Daxil olQeydiyyat

Pasxa adası

FEVRAL 7, 2020 4 dəq. oxu
Pasxa adası

Pasxa adası Sakit okeanının cənub – şərqində Polineziyadan cənubda yerləşir. Bu ada dünyada “Rapa Nui” xalqının yaratdığı “Moai” adı verilən, 1000 ədədə yaxın monumental heykəli ilə məşhurdur. 1995-ci ildə UNESCO adaya “Dünya Mirası Ərazisi” adı Verdi və “Rapa Nui Milli Parkı”nı qoruma altına aldı.


Etimologiyası
Pasxa adasına Polineziyada yaşayan insanların eramızın 1200-cü ilində gəldikləri güman edilir. Adada yaşayış mövcud olduqdan sonra kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı. Adanın mövcudluğu Avropaya 1722-ci ildə çatdı. Həmin ərəfələrdə adanın 2000 – 3000 sakini vardı. 1888-ci ildə Pasxa adası Çiliyə tabe edildi. 1966-cı ildə isə ada sakinlərinə Çili vətəndaşlığı verilməyə başladı. 2017-ci ildə Çilinin əhali statistikasına görə Pasxa adasında 7750 sakin yaşayır. Pasxa adası dünyadakı ən uzaq yerləşmə yerlərindən biridir. Adaya ən yaxın yaşayış olan yer 2075 km uzaqlıqda olan Pitcairn adasıdır. Adadan Çiliyə qədər olan məsafə 3512 km-dir. Adaya Avropadan ilk dəfə gələn ziyarətçi Holland tədqiqatçı və səyyah olan Jacob Roggeveen buraya “Davis Land”ı araşdırmaq məqsədilə səfər etmişdir. Fransız etnologiya mütəxəssis Alphonse Pinart 1877-ci ildə çap olunan “Pasxa adasına səyahət” kitabında adaya “Dünyanın göbəyi” adını vermişdir.


Coğrafiyası
Ada üçbucaq şəkilli olub 163,6 km2 əraziyə malikdir. Dəniz səviyyəsindən təqribi 507 metr yüksəkdir. Adanın daimi axar sular və şirin su mənbəyi yoxdur. Pasxa adası bitki örtüyü ilə örtülmüş sönmüş vulkanik dağlardan ibarətdir. Burada sönmüş vəziyyətdə 3 vulkan var. “Terevaka” vulkanı adanın mərkəzində, “Poike” vulkanı şərqdə, “Rano Kau” vulkanı isə adanın cənubunda yerləşir. “Rano Rakau” və “Puna Pau” kraterləri və dağlarda vulkanik proseslər nəticəsində əmələ gələn bir neçə vulkanik mağaralar əsas turistik nöqtələrdəndir.


İqlimi
Adada həm nəmli subtropik iqlim, həm də yağışlı tropik iqlimi hökm sürür. Ən az istilik iyul və avqust aylarında (ən az 150 C), ən yüksək istilik isə Fevral ayında (ən çox 280 C) olur. Adaya il boyu yağış yağır. Ən yağışlı ay maydır. Bəzən güclü yağışlar və yağış fırtınası adada hökm sürür. Bu cür təbiət hadisələri əsasən qışda baş verir.


Ekologiyası
Alimlər tərəfindən güman edilir ki, Polineziyadan gələn ilk insanlar özləri ilə bilməyərəkdən də olsa, siçan da gətirdilər. Siçanların adaya gəlməsi nəticəsində Rapa Nui xurmasının bitdiyi ərazilərin bir hissəsinin yox olmasına səbəb oldu. Bəzi alimlər isə xurma ilə yanaşı Pasxa meşələrinin də bir hissəsinin məhv olmasını qeyd edirlər. Araşdırmalar zamanı bəzi bitki növlərində (bütün bitkilərin 10%-ə yaxınında) siçan dişlərinin izlərinə rast gəlinib. Xurmalar təkcə siçanlar vasitəsilə yox insanlar tərəfindən də məhv edilib. Təqribən 350 il bundan əvvəl insanların yaşayış məskənləri salmaq üçün münbit torpaqlarda xurmaların təmizlənməsi Pasxa adasında bu bitki növünün tükənməsinə gətirib çıxardı. Təkcə xurma ağacları deyil, digər önəmli və bu əraziyə məxsus bitki növləri də insan fəaliyyəti nəticəsində məhv edilmişdir. “Toromiro” ağacı (Sophoro toromiro) vaxtilə Pasxa adasında mövcud olmuş, ancaq indi nəsli tükənmişdir. Hal-hazırda günümüzdə “Kral Botanika Bağçaları”, “Kew Botanik Bağçası” və “Göteborq Botanik Bağçası” “Toromiro” ağacını yenidən Pasxa adasına gətirmək və inkişaf elətdirmək üçün ortaq elmi proqram üstündə çalışır. “Toromiro” ağaclarının yarpaqlarının sıxlığı nəticəsində adaya lazım olduğu qədər – az yağış düşürdü. Ağacların məhv edilməsi nəticəsində ada torpaqları bol miqdarda yağış suları qəbul etməyə başladı. Bunun da nəticəsində adada çəmənliklər əmələ gəlməyə, müxtəlif növ bitki növləri yetişməyə başladı. Çəmənliklərin yaranması nəticəsində isə ada qoyun otlaqları kimi istifadə edilməyə başlanıldı. Ada torpaqlarından otlaq kimi istifadə edilməsi nəticəsində adada müxtəlif növ çöl bitkiləri kök saldı və yavaş-yavaş, demək olar ki, bütün ada torpaqlarını örtməyə başladı. And dağlarında “Totora” adı verilən çöl bitkisi Pasxa adasında da kök saldı. Bu bitkidən Pasxa adasındakı tarixi abidələrin tikintisində möhkəmləndirici kimi istifadə edilmiş, həmin abidələrin sement örtüyünə qatılmışdır. Lakin bəzi araşdırmalara görə “Totora” bitkisi 30.000 ildən çoxdur ki, adada yetişdirilmişdir. İnsanların adaya gəlişindən əvvəl Pasxa adasında bəlkə də dünyanın ən nadir tapılan və gözəlliyinə görə seçilən 30-dan çox dəniz quşu növlərinin ana vətəni hesab edilirdi. Bu quşlar artıq adada yaşamır. Araşdırmalar nəticəsində ortaya çıxmışdır ki, altı qara rəngli quş növünün – iki növ papuqay, iki növ bayquş və iki növ balıqqıç – nəsli tamamilə tükənmişdir. Alimlərin araşdırmaları nəticəsində bu qənaətə gəlinmişdir ki, bu quşlardan başqa digər 5 quş növü vardır ki, onlar adanın özündə deyil, ada ətrafı ərazilərdə mövcuddur, adaya daimi olmasa da uçub gəlirlər və adanın özündə onların yenidən yetişdirilməsi və nəslinin artırılması mümkündür. Pasxa adasının sahilləri və ada ətrafı ərazilərin kambur, cənub mavisi və mavi cücə balinları üçün nəsil artırma məkanları olduğu ortaya çıxmışdır. Ada sahillərinin mövcud relyefi və okean suları bu proses üçün tam uyğundur. Üzgəc balinları üçün potensial nəsil artırma ərazilərinin Pasxa adasının şimal – şərqində olduğu sübut edilmişdir.


Mədəniyyət
Rapa Nui xalqı “Daş dövrü” mədəniyyətinə sahib idi və daşlardan geniş miqyasda istifadə olunurdu. Burada bazalt, obsidian və s. digər növ adi və vulkanik daşlardan müxtəlif məqsədlərlə istifadə olunurdu. Dünyaca məşhur, hər səyahət məqaləsində adı çəkilən, hər turistik kitabda təsvir edilən “Moai” adlandırılan Pasxa daş heykəlləri Pater Sebastian Englert tərəfindən araşdırılmışdır. Cəmi 887 daş heykəldən 638-də bir-birinə oxşarlıq, bənzərlik təsbit edilmişdir. Englertin araşdırmalarına görə bu heykəllərin sayı əvvəlcə 1000-dən çox idi. Zaman keçdikcə erroziyaya məruz qalmış və ya başqa səbəblərdən sayı aşağı düşmüşdür. “Moai” heykəlləri çoxlu sayda tədqiqatçı tərəfindən dəfələrlə araşdırılsa da, bu heykəllərin nə üçün inşa edildiyi hələ də məlum olmamışdır. Tam olaraq nə vaxt tikildiyi də bilinməyən heykəllərin 1000-1600-cü illər arasında inşa edildiyi təxmin edilir. Təxminlərə görə bu adam başını təsvir edən heykəllər yerli əhalinin ruhlarla əlaqə vasitələridir. Bu heykəllərin içərisində ən iri “Moai” heykəli “Paro” adlanır. “Paro” 10 metr uzunluqda, 82 ton ağırlığındadır. “Moai”lərin hamısının hündürlüyü təxminən eynidir və 11 metrə bərabərdir. Ağırlıqları da təxmini 55 tondur. Bu heykəllər adanın şərqindəki Rano Raraku vulkanik dağının qatılaşdırılmış vulkanik kül, tuf daşlarından və qayalardan yonulmuşdur. Heykəllər “Ahu” adı verilən platformalar üzərində yerləşdirilmişlər. Hər hansı bir “Moai” heykəlini hərəkət etdirmək üçün 180 – 250 arasında insan qüvvəsinə ehtiyac var. Heykəllərin 50-si müasir dövrümüzdə yenidən inşa edilmişdir. İlk dəfə 1956-cı ildə Anakena plyajında “Ature Huke” Ahusunda olan heykəl yenidən təmir edilərək inşa edildi. Ehtimal edilir ki, bu heykəllərin yerləri dəyişdirilmişdir. Lakin necə, hansı yolla dəyişdirildiyi məlum deyildir. Ehtimallara görə iplərlə heykəlləri sürüyüb aparmışlar. Hətta bəzi heykəllər yerə yıxılaraq süründüyü üçün başları qırılmışdır.


Daş platformalar
“Ahu” platformaları düzənliklərdə inşa edilmiş və üstlərində “Moai” heykəlləri tikilmiş geniş platformalardır. “Tongariki” ahusu bu ahuların içərisində ən çox “Moai” heykəlinə sahibdir və üzərində 15 heykəl tikilmişdir. Bu platforma 1960-cı ildə William Mulloy tərəfindən araşdırılmışdır.


“Tapati Rapa Nui” festivalı
“Tapati Rapa Nui” festivalı Pasxa adası mədəniyyətini təmsil edən ildə 2 həftə keçirilən bir festivaldır. Festivalda yarışmalar, yemək bişirmə, taxta oymaq sənəti və s. kimi məşğuliyyətlər təqdim olunur.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

DÜNYANIN ƏN BÖYÜK 8 ADASI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.