Daxil olQeydiyyat

EV HEYVANLARI İLƏ NECƏ SƏYAHƏT ETMƏK OLAR?

DEKABR 23, 2019 2 dəq. oxu
EV HEYVANLARI İLƏ NECƏ SƏYAHƏT ETMƏK OLAR?

Sevimli ev heyvanınızdan bircə saniyə belə ayrı qala bilmirsiz, amma qarşıda sizi səyahət gözləyir? Hansısa bir tanışa tapşırmaq? Xeyir, bu yaxşı variant deyil. Ən yaxşısı balaca sadiq dostunuzu da götürüb əyləncələrə qatılın. Amma ev heyvanı ilə gəzintiyə çıxmamışdan öncə bəzi məqamları bilməlisiniz. Səyahətinizin problemsiz və rahat keçməsi üçün bunlara diqqət edin!


Öncə ev heyvanınızın səyahətə hazır olub-olmaması haqqında düşünün!
Ev heyvanınızın yaşı az və ya əksinə çoxdursa, sağlamlığında problem varsa, uzaq səyahət onun üçün çətin olar. Hava çatışmazlığı, istiliyə dözülməzliyi olan heyvanlar üçün aviasəyahət ölümlə nəticələnə bilər. Ev heyvanınızla ilk dəfə səyahət edirsinizsə, mütləq baytardan məsləhət alın. Deməliyik ki, baytarla işiniz çoxdur, müxtəlif peyvəndlər, çiplər, analizlər və s. sizin qorxulu yuxunuza çevriləcək. Bir qədər səbrli olun!


Lazımı sənədləri toplayın!
Hamının sevmədiyi proseslərdən biri də sənəd toplamaqdır. Uzun növbələr, qucaq-qucaq kağızlar, əsəb, stress... Amma sevimlinizə görə bunlara dözməli olacaqsınız.


Səyahətdən iki ay öncə baytarın yanına getməlisiniz. Öncədən deyək ki, baytarın yanına gec getməyin, hər şeyi son günlərə saxlamayın! Çünki bəzi peyvəndlər arasında 1 həftə fasilə olmalıdır, bəzi peyvəndlər isə səyahətdən 30-20 gün əvvəl olunmalıdır.

Bayaq dediyimiz ki, peyvəndlər, çiplərlə işiniz bitdikdən sonra baytar sizə müəyyən sənədləri hazırlayacaq. Bunlara dostunuzun pasportu – (içində sağlamlığı ilə bağlı bütün keçmişi  yazılır, hansı xəstəliklərdən müalicə alıb, hansı peyvəndlər vurulub və s.) , sağlamlıq sertifikatı və ölkədən çıxışı üçün təsdiqlənmiş sənədlər daxildir.


Maraqlanın!!!
Gedəcəyiniz ölkəyə heyvan gətirilməsi ilə bağlı mütləq qanunlar var. Elə ölkə var ki, sertifikat 8 gündən əvvəl götürülübsə, qəbul etmir, elə ölkə var, ümumiyyətlə hansısa bir heyvanın gətirilməsinə icazə vermir. Bundan başqa istifadə edəcəyiniz nəqliyyatın – təyyarə, qatar və s. heyvanlar üçün yaratdığı şərait haqqında məlumat tapın, hansı qaydalar, hansı qadağalar var hamısını bilin. Bilmədiyiniz kiçik bir məqam sonradan sizin üçün böyük problem yarada bilər. Məsələn, Fransaya Pitbul, mastif cinsli itlərlə, həmçinin 3 yaşdan cavan olan hər hansı bir heyvanla gəlmək qadağandır. Ərəbistana isə tutuquşunuzu gətirə bilməzsiniz. Böyük Britaniyada isə qaydalara əməl olmadığı təqdirdə dostunuz 4 aya yaxın karantində saxlanıla bilər. Bütün bu qaydalar haqqında məlumatı səyahət edəcəyiniz ölkənin səfirliyindən əldə edə bilərsiniz.


Hər şey hazır, bilet almaq vaxtı çatıb. Amma tələsməyin, biletin pulunu ödəməmişdən əvvəl Müştəri Xidmətlərinə məlumat verin. Həmçinin reysin sizin heyvanınıza uyğun olub-olmaması haqqında hava yolu şirkətindən maraqlanın. Elə hallar olur ki, sizdən öncə həmin reysə başqa biri öz dostunu qeydiyyatdan keçirib. Belə hallar olmasın deyə zəng edin, sonra heyvanınızı qeydiyyatdan keçirin, daha sonra da biletinizi alın.

Qatar səyahətində isə sizin hər şeydən əlavə baqaj qəbziniz olmalıdır. Həmçinin siz ancaq 3 nəfərdən artıq olmayan kupeyə bilet ala bilərsiniz. Bəzən isə sərnişinlər müəyyən səbəblərdən ev heyvanı ilə bir kupedə qalmağa razı olmur. Belə hallar olmasın deyə ya öncədən maraqlanın, ya da bütün kupeni alın.


Aeroporta tez gedin!
Reyisinizə bir saat qalmış evdən tələm-tələsik çıxan və qeydiyyatın bitməsinə 10-15 dəqiqə qalmış aeroporta çatanlardansınızsa, bu dəfə belə etməyin. Ən azından bir saat tez gedin. Dostunuzu qeydiyyatdan keçirilməsi, onun bütün sənədlərinin yoxlanması uzun prosesdir. Hər hava yolu şirkətinin heyvan daşınması ilə bağlı öz tələbləri var. Bunu öncədən maraqlansanız da, bəzən qeydiyyat zamanı sizə nələrisə irad tuta bilərlər. Belə anlara hazır olun!


Limana yollanmamışdan öncə baytarla danışın!
Qidalanma barədə soruşun, nələri vermək olar, nələri yox. Sakitləşdirici dərmanlar haqqında mütləq maraqlanın və baytarın tövsiyəsi olmadan dostunuza heç bir dərman verməyin, bu onun səhətini əksinə pisləşdirə bilər. Yola çıxmadan 4-6 saat əvvəl yemək verməyi dayandırın.


Dostunuz üçün ilk yardım dəstini götürməyi unutmayın!
 Əgər dostunuzun hansısa xəstləyi varsa, atdığı preparatları, həm də baytarın mələhət gördüyü dərmanları özünüzlə götürün. Gedəcəyiniz ölkədə (şəhərdə) olan ən yaxşı baytarlıq klinikalarını müəyyənləşdirin.


“Yüz ölç, bir biç!” 
Heyvanla səyahət etmək olduqca məsuliyyətli işdir. Qərar verməmişdən əvvəl hər şeyi dəyərləndirin. Ən əsası da dostunuzu rahatlıqla təmin edə biləcəksiniz? Gedəcəyiniz yerdə əminliklə deyə bilərik ki, heyvanlarla girişin qadağan olunduğu məkanlar da olacaq. Bu zaman dostunuz kimlə qalacaq? Yeni, tanımadığı yerdə tək qala biləcək? Hotel seçməmişdən əvvəl heyvalar üçün yaradılan şəraitə fikir verin. Sizi qane edirmi


Heyvanları sevin, qoruyun, qayğısına qalın. Onlara nə qədər yaxın olsaq, bir o qədər özümüzün də, heyvanlarımızın  da həyatına sevinc qatarıq.

Səyahət gözəldir.Sizin həyatınıza rəng qatan dostunuz – ev heyvanınızla isə möhtəşəm olar!

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.