Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Nərmin AydınqızıNərmin Aydınqızı 20 FEVRAL 2020 666 views 4 dəq. oxu

Fast Food-ların yaranma tarixçəsi

666 views 4 dəq. oxu
uploads/History-of-Fast-Foods.jpg

Uşaqdan böyüyə hər birimizin sevimlisi, nə qədər uzaq durmağa çalışsaq da, dadından doymadığımız və imtina edə bilmədiyimiz fast food-lar dövrümüzün ən çox tələbat görən məhsullarındandırlar.

“Fast food” nədir? “Fast food", qısa müddətdə hazırlanan və müştərilərə təqdim olunan yeməklərin ümumi adıdır. Adətən əvvəlcədən qızdırılmış və ya asan bişən maddələrlə toplu halda hazırlanır. Evə götürə bilmək və küçədə asanlıqla yeyə bilmək üçün paketlərdə satılır. Termin olaraq, "fast food" ilk dəfə 1951-ci ildə “Merriam-Webster” lüğətində insanların qarşısına çıxmışdır, lakin kökləri çox daha qədimdir.

“Fast food” tarixçəsi düşündüyümüzdən daha qədimdir, bəs “fast food” necə yarandı?

Hazır yeməklərin satıldığı ilk yer Qədim Roma idi. “İnsula” adlandırılan çoxmərtəbəli binalarda yaşayış olsa da, içərisində mətbəx yox idi və romalılar yeməklərini qida satıcılarından almaq məcburiyyətində idilər. Şərabla isladılmış çörək alıb yeməklərini yeyən Roma əhalisi bəzən də, “Popinae” adlandırılan restoranlarda tərəvəzlərlə bişirilmiş adi yeməklər yeyirdilər.

İkinci yüzilliyə aid əlyazmalardan birində bütün gecə boyu açıq olan və əriştə satan kiçik bazarlar barədə məlumat verilmişdir. Orta Əsrlərin daha böyük qəsəbələrində isə tort, keks, vafli və bişmiş ət satan satıcıların olduğu tarix kitablarından bizə məlum olur. Bütün bu insanlar və yerlər yeməkləri kasıb və səyahətçilər kimi öz yeməyini bişirə bilməyənlərə satırdılar. Beləcə, həm imkanı olmayanların qarnı doyur, həm satıcılar qazanır, həm də ilkin “fast food” anlayışı bu adla adlandırılmasa belə, formalaşır və inkişaf edirdi. Sahilə yaxın olan qəsəbə və kəndlərin sakinləri isə tutduqları dəniz məhsullarını kiçik hissələrə bölərək bişirir və müxtəlif kağızlarda qablaşdıraraq satırdılar.

Hər kəsin “fast food” dedikdə ağlına gələn “hamburger” isə Orta Əsrlərdə Avropada yaranmışdır. Hərçənd, hər kəs elə bilir ki, fast foodun vətəni ABŞ-dır, lakin yanılırlar. 1598-ci ildə London araşdırmalarında və 1840 və 1850-ci illərdə İngiltərə tarixindən bəhs edən yazılarda “fast food”-un adı çəkilməkdədir.

Bəs necə olur ki, “fast food” dedikdə ağlımıza ABŞ gəlir? Çox sadə... 1950-ci illərdə ABŞ-da qurulan “fast food” yeməkləri satan firmalar bu sahədə o qədər böyüdülər ki, milyonlarla dollar qazanan, minlərlə filialı olan şəbəkələrə çevrildilər. Ərazi və əhali cəhətdən olduqca böyük və tutumlu olan ABŞ-da isə bu restoranlarının filialları yayıldıqca, əhali və dövlət sanki bu brendləri sahibləndi. Belə olduqda isə bütün dünya elə zənn etdi ki, bu terminin və məhsulların banisi elə ABŞ-dır.

İngilislərin ən çox sevdiyi “balıq və cips” 19-cu əsrdə balıq ovlanmasının inkişaf etməsi ilə meydana çıxmışdır. İlk balıq və cips (fish and chips) mağazası 1860-cı ildə “Oldhamdakı Tommyfield” marketində açılmışdır. Berlindəki “Max Sielaff” şirkəti 1896-cı ildə “avtomatlar” icad etdilər. Bu avtomatlar hazır qidaları insan əli olmadan satmaq üçün nəzərdə tutulmuşdu. 1902-ci ildə isə Joseph Horn və James Hardart ABŞ-da, daha dəqiq desək Nyu Yorkda “fast food” tarixinin başlanğıc tarixinin əsasını qoyan yeni bir avtomat maşın açmışdırlar.

ABŞ-da ilk “hamburger” şəbəkəsi 1921-ci ildə açılan “White Castle” (Bəyaz Qala) restoranıdır. Restoran, 1916-cı ildə Viçitada fəaliyyətlərinə başlayan Billy Ingram və Walter Anderson tərəfindən açılmışdır. Ucuz “hamburger”-ləri olan və kiçik bir menyuya sahib bu restoranın satış rəqəmləri isə kifayət qədər çox idi. İlk filiallar isə 1921-ci ildə meydana gəlmişdir və ilk filialı olan restoran 1930-da Hovard Johnson tərəfindən yaradılmışdır.

Avtomobillərin daha populyar mövqeyə gəldiyi vaxtlarda Amerika Birləşmiş Ştatlarında “Drive”-in restoranlar meydana gəlməyə başlamışdır. Görünüş etibarilə yanacaq doldurma məntəqələrini xatırladan bu cür restoranlar sifariş olunan məhsulu paketləyir və maşında gözləyən müştəriyə təqdim edirdilər. 1940-cı illərdə populyarlıq qazanan bu cür xidmət əsasən varlı və imtiyaz sahibi insanların xidmətindəydi və onlara daha uyğun hesab olunurdu.

“Fast food” dedikdə çoxlarımızın ağlına “McDonalds”-ın gəldiyini bilirik. Sözügedən restoranlar şəbəkəsi 1948-ci ildə McDonald” qardaşları tərəfindən yaradılmışdır. Onların daha öncə də sahib olduqları bir neçə restoranları var idi, lakin heç biri “fast food” tipli restoran deyildi. Günümüzdə McDonald`s 35.000-dən daha çox restorana sahibdir və bu restoranlar 119 ölkədə fəaliyyət göstərir. Hesablamalara görə isə, bir gün ərzində “McDonalds” restoranlarını 69 milyondan çox müştəri ziyarət edir. Bir gün ərzində bir markanın 69 milyondan çox müştəri qəbul etməsi isə olduqca böyük uğurdur.

Donald qardaşlarından çox qısa bir müddət sonra digərləri də “fast food” şəbəkələri açmağa başladı: “Burger King” və “Taco Bell” 1950-ci illərdə öz restoranlarını açmışdır. “Burger King”-in hazırda 79 ölkədə 13 mindən çox restoran var. Brend məhsulu isə “The Whopper” burgeridir. Necə deyərlər, bu burger “Berger King”-in imzasıdır.

“Wendy” şəbəkəsi isə 1969-cu ildən etibarən fəaliyyətə başlamışdır. “KFC”-nin yaranması ilə bərabər bazarda “McDonalds”-la adı yanaşı çəkilən bir restoran meydana gəldi ki, indiki dövrümüzdə belə istənilən alış-veriş mərkəzində və ya restoranların çoxluq təşkil etdiyi bir küçədə “McDonalds” və “KFC” restoranlarını bir-birindən sadəcə bir neçə metrlər ayırır. Lakin deyərdik ki, hər ikisinin illərdir qazandığı populyarlıq və müştərilər tərəfindən rəğbəti onların qazancına mane olmur, əksinə rəqabəti gücləndirir və məhsuldarlığı artırır.

“Fast Food” dedik, ancaq fikir verdik ki, burger təqdim edən restoranlara daha çox yer ayırmışıq. Elə isə, keçid alaq pizzalara. Məsələn, elə hamımızın tanıdığı, dadına doyulmaz pizzaların memarı “Domino`s Pizza” şəbəkəsi. 1960-cı ildə Miçiqanda açılan bu “fast food” restoranının hazırda 70 ölkədə 10 mindən çox restoranı var ki, bununla birlikdə 220.000-dən çox işçiyə sahibdir.

Digər bir pizza üstadı: Pizza Hut”. Amerikanların sevimli brendlərindən olan “Pizza Hut” 1958-ci ildə yaradılmışdır. Hazırda, 95 ölkədə 11.000-dən çox restoranı fəaliyyət göstərməkdədir. 200.000-dən çox işçiyə sahib olan “Pizza Hut”-ın şef-aşbazlarının bir çoxu isə İtaliyada “master-class” keçmiş, peşəkar aşbazlardır.

Öyrəşik olduğumuz restoranların bazarda payını itirdiyini göstərən əlamətlər olsa da, “fast food” sənayesi hələ də inkişaf edir. Məsələn, “McDonald's” restoranları şəbəkəsi 6 qitənin 126 ölkəsində mövcuddur və dünyada ümumilikdə 31.000-dən çox restoranı var.

Bəziləri “fast food” sənayesini və onun bəşəriyyətə təsirini tənqid edirlər. Sözügedən yeməklərin tez-tez istifadə olunmasının sağlamlığa ziyan olduğunu, heyvanlara qarşı acımasız olduqlarını, işçilərinin əməklərinin sui-istimal olunduğunu, yerli mədəniyyətə ziyan vurulduğunu, çünki insanların ənənəvi mətbəxdən uzaqlaşdıqlarını söyləyir, insanlar arasında artıq çəkiyə və piylənməyə səbəb olduqlarını əsas gətirərək “fast foodlar” ciddi tənqidə məruz qalırlar.

Bütün bu tənqidlərdən sonra ağıllarda ən birinci bu sual meydana çıxır ki, “fast food” yemək ziyandırmı? Tək cavabı var, təəssüf ki, bəli!

Tərkibində olan inqridentlərin zənginliyi və bunların bir çoxunun yağda qızardılması “fast food-ların enerji dəyərlərinin yüksək olmasına səbəb olur. Belə olduqda isə artıq çəkiyə və piylənməyə gətirib çıxarır. Hətta, bu mövzuda çəkilmiş sənədli film də mövcuddur. Morgan Spurlock adlı sənədli film prodüseri düz bir ay boyunca gündə 3 dəfə “fast food” restoranlarında yeyir. Az qala ölümlə burun-buruna gələn Morgan Spurlock bu təəssüratlarını qeydə alır və “Şişirt məni” adlı sənədli film çəkir. Beləliklə, bu sənədli filmdə “fast food”-un zərərləri və insan həyatına təsiri bütün çılpaqlığı ilə işıqlandırılır.

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

DÜNYANIN ƏN QEYRİ-ADİ İÇKİLƏRİ

YEMƏKDƏN ÇƏKİNMƏLİ OLDUĞUNUZ 5 YEMƏK

SƏHƏR YEMƏYİ ÜÇÜN NYU YORKUN 10 FƏRQLİ RESTORANI

Paylaş

1998-ci ilin payızında Almaniyanın paytaxtı Berlində dünyaya göz açıb. Bürclərə inanır, hətta əqrəb bürcünün bütün özəlliklərini daşıyır. Təhsilini, işini, mütaliə etməyi, araşdırmalarını hamı ilə bölüşməyi sevir. Jurnalistika fəaliyyəti üzrə xüsusi izlər qoymağı hədəfləyir. Musiqi dinləmək, yeni məkanlar kəşf etmək, gördüklərini lentə almaq, səyahət etmək həyatının ayrılmaz hissəsidir. Avrasiya materikindəki ölkələrin yarısını gəzib görüb. Görmək istədiyi ölkələr siyahısını daima yeniləyir. Heyvanlara qarşı hədsiz sevgisi var.

Bütün bloqlar