Daxil olQeydiyyat

Səyahətçilərin Koronavirus dövründə oxumalı olduğu kitablar

MAY 8, 2020 3 dəq. oxu
Səyahətçilərin Koronavirus dövründə oxumalı olduğu kitablar

Koronavirus qorxusunun dünyanı bürüdüyü bu dövrlərdə  xəstəliyə yoluxma hallarının qarşısının alınması, virusun coğrafiyasının genişlənməsini məhdudlaşdırmaq məqsədi ilə evdə qalmaq əsas şərtlərdən biridir. Bütün gününü evdə keçirmək çox çətin və darıxdırıcıdır,  xüsusən də ilin böyük qismini səyahət edərək keçirən insanlar üçün. Sizlərə yaxşı xəbərim var. Səyahət qadağalarına və özünü təcrid etməyə baxmayaraq, gəzib dolaşan, səyahət eşqiylə yanan insanlarımızın dünyanı araşdırmaları üçün hələ də bir yol var. Səyyahların zaman və məkan anlayışlarını aşan və həyat təcrübələrini oxuculara çatdıran kitablar bunun üçün ən yaxşı vasitədir. Bu çətin günlərdə bizlərə əsl yoldaşlıq edəcək vasitələrdən biri və bəlkə ən yaxşısı olan kitablar. Düşünürəm ki, bu müddət ərzində oxuyacağınız səyahətlə bağlı kitablar sizlərə dərman kimi gələcək. Beləliklə, səyahət planlarınız pozulmasına heyfslənməyi bir kənara qoyub, bu 5 maraqlı səyahət kitabını oxuya bilərsiniz. Düşünürəm ki, COVID-19 pandemiyası bitdikdən sonra növbəti tətil planlarınızı qurmaqda bu kitabların rolu böyük olacaq. 

5. Into The Wild 

Kitab mövzusu Alyaskanın uzun, ucsuz-bucaqsız çöllərinə doğru gedən həqiqi həyat hekayəsinə əsaslanır. Əsərin baş qəhrəmanı Christopher Mccandless cəmiyyət tərəfindən qəbul edilmiş həyat standartlarını bir kənara qoyaraq, təbiətlə iç-içə yaşamaq üçün yola çıxır. Kitabda qəhrəmanın bu səyahət boyu üzləşdiyi təklik, daxili dinclik və təbiətin iç-içə olduğu müddətdə yaşadığı tamamlanma duyğusu təsvir edilib. Əsərin müəllifi Jon Krakauerdir. Yazıçın bu şah əsəri evdə qaldığınız bu günlərdə sizlər üçün yaxşı yoldaş olacaqdır.

4. Down Under

Avstraliya dedikdə yəqin ki bir çoxlarınızın ağlına isti və ən quraq ölkə gəlir. Bəlkə də burdakı təbiət, heyvanlar aləmi də sizlərə təhlükəli və ölümcül gəlir. Sizə əminliklə deyə bilərəm ki, bu kitabı oxuduqdan sonra bütün bu düşüncələriniz aradan qalxacaq və ölkəyə  aşiq olacaqsınız. Down Under məşhur Amerika səyahət yazarı Bill Bryson tərəfindən yazılmış maraqlı bir kitabdır. Yazar bütün təhlükələri görməzdən gəlib Avstraliyaya gedərək ölkə ilə daha yaxından tanış olur. Burada gördüklərini isə kitabda ətraflı şəkildə qeyd edib. Kitabda Avstraliyanın coğrafiyası, iqlimi, insanları, bənzərsiz bitkiləri və heyvanlar aləmi daxil olmaqla bir çox cəhətləri qabarıq şəkildə vurğulanır. Əsər, həmçinin bir neçə tədqiqatçının bu qitə ilə bağlı tədqiqi ilə bağlı misilsiz töhfələri də özündə birləşdirir. Bu kitabı oxuduqdan sonra Avstraliyaya aşiq olub səyahət planlarınıza Avstraliyanı da daxil edəcəyinizdən əmin ola bilərsiniz.

3. Blue Highways

Bu kitaba Amerika ilə bağlı səyahət kitablarının şah əsəri desəm yəqin ki, yanılmaram. Kitab 1982-ci ildə müəllif William Least Heat-Moon tərəfindən yazılıb. Bu kitabı oxuyaraq Amerikadakı kəndlərin müxtəlif, bilmədiyiniz yönlərini görüb, özünüzü həmin kəndlərdə yaşayırmışsınız kimi hiss edə bilərsiniz. Yazar, həyatının dönüş nöqtəsi olaraq adlandırdığı zamanda kiçik bir mikroavtobusa əşyalarını yığıb ölkənin bir çox yerlərini səyahət etməyə başlayır. Bu səyahət müddətində keçdiyi kəndlərdə kəşf etdiyi fərqli insanlar, fərqli yerlər sözün tam mənasında Amerika kəndlərindəki yaşamı bütün şəffaflığı ilə özünə əks etdirir. Kitabının adı Amerikanın kəndlərini birləşdirən, unudulmuş və istifadə olunmamış magistral yollarını ifadə edir. Kitabı oxumaq sözün əsl mənasında Amerika təcrübəsini yaşamağa bərabərdir desəm yəqin ki, yanılmaram.

2. Vagabonding

Bu kitab oxuduqdan sonra asanlıqla həyatınızı dəyişdirə biləcək 10 kitab siyahısına girə biləcək kitabdır. İnanılmaz bir səyahət, xüsusi ilə uzunmüddətli bir səyahət həyatınızı yaxşı mənada dəyişib sizə bir çox təcrübə qazandıra bilər. Bu kitabdan sonda siz yalnız bir dəfə səyahət etməyi yox, həyatınızın qalan hissəsi boyunca dəvamlı səyahət etmək planları quracaqsınız. Kitab sizlərə yalnız səyahət etmək istəyini aşılamayacaq, eyni zamanda necə yaxşı səyahət ediləcəyini də öyrədəcək. Müəllifi Rolf Potts olan kitabın əsas mövzusu cəsarətli olmaq və dünyanı səyahət etməkdir. Kitabın bizlərə ötürdüyü fikir sadədir. Bütün müsbət və mənfi hadisələri həyat təcrübəsi olaraq qəbul edib qorxularınızdan qurtulun. Səyahət edərək yeni bir mədəniyyət, dil öyrənmək və səyahət boyu yeni insanlarla tanış olmaq şübhəsiz ki, sizlərə əvəzolunmaz anlar yaşadacaq. Müəllifin təsviri o qədər möhtəşəmdir ki, kitabı oxuduqda bu anları siz yaşayırmışsınız kimi bir hissə qapılacaqsınız.

1. City of Djinns: A Year in Delhi

İngilis yazıçısı William Dalrymple ölkələrin, şəhərlərin tarix və mədəniyyətini özündə birləşdirən heyrətamiz əsərləri ilə dünyada olduqca məşhurdur. City of Djinns isə bunların ən yaxşısıdır. Kitab Hindistanın paytaxt şəhəri Dehlinin mədəni irsini vurğulayan kitablardan biridir. Müəllif Dalrymple , iyirmi beş yaşında olanda yoldaşı ilə birlikdə Dehlidə yaşamağa gedir və bu möhtəşəm kitab da şəhərdə yaşayaraq gördüklərinin və qazandıqları təcrübələrin nəticəsidir. Kitab başdan sona qədər axıcı və yuxusuz qalmağınıza səbəb olacaq qədər maraqlıdır. Tarixi insanlar və məkanlar, miflər və faktlar, şənliklər və ziyafətlər, həcc ziyarətləri və qədim mətnlərlə başdan sonra qədər Dehlini ola biləcək ən yaxşı formada təsvir edən kitabı oxuyanda zamanın necə keçdiyinin fərqində belə olmayacaqsnız. Kitab gündəlik həyatın təsirli nümunələri ilə doludur. Müəllifin yazıçı kimi bacarıqları o qədər parlaqdır ki, mövzudan mövzuya keçərkən sizə sanki bir yumor dünyasında gəzir və həmin anı siz yaşayırsınız kimi bir hiss bəxş edəcək.

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

DÜNYA TURİZM NƏHƏNGLƏRİNİN KORONAVİRUS DÖVRÜNDƏ VERDİYİ MESAJLAR

DAN BRAUNLA BARSELONADA İKİ GÜN

İLK PASPORTUN TARİXİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.