Daxil olQeydiyyat

Şİmal işIqlarına baxın. Laplandiyaya səyahət

MART 2, 2020 4 dəq. oxu
Şİmal işIqlarına baxın. Laplandiyaya səyahət

Bəlkə də hər il qış yaxınlaşdıqca hər birimiz ömrümüzdə bir dəfə də olsa Santanın vətəninə, o bəyaz örtüklü nağıllar aləminə səyahət etməyin arzusunu qururuq. Kiçik bir araşdırma etdikdən sonra bu istəyimizin arzu olaraq qalacağını düşünürük. Bəli, Laplandiyaya getmək maddi cəhətdən heç də asan deyil. Tur şirkətləri ilə adambaşı 2-3 min manatdan başlayan qiymətləri gördükdən sonra bu qədər pulu verməyə dəyərmi deyə düşünür insan?!

Bu dəfəki yazımda Laplandiyaya getmək yollarından, oradakı xərclərdən, şimal işıqlarından danışacağam. Bəlkə də tur şirkəti ilə deyil, özünüz səyahətinizi təşkil edərək, daha ucuza başa gətirə bilərsiniz.

İlk əvvəl Laplandiya haqqında yanlış bildiyimiz bir məsələyə aydınlıq gətirim ki, Laplandiya sadəcə Finlandiyadan ibarət deyil. Yəni Laplandiya deyib Finlandiyanı nəzərdə tutmaq biraz yanlışdır. Çünki, Laplandiya deyilən ərazi Şimal qütbü dairəsini (Arctic Circle) əhatə edir və bu əraziyə həmin qütb dairəsində yerləşən Finlandiya, İsveç, Norveç və Rusiyanın şimal bölgələri daxildir. Bu ərazilərdə Sami irqindən gələn samilər yaşayır. Fin-Uyğur dil ailəsi qrupuna mənsub olan samilər ovçuluq, balıqçılıq və şimal maralı çobanlığı ilə məşğul olurlar. Digər bölgələr də Laplandiya ərazisi olmağına baxmayaraq, Finlandiyanın Laplandı əsas turistik bölgə sayılır. Rovaniemi Laplandiya bölgəsinin paytaxtıdır. Rovanieminin turistik olmasına səbəb burda yerləşən “Santa Claus Village” və “Santa Park” tematik parklarına olan maraqdır. Rəvayətlərə görə, Santa Claus Rovaniemiden 170 km aralıda, Korvatunturi dağlarında doğulub və Santanın evi “Santa Claus Village” tematik parkında yerləşdiyindən, həmin parka turistlər tərəfindən böyük maraq var. Orada siz Santayla görüşüb şəkil çəkdirə və hətta Santanın poçtundan istədiyiniz ünvana məktub göndərə bilərsiniz. Bundan əlavə parkda “husky”-lərlə tur, şimal maralları ilə gəzinti edə bilərsiniz.


Rovaniemiyə nə zaman getmək olar?
Əgər Laplandiyada qış nağılı yaşamaq istəsəniz, o zaman dekabr - mart aylarında yolunuzu oralardan salın. Düzdü dekabrda Milad və Yeni il ərəfəsində əsas turistik mövsüm olduğuna görə qiymətlər çox yüksək olur. Fevraldan marta qədər isə qiymətlər nisbətən azalır. 


Rovaniemiyə necə getmək olar?
İlk əvvəl onu qeyd edim ki, Finlandiya Şengen ərazisinə daxil olduğu üçün şengen vizanızın olması şərtdir. Rovaniemiyə getmək üçün bir neçə variant var. Azərbaycandan birbaşa uçuş olmadığına görə ya İstanbul-Helsinki, ya da Moskva-Helsinki uçuşlarından istifadə etmək olar. Ya da daha ucuza Gürcüstan üzərindən low-cost hava yolları ilə Helsinkiyə uçmaq olar. Helsinkidən isə təyyarə, avtobus və ya qatarla Rovaniemiyə getmək olar. Digər variant isə Tallinə gedib ordan gəmi ilə Helsinkiyə gedib ordan da Rovaniemiyə getmək olar. Helsinkidən Rovaniemiyə təyyarə ilə 1 saat 15 dəqiqəlik məsafədir. Qatarla isə 12 saatlıq yoldur. Teyyare ilə Helsinkidən Rovaniemiyə “FinnAir” hava yolları ilə gedə bilərsiniz. Avtobus qiymətləri adambaşı 35 euro, qatar qiymətləri isə kupeli olmağından asılı olaraq adambaşı 80-120 euro arası dəyişir. Qatar biletləri tez bitdiyinə görə məsləhətdir ki, 2-3 ay öncədən alına. Qatar biletlərini www.vr.fi saytından online olaraq ala bilərsiniz. 


Laplandiyada nələr geyinməliyik?
Əgər gedəcəyimiz yerdə havanın temperaturu -20 dərəcələrdə olacaqsa, bəli bu haqqında danışılacaq ayrıca bir mövzudur Laplandiya üçün. Oranın geyim qaydası var ki, bunun da əsasını qat-qat geyinmək təşkil edir. Ancaq elə-belə geyim yox, xüsusi olaraq termal içlikli qarda islanmayan, su keçirməyən geyimlər olmalıdır. Geyəcəyiniz paltarlarda diqqət etməli olduğunuz məqam, tərlətməyən materialın olmasıdır. Yaxşı olar ki, materialı yundan olan jaketlər, corablar geyinəsiniz.


Laplandiyada harda qalmaq olar?
Əsas məsələ ora gedərkən qalınacaq yer seçməkdir. Laplandiyada münasib qiymətə bir otel ya da ev tapmaq üçün yaxşı olar ki, ən az 3-4 ay öncədən tutasınız qalacağınız məkanı. Laplandiyada qalmaq üçün bahadan ucuza doğru bir neçə seçim var. Əlbəttə, büdcəniz imkan verirsə, şimal işıqlarının altında gecələmək istəsəniz iglo otellərdə qala bilərsiniz. Həmin otellərin qiyməti gecəsi 300-400 eurodan başlayır. Bu otellər şimal işıqlarını daha aydın görmək üçün  adətən mərkəzdən biraz kənarda olur. Gəziləcək yerlərə yaxın qalmaq istəsəniz Santa Claus Holiday Village tematik parkındakı otelləri seçə bilərsiniz. Burda qiymətlər 200 eurodan başlayır. Bir də daha sərfəli seçim var ki, o da şəhər mərkəzində otel, hostel və ya ev kirayəsidir. Gecəsi 80-90 eurodan başlayan qiymətlərlə otel və ya ev kiralaya bilərsiniz. Sadəcə bir problem var ki, Santanın tematik parkına getmək üçün avtobus saatlarını izləməli olacaqsınız. 


Laplandiyada nələr etmək olar?
Laplandiyada gəzilməli-görülməli yerlər siyahısında ilk başda şimal maralları və “husky”-lərlə gəzinti, Santanın evini görmək, şimal işıqlarını izləmək, donmuş göldə balıq tutmaq kimi fəaliyyətlər var. “Santa Claus Village” daxilində həm marallarla, həm də “husky”- lərlə safari turları var. Bu turların qiymətləri məsafədən asılı olaraq dəyişir. Marallarla gəzinti turları adambaşı 18 eurodan başlayır. Daha ətraflı məlumat üçün https://www.santaclausreindeer.fi/ saytına nəzər sala bilərsiniz. “Husky” safari turları isə adambaşı 30 eurodan başlayır. Daha ətraflı məlumat üçün  https://huskypark.fi/program-and-prices/ saytına nəzər sala bilərsiniz. 


Qütb parıltısı nədir?
Elmi adı Aurora Borealis olan Şimal işıqları Laplandiyaya gələnlərin ən çox görmək istədiyi təbiət hadisəsidir. Digər adı qütb parıltısı olan bu təbiət hadisəsi dünyanın maqnit sahəsi ilə günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii işıqlardır. Bəs bu qütb parıltılarını harda görmək olar? Hansı mövsümdə izləmək olar? Qütb parıltılarını qütb dairəsində yerləşən bölgələrdə görmək olur. Nə qədər şimala gedərsəniz, o qədər çox qütb parıltısı görmə şansınız artar. Bu ərazilər Finlandiya, Norveç, İsveç, İslandiya, Rusiyanın şimal bölgələri, Kanadanın şimal bölgələri, Şotlandiyanın Caithness sahillərini əhatə edir. Şimal işıqları Finlandiya Laplandiyasında ildə 200 gecə görünə bilirmiş. Şimal işıqları daha çox oktyabr-mart ayları arası görünür. Amma ən əlverişli mövsümü isə oktyabr və mart ayıdır. Çünki soyuq qarlı-boranlı qış gecələri başlamadan aydın səmada asanlıqla görmək olur. Mart ayında da artıq qışın sonu olduğu üçün buludlu gecələrin olma ehtimalı azdır. Dekabr, yanvar, fevralda görmək biraz şans işidir. Çox adam olub ki, həmin ərəfədə qütb dairəsinə gediblər, amma qütb parıltısını görmədən geri qayıdıblar. Ona görə də sırf qütb parıltısını görmək istəyənlər tarixlərə önəm verməlidirlər. Hazırda “Aurora Forecast” programları var ki, həmin “app”-lərı telefonunuza yükləyərək, hansı tarixlərdə, hansı ərazilərdə şimal işıqlarının göründüyünü öyrənə bilərsiniz. Amma təbii ki, bunun üçün açıq səma olması vacibdir. Buludlu günlərdə şimal işıqlarını görmək mümkün olmur. Şimal işıqlarını görmək üçün də turlar təşkil olunur. Qiymətləri adambaşı 125 eurodan başlayan bu turlar müştəriləri olduqları yerlərdən götürərək, şimal işıqlarının görünə biləcəyi ərazilərə aparırlar. Əgər oteliniz şəhər kənarındadırsa, tura ehtiyac qalmadan da özünüz gecə yarısı şimal işıqlarını izləyib, o möhtəşəm görüntüdən zövq ala bilərsiniz. Əsas odur göyün üzü buludsuz olsun. Buludlu bir gün olarsa tur belə o işıqları sizə göstərə bilməz. 


Ümid edirəm ki, Laplandiya haqqında verdiyim məlumatlar səyahətinizi planlamaqda işinizə yarayacaq.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

"SEHRLİ ALƏM" – QÜTB PARILTISI

YEKATERİNANIN TARİXİ SƏHVİ.ALYASKANIN SATILMASI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.