Daxil olQeydiyyat

SUŞİNİN TARİXİ

OKTYABR 4, 2019 2 dəq. oxu
SUŞİNİN TARİXİ

Hər birimiz bəzən müxtəlif mədəniyyətlərin mətbəxini dadaraq yeni təcrübələr əldə etmək istəyirik. Ədviyyatlı yeməkləri ilə məşhur Hindistan mətbəxi, acılı yeməkləri ilə tanınan Meksika mətbəxi, pizza deyəndə ağla ilk gələn İtalyan mətbəxi və nəhayət suşiləri ilə bir çox insanların sevimlisinə çevrilmiş Yapon mətbəxi. Bu siyahını daha da dadlı təamlarla sayaraq bitirə bilmərik. Lakin heç daddığınız yeməyin tarixi ilə maraqlanmısınızmı bu zamana qədər? İlk dəfə kim tərəfindən, necə bişirilmiş və ümumiyyətlə, bütün bu inqridientləri kim bu kombinasiyalarla bir yerə gətirməyi düşünə bilmişdir? Bu sualları son zamanlarda ən məşhur olan suşi üzərindən düşünsək həqiqətən də maraqlı cavablar əldə etmiş olarıq.

Suşinin tarixinə doğru maraqlı bir səyahətə çıxsaq nələrlə qarşılaşmış olarıq?

Baxmayaraq ki, suşi Yaponiya tərəfindən mənimsənilmişdir, əslində onun tarixi Cənubi Asiyadakı düyü tarlalarından başlamışdır. Burada balığı düyü sirkəsi, duz və düyü ilə fermentləşdirirdilər, sonra isə düyü istifadə olunmurdu. Yemək bu gün "naresuşi" kimi tanınır və Yaponiyada Yayoi dövründə tətbiq edilmişdir. Muromachi dövründə insanlar balıq ilə yanaşı düyünü də yeməyə başladılar. Edo dövründə fermentləşdirilmiş düyü əvəzinə sirkə istifadə edildi. Müasir dövrümüzdə isə Yapon mədəniyyəti ilə sıx əlaqəli fast food olaraq bilinir.

İlk dəfə suşi 718-ci ildə təqdim edilmişdir. 19-cu əsrlərə doğru isə həm suşi, həm də Yapon mətbəxi tədricən dəyişməyə başladı. Yaponlar gündə üç dəfə yemək yeməyə başladılar, düyü buxarlaşdırılmaq əvəzinə qaynadılmağa başlanıldı və bu zamanlarda düyü sirkəsinin geniş yayılması böyük əhəmiyyət daşıyırdı. Balığın düyü ilə fermentləşdirilməsi vasitəsilə suşi istehsalına davam edilərkən, düyü sirkəsinin əlavə edilməsi fermentləşdirmə müddətini xeyli azaltdı və istifadə edilən düyü artıq balıqla birlikdə yeyilməyə başlandı.

 Bəs suşi haqqında hansı maraqlı faktlara toxuna bilərik?

Təbii ki, suşi bundan sonra çox yol qət etmiş və indiki halına gələnə qədər bir çox dəyişikliklərə məruz qalmışdır. Müasir dövrümüzə ən yaxın olan suşi növü Yaponiyada Hanaya Yohei tərəfindən Edo dövrünün sonu - 1800-cü illərin ortalarında təqdim edilmişdir. Lakin sizi tarixi faktlarla deyil, maraqlı faktlarla tanış etmək istərdim. Məsələn, ilk zamanlarda sual olunurdu ki "Nəyə görə bişməmiş balığa pul verib onu alaq yeyək ki?" Suşini ilk dəfə görənlər və onu tanımayanlar üçün çox haqlı bir sualdır. Lakin nəzərə almaq lazımdır ki, bu sahədə həqiqətən də işinin ustası sayılacaq Yapon aşpazlar rəng, ahəng, dad və təqdimat cəhətdən necə bir təam hazırlamalı olduqlarını bilirlər.

İstənilən ucuz suşi satış yerində tapılan və indiki adıyla "California roll" kimi tanınan suşi növünü unudun. Həqiqi makizushi (suşi rulonları) üçün inqredientlər ustalar tərəfindən seçilir ki, dad və hətta rənglər bir-birini tamamlayaraq ahəng yaratsın. Müştərilərin sənət əsərini görə bilməsi üçün rulonlar dilimlənmiş disklər formasında verilirdi. Hətta bunu da əlavə olaraq deyə bilərik ki, biz daha çox qara nori (dəniz yosunu) ilə bükülmüş suşi ilə tanış olsaq da, Yaponiyada makizushi bəzən soya kağızı, xiyar və ya yumurta ilə də sarılır.

Maraqlı faktlardan biri də budur ki, əslində suşi əl ilə yemək üçün nəzərdə tutulmuşdur. İndiki çubuqlar (çopstiklər) sadəcə saşimi yemək üçün istifadə olunurmuş.

Öncələr suşi -20 dərərəcə Selsidə 24 saatlığına dondurulurdu. Lakin bu onun orjinal tekstura və dadını pozduğundan bu üsul sevilmədi. Ümumiyyətlə, bütün bu tədbirlər müştərilərin hər hansı bir bakteriyadan zəhərlənmələrinin qarşısını almaq üçün görülürdü. Çünki balığın çiy verilməsi həqiqətən də təhlükəli idi. Bunu hazırlayan ustalar xüsusi olaraq problemləri müəyyən edə bilmək üçün öyrədilirdilər. Hətta bəzi suşi növlərinin hazırlanması üçün ustalar xüsusi olaraq sertifikat almalı və bu işdəki professionallığını təsdiq etməli idilər.

Gördüyünüz kimi, gündəlik olaraq heç də fikir vermədən dostlarla söhbət edərək yediyimiz yeməklərin hər birinin öz tarixi, sirləri, incəlikləri və çətinlikləri var imiş. Bu işi ustalıqla görməyə illərini sərf edən insanlar - bizim görmədiyimiz o qəhrəmanlar səhnənin arxasında olurlar. Heç nə asan başa gəlmədiyi kimi, gün ərzində müştərilərin məmnuniyyətinə səbəb olan yüzlərlə müxtəlif yeməklərin hazırlanması da asan başa gəlmir!

 

Bu bloqları da oxuya bilərsiniz:

PİZZANIN YARANMA TARİXÇƏSİ

DÜNYANIN ƏN DADLI PİZZALARI VERİLƏN 5 RESTORAN

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.