlməsi üçün səni gözləyən …

Yenə başımda bu fikirlər Filippin səyahəti üçün mehmanxanalar axtararkən “ahaa bax yeni bir təcrübə daha!” dedirdəcək bir yer tapdım. Sizə elə bir yerdə gecələməyi təklif edirlər ki “büdcəli” desən deyil, “lüks” desən o da deyil. “Kampinq” desən deyil, “mehmanxana” desən o da deyil. Bəs nədir? QLAMPİNQ (eng: GLAMPING)

Qlampinq – ingilis dilində "glamorous" və "camping" sözlərinin birləşməsindən yaranıb. Yəni kampinqin qlamur versiyası. Kampinq edirsiniz, ancaq çadırınızın içində özünüzü rahat hiss etməyiniz üçün ləvazimatlar qoyulur. Çadırda qalırsınız, eyni zamanda o rahat yataqda yatırsınız. Hələ bir düşünün ki bu qlamplar (eng: glamps) tam da Sakit Okeanın gömgöy sahili kənarında qurulub. İndi isə keçək yaşadığım ən gözəl qlampinq və hostel təcrübəsinə.

Heç bir şübhəsiz “Mad Monkey” olduğum ən gözəl hosteldir. Hostellər şəbəkəsinin (madmonkeyhostels.com) bir çox Asiya ölkələrində filialları var: Tailand, Filippin, İndoneziya, Kamboca, Laos, Vyetnam. Bir filialı da Avstraliyada (Sidney) var. Özünəməxsus dəyərləri, aktivitiləri, partiləri ilə fərqliliklər yaratmağa nail olub. Min sözdənsə bir təcrübə yaxşıdır deyib El Nido (Palavan, Filippin) adasında yerləşən Nakpan Çimərliyindəki (eng: Nacpan Beach) “Mad Monkey” hostelində bir qlamp rezerv etdik.

Hostelə daxil olan kimi qeydiyyatdakı qızlar “Hostelimizə yeni Dəli Meymunlar gəlib (We have new Mad Monkeys at the hostel)” oxuyaraq musiqi sədaları altında səni qarşılayırlar.  Qeydiyyatdan sonra aparırlar səni qlamp tərəfə. Hostelin adi otaqları da var, ancaq biz sırf bu təcrübəni yaşamaq istədiyimiz üçün qlamp rezerv etmişdik. Qlampımızda iki nəfərlik yataq, ventilyator, şarj etmək üçün yerlər var idi. Bir çadırlara baxırsan, bir yataqlara baxırsan, bir çimərliyə baxırsan, bir suyun rənginə baxırsan. Səyahət sənə yenə nə təcrübələr yaşadırdı…

Filippində Palavan adasının ən gözəl çimərliyi olan Nakpan Çimərliyinin düz yanında yerləşən “Mad Monkey” hosteli ola biləcəyiniz ən gözəl hostellərdən birincisidir. Mənim diqqətimi cəlb edən hostelin qonaqlar daha çox söhbət etsinlər, bir-biri ilə əylənsinlər deyə bütün addımları atmasıdır. Birincisi wifi yoxdur, daha doğrusu var, #nowifimakefriends olan şifrəni yığırsan, wifi qoşulur, ancaq qoşulmasa ondan yaxşıdır. Hostelin okean mənzərəli terrasında internetin olmadığı üçün məcbur olursan ətrafındakı insanlarla tanış olub söhbətləşməyə. Həmin terrasda təşkil olunan əyləncə gecələrinin ən sevilən mahnısı sözsüz hər saat başı oxunan “Dəli Meymunlar, barda pulsuz içkilər var! (Hey Mad Monkeys, we have free shots at the bar!)” mahnısı idi. Əyləncələr yalnız hostel qonaqları üçün deyil, qıraqdan hər kəs qoşula bilər. Bu əyləncənin səhəri isə faydalı işlərlə məşğul olmaq, tökülən zibili təmizləmək üçün çağırışları isə təqdirəlayiqdir: “Çimərliyi təmizlə, partidə pulsuz içki əldə et”. Fillipinə 7 günlük səyahətimizdən məhz orada keçirtdiyim internetsiz 3 günüm barədə (tanış olduğum insanlar, onların həyatları, gəzdikləri ölkələr, yaşadığımız əyləncələr) saatlarla danışa bilərəm.

Məsləhətdir ki, səyahətinizi planlamamışdan öncə mütləq hostelin veb səhifəsini yoxlayasınız. Hər şəhərdə yerləşən hostel sizə fərqli turlar, əyləncələr təklif edir. Turlarınızı səyahət öncəsi rezerv etməyi unutmayın ki, Dəli Meymunların Dəli əyləncələrinin bir parçası olasınız.

Hətta dostlarınızı da bu Dəli əyləncənin bir parçası etmək istəyirsinizsə, Dəli Meymunların hostellərindən birini mütləq seçin. Hostelin 10 və daha çox nəfərlik qrup səyahəti üçün inanılmaz təklifləri var. Sizin üçün şəxsi partilər, turlar təşkil edə, hətta qrup sayından asılı olaraq məkanı bağlaya bilərlər. Möhtəşəm deyilmi? Dostlarınız, sevdiyiniz şəhər və istədiyiniz qədər DƏLİLİK.

“Mad Monkey” hosteli Avropanın bir neçə ölkəsindəki “backpacker” dostları ilə də əməkdaşlıq da edir. Siz veb səhifənin “Deals&Offers” bölməsində “MADPARTNER” hosteli və onun yerləşdiyi şəhərlər siyahısını tapa və hətta kuponlar əldə edib 10-20% -lik endirimlərdən belə yararlana bilərsiniz. 

Dəli Meymunlar ancaq Dəlilərlə birgə səyahət edər!

Mütləq yolunuzu “Mad Monkeys” hostellərindən birindən salın. “Dəli Meymunlar” arasına qoşulun və icazə verin səyahət özünün hər macərası ilə sizi dəyişdirsin.

İnstagram: gular.aghayeva

 

AXTARIŞA DAVAM EDİN  – BU BLOQLARI OXUYA BİLƏRSİNİZ:

TƏCRÜBƏLƏRİ BİRLƏŞDİRƏN DƏYƏR

Paylaş

Səyahətçidir.

2020-ci il etibarı ilə 6 qitədə 42 ölkəni kəşf edib. Dünyanın “Yeni 7 möcüzə siyahısı”ndan Meksikada yerləşən “Çiçen İtsa” piramidalarını, Peruda yerləşən Maçu Pikçunu görüb; Cənubi Afrikada yerləşən dünyanın ən hündür “bungee” körpüsü “Bloukrans” körpüsündən (216 metr) tullanıb; Hər qitənin ən yüksək zirvələrini özündə birləşdirən “7 Summits” qrupundan Avstraliyada yerləşən Kostyuşka (2228 m) zirvəsinə qalxıb; Ən gözəl təbii möcüzələrdən biri sayılan İquazu şəlaləsində (Argentina tərəfdən) islanıb; Ən hündür göl sayılan Titikaka gölündə (Peru və Boliviya sahilləri, 3810 m) “Uros Üzən Ada”nın sakinləri ilə tanış olub; Ən böyük duz gölü sayılan, Boliviyada yerləşən “Uyuni” gölündə isə əsrarəngiz gün batımını izləyib;

Hal-hazırda macəra dolu səyahətlər planlamağa davam edir.

Bütün bloqlar