Daxil olQeydiyyat

DÜNYANIN ƏN QƏDİM 5 RESTORANI

DEKABR 20, 2019 4 dəq. oxu
DÜNYANIN ƏN QƏDİM 5 RESTORANI

Günümüzdə restoranların sayı kifayət qədər çoxdur və hər biri öz qiymətlərinə, yerləşməsinə, dizaynına, yeməklərinin dadına, keyfiyyətinə və daha bir çox bu kimi kriteriyalara əsasən fərqlənir. Nəticədə hər birimizin qarşısında gözümüzü oxşayan, damaq zövqümüzə uyğun və ən əsası da münasib olan bir çox seçimlər olur. Lakin hər birimiz üçün "olmazsa olmaz" dediyimiz məqamlar da vardır ki, bu seçimlər insanların zövqləri qədər rəngarəngdir. Məsələn, vegetarian və ya vegan bir insan üçün başlıca olaraq önəm verdiyi menyuda buna uyğun yeməklərin olmasıdır, bəziləri üçün xüsusi "Şərab menyusu"nun olmasıdır, bəziləri üçün isə həmin restoranın nə qədər qədim olması və bizə öz tarixiylə hansı hekayələr danışmasıdır. Günümüzdə belə restoranlar da kifayət qədər çoxdur. 20, 50 hətta 100 illik restoranda olarkən belə günümüzün dizaynlarından olan fərqini hiss edir, onun hekayələri ilə maraqlanır və hər birini biraz təəccüb, biraz sevinc, biraz da keçmiş günlərə hiss etdiyimiz həsrət ilə dinləyirik. Lakin 500 illik və ya hətta 1000 illik bir restoranda oturub nahar etdiyinizi düşünə bilirsiniz? Dünyanın müxtəlif yerlərindən olan 5 ən qədim restoranının hansı illərdə əsası qoyulduğunu gördükdən sonra tarixə, qədim mədəniyyətə və arxitekturaya, həmçinin maraqlı və sirli hekayələrə marağı olan hər kəsin səyahət edib mütləq şəkildə görmək istəyəcəyi yerlər olacaqdır.

 

5. “La Tour d’Argent” - Paris, Fransa
Əsası 1582-ci ildə qoyulan bu fransız restoranında nahar etmək sizə özünüzü fransız kral ailələrindən biri kimi hiss etdirəcək. Kral Henry III zamanından fəaliyyət göstərən bu restorana kral özü ağsaqqallar ilə birlikdə ovdan sonra gələrək şənliklər keçirmişdir. Bu restoranı vaxtiykən Kral Henry IV-nün də ziyarət etdiyi iddia edilir.

Maraqlı olan faktlardan biri də odur ki, indi hər birimizə adi gələn və gündəlik olaraq istifadə etdiyimiz çəngəl ilk dəfə burada debüt etmişdir.

“Notr-Dam” Kilsəsinə olan qüsursuz mənzərəsinə baxaraq oturarkən siz fransız mətbəxinin görkəmli yeməklərindən dada bilərsiniz. Hətta bu restoran bir çox insanın sevimli animasiya filmi olan və “Pixar”-ın 2007-ci ildə çəkdiyi Ratatouille filminə də ilham vermişdir.

2-ci Dünya Müharibəsindən zərərsiz qurtula bilmiş və 24 saat qorunan şərab zirzəmisi dünyanın ən yaxşıların biri sayılır. 2009-cu ildə 25 milyon avro dəyərində 450000-dən çox şərab şüşəsi kolleksiyasına malik idi.

Əgər siz də həm tarixi, həm də Parisi sevənlərdənsinizsə buraya mütləq baş çəkmək istəyəcəksiniz. Burada nahar və ya şam etmək sizə orta hesabla 500 dollara başa gələcəkdir. Lakin unutmaq olmaz ki, gəlmədən mütləq əlaqə saxlayıb stolunuzu rezerv etməlisiniz.


4. “Honke Owariya” - Kyoto, Yaponiya
Əsası 1465-ci ildə qoyulan bu restoran əslində o zamanlar sadəcə bir şirniyyat evi kimi fəaliyyətə başlamışdı. İndi isə Yaponiyanın ən qədim və ən məşhur restoranı olaraq bilinir. Bu əraziyə xas gözəl bağcası ilə hər nə qədər qədim olsa da bu taxta bina illərə meydan oxuyur. Hələ də öz məşhur şirniyyatlarını təqdim etməyi dayandırmayıb. Bu restoran yüz illərdir rahiblərə, şoqunlara (Şoqun - orta əsrlərdə və yeni dövrdə Yaponiyada imperator ailəsinin himayəçiləri adlanır), imperatorlara xidmət göstərmişdir. Əsasən də onlara verilən yemək soba yeməyi idi. Soba yeməyi - qarabaşaq yarması əriştə yeməyidir və xalq arasında daha populyar bir yeməkdir və 1700-cü illərdə bişirilməyə başlanıldı.

Hətta siz əgər bu restorana getsəniz, orada indi belə İmperator ailəsinin Tokyo səfərindən sonra gəlib nahar etdiyini görə bilərsiniz. Lakin təbii ki, bu adi xalqın buraya baş çəkməsinə əngəl deyil. Burada orta hesabla bir yemək 30 dollar dəyərindədir və stolun öncədən rezervasiya edilməsinə ehtiyac yoxdur.


3. “Zum Franziskaner” - Stokholm, İsveç
Bu restoranın əsası Alman rahiblər tərəfindən 1421-ci ildə Stokholmda qoyulmuşdur. Həm yerli əhali, həm də turistlər tərəfindən sevilən bir əfsanəyə çevrilən bu restoran bir neçə dəfə yenidən qurulduğundan təəssüf ki, 6 əsr əvvəl olduğu kimi qalmamışdır. İndiki bina 1906-cı ildə son dəfə edilmiş yenidənqurmadan sonrakı halıdır. Ancaq yeməklər və içkilər açıldığı gündən demək olar ki, dəyişmədən eyni qalmışdır. Ənənəvi İsveç və Alman mətbəxi təqdim olunan bu restoranda bir yeməyin qiyməti orta hesabla 40 dollar dəyərindədir.


2. “Biànyífāng” – Pekin, Çin
Əsası 1416-cı ildə qoyulan bu restoran dünyadakı ikinci ən qədim restorandır. Artıq yarandığı günlərdəki kimi ördək və toyuq yeməyi istehsal edən kiçik bir emalatxanadan ibarət olmasa da və bu şəkildə fəaliyyət göstərməsə də, hələ də Ming sülaləsi dövründə başlayan ənənəni davam etdirərək Pekindəki ən qədim Peking Ördək restoranı olaraq öz adını saxlayır. Müasir dövrümüzdə həm yerli Pekin əhalisi, həm də buraya ziyarət edən və tarixi yerləri sevən, qədim adət-ənənə ilə tanış olmaq istəyən turistlər üçün mütləq şəkildə baş çəkəcəkləri bir məkana çevrilmişdir.


1. “St. Peter Stiftskeller” - Salzburg, Avstriya
Və nəhayət bütün Avropanın, ən əsası da dünyanın ən qədim restoranı! Əsası 803-cü ildə qoyulmuş bu restoranın tam olaraq 1216 illik tarixi vardır. Restoranın adi ilk dəfə dünyaca məşhur şair Alkuinin əsərindən çəkilmişdir. Ən maraqlısı da odur ki, o hələ də öz orijinal quruluşunda qalmışdır. Əgər maraqlanıb bu restoranın tarix ərzində hansı hadisələrə şahid olduğuna baxsaq qarşımıza inanılmaz nəticələr çıxar. Neçə müharibə, prezident, hökumət, sülh gördüyünü düşündükcə insan o binanın necə tarixin hər zərrəsini özündə əks etdirməsinə heyran olur.

Hər nə qədər restoranda dəfələrlə genişləndirib bərpa işləri görülsədə tez-tez böyük barokko və qədim çilçıraqlar üslubunda bəzədilmiş bir çox yemək otağını hələ də Abbeyin orijinal quruluşunun yanında daş qayalarda həkk olunmuşdur. İçəriyə daxil olarkən onun qədim arxitekturasının möhtəşəmliyinə heyran olmamaq mümkün deyil. Əsrləri əhatə edən tarixi ərzində kral ailələrinə, hörmətli şəxslərə, məşhurlara xidmət göstərmişdir.

Özlərinə həyatları boyunca unudulmayacaq bir nahar hədiyyə etmək arzusunda olanlar burada orta hesabla 70 dollar ödəməli və gəlmədən 1 gün öncə arzuolunandır ki stollarını rezerv etməlidirlər.


Əlavə: Bəhs etdiyimiz restoranlar dünyada açılmasına görə ən qədim restoranlardır, onlardan bəziləri artıq fəaliyyət göstərmir, bəziləri isə müəyyən aralıqlarla fəaliyyətini dayandırıb, lakin sonradan yenidən aktiv fəaliyyət göstərməyə başlamışlar. Ancaq burada qeyd etmədiyimiz bir restoran var ki, yaranma tarixinə görə ən qədim olmasa da, fəaliyyət tarixinə görə dünyada ən uzun müddətdir fəaliyyət göstərən ən qədim restoran sayılır.

Əsası 1725-ci ildə qoyulan, İspaniyanın paytaxt şəhəri olan Madrid şəhərində fəaliyyət göstərən “Sobrino de Botin” restoranı. Restoran Jean Botin adlı fransız aşpaz və avstriyalı həyat yoldaşı tərəfindən açılmış və ilk öncə “Casa Botin” adlandırılmışdı. Botin ailəsinin övladı olmadığından restoran xanım Botinin qardaşı oğluna miras qaldı və ispan dilində “qardaş oğlu” mənasnı verən “sobrino” sözü ilə dəyişdirilərək “Sobrino de Botin” adlandırıldı. “Sobrino de Botin” bir çox müəllifin maraqlarını özündə cəmləşdirmiş və “Ernest Hemingway”, “Frederik Forsyth”, “Graham Greene” və “James A. Michenerin” romanlarında bəhs edilmişdir.

Restoran 294 ildir dayanmadan fəaliyyət göstərir və öz qapılarını müştərilərinə heç vaxt bağlamayıb. 18-ci əsrdən etibarən eyni daxili ilə orijinal binasında qaldığı və dayanmadan fəaliyyət göstərdiyi üçün Ginesin Rekordlar Kitabına daxil olmağı bacarmışdır. Ənənəvi İspan və Kastilian mətbəxinin yeməklərini təqdim edən dünyanın ən qədim restoranında nahar etmək istəsəniz, bu, sizə orta hesabla 50 dollara başa gələcəkdir.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz

DÜNYANIN ƏN DADLI PİZZALARI VERİLƏN 5 RESTORAN

LOS-ANCELESİN QEYRİ-ADİ KOKTEYL BARLARI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.