Daxil olQeydiyyat

Metrodan bezənlərin bəyənəcəyi fərqli nəqliyyat vasitələri

YANVAR 15, 2020 2 dəq. oxu
Metrodan bezənlərin bəyənəcəyi fərqli nəqliyyat vasitələri

İnsanlar həmişə həyatlarını asanlaşdırmağa  çalışır. Ah, bu hamını cana gətirən metrolar. Günümüzdə ən geniş yayılmış nəqliyyat vasitəsi olsa da, çox adam metronu bəyənmir. Niyə? Maraqsızdır, cansıxıcıdır deyə. Qaranlıq tunellər, sıxlıq, hava azlığı, mənzərəsizlik metronu gözdən salır. Səyahət edəcəyiniz yerdə də metrodan sıxılmaq istəmirsinizsə, bizimlə qalın. Sizinlə dünyanın müxtəlif ölkələrində gizlənən qeyri-adi nəqliyyat vasitələrini bölüşürük.

 

Conka – yelkənli gəmi. Həyatınızda bircə dəfə də olsa mavi dalğaların qoynuna atılıb, dənizin ətrini ciyərlərinizə çəkib, yaxtayla ətrafın bütün gözəlliklərini müşahidə etmisinizsə, bu hisləri yenidən yaşamaq istəyərsiz. Belə bir fürsət isə Çinin Honkonq şəhərində əlinizə düşəcək. Şəhər təzadlarla doludur və müasir, qeyri-adi binaların fonunda qədim conka gəmilərini də görmək olur. Conkalardan əvvəllər yük daşımaq üçün istifadə olunsa da, hal-hazırda ona güclü mühərriklər qoşub sürətini artırırlar. Conkadan Honkonqun füsunkar mənzərəsini seyr edəcəksiniz. Əlavə ödəniş edərək şənlik keçirib dostlarınızla əyləncəli anlar yaşaya, kokteylərdən həzz ala bilərsiniz.

 

Sürücüsüz taksi. Yox, gələcəkdəki nəqliyyatdan danışmırıq. Elə bu gün Londonda sürücüsüz taksilərə rast gələ bilərsiz. 2010-cu ildə işə başlayan taksilər formasına görə kiçik kosmik gəmiyə bənzəyir, qorxmayın sizi yad planetlilər qaçırmaz. Rahat, komfortla təchiz olunmuş maşın dörd nəfər üçün nəzərdə tutulub. Belə maşınlar kompyuter tərəfindən idarə olunur və müəyyən trayektoriya üzərində hərəkət edir.

 

Bangkokdakı kanal taksisi. Taksilərdən söz açmışkən Bangkokun qeyri-adi nəqliyyat vasitəsindən danışmaya bilməzdik. Şəhərdə nə vaxtsa olmuş turistlərin ən çox sevdiyi məqamlardan biri də buranın taksisidir. Xoş təsir, sakitlik, hüzur gətirəcək bir taksini niyə də sevməyək? Burada taksilər 4 təkərli maşınlar deyil, mavi dənizdə üzən gəmilərdir. Orijinal uzun quyruqlu taksilər turistlərə gözəl mənzərləri sevdirəcək. Gəmilərin əsas limanı BTS Skytrain Saphan Taksin stansiyasının qarşı tərəfində yerləşir, burdan siz şəhərin o biri tərəfinə rahatlıqla çata bilərsiniz.

 

Vyetnamda siklo. Velosipedə bənzər bu nəqliyyat vasitəsi qədim zamanlardan qalıb.  Müasirləşən Vyetnam ənənələrinə sadiq qaldığı üçün küçələrdə hələ də bu “canlı taksi” ilə lazımı ünvana çata bilərsiniz. Rikşanın bir növü olan siklodan Vyetnamda həm maşınların daimi səs salan mühərrikindən və boğucu benzin iyindən, həm də tıxaclardan can qurtarmaq üçün istifadə edirlər. Turistlər üçün isə bu qədim dövrlərə səyahət etmək kimi görsənir.

 

Taxta liftlər. Ən azından ömründə bir dəfə hamımız liftdə qalıb qışqırıb-bağırmışıq, havasız bir yerdə olduğumuzdan qorxmuşuq. Valparaisoda isə qorxularımızla başa-baş qalıb olduğumuz yerdən həzz almağı öyrənəcəyik. Şəhərin bütün gözəlliklərinə quşlar kimi yüksəklikdən baxmaq istəyiriksə, bu riskə getməliyik. Buna yol isə bircə liftlərdən keçir. Valparaisonun məşhur liftləri əvvəllər yerli sakinlər üçün nəzərdə tutulsa da, sonradan turistlərin heyrətinə səbəb oldu. Bu gün də turistlər liftlə yüksəkliyə qalxaraq insanları qarışqa, evləri böcək kimi görüb eyforiya yaşayırlar. Bir də səyahət zamanı liftlərlə tanış olmağı unutmayın! Axı onların da adı var. Kəpənək, Müqəddəs yol, Şəhzadə Viktoriya adlı liftlərimiz sizin qulluğunuzda daim hazırdır. Yetər ki, səyahət edin.

 

Kanat yolu. Nyu-Yorkda “uçan” bu yol Ruzvelt və Manhetten adalarını birləşdirir. 2010-cu ildə təmirdən sonra yeni və daha peşəkar şəkildə istifadəyə verildi. Kanat yolu ilə səyahət paraşütdən tullanmaya qismən bənzəsə də, daha az cəsarət tələb edir. “Avtobus” bir neçə dəqiqə ərzində lazım olan yerə çatır və bu müddət ərzində siz yuxarıdan şəhərə tamaşa edə bilərsiniz. Yuxarı sürətlə hərəkət edən kanat yolu nəqliyyatının gün ərzində 115 reysi olur və bu zaman o, 110 nəfərdən çox adam daşıyır.

Sizə təqdim etdiyimiz “fantastik” nəqliyyat siyahısını hələ davam etmək olardı. İnsan ideyaları sərhəd tanımır. Daim yeniliklər, innovasiyalar həyatımıza rəng qatır. Təbii olaraq nəqliyyatımıza da bu təsir az deyil. Artıq dünyanın bir çox ölkələrində sıxıcı deyil, müasir göz oxşayan nəqliyyatdan istifadə olunur. Amma bunların içərisində ən gözəl nəqliyyat vasitəsi el arasında “11 nömrəli avtobus” adı qazanan ayaqlarımızdır. Piyada gəzin və bilmək olmaz, hansı döngənin tinində necə möcüzə tapacaqsınız!

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.