Daxil olQeydiyyat

LA CASA DE PAPEL SERİALININ ÇƏKİLDİYİ ÖLKƏ VƏ MƏKANLAR

OKTYABR 1, 2019 2 dəq. oxu
LA CASA DE PAPEL SERİALININ ÇƏKİLDİYİ ÖLKƏ VƏ MƏKANLAR

Son zamanlar insanların böyük marağına səbəb olan La Casa de Papel serialını demək olar ki bilməyən yoxdur. İspaniya istehsalı olan bu serial ilk əvvəl yerli telekanalda yayımlansa da, Netflixin bu serialı satın almağı ilə bərabər bütün dünyada tanınmağa başladı.

Serial bir qrup şəxsin İspaniya Krallıq zərbxanasını qarət etməsindən bəhs edir. La Casa de Papel ispan dilində tərcümədə “kağız evi” deməkdir. Adından da göründüyü kimi soyğunçu dəstəsi soyğun üçün məkan olaraq kağız evini (zərbxana, banknot fabrikini) seçirlər. Əslində bunun bir soyğun olduğu da sual altındadır. Dəstə üzvləri həqiqətən də oğru sayılırlarmı?! Oğru sayılırlarsa, kimdən oğurlayırlar?! Axı öz pullarını özləri kəsirlər, dövlətin büdcəsindən oğurlamırlar. Bu kimi sosial mesajlarla serial izləyicinin marağını cəlb edə bilib. Həmçinin, serialda dəstə üzvlərinin geyindikləri qırmızı kostyumlar və taxdıqları Salvador Dali maskaları da sosial mesajlar verir. Qırmızı kostyumlar kommunistliyə etiraz olaraq, Dali maskaları isə Salvador Dalinin cəmiyyətə qarşı üsyankar xarakterini nəzərə alınaraq istifadə olunub. 

Serialin ilk 2 sezonundakı hadisələr İspaniya Krallıq zərbxanasında baş verir. Üçüncü sezonda isə hadisələr İspaniya Mərkəzi Bankında cərəyan edir. Həmçinin yeni sezonda ölkə sərhədlərini aşaraq İtaliya, Panama və Taylandda çəkilişlər baş tutur. Amma əsas çəkilişlər İspaniyanin paytaxtı olan Madrid şəhərində aparılır.

Belə ki, ilk sezonda bəhsi keçən bina - Fabrica Nacional de Moneda y Timbre (İspaniya Krallıq Zərbxanası və Banknot fabriki binası) əslində serialda görünən bina ilə eyni deyil. Bura çəkilişlər üçün uyğun olmadığına görə çəkilişlər ispan dilində CSİC adlanan İspan Milli Tədqiqat Şurasının binasinda həyata keçirilir. Təəssüf ki, bu bina xalqa açıq deyil və sadəcə binanın həyətinə giriş etməyə icazə verilir. Amma əsl zərbxana binası (Real Casa de Moneda) içərisində numizmatika müzeyi fəaliyyət göstərir və həmin binaya girişə icazə var. Çəkilişlərin aparıldığı CSİC binası Serrano (Calle Serrano) küçəsində yerləşdiyi üçün serialın bəzi çöl səhnələri də elə bu küçədə çəkilib. Bundan əlavə serialda soyğunçuların soyğundan öncə aylarla qalıb plan qurduqları məkan isə Madriddən 29 km uzaqlıqda yerləşən Torrelodones bölgəsində yerləşir.

Yeni sezonda hadisələr birincidən fərqli olaraq İspaniya ilə yanaşı İtaliyanın Florensiya şəhərində, Panamanın Guna Yala sahillərində və Taylandda çəkilib. Yenə də əsas hadisələr Madriddə cərəyan edir və bu dəfə məkan olaraq Banco de Espana (İspaniya Mərkəzi Bankı) seçilib. Banco de Espana - İspaniyanin mərkəzi bankıdır və Madriddə Alcala küçəsində (Calle Alcala) yerləşir. Təbii ki, ölkənin əsas bankında çəkiliş etmək alınmayacağına görə, çəkiliş üçün yeni bir bank binası tapmaq lazım olur və bu məqsədlə yeni sezon çəkilişləri İqtisadi İnkişaf Nazirliyinin binası olan Nuevos Ministeriosda aparılır. Üçüncü sezonun unudulmayan səhnələrindən olan göydən insanlara pul tökülməsi səhnəsi isə Madridin mərkəzində yerləşən Callao meydanında ( Plaza del Callao) çəkilib. Serialı izlərkən o an orda olmadığıma təəssüflənmədim desəm yalan olar. Digər çöl çəkilişləri isə Madrid yaxınlığında yerləşən Tres Cantos bölgəsində çəkilmişdir.

Onu da qeyd edim ki, artıq serialın 4-cü sezon çəkilişləri avqust ayında bitib. Ümüd edək ki, izləyiləri çox intizarda saxlamadan tezliklə yeni sezonu yayımlayacaqlar.

La Casa de Papel istər verdiyi sosial mesajlarla, istər qəhrəmanların geyimləri ilə (xüsusi ilə də Dali maskaları ), istər çəkildiyi məkanlarla, istərsə də musiqiləri ilə artıq izləyənlərin sevimli serialına çevrilib. La Casa de Papel sadəcə serialın yaradıcılarına, yatırımcılarına pul qazandırmadı, eyni zamanda ölkə turizminə də öz təsirini göstərdi. Artıq İspaniya deyəndə həm də La Casa de Papel yada düşür. Bunun nəticəsi olaraq hər il ölkəyə, xüsusi ilə də Madridə serialın çəkildiyi məkanları görmək üçün yüz minlərlə turist gəlir. Siz də əgər bir La Casa de Papel fanatısınızsa, Madridə yolunuz düşərsə çəkiliş məkanlarına baş çəkməyi unutmayın. 

 

 

Bu bloqları da oxuya bilərsiniz:

JOKER FİLMİ İLƏ BAĞLI BİLİNMƏYƏN NÜANSLAR

HARRY POTTER FİLMİNİN ÇƏKİLDİYİ YERLƏR

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.