Daxil olQeydiyyat

“HIKING”, “TREKKING” VƏ YA SADƏCƏ YÜRÜŞ?

DEKABR 10, 2019 4 dəq. oxu
“HIKING”, “TREKKING” VƏ YA SADƏCƏ YÜRÜŞ?

Son illərdə xüsusilə məşhurlaşan “hiking” “trekking” fəaliyyətləri haqqında hər biriniz eşitmisiniz. Əslində bir çoxlarımız bu tip fəaliyyət növləri ilə məşğul olsaq da, bəzən bunu adlandırmaq üçün bir neçə termin arasında qalırıq. Bəzən isə bu tip fəaliyyətləri sadəcə yürüş və ya təbiət yürüşü adladırmaqla kifayətlənirik.

Kanada, ABŞ və s. qərb ölkələrində geniş yayılan bu terminlər zamanla bütün dünya dillərində istifadə olunmağa başlayıb. “Hiking” və “trekking” arasındakı fərqli və oxşar cəhətləri aşkarlamaq üçün, gəlin ilk öncə bu terminlərin izahını verməyə çalışaq.


“Hiking”

Bir çox lüğətlərdə “hiking” və “trekking” ifadələrinin izahı bir-birinə çox bənzəsə də, bu terminlərin fərqləndirici cəhətləri də mövcuddur. Belə ki, hərfi mənada “hiking” “hike” sözündəndir və səyahət etmək, yürüş etmək, piyada çox yol qət etmək anlamına gəlir. Oksford izahlı lügətində “ölkə ərazisində zövq almaq üçün uzun gəzintilərə getmək fəaliyyəti” kimi izah olunur.  Bu izahdan belə aydın olur ki, “hiking” şəhərdən kənar, təbiətdə uzun piyada gəzintilərə getmək fəaliyyətidir. “Hiking” adlı altında xüsusilə dağ yürüşləri çox populardır.


“Trekking”

“Trekking” isə “trek” sözündən olmaqla, səyahət etmək, yürüş etmək və yüksəyə qalxmaq anlamına gələrək zövq almaq üçün piyada uzun məsafələrdə gəzinti fəaliyyəti ilə məşğul olmaq kimi izah olunur. 

Yalnız terminlərin izahını verməklə bu fəaliyyət növləri arasında böyük bir fərq görmək mümkün deyil. Deməli burada mütləq başqa diqqət yetirilməli bir məqam var. Bunu aydınlaşdırmaq üçün mütləq mütəxəssislərin fikirlərinə nəzər yetirmək lazımdır. Sən demə, uzun müddətdir bu işlə məşğul olan şəxslər artıq bu fəaliyyətlərin özünəməxsus xüsusiyyətlərini müəyyənləşdiriblər. Məhz bu sahələrin mütəxəssislərinin fikirləri ilə tanış olanda, bu anlayışların nəzərəçarpacaq fərqlərini görə bilərik.

İlk öncə o məlum olur ki, bu fəaliyyətlərin hər ikisini, əvvəldə qeyd etdiyim kimi, sadəcə yürüş adlandırmaq olar. Yəni insan evdən, şəhərdən və s. aralanır və təbiətdə yürüşə başlayır. Bu “hiking” və “trekkingin” ən ortaq cəhətidir. Lakin hazırlıq, yürüş müddəti, gedilən yollar, fiziki hazırlıq və s. bu fəaliyyətləri bir-birindən tamamilə fərqləndirir.

Gəlin “hiking”“trekking”-in fərqlərinə yuxarıda qeyd olunan xüsusiyyətlərə uyğun baxaq.

Bu arada bir məqamıda qeyd edim ki, “hiking” ilə məşğul olan şəxlər “hiker”, “trekking” ilə məşğul olanlar isə “trekker” adlandırılır. Təbii ki, bu tip fəaliyyətlər gəzinti turizminin növləri olduğu üçün bu şəxsləri sadəcə turist də adlandırmaq olar.


Müddət

“Hiking” və “trekking”-i ən əsas fərqlərindirən cəhətlərdən biri məhz bu fəaliyyət növlərinə sərf olunan vaxtdır. Bir çox mütəxəssislər “hiking” bir günlük yürüş kimi qiymətləndirir. Belə ki, “hiking”-in müddəti 2 və 10 saat arasında dəyişə bilər. “Trekking” isə ən azı iki gün, bir həftə, bir ay və hətta daha çox ola bilər.

Burada bir məqamıda vurğulayım ki, “hiking” edən şəxs turistlər üçün nəzərdə tutulan müxtəlif kamplarda, evlərdə və s. turistik məkanlarda gecələyərək hər gün müəyyən, əvvəlcədən məlum olan marşrut üzrə hərəkətini günlərlə davam edə bilər. Lakin bu halda belə bu tip turistik fəaliyyətin “trekking” adlandırılması doğru hesab olunmur.


Gedilən yollar

“Hiking” meşə, dağ və ya düzən ərazidə yerləşən milli parklarda, müxtəlif dövlət qoruqlarında və s. həyata keçirilən yürüş formasıdır. “Hiking” üçün nəzərdə tutulmuş yollar bir çox hallarda əvvəlcədən məlum olur və bu yolları qısa müddət ərzində qət etmək mümkündür. Bəzi ölkələrdə “hiking” yollarında turistlərin yürüşünü rahatlaşdırmaq üçün xüsusi işarələr belə mövcud olur. Bir qayda olaraq “hikingin” başlanğıc və bitmə nöqtələri çox dəqiq təyin olunduğu üçün, “hiking” edən şəxslər təhlükəsizlik məqsədi ilə əsas marşrutdan demək olar ki, çıxmırlar. “Trekking”  isə gedilən yollara görə “hiking”-dən təmamilə fərqlənir. Çünki, “trekking” zamanı yürüş yolları tez-tez dəyişir. Belə ki, “trekking” edən şəxs meşədən dağa, dağdan düzənliyə, gölə, dənizə və s. ən müxtəlif istiqamətlərdə hərəkət edə bilər. “Trekking” edən şəxs istiqamətini özü müəyyən edir və bu əvvəlcədən düşünülmüş də ola bilər, düşünülməmiş də. “Trekker”-lər daha sərbəstdirlər. Onları yürüş mütəxəssisləri də adlandırmaq olar. Onlar sınaqdan keçirmək istədikləri ən ağlasığmaz marşrutları belə seçə bilərlər. Məhz “trekker”-lər gələcək “hiker”-lər üçün yeni heç gedilməmiş yollar axtarışında olurlar. “Trekking”-ə zirvə yürüşlərini də aid ola bildiyi üçün bu onu idmana, xüsusilə alpinizmə daha yaxın edir.


Hazırlıq

“Hiking” bir qayda olaraq çox planlaşdırma tələb etmir, çünki yürüş yolları və həmin yürüşə sərf oluncaq vaxt, bir çox hallarda əvvəlcədən məlum olur. Bununla belə, “hiker”-lərin yürüş olunacaq yerin xüsusiyyətlərinə uyğun olaraq hazırlanması mütləqdir. “Hiking”-in yalnız bir neçə saat davam edəcəyi gözlənilsə belə, özünüzlə kifayət qədər qida və su götürməyi unutmayın. Bəzən “hiking” edən zaman məlum yollardan əlavə yeni yerlər də kəşf etmək istəyə bilərsiniz, bunun üçün hər halda yola kifayət qədər hazırlıqlı çıxmağınız məsləhətdir. Əgər bu sahədə yenisinizsə məlum olan “hiking” yollarından çıxmağınız heç də məsləhət deyil. “Trekking” isə sizdən daha geniş planlaşdırma tələb edir. Çünki “trekking” etməyə hazırlaşan zaman siz artıq müəyyən marşrut üzrə hərəkət edən turist yox, bir növ kəşfiyyatçısınız. Fəth etmək istədiyiniz yerlər haqqında əvvəlcədən düşünməli, onları xəritədə tapmalı və ətraflı araşdırmalısınız. “Trekking” nə qədər müstəqil yürüş növü kimi görünsə belə, hər bir “trekker” mütləq əvvəlcədən öz yürüşünə ciddi hazırlıq prosesi həyata keçirir. Təbii olaraq “trekker”-lərə yürüş üçün lazım olan ləvazimatlar daha çox və müxtəlif çeşidlidir. Burada qida ehtiyyatı trekkerin seçdiyi yollar, müddət və s. görə dəyişə bilər.


Fiziki hazırlıq

Fiziki hazırlıq hər iki fəaliyyət növü üçün çox vacibdir. Lakin demək olar ki, “trekking” üçün daha aktiv həyat tərzi keçirmək mütləqdir. Nəzərə alsaq ki, “hiking” bir çox ölkələrdə dağlıq ərazilərdə yürüş kimi qiymətləndirilir, bu zaman da fiziki hazırlıqlı olmaq vacib şərtlərdən biridir. “Hiking”-in bir turizm növü kimi inkişaf etdiyi ölkələrdə, müəyyən marşrutlar üzrə xüsusi bələdçi xidmətləri fəaliyyət göstərir və “hiker”-lər hər hansı bir qəzaya qarşı tibbi sığorta olunur. Demək olar ki, bütün qərb ölkələrində, “hiking” zamanı yarana biləcək hər hansı problemin aradan qaldırılması əvvəlcədən nəzərdə  tutulur. “Trekking” üçün isə eyni sözü demək mümkün deyil. “Trekker” mütləq öz marşrutunu (əgər məlumdursa) əvvəlcədən kimlərəsə bildirməlidir. Təhlükəsizlik baxımından ən zəruri ilkin tibbi yardım vəsitələrinin götürülməsi hər iki fəaliyyət növü üçün vacibdir.

Beləliklə, sonda bir daha əsas sualıma qayıdıram. “Hiking”, “trekking” və ya sadəcə yürüş?

Və burada ən qısa cavabı verməyə çalışacam. Terminlər müxtəlif olsa da, mahiyyətcə bunların hər ikisi yürüşdür. “Hiking” qısa, “trekking” isə uzun müddətdli yürüşdür. “Hiking”-ə hər kəs qoşula bilər, “trekking”-ə isə təcrübə lazımdır. “Hiking”-in yolları adətən aydın və konkretdir, “trekking”-də isə çox müxtəlifdir.

Gəzinti turizminin bu iki növünün hər ikisi təbiətlə əvəzsiz ünsiyyət vasitəsidir. Hansına üstünlük verməyinizdən asılı olmayaraq hər ikisi, sağlam və aktiv həyat tərzinin göstəricisidir.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

SƏYYAH FOTOQRAFA LAZIM OLAN AVADANLIQLAR

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.