Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Vüsalə Sənəm MikayılVüsalə Sənəm Mikayıl 19 FEVRAL 2020 776 views 4 dəq. oxu

Bu yerlərə gedəcək bir igid axtarilir. Ən təhlükəli yerlər.

776 views 4 dəq. oxu
uploads/blog/dead2.jpg

Bütün səyahətsevərlər öz səfərlərinin ideal və yaddaqalan olmasını istəyirlər. Amma bəzən yaddaqalan səfərlər ideal olmaya da bilir. Səyahətlər zamanı turistlər gözlənilməz surprizlər və təhlükəli məkanlarla qarşılaşa bilirlər. Düzdür, bu gün çox sayda turist cəlb etmək üçün ölkələr fərqli sloqanlar, videoçarxlar vasitəsilə ölkələrinin ən rəngli, təhlükəsiz görüntülərini və məkanlarını paylaşırlar. Bu bloqda həmin çarxlarda kadra alınmayan ən təhlükəli səyahət məkanlarına nəzər salacağıq.


Danakil səhrası - Şərqi Afrika
Afrikanın adı belə, hərhalda, insanlarda müəyyən bir təhlükə anlayışı formalaşdırır. Danakil səhrasında isə təhlükə tamam başqa səviyyədədir. Bura Efiopiyanın şimal-şərqində yerləşir. Çox sayda zəhərli qazlar və yüksək temperatura səbəb olan vulkanlar və qeyzerlərlə məşhurdur. Danakildə gündüzlər temperatur 50° C ola bilir. Buranı təhlükəli edən daha bir səbəb də var. Ölkədə çox sayda insanların qaçırılma halları mövcuddur. Buna baxmayaraq, “dünyadakı cəhənnəm” adını alan Danakilə turistlər axın edir. Çünki burada olduqca gözəl mənzərə var. Ərazidə bələdçi olmadan gəzmək qadağandır.


Brazilya
Brazilya da təhlükəli ölkələrdən hesab edilir. Düzdür, hər il rəngli karnavallarına görə bura milyonlarla turist gəlir. Amma Rio yaxınlığında yerləşən Alagoas adası təhlükə səviyyəsinə görə olduqca yüksək statistikaya malikdir. Adanın 3 milyona yaxın sakini olsa da, illik öldürülmə hadisələri 2000 nəfərdən çoxdur. Yenə də Brazilyaya getmək istəyirsiniz? İlanlar adasına necə getməyə cəsarətiniz var? O igid mənəm deyirsinizsə, sizə koordinatları verə bilərəm. Adanın əsl adı “İlha de Queimada Grande”-dir. San Paulo sahillərində yerləşir. Bura ən zəhərli ilanların məskənlərindən biri kimi tanınır və hər kvadrat metr əraziyə beş ilan düşür. “Bothrops İnsularis” adlı zəhərli ilan dünyada yalnız buradadır. İlanın zəhərinin insan ətini belə əridəcək gücdə olduğu bildirilir. Hökümət bura səyahəti qadağan etsə də, turistlər bura yollanmağa can atırlar. Brazilyanın təhlükəli bölgələri arasında Manaus da var. Bura Amazon tropik meşələrinin mərkəzində yerləşir. Şiddətli tropik yağışlar, zəhərli ilanlar, vəhşi heyvanlar Manausun hər yerindədir. Burada əhali arasında cinayət səviyyəsi yüksəkdir. Brazilyadakı siyasi xaos və cinayət abu-havası yerli əhalinin və qonaqların həyatına birbaşa təsir edir.    


Nyos gölü - Kamerun
Nyos Kamerunda yerləşir. Afrikanın qərbindəki bu göl olduqca gözəl mənzərəyə və mavinin ən gözəl tonuna malikdir. Göl aktiv vulkan qatınının üzərində yerləşir. Maqma qatından gölə sızan karbon dioksid baş verə biləcək zəlzələ və ya sürüşmə zamanı zəhərli qazın havaya yayılmasına səbəb ola bilir. 1986-cı ildə gölün “partlaması” nəticəsində 1700-dən çox insan həlak olmuşdu. Fəlakət gecə baş verdiyindən yerli əhali yuxudaykən karbon dioksid zəhərlənməsinə məruz qalmışdı. Ətrafda olan bütün canlılar, demək olar ki, bu hadisə nəticəsində məhv olmuşdu. Belə bir hadisənin baş verməməsi üçün bir sıra tədbirlər görülsə də təhlükə hələ də qalmaqdadır.


“Skeleton” sahili - Namibiya
Namibiyanın Atlantik okeanı sahillərində yerləşir. Sahil Anqola çöllərinə qədər uzanır. Bura öz adını sahildə olan heyvan sümükləri və gəmi xarabalıqlarına görə alıb. Həm də 1944-cü ildə Con Henri Marşın “Dunedin Star” adlı gəminin batması ilə əlaqədar yazdığı eyniadlı əsərin məşhurlaşması nəticəsində sahil belə adlanmağa başladı. Təhlükəli ətraf mühitə sahibdir. Burada hər cür vəhşi heyvan mövcuddur. Sahil sularında 11 köpək balığı üzür. Buşmenlər buranı “Tanrının qəzəblə yaratdığı torpaqlar”, portuqal dənizçiləri isə “Cəhənnəm qapıları” adlandırıblar.


"Mount Sinabung" - İndoneziya
İndoneziya öz ekzotikası ilə hər il minlərlə turist qarşılayır. Amma burada da təhlükəli ərazilər mövcuddur. Sumatra adasında aktiv vulkan SinabunQ bölgə üçün əsl təhlükə mənbəyidir. Dəfələrlə vulkan püskürməsi nəticəsində ada isti lava və kül təbəqəsi altında qalıb, çox saylı insan tələfatına səbəb olub. Ən son vulkanik partlayış 2018-ci ildə baş verib.


Suriya
Suriya silahlı qarşıdurmalar, aclıq, kimyəvi silahların tətbiqi və insanların üzləşdiyi məhrumiyyətlərə görə həyat səviyyəsi ən aşağı olan ölkələrdəndir. Bir zamanlar turistlərin axın etdiyi məşhur bazarları və tarixi abidələri bugün xarabalıqlara çevrilib. Yaxın Şərqin qaynar nöqtəsinə səfər olduqca təhlükəlidir. Çox saylı terror aktları, qaçırılma halları, xaos, ölüm qorxusu burada həyatı iflic edib. Ardı-arası kəsilməyən silahlı qarşıdurmalar buranı ən təhlükəli ölkələrdən edir.


Şimali Koreya
İnsan haqqlarının yox dərəcədə olduğu ölkə kimi tanınır. Təhlükəli xüsusiyyəti də elə budur. Şimali Koreyada diktatura rejimi hakimdir. Azadlıq və demokratiyadan uzaq ölkədə insan hüquqlarının pozulma halları turistlər üçün də keçərli ola bilir. Burada turistlər daim dövlət nəzarətində olur. Turistik bölgələrə səfər dövlətin təyin etdiyi şəxslər tərəfindən həyata keçirilir. Oteldən tək çıxmaq qadağandır. Yəni, Şimali Koreya ölkəyə gələn qonaqlara da diktatur rejimini tətbiq edir.


"Fraser" adası - Avstraliya
Təhlükə mənbəyi canlılardır. Adada zəhərli hörümcəklər var. Buradakı vəhşi dinqo itlərindən qaçıb suya atılsanız, orada sizi zəhərli meduzalar qarşılaya bilər. Bəli, buranın suyu da, quru zonası da zəhərli canlılarla zəngindir. Amma adanın dupduru suyu, ağ qumlu sahili və mənzərəsi olduqca cəlbedicidir. Hər halda, adrenalinli səyahət arzusunda olanların belə bura getməzdən öncə yaxşıca fikirləşməsi lazımdır.


"Mailu Suu" - Qırğızıstan
Təəssüf ki, dünyanın bir çox yerində radioaktiv çirklənməyə məruz qalan bölgələr var. Qırğızıstanın "Mailu Suu" şəhəri də radioaktiv çirklənmənin yüksək olduğu ərazi kimi tanınır. Burada uranın emalı Sovet dövründə başlayıb. Bölgənin aktiv seysmik zonada yerləşməsi radioaktiv çirklənmə arealının böyüməsi təhlükəsini artırır. Həqiqətən, bura səfər etmək radiasiya səbəbindən insan həyatında qalıcı xəsarətlərə səbəb ola biləcək bir yerdir.


Monroviya - Liberiya
Liberiyanın paytaxtı Monriva da təhlükəli yerlər siyahısındadır. Burada yoxsulluq olduqca yüksək həddədir. Şəhərdə Afrika qitəsinin ən böyük xarabalıqları yerləşir. 75000-dən çox əhali burada ağır şərtlər altında yaşayır. Şəhərdə anti-sanitar vəziyyət, cinayətlər, epidemiyalar, insan alveri və qaçırılma halları hakimdir. Ekoloji çirklənmə və daşqınlar təhlükəni artıran digər amillərdir.


Natron gölü - Tanzaniya
Natron gölü əsl ölüm mənbəyidir. Natron Qreqori uçurumunda yerləşir və dünyanın ən təhlükəli su qaynağı kimi tanınır. Burada suyun pH səviyyəsi 10, duzluluğu yüksəkdir. Suya düşmüş cisimlər qısa müddətə ərplənir, hətta suyun tərkibində olan kimyəvi maddələr kağızdan mürəkkəbi belə ayıra bilir. Bir damlası belə insan dərisində kimyəvi yanıqlara səbəb ola bilir. Suyun tərkibindəki turşuluq miqdarının artıq olması burada tənəffüsü də çətinləşdirir.


Haiti
Haitinin turizm üçün əlverişli təbiəti olsa da, bəzi təhlükəli səbəblərinə görə bu siyahıda yer almalı olur. Ölkə Karib dənizi sahillərində yerləşir. Kuba və Dominiklə qonşudur. Haitidə əhali arasında yoxsulluq artmaqdadır və insanların həyat səviyyəsi aşağıdır. Bu da ölkədə cinayətkarlıq və xaosun artmasına səbəb olur. Haitidə vaxtaşırı baş verən daşqın və qasırğalar həyatı iflic edir. Torpaq sürüşmələri nəticəsində insanlar evsiz-eşiksiz qalırlar. Ölkədə xarabalıqlar, gecəqondular və cinayət halları artmaqdadır.


Fukişima - Yaponiya
Buranın təhlükəli xüsusiyyəti radioaktiv şüalanmanın yüksək səviyyədə olmasıdır. 2011-ci ildə prefekturada baş vermiş güclü zəlzələ sonrası nüvə bazasında partlama baş verdi. Bu dəhşətli hadisə nəticəsində bölgə radioaktiv çirklənməyə məruz qaldı. İndi də bu təhlükə qalmaqdadır. Ərazidə yaşayan insanlar arasında şüalanmadan sonra bir sıra deformasiyalar müşahidə olunur.


Ölüm Vadisi - Kaliforniya
ABŞ-ın Kaliforniya ştatının şərqində Nevada ilə sərhəddə yerləşən və Ölüm Vadisi adlanan bölgə öz təbii faktorlarına görə ziyarətçilərə təhlükə və çətinliklər yaradır. Burada hökm sürən yüksək hava temperatur və güclü qasırğalar bölgədə hərəkəti çətinləşdirir. Burada yay aylarında temperatur gündüzlər müsbət 57 °-yə çata bilir. Qışı isə olduqca sərt keçən vadidə qasırğalar da təhlükəli vəziyyət yaradır. Buna baxmayaraq, vadinin olduqca gözəl və fərqli mənzərəsi var.


Şimali Sentinel adası - Hindistan
Hindistanın ekzotik təbiəti və mədəniyyəti turistləri özünə həmişə cəlb edir. Amma burada elə bir yer var ki, ziyarətçilər üçün olduqca təhlükə doğura bilər. Təhlükə mənbəyi Sentinel adasının sakinləridir. Yerli əhali gələn qonaqlara qarşı heç də qonaqpərvər münasibət bəsləmirlər. Əhali öz qəbilələri xaricindən heç kimlə əlaqə qurmamağı üstün tuturlar. Bu hətta düşmənçilk həddinə belə çata bilir. Buna görə də bura səyahət çox təhlükəli hesab edilir. Amma Sentinel adasının sahil suları, çimərlikləri və təbiəti çox cazibədardır.

Siyahıdan da göründüyü kimi bu qorxulu səyahət məkanlarına getmək, həqiqətən, böyük ürək tələb edir. Unutmaq olmaz ki, dünyada yetəri sayda səyahət ediləcək qorxu və təhlükədən uzaq füsunkar məkanlar var. İstənilən halda təhlükəsiz və xəsarətsiz başa vurulan səfər həmişə ən ideal səyahətdir.

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

BU ÖLKƏLƏRDƏ BUNLARI ETMƏK OLMAZ

DÜNYANIN ƏN QEYRİ-ADİ İÇKİLƏRİ

YEMƏKDƏN ÇƏKİNMƏLİ OLDUĞUNUZ 5 YEMƏK

Paylaş

Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Klassik və avtobioqrafik kitablar oxumaq, səyahət etmək, özünü daima inkişaf etdirmək yolunda musiqi onun ilhamlandırır. Rob Qonzalves və Salvador Dalinin rəsm əsərləri ilə maraqlanır. Yazar, araşdırmaçı-jurnalist, bloqer kimi fəaliyyəti yolunda addımları dəyərləndirir.

Bütün bloqlar