Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Vüsalə Sənəm MikayılVüsalə Sənəm Mikayıl 16 YANVAR 2020 654 views 2 dəq. oxu

Körpülər birləşdirir yoxsa ayırır?

654 views 2 dəq. oxu
uploads/blog/Do-bridges-connect-or-separate (2).jpg

Sevgi körpülər tikməkdir,divarlar hörmək deyil.Bir zamanlar dövlətləri ayırmaq üçün tikilən divarlar sökülsə də,körpülərin birləşdirmə funksiyası onları bu təhlükədən qoruyur. Hətta bəzən böyük bir xalqın azadlıq səsinə də çevrilə bilir, Xudafərin kimi.

 

Bəli, bu dəfəki mövzumuz körpülərdir və mən dünyanın ən uzun, ən qısa körpülərindən yazmaq istəyirəm. Bugün dünyanın ən uzun körpüsü Çindədir. Danyanq-Kunşan Qrand adlı körpünün uzunluğu 164,8 km-dir. Bu körpü Pekin-Şanxay ekspress dəmiryolu xəttinin bir hissəsidir. Körpünün ikinci hissəsi Lanqfanq-Qinqxian 114 km uzunluğundadır və dünyanın ikinci uzun körpüsüdür.

 

Dünyanın ən uzun dəniz üzərindəki körpüsü də Çindədir. 3 körpü və 1 tuneldən ibarət körpünün ən uzun hissəsi 55 km-ə çatır. Hong Kong-Makau-Zhuhai körpüsünün inşası 8 il davam etmişdir. 2018-ci ildə körpünün açılışını Çin prezidenti Çi Şipinq şəxsən özü etmişdir. Əlbəttə, burada siyasi məqamları da göz ardı etmək olmaz. Hong Kong xüsusi idarəetmə sahəsi olduğu üçün körpünün inşası ilə Çin buraya olan “sevgisini” göstərmək istəyir və buranı simvolik olaraq Çinə bağlayır. Hong Kong-Macao-Zhuhai körpüsü vasitəsilə 3 saatlıq yol 30 dəqiqəyə endirilmişdir.Körpüdən istifadə etmək üçün öncədən qeydiyyatdan keçmək və 21 dollar ödəmək lazımdır. Körpünün 7 km-lik hissəsi su altından keçir. Körpünün inşasında 10 milyard dollar vəsait xərclənmiş, 400 min ton poladdan istifadə edilmişdir. Tikintisi üçün dəniz üzərində süni ada yaradılmışdır.

 

Dünyanın ən uzun şüşə körpüsü “Honqyaqu”nun Çində olması da sizi təəccübləndirməsin. Pekin yaxınlığındakı Hebei əyalətinin Şijiazhuang şəhərində inşa edilən körpü iki uçurumu birləşdirir. Honqyaqu körpüsünün uzunluğu 488 metrdir. 218 m yüksəklikdə inşa edilən körpü hər kəsə həyəcanlı anlar yaşadır. 2017-ci ilin dekabrında açılan körpünün layihəsi özəl turizm şirkətinə aiddir. Körpünün eni 4 metrdir. Tikintisində 4 sm qalınlığında 1077 şüşə paneldən istifadə olunub. Şüşələrin zədələnməməsi üçün ziyarətçilərə özəl ayaqqabılar (ing.shoe glove) verilir. Körpü 2000 nəfərə qədər ziyarətçini eyni anda saxlaya bilər. Amma təhlükəsizlik baxımından bu rəqəmin 500-ü keçməməsinə diqqət yetirilir. Ehtiyyat tədbirləri üçün xüsusi xilasetmə briqadaları da hər an köməyə hazır vəziyyətə gətirilib.

 

Ümumiyyətlə, Çində şüşə körpülər çoxdur.Turistlərə əsrarəngiz mənzərələr bəxş edən belə körpülər yüksəkliyi ilə də hər kəsə adrenalinli, əsəb gərən anlar yaşadır. Xüsusi tədbirlərin, nikah mərasimlərinin, moda nümayişlərinin keçirilməsi üçün belə körpülər özəliklə seçilir. Avatar filminin yaradıcılarının da ilham aldığı Zanqjiajie dağlarında inşa edilən şüşə körpü uzunluğu ilə də olmasa, ecazkar mənzərəsi ilə turistləri cəlb edir.

 

Dünyanın ən uzun magistral asma körpüsü Yaponiyadadır. Akaşi-Kaikyo körpüsü Akaşi boğazı ilə Kobe şəhəri və Hyoqo prefekturasındakı Avaji adasını birləşdirir. Ümumi uzunluğu 3911 m olduğu deyilən körpü 10 ilə inşa edilib və 1998-ci ildə təhvil verilib. Dünyanın ən uzun piyadalar üçün asma körpüsü isə İsveçrədə yerləşir. 494 metr uzunluğundakı Europabrüke (Avropa körpüsü) 85 metr yüksəklikdə Qrabenqufer keçidində yerləşir. Körpü Zermatt əyalətinin Sviss şəhəri yaxınlığındadır.

 

Dünyanın ən qısa körpüsünün harada olduğuna nəzər saldıqda,əslində,bu körpünü məşhurlaşdıran amilin qısalığı ilə əlaqədar olmadığını görürük. Belə ki, körpünü məşhurlaşdıran onun beynəlxalq statusudur.Əvvəllər bu status Laurens çayında Kanadaya və Amerikaya məxsus əraziləri birləşdirən körpüyə aid idi. Nyu-york şəhəri ilə Ontario şəhərləri arasında yerləşən Zavikon adasındakı uzunluğu 8 metr olan körpü sərhəd bölgəsindədir. Kanada və ABŞ arasında hazırlanan sərhəd müqaviləsi zamanı Min Adalar arxipelağının digər adalarından fərqli olaraq, yalnız Zavikon adasında körpü salınmışdır. Səbəbi isə, adanın Kanadaya aid hissəsində evi olan şəxsin həyətinin Amerikaya aid hissədə olmasıdır.

 

İndi isə bu status başqa bir körpüdədir.Avropa Birliyinin araşdırmaları nəticəsində İspaniya ilə Portuqaliya sərhəddində 3,2 m uzunluğundakı körpü dünyanın ən qısa körpüsü adlandırılmışdır. 2008-ci ildə inşa edilən ən qısa körpü Portuqaliyanın Alentejo bölgəsində olan Varzea Qrande kəndini, İspaniyanın Ekstramudradakı El Marko kəndi ilə birləşdirir.

Paylaş

Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Klassik və avtobioqrafik kitablar oxumaq, səyahət etmək, özünü daima inkişaf etdirmək yolunda musiqi onun ilhamlandırır. Rob Qonzalves və Salvador Dalinin rəsm əsərləri ilə maraqlanır. Yazar, araşdırmaçı-jurnalist, bloqer kimi fəaliyyəti yolunda addımları dəyərləndirir.

Bütün bloqlar