Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Fərhad KərimliFərhad Kərimli 18 FEVRAL 2020 716 views 9 dəq. oxu

Avtostopla səyahət edən insanlar

716 views 9 dəq. oxu
uploads/blog/Hitchhikers.jpg

Avtostop nədir?

Avtostop – dünyanın hər hansı yolunda sadəcə baş barmağını qaldıraraq gələn maşınları saxlamaq və pulsuz səyahət etmək üçün mədəni üsuldur. Onsuzda sizinlə eyni istiqamətə gedən hər hansı maşın sizi pulsuz aparmaqla həm siz maddi vəsaitinizə qənaət etmiş olursunuz, həm də sürücü sizə yaxşılıq etmiş olur. Avtostop vasitəsilə hər il yüz minlərlə insan səyahət edir.


Avtostop təhlükəsizdirmi?
Avtostop bütün dünya ölkələrinə yayılan mədəni vasitə olsa da, insanların beynində təhlükəsizliyi ilə bağlı suallar ilişib qalıb. Avtostop təhlükəlidirmi? Niyə təhlükəlidir? Nə qədər təhlükəlidir? Əgər bəzi məqamlara diqqətlə yanaşsanız və məqsədəuyğun şəkildə həyata keçirsəniz, o zaman avtostop çox təhlükəsiz səyahət növdür.


Diqqqət, avtostop!
Bəs avtostopla səyahət edərkən nələrə diqqət vermək lazımdır? Qarşıdan gələn sürücünü başqa məqsədlərlə deyil, məhz avtostop məqsədilə saxlatmaq istədiyinizi və gedəcək yerə qədər sizi də aparmağını istəyirsinizsə, baş barmağınızı qaldırmalısınız. Baş barmaq qaldırmaq bütün dünyada qəbul edilmiş mədəni jestdir.


Avtostop tövsiyələri:
1. Qarşıdan gələn maşınların sürətlərinin azaltdığı yerlərdə dayanmağınız məsləhətlidir. Bununla onların sizi görməsi asanlaşır və daha tez saxlayarlar. Bununla da mənzil başına daha tez çatmış olarsınız.

  1. Sizin xarici görünüşünüz sürücü üçün çox önəmlidir. O, buna əsasən sizi öz maşınına götürmək və götürməmək arasında qərar verir. Təmiz geyim, səyahət çantası, kamera, digər avadanlıqlar sürücüdə sizə qarşı güvən yaradır.
  2. Siz səyahət etdiyiniz ölkənin dilini bilməyə bilərsiniz. Bunun üçün də avtostopla mindiyiniz maşının sürücüsünə getmək istədiyiniz şəhərin adını telefonunuzun “qeydlər” bölməsinə və ya özünüzlə götürdüyünüz kağıza yazaraq çatdıra və asanlıqla bir-birinizi anlaya bilərsiniz.
  3. Səhər tezdən avtostopa başlamaq lazımdır. Çünki, bu zaman 10 dəqiqə də gözləyə bilərsiniz, 1 saat da, 5 saat da. Ona görə də erkəndən yola çıxmaq lazımdır ki, tez də mənzil başına çatasan. Bundan əlavə, günün bu vaxtı daha güvənli sürücülər ilə yol yoldaşlığı edə bilərsiniz.
  4. Bəzən avtostopla mindiyiniz maşının sürücüsü sərxoş, yuxulu və ya xam (çox kobud maşın sürən) ola bilər. Bu zaman isə uyğun şəkildə düşmək istədiyinizi söyləyin, lazım gəlsə, yalan danışın.
  5. Əgər tək başına səyahət edirsinizsə, minəcəyiniz maşında kimlərin olmasına diqqət edin. Əsasən ailəli maşınları saxlamağı bacarın. Alınmasa, eyni zamanda hər iki cins nümayəndəsi olan maşınları saxlamağa çalışın. Ən sonda isə təkcə sürücüsü olan maşınları saxladın.
  6. Avtostopda hər cür insanla qarşılaşa bilərsiniz. Bir mafiyadan tutmuş fanatik dindara qədər, siyasətçidən tutmuş tarixçiyə qədər. Buna hazırlıqlı olun və dini, siyasi və etnik mövzulu söhbətlərə girməkdən çəkinin.
  7. Avtostop mədəniyyəti səyahətçiyə yardım etməkdir. Bəzi sürücülər avtostop qarşılığında sizdən yemək sifariş etməyinizi və ya marketdən nəsə almağınızı istəyə bilərlər. Əgər büdcəniz buna imkan verirsə, onun istəyini reallaşdırmağınız məsləhətlidir. Amma pul istədikdə, heç bir şəkildə verməyin. Verməməyə tam haqqınız var, Çünki, siz baş barmağınızı qaldırmaqla sürücüyə əvvəldən avtostopla getmək istədiyinizi bildirmisiniz. Sürücü bununla razılaşıb sizi maşınına götürmüşdür.
  8. Əgər baş barmağınızı qaldırdığınız maşın saxladıqda sürücü sizə təhlükəsiz biri kimi gəlmirsə və ondan çəkindinizsə, maşına minməmək tam haqqınızdır. Bu zaman da minməmək üçün yalan danışaraq sürücünü yola salmaqdan çəkinməyin.
  9. Avtostop zamanı eyni yerdə durub gözləməyiniz sizi ləngidə bilər. Siz gedəcəyiniz şəhər istiqamətilə irəliləməli və avtostopu yeriyə-yeriyə də həyata keçirə bilərsiniz.
  10. Avtostopdan istifadə edirsinizsə, olduqca səbirli olmalısınız. Çünki, səbir etmədən, eləcə yol kənarında gözləyərək kiminsə maşını saxlayıb sizi dəvət edəcəyini gözləyə bilməzsiniz. Bu mövzuda siz inadla, böyük bir həvəslə mübarizə aparmalısınız.


İnsanlar niyə avtostopla səyahəti seçirlər?
İnsanların avtostopu seçməyinin başlıca səbəbi budur: avtostop ilə səyahət pulsuz başa gəlir. Bu da hər bir səyahətçi üçün ən ideal səyahət növü, vasitəsidir. Digər baxımdan isə avtostop vasitəsilə səyahət daha maraqlı olur. Hər mindiyin maşında yeni biri ilə tanış olursan.


Avtostop üçün təhlükəli və təhlükəsiz yerlər
Mümkün olduqca yeriyərək səyahət edin və avtostopa şəhər çıxışındakı yollardan başlayın. Avtobuslardan istifadə edərək şəhər çıxışına gedə bilərsiniz. Çünki, şəhər daxilində maşınların hara getdiyini təyin etmək mümkün olmur, bundan əlavə, digər şəhərə gedən maşınlar onsuzda şəhər çıxışından keçirlər. Qarşıdan gələn maşını saxlatmaq istəyirsinizsə, əlinizi gedəcəyiniz istiqamətdə qaldırmalı, sürücü ilə göz-gözə gəlməli və bacardıqca gülümsəməyə çalışmalısınız. Maşın saxlayarsa, səyahət etdiyinizi və ucuza gəlsin deyə avtostopdan istifadə etdiyinizi izah etməlisiniz. Bu zaman utanmalı və ya çəkinməli bir şey yoxdur, tam rahat ola bilərsiniz. Şəhər çıxışlarında maşınların sürəti çox olduğu üçün ən yaxşı gözləmə yeri dayanacaqlar, yanacaqdoldurma məntəqələri və s.-dir. Çünki, bu məntəqələrdə maşınların saxlama ehtimalı daha çoxdur. Bundan əlavə, həmin ərazilər daha təhlkəsiz yerlərdir. Lakin yaxınlığınızda dayanacaq və ya yanacaqdoldurma məntəqəsi kimi yerlər yoxdursa, o zaman siz kəsişən yollarda və ya işıqfor olan yerlərdə dayanın. Kəsişən yollarda maşınlar sürətini azaltdığı və işıqforlarda dayandıqları üçün onları saxlatmaq daha asandır. Əgər avtostop mövzusunda təcrübəsizsənsə və ya utanır, çəkinirsinizsə, yol polislərindən də kömək istəyə bilərsiniz. Onlara yaxınlaşmalı və vəziyyətinizi açıqlamalısınız. Polislər özləri maşın saxladıb sizi yola salacaqdır.


Avtostop üçün məsləhət görülməyən yerlər döngələrdir. Döngələr qəzaların ən çox olduğu yerlərdəndir. Əgər əlinizi qaldırdığınız maşının sürücüsü saxlamazsa, o zaman ümidinizi itirməyin. Çünki, bir çox hallarda sürücü sizi keçdikdən sonra sizi də maşınına götürmək qərarı alır və maşını birdən dayandıra bilmədiyi üçün yavaş-yavaş sürəti azaldır və dayanır. Buna görə də maşın sizdən xeyli uzaqlaşmış olacaqdır. Maşını geri verdikdə isə siz bunu görməsəniz, sürücü də yoluna davam edə bilər. Buna görə də, əl elədiyiniz maşın saxlamasa belə arxasınca baxmalı və əgər qarşıda saxlayarsa ona doğru qaçıb özünüzü çatdırmalısınız. Lakin maşının arxasınca uzun müddətli baxmaq da faydasızdır. Çünki, yenidən qarşıdan gələn maşınların içində saxlama ehtimalı olan varsa, siz bunu qaçıra bilərsiniz.

Əgər getmək istədiyiniz yerə gecə çatmaq istəyirsinizsə, bu mövzuda şansınız çox azdır. Ümumiyyətlə, gecə avtostopdan istifadə etmək heç məsləhətli deyil. Çünki, səhər yola çıxan sürücülər gecə yola çıxanlardan daha təhlükəsizdirlər. Bundan əlavə, səhərlər qadağan olunduğu üçün gecələr daha çox kamazlar, yük maşınları yola çıxırlar. Onlarla da səyahət həm gec, həm də çox darıxdırıcı ola bilər. Həmçinin gecə digər şəhərə çatdıqda qalmaq və doymaq üçün yer tapmaq da çətinləşəcəkdir. Ona görə də ən yaxşısı, sabah səyahət etməkdir. Atalar demişkən: “Gecənin xeyrindənsə, sabahın şəri yaxşıdır”.


Avtostop kimlərə təhlükəlidir?
Avtostopun yaxşı tərəfləri olduğu kimi, pis tərəfləri də var. Bu da təhlükəli olmasıdır. Ümumiyyətlə, avtostop hər kəs üçün təhlükəli ola bilər. Çünki, maşınına mindiyiniz sürücünün kim olduğunu, hansı məqsədlə yola çıxdığını və hansı psixologiyaya sahib olduğunu bilmirik. Ona görə də əvvəlcədən bu cür hallara hazır olmalıyıq. Bunun üçün hətta çantanızda özünüzü müdafiə üçün əlatlər də daşıya bilərsiniz. Təhlükəsizlik səbəbilə qeyd etməliyik ki, ən azı 2 nəfərlə səyahətə çıxmaq daha təhlükəsizdir. Əgər avtostopdan istifadə edən xanımdırsa, bu səyahət onun üçün kişilərdən daha təhlükəlidir.


Avtostop haqqında, demək olar ki, lazım olan bütün məlumatları diqqətinizə çatdırdıq. İndi isə avtostop ilə səyahət edən insanlar haqqında məlumat verək

 

Avtostop ilə səyahət edən insanlar

Avtostop ilə səyahət əksər insanlara çətin və dözülməz səfər kimi gəlir. Lakin avtostopun bütün çətinliklərinə qalib gələrək onlarla ölkə gəzən səyahətçilər də var:

  1. Furkan Erdem
    2000 dollara 27 ölkə...
    23 yaşlı gənc Furkan Erdem avtostop vasitəsilə 27 ölkə gəzib. Səyyah öz səyahətini 9 aya tamamlayıb. 27 ölkəni gəzməyə cəmi 2 min dollar xərcləyən Erdem indi də Cənubi Amerikaya səyahət etməyi planlaşdırır. Erdem evlərindən universitetə, universitetdən evə gedərkən pulun qənaət etmək üçün avtostopdan istifadə etməyə başlayır. Zaman keçdikcə bu sahədə təcrübə qazanır və bir gün dünya səyahəti etməyi qarşısına məqsəd qoyur. Bu arzusu yalnız universiteti bitirdikdən sonra ona qismət olur. Manisadan səyahətə başlayan Erdem Bolqarıstan, Moldova, Ruminıya, Ukrayna, Belarus, Çex Cümhuriyyəti, Polşa, Xorvatiya, Makedoniya, Macarıstan, Serbiya, Kosovo, Albaniya, Bosniya və Hersoqovina, Malayziya, Tailand, Sinqapur, Kamboca, Viyetnam, İndoneziya, Slovakiya, Avstriya, Almaniya, Sloveniya, Monteneqro və ən son olaraq Hollandiyaya səyahət edir. Yenidən İzmirə qayıtdıqdan sonra ölkədə məşhurlaşan Furkan Erdem müsahibəsində səyahəti haqqında danışır: “Səyahət edərkən diqqətimi cəlb edən əsas şey səyahətin maddi tərəfinin ucuz başa gəlməsi deyil, səyahət etdiyim ölkələrdə rastlaşdığım mədəniyyətlərdir. Fərqli mədəniyyətlərlə tanış olmaq çox gözəl hisdir. Ölkədən ölkəyə səyahət edərkən ən ucuz yerlərdə qalır, ən ucuz yerlərdə yemək yeyir və lazım gəldikdə, ən ucuz nəqliyyat vasitələrindən istifadə edirdim. Avtostop vasitəsilə etdiyim səyahət zamanı getdiyim ölkələrdə mənə kömək etmək istəyənləri anlaya bilmirdim. Çünki, İngilis dili səviyyələri çox aşağı idi. Lakin, işarətlərlə bir-birimizi anlamağa çalışırdıq. Bu da səyahəti daha da əyləncəli hala çevirir. Hal-hazırda isə Cənubi Amerikaya səyahət üçün hazırlanıram. Bir qədər pul yığdıqdan sonra oraya səfər edib avtostopla bütün ölkələrini gəzəcəyəm...”
  2. Jorge Sanchez
    Həyatının 30 ilini yollarda keçirdi...
    62 yaşlı Barcelonalı Jorge Sanchez 193 ölkəyə səyahət edərək öz əzəmətli səyahət tarixçəsini yaddaşlara yazdırmağı bacarmışdır. Sanchez ən çox gəzənlər siyahısında 2-ci yerdədir. O, yoxsul ailənin üzvü olmuşdur. 13 yaşı olanda məktəbə getməyə son vermiş və yollara düşmüşdür. Gəzdiyi ölkələrdə aşağı miqdarda maaşı olan işlərdə işləmişdir. Avstraliyada fermada, New-York-da restoranda, Peruda qızıl mədənində və s. işlər onun səyahət pulunu qarşılamağa yardımcı olurdu. Gecələmək üçün isə otelə ehtiyac duymurdu. Hindistanda körpü altında, Çində telefon köşkündə, Braziliyada ağacda, Lixtenşteyndə morqda, Kolumbiya, Paraqvay, Gürcüstan və Əfqanıstanda həbsxanada, bir çox ölkələrdə isə məbəd və ziyarətgahlarda gecələmişdir. Sanchezin sadə bir fəlsəfəsi var: “Dünyanı gəzmək, dünya turuna çıxmaq müqəddəs səyahət və bilgi axtarışıdır. Dünyanı anlamaq üçün görmək lazım olduğuna, amma eyni zamanda, hər səyahətçinin geri gönüş zamanının bilməsi lazım olduğuna da inanıram”. Sanchez 13 yaşı olanda ailəsinin xəbəri olmadan Mayorka adasına getmək istəyir. Öz məqsədinə çatmaq üçün Barcelona şəhərindən qayıqla səfər edir. Lakin onun pasportu olmadığından səyahət edə bilmirdi. Ona görə də könüllü olaraq Qərbi Saxarada ordu sıralarına yazılır. Həmin dövrdə - 1968-ci ildə Saxara İspaniyanın əsarəti altında idi. 2 gün hərbi xidmət çəkdikdən sonra Sanchez bezir və oradan da uzaqlaşır. Nəhayət, 18 yaşı tamam olanda pasport əldə edən Sanchez avtostop vasitəsilə 11 Avropa ölkəsini gəzməyi bacarır. 2 il Avropa ölkələrini gəzməklə bərabər, həm də dil öyrənməyə başlamışdı. Çünki, anlayırdı ki, yaxşı səyahətçi olmaq və dünyanın əksər ölkələrini gəzmək üçün xarici dil bilməyə ehtiyac var. 2 ildən sonra Sanchez əsgərlik çəkmək üçün İspaniyaya geri qayıdır. Çünki, həmin ərəfələrdə əsgərlik mütləq idi. Hərbi xidmətini uğurla başa vurduqdan sonra Sanchez yenidən səyahət etməyə başlayır. Avropanı avtostopla gəzməyə başlayan gənc səyahətçi Parisdə diş laboratoriyasında işləyərək, İtaliyada bazarda pendir sataraq, Filippində və İndoneziyada şahmat oynayaraq, Peru meşələrində qızıl mədənlərində fəhlə işləyərək, New-York restoranlarında qabyuyan işləyərək həm yaşayışını təmin edirdi, həm də səyahət etmək üçün pul yığırdı. Hər ölkədə ən azı bir gecə qalan Sanchez Lixtenşteyndə olarkən otellər çox bahalı olduğu üçün yatmaq üçün gecə tapdığı bir yerə sığınıb. Sabah 5-də cənazə maşınının səsinə oyanıb. Ətrafına baxdıqda morqda olduğunu görüb. Braziliyada isə oteldə qalmağa pulu olmadığı üçün küçədə gecələmək məcburiyyətində qalıb. Lakin soyğun təhlükəsiylə qarşı-qarşıya qalmamaq üçün yerdə yatmağa da qorxub. Ona görə də, ağacın başında gecələyib. 1986-cı ildə Ekvador ilə Kolimbiya sərhədində bir neçə adamın onu izlədiyini görüb. Gecə olduğu üçün səyahətinə davam etməyin təhlükəli olduğunu düşünüb və bir çarə axtarmağa başlayıb. Nəhayət, sərhəddə yerləşən cəzaçəkmə müəssəsinə müraciət edib və oranın mühafizə işçisindən yardım istəyib. Mühafizə işçiləri Sanchezin gecəni məhkumlarla birgə həbsdə keçirməsinə icazə veriblər. Bununla Sanchezin səyahət macəraları bitmir. Hindistanda hindu məbədlərində, Uqanda və Tanzaniyada sih məbədlərində, Özbəkistanda məscidlərdə, Konqoda katolik kilsəsində, Yaponiya və Banqladeşdə buddist məbədlərində, İsrail və Braziliyada yahudi sinaqoqlarında gecələmişdir. Sanchez hər bir səyahətçinin Birləşmiş Millətlər Təşkilatının tanıdığı 193 ölkənin hər birində ən azı 24 saat keçirməli olduğunu söyləyir. Bunun üçünsə, çoxunun fikirləşdiyi kimi çox pul lazım deyil. O bunu öz səyahətləri ilə sübut etmişdir. Sanchez Tacikistandan başqa bütün ölkələrdə ən azı 24 saat olmuşdur. Tacikistana da bu məqsədlə səfər etməyi planlaşdırır. Sanchezə görə: “Bəzi insanlar səyahət etməyə pul tapmadıqlarını söyləyərək bundan imtina edirlər. Lakin onlar düşünmürlər ki, səyahət etməyib evdə qaldıqda da yeməyə, paltara və s. digər şeylərə pul xərcləyirlər. Hindistsan, İndoneziya, Filippin, Boliviya, Peru, Mərakeş, Mozambik və s. ölkələrə gedib bir neçə ay orda qalmaq evinizdə qalarkən xərcləyəcəyiniz puldan daha ucuz başa gəlir. Bahalı otellərə getməyərək, hostel və ya qonaq evlərində qalaraq, otel xərcləri olmasın deyə səyahətləri gecə edərək, avtobus və qatarla səfər edərək səyahətinizi ən aşağı büdcə ilə edə bilərsiniz”. Bəzi insanlar səyahətdən etməkdən xoşbəxt olmurlar, səyahət edərək heçnə əldə etmədiklərini söyləyirlər. Sanchezə görə bunun da səbəbi var: “Bəzi insanlar ömür boyu işləyib pul yığırlar. 60 yaşdan sonra isə sanki itirilən vaxtı geri qaytarmaq üçün səyahətə başlayırlar. Bu yaşdan sonra həmin insanlarda enerji qalmadığı üçün səyahət onlar üçün sıradan bir şey kimi gəlir. Mən 30 ilimi yollarda keçirdim, indi isə 62 yaşındayam. Heç pulum yoxdur, bundan sonra da qazana bilmərəm. Lakin bütün ölkələri gəzərək işləyərək qazandığım puldan daha qiymətli sərvət əldə etmişəm. Zamanımı gəzməyə sərf etmişəm, bundan peşman deyiləm və həyatımdan tam razıyam. Gəzmək bir universitetdir və mən hələ də o universiteti bitirməyən və hər gün öyrənən bir tələbəyəm. İllər öncə səyahətdən geri dönməyimin səbəbi də həyat yoldaşım oldu. Səyahətə başlayarkən gənc idim, daha çox öyrənməyə, bilməyə, özümü inkişaf elətdirməyə, həyatı daha yaxşı dərk etməyə ehtiyacım var idi və bunu ancaq dünyanı gəzməklə qazanacığımı düşünürdüm. Düşüncələrim beynimdə oaln fikirlər olaraq qalmadı, onları həyata keçirdim və dünya səyahətinə başladım.
  3. Ali Bölük
    Bir filmə baxdı, avtostopla 53 şəhər gəzdi...
    Kastamonuda universitet tələbəsi Ali Bölük bir səyahətçinin səyahət hekayəsini təsvir edən filmdən təsirlənərək, dostlarının “Edə bilməzsən” sözlərinə inad bir il yarım müddətində avtostopla 53 şəhər gəzdi. Belində 15 kq-lıq səyahət çantası ilə səyahətə çıxan 26 yaşlı Ali öz səyahət hekayəsini belə danışır: “Universitet imtahanlarından çox bezdiyim vaxtlarda tələbə yoldaşımdan “Into the Wild” adlı bir film tövsiyəsi aldım. Film bir səyahətçinin hekayəsindən bəhs edirdi. Bir qəpik belə xərcləmədən 2 il boyunca gəzən bir gəncin həqiqi hekayəsi. Filmdən çox təsirləndim və mən də səyahət etməyə qərar verdim. Öz arzumu dostlarımla bölüşdükdə heç biri bacaracağıma inanmadılar, hətta lağ edənlər də oldu. Onlara bacaracağımı sübut etmək üçün yola çıxdım. O gündən bəri bel çantamla yollardayam”. Türkiyənin Marmara, Ege, Akdeniz, İç Anadolu kimi bölgələri də daxil olmaqla ümumilikdə 53 şəhərini gəzən Ali Bölük bu səyahətinə cəmi min liradan az pul xərcləyib. Bundan sonrakı məqsədi isə Avropaya avtostopla səyahətdir.
  4. Andre Brugiroux
    193 ölkə gəzərək rekord qıran səyahətçi...
    Andre Brugiroux həyatının gənclik illərini yeni ölkələr gəzməyə sərf edən səyahətçidir. O, Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkənin hamısına səyahət etmişdir. Andre bütün ölkələrə ayaq basan ilk səyyah olaraq adını tarixə yazdırmağı bacarmışdır. Dünya səyahətçisi hətta öz səyahət təcrübələrini və xatirələrini qeydə alaraq kitab şəklində dərc elətdirmişdir. Andre Brugiroux ilk səyahətini 15 yaşında olanda edib. Hal-hazırda 79 yaşı olan səyahətçi, 1955-ci ildə etdiyi ilk səyahətinin məqsədi yeni dil və yeni mədəniyyət öyrənmək idi. Lakin bu yaşda səyahət etmək Andreyə maraqlı gəlmirdi. Çünki, onu qarşıda hərbi xidmət gözləyirdi. Buna görə də 18 yaşınadək bir neçə ölkəyə səyahət edərək geri qayıdır. Hərbi xidmətə yazılır və başa vurduqdan sonra yenidən səyahətə başlayır. Bundan sonra Andre Brugiroux bu günə qədər dayanmır. Ömrünü səyahətə sərf edən Andre səyahətlərinin əksəriyyətini avtostopla edir. 7 dəfə həbsə atılan səyyah həvəsdən düşmür və 193 ölkəni gəzərək adını tarixə yazdırır. Bununla yanaşı O, öz səyahət təcrübələrindən qazandıqları sayəsində 11 kitab yazmışdır.

Əgər bura qədər oxudunsa, deməli, avtostopla səyahət haqqında geniş məlumata sahibsən. Eyni zamanda avtostopla səyahət edən dörd insan haqqında məlumatın var. Elə isə vaxt səndədir, səyahət çantanı hazırla və bu yaxınlarda səyahətə başla! Əgər xərcdən qorxursansa, avtostopla səyahət et. Əgər avtostopun təhlükələrinə və çətinliklərinə tab gətirməkdən boyun qaçırdırsansa, o zaman Pickvisa-ya müraciət et! Pickvisa sənə hara lazımdırsa, oraya viza ilə təmin edəcəkdir!

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ: 

TƏCRÜBƏLƏRİ BİRLƏŞDİRƏN DƏYƏR

Paylaş

“Zəhərdən sərxoşlanan” hekayələr kitabının müəllifi, Azərbaycanda “İstiqlal” nəşriyyatının təsisçisi və direktorudur. Jurnalistika fəaliyyəti üzrə bir neçə əməkdaşlıqları mövcuddur.

Bədii yaradıcılığa, mütaliəyə olan sevgisi ona Bakı şəhərində “Autumn Bookcafe” konseptini yaratmağa motivasiya vermişdir.

Eyni zamanda, 20-dən çox qısametrajlı filmin müəllifidir. Çəkdiyi filmlərlə 10-a yaxın müsabiqədə uğur əldə etmiş, “Ən təsirli film” nominasiyasına layiq görülmüşdür. İngiltərədə təqdimatı keçirilmiş “Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli filminin də operatorudur.

Fotoqraf, videoqraf kimi fəaliyyəti üzrə də müsabiqələrdə qalib gəlmişdir.

Hazırda isə digər kitablarının üzərində işləyir.

Bütün bloqlar