Daxil olQeydiyyat

TƏK ORİGAMİ BİLMƏKLƏ DEYİL. YAPONİYAYA SƏYAHƏTDƏN ÖNCƏ BİLMƏLİ OLDUĞUMUZ 10 ŞEY

DEKABR 4, 2019 4 dəq. oxu
TƏK ORİGAMİ BİLMƏKLƏ DEYİL. YAPONİYAYA SƏYAHƏTDƏN ÖNCƏ BİLMƏLİ OLDUĞUMUZ 10 ŞEY

Bu il Yaponiyada yeni imperator Naruhitonun taxta çıxmasıyla ölkədə yeni dövrün başlandığı elan olundu. “Reiva” adlanan dövrün adı ilk dəfə çin dilində deyil, yapon dilində seçildi. Bu özü Yaponiya üçün tarixi addım idi. Yeni dövrün mənası isə hökümət tərəfindən “soyuq qışın ardından çiçəkləyən təbiət kimi, Yaponiyada da xəyallar çiçək açacaq”  mənasında açıqlandı.

Yaponiyada cinayət və zorakılıq faktları çox azdır və bu turistlər üçün Yaponiyanı seçmək üçün başda gələn səbəblərdəndir. Çünki, təhlükəsiz səyahət hər zaman önəmli faktorlar arasındadır. Bugün dünyanın inkişaf etmiş, mükəmməl təhsil sisteminə malik, özünəxas zəngin mədəniyyəti və texnologiya nəhəngi olan ölkə hamının diqqət mərkəzindədir. Uzaq şərqin gündoğan ölkəsini biz Yaponiya adlandırsaq da, onlar öz dövlətlərini Nihon (və ya Nippon) adlandırırlar. Bu yaxınlarda Nihona səfər etmək istəyirsinizsə, bu məqalədə sizinlə səyahətinizi daha rəngarəng keçirməyiniz üçün bir neçə məlumat və maraqlı faktı bölüşmək istəyirəm.


“Qonaqpərvər” yaponların çay mərasimi

Yaponların uzaq şərqdə məskunlaşması, görünür,onları şərqin qonaqpərvərliyindən də uzaq salıb. Bəli, yaponlar dünyada heç də qonaqpərvər xalq kimi tanınmırlar. Amma bir yapon tərəfindən dəvət almısınızsa, bunu mütləq dəyərləndirməlisiniz. Ən azından yapon mədəniyyətini, minimalist tərzdə dizayn edilmiş evləri və çay mərasimini yaxından görmüş olacaqsınız. Yapon mədəniyyətinin ayrılmaz hissəsi olan çay mərasimi xüsusi təmtəraqla keçirilir. Mərasimə xas özəl ləvazimatlar və xüsusi çay növündən istifadə edilir. Çay mərasiminin hər bir mərhələsi ardıcıllıqla və yüksək həssaslıqla həyata keçirilir. Amma bunlara baxmayaraq, əgər ev sahibi qonağa çay təklif edirsə, demək getmək vaxtı çatıb. Bu o deməkdir ki, çay mərasimi bitən kimi getmək lazımdır. Unutmaq olmaz ki, yaponlar evlərinə ayaqqabıyla daxil olmurlar və qonaqlar da bu adətə mütləq əməl etməlidirlər. Ümumiyyətlə, ölkədə bir sıra məkanlara ayaqqabıyla daxil olmaq olmaz.Bura dini məbədlər, muzeylər, tarixi yerlər, restoranlar da daxildir. Evləri tatamilərlə döşəyirlər. Bu sintoizm dini inancıyla sıx bağlı olan bir adətdir.


Yaponiyanın qəribə tərəfləri

Yaponlar dünyada nəzakətli xalq kimi tanınır. Yapon dilində üzr kəlməsinin iyirmiyə qədər qarşılığı var. Digər tərəfdən, yalnız yaponlar üçün adi qarşılanacaq adətlər də yox deyil. Xalq inancına görə, ağlamaq uşaqları pis ruhlardan qoruyur. Ona görə də hər il “ağlayan Sumo” yarışları keçirilir. Sumo geyimində iki uşaq Sumo güləşçiləri tərəfindən müxtəlif yollarla ağladılır. İlk ağlayan uşaq yarışmanın qalibi olur.

Ölkədə döyməli insanlara qarşı münasibət birmənalı olaraq müsbət deyil. Bu yapon mafiyası Yakuzalarla sıx bağlıdır.

13 rəqəminin uğursuzluğuna inanan yaponlar, qara pişiklərin uğur gətirəcəyinə əmindirlər.


Fərqli otellər

Yaponiya dünyanın texnologiya nəhəngi kimi yer üzündə olan robotların yarısına sahibdir. Burada robotları hər yerdə-marketlərdə, iş yerlərində, restoranlarda görmək olar. “Henn-na Hotel” adlı otelin isə bütün işçiləri  robotlardır. Resepsionda qonaqları dinozavr robot qarşılayır. Oteldə qalan müştərilərə bütün xidmətləri robotlar edir.

Fərqli otellər arasında kapsul şəklində otaqlar təklif edənlər də var. İlk dəfə daha az məkanda daha çox insana xidmət vermək məqsədi ilə bu tip otellər Yaponiyada inşa edilməyə başlanılıb. Otellər daha ucuza xidmət göstərir. Amma belə otaqlar bağlı məkan fobiyalı insanlar üçün məsləhət deyil.


Qış turizmi-Kamakura festivalı

Hər il Akita prefekturasında “Kamakura” qar festivalı keçirilir. Festival zamanı kamakura adlanan qar evlər inşa edilir. Xatırladım ki, bu festival uşaqlarınızla birlikdə qatıla biləcəyiniz möhtəşəm qar bayramıdır. Kamakuraların içərisi şamlarla bəzədilir. Qar komaların ən böyük ölçülüsü 3 metr hündürlüyündə olur. Yaponlar dini inancları ilə bağlı olaraq ən böyük kamakurada Su tanrısının şərəfinə düzəldilmiş böyük çeşmə quraşdırmağı da unutmurlar. Bəyazın, işığın və suyun saflaşdırıcı gücü festivalın fəlsəfi yükünü artırır. Kamakura zamanı qonaqlara yerli şərab və yapon mətbəxinin təamları təklif edilir. Gecələr, xüsusilə,   möhtəşəm görüntüsü olan festivalın 2020- ci il üçün keçiriləcəyi tarix artıq bəllidir. Fevralın 15 və 16-sı tarixlərində keçirələcək festival həftəsonuna təsadüf edir.


Sakura festivalı

Başqa cür Albalı çiçəyi festivalı kimi də adlandıra bilərik. Festivalın tarixi qədim zamanlara qədər uzanır. Çiçəkləmiş albalı ağacların seyri şəklində həyata keçirilir. Simvolik mənası böyükdür. Buddizmin dini baxışında olan anilik fəlsəfi görüşü ilə bağlılığı var. Bu fəlsəfi düşüncəyə görə, albalı ağaclarının bu qısa müddətlik çiçəkləmə dövrü insanlara ölümü və tale anlayışlarını xatırladır. Sakura Yaponiyanın milli rəmzidir. Hətta ikinci dünya müharibəsi dönəmində əsgərləri motivə etmək üçün sakuranın əsrlərlə forlaşmış milliyətçi simvolikasından istifadə olunurdu. Kamikadzelər ölüm uçuşlarını etməzdən öncə hərbi təyarələrin üzərini sakura çiçəyi ilə bəzəyirdilər. Sakura festivalı Ölkədən kənarda Amerikada da qeyd edilir. Amma bu festivalı Yaponiyada qarşılamaq Yaponiya səfərinə ayrıca mənəvi və fəlsəfi rəng qatmış olacaq. Hər il Sakura vaxtı Metreologiya agentlikləri tərəfindən elan edilir. 2020-ci il üçün Sakura vaxtı Martın 21-27 tarixlərini əhatə edir. Xatırladım ki, bu Tokyo şəhəri üçün açıqlanan çiçəkləmə tarixidir.


Samuray qəsri yoxsa Gate Tower?

Samuraylar Yaponiya döyüş tarixiylə birbaşa bağlıdırlar. Müasir dövrə qədər gəlib çıxan samuray qəsrləri bugün turistlərin üzünə açıqdır. Yaponiyanın ikinci ən böyük şəhəri Osakada yerləşən XVI əsrə aid beş mərtəbəli Osaka qəsri tarixi yapon tikiliş tərzi ilə göz oxşayır. Qəsrin ən maraqlı özəlliklərindən biri xaricdən beş, daxildən səkkiz mərtəbədən ibarət olmasıdır. Sakura festivalı zamanı da bura turistlərin ən çox ziyarət etdikləri məkanlar arasında olur. Qəsrin Osaka şəhərinə açılan gözəl panoraması var. Şəhərin digər xüsusi özəlliyə sahib tikilisi Gate Tower göydələnini vurğulamadan keçmək istəmirəm. Belə ki, bu 16 mərtəbəli binanın 5 və 7-ci mərtəbələrindən böyük avtomobil yolu keçir.


Qəribə kafelər

Turistlər Yaponiya səyahətlərini unudulmaz etmək istəyirlərsə, ölkədə fərqli tərzdə xidmət təklif edən kafelərə baş çəksələr kifayətdir. Siyahıda itlərin, pişiklərin, ilanların, dovşanların və başqa heyvanların olduğu kafelər var. Bura ən çox evində heyvan saxlaya bilməyən yaponlar gəlir. Digər tərəfdən ancaq kişilərə və qadınlara xidmət göstərən kafelər də mövcuddur.


Animasiya sevgisi

Yaponların animasiya sevgisini ölkənin hər yerində görmək mümkündür. Düşünə bilərsiniz ki, Oskar mükafatı alan dünyaca məşhur animasiya yaradıcısı Hayao Miyazakinin vətənində bu gözləniləndir. Və ya məşhur anime obrazı Qodzillanın rəsmi olaraq Yaponiya vətəndaşı olduğu ölkədə bu heç də təəccüblü hal olmamalıdır. Statiskaya görə, il ərzində ölkədə anime və manqa seriyasına aid kitablar milyon tirajlarla çap olunur. Tokioda fəaliyyət göstərən Hayao Miyazakinin ailəsinə aid şirniyyat evində anime qəhrəmanları formasında şirniyyatlar təklif edilir və bu şirniyyatlar ölkədə yeganə olaraq burada satılır. 


Nakano Broadway

Əgər Tokiodasınızsa, Nakano Broadway alış-veriş kompleksinə mütləq baş çəkin. Çünki burada hər cür hədiyyəlik əşyalar satan mağazalar, brend butiklər, oyun mərkəzləri, restoranlar, kafelər tapmaq mümkündür. Bununla yanaşı həm də anime və manqa həvəskarları da bura üz tuturlar. Çünki hər cür animasiya kitabları, filmləri, oyuncaqlarını buradan əldə etmək imkanı var. Əlavə olaraq, Nakano dəmiryolu vağzalından alış-veriş kompleksinə qədər uzanan 225 metr uzunluğunda Sunmall örtülü bazarı da hər cür mağazalarla turistlərə xidmət göstərir.


Tənhalar ölkəsi

Dünyada yaşlı insanların sayına görə Yaponiya siyahıda birinci yerdədir. Gənc nəslin azlığı yerli işçi qüvvəsi problemini ortaya qoyur. Uzunömürlü insanların sayına görə də birincilik bu ölkədədir. Bu Yaponiyada əhalinin yaşlanma və tənhalaşma faizini artırır. Bu tənhalaşmanı azaltmaq üçün ölkədə fərqli xidmətlər təklif edən şirkətlər də ortaya çıxmağa başlayıb. “Family Romance Company” belə şirkətlərdəndir. Şirkətə müraciət edənlər ailə üzvləri kirayələyə bilirlər. Bir neçə saatlıq tənhalıqdan uzaqlaşmaq istəyənlər övlad, ata, ana, bacı, həyat yoldaşı kirayə edə bilirlər.


Yaponiya səyahətsevərlərin ən azından bir dəfə də olsa, ziyarət etmək istədikləri ölkələr arasındadır. 2020 Yay Olimpiadasının Tokioda keçirilməsi, Yaponiyaya səyahəti qaçınılmaz edir. Hər il göndoğan ölkəyə səfər edənlərin sayı artmaqdadır. Görünür, bu rəqəm 2020-ci ildə daha yüksək olacaq.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

YAPONİYANIN GƏZMƏLİ YERLƏRİ 

SENQAKUJİ MƏBƏDİNDƏ YATAN 47 SAMURAY

SUŞİNİN TARİXİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.