Daxil olQeydiyyat

“SEHRLİ ALƏM” – QÜTB PARILTISI

YANVAR 7, 2020 3 dəq. oxu
“SEHRLİ ALƏM” – QÜTB PARILTISI

Qütb parıltısı dünyamızın əsl möcüzəsidir. Vikinqlər ilk dəfə qütb parıltısını görəndə bunu ölmüş qəhrəmanları Valhallaya aparan valkirilərin qılınclarının şüası sanıblar. Saamilər isə parıltını ölülər dünyasından dirilərə xəbər çatdıran işıq adlandırır. Müxtəlif əfsanələr indi də mövcuddur. Parıltını görən insanlar isə onu eşitdiklərini də söyləyir, işığın qəribə bir pıçıltısı da varmış.

Sizə qərb parıltısını görmək üçün hansı “sehrli aləmlərə” yollana biləcəyinizi, “qütb parıltısı nədir?” sualına cavabımızı və tövsiyələrimizi təqdim edirik.

Deyirlər ki, möcüzələr bizi əhatə edir, bu həqiqətən belədir. Əvvəlcə bəzi yalnış fikirləri aradan qaldıraq, şimal parltısı yalnız güclü şaxta, çoxlu qar olan zaman və uzaq-uzaq şimalda baş vermir. Qısaca desək, qütb parıltısı dünyanın maqnit sahəsi ilə Günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii işıqlardır və bu HƏMİŞƏ baş verən hadisədir. Sadəcə olaraq bəzən bu təsir zəif, bəzən güclü olur, bu səbəbdən insan gözü işığı hər zaman sezə bilmir.

İşıqların rəqsinə baxmaq istəyənlər dəqiq proqnoz istəyirlər. Dəqiq zamanını müəyyən etmək mümkün olmasa da, ənənəvi olaraq 21 sentyabrdan 21 marta qədər bu qeyri-adi hadisəyə rast gəlmək şansı daha yüksəkdir. Hal-hazırda günəşin aktivliyini müəyyən edən müxtəlif tətbiqlər, proqramlar mövcuddur. Onların vasitəsi ilə təqribi də olsa, harda və nə zaman bu gözəl mənzərəni “yaxalayacağımızı” müəyyənləşdirə bilərik. Qeyd edək ki, bu ov heç də asan iş deyil.

Dünyanın bu “işıq festivalı”nı görmək çətin olsa da, qarşınıza məqsəd qoysanız, uğur sizə gülümsəyəcək. Şimal işıqlarının görüldüyü yerləri sizə təqdim edirik ki, məqsədinizə tezliklə çata biləsiniz.


NORVEÇ
Burada Şimal parıltısının paytaxtı adını qazanacaq şəhər var – Tromso. Tromso əhalisi öz qış sevgisi ilə tanınır. İki ay müddətində burda hava soyuq, gecə və gündüzləri qaranlıq keçsə də, insanların səmimiliyi qəlbləri isidir. Yaşıl işıqların rəqsinə baxmaq üçün də bura gözəl seçimdir. Tromosonun dağları qütb parıltısının fonu üçün ecazkar dekorsiya rolunu oynayır. Hər il şimal işıqları səmanı boyayan zaman Tromsoda “Nordlysfestivalen” musiqi festivalı keçirilir. Qütb parıltısını seyr etmək üçün ən əlverişli zaman isə oktyabr mart aylarıdır.


FİNLANDİYA
İvalo şəhərində sizi nağılvari mənzərlər, qış romantikası ilə dolu peyzajlar qarşılayacaq. Bura da hər 5 gecədən 4-də şimal işıqlarına rast gələ bilərsiz ki, bu da İvalonu seçməyiniz üçün səbəb ola bilər. Laplandiyada yerləşən İvaloda maşın sədalarından, şəhərin səs-küyündən azad olub ailənizlə əsl qış nağılını yaşaya bilərsiz. Kiçik hotellər isə sizi isidəcək milli yeməklər təklif edir.


İSLANDİYA
Əgər üşümədən qütb parıltısını seyr etmək istəyirsizsə, İslandiyaya yollanın. İqlim burada daha mülayimdir, temperatur nadir hallarda sıfırdan aşağı olur. Yağıntının az olması şimal işıqlarını Aküreyri şəhərinin səmasında görmək ehtimalını artırır. İslandiyanın təbiətindən isə ayrıca dastan yazmaq olar. Parıltnı görməsəz belə, İslandiyaya gəlməyinizə peşman olmazsız. İslandiyanın şəlalə, qeyzer və buzlaqları qütb parıltısının müşahidə olunduğu digər yerlər qarşısında onun böyük üstünlüyüdür.


İSVEÇ
İsveçin balaca kəndi Abisku şimal qütb dairəsindən 200 kilometr aralıda yerləşir, bu səbəbdən ən parlaq şimal işıqları burada müşahidə olur. Aurora Sky Station mərkəzi qürurla özünü “şimal işığını görmək üçün dünyanın ən yaxşı yeri” adlandırır və bu əsassız deyil. Hava şəraitindən asılı olmayaraq səma daim aydın olur, aylı gecələrdə mənzərə unudulmaz olur.


ALYASKA
Alyaskanı seçən ovçularımız qalib kimi qayıdacaq. Şimal enliyində yerləşdiyinə görə Ferbanks şəhəri tez-tez yaşıl işığın təsadüf olunduğu yerlərdən biridir. Xüsusi təşkil olunan turlara qoşularaq şimal işığına tamaşa etmək üçün daha maraqlı, qeyri-adi yerlərə gedə bilərsiniz. Parıldayan yaşıl işığı avqustdan may ayına qədər seyr etmək olur.


Nə zaman və hara gedəcəyimizi müəyyənləşdirdik.  İndi də özünüzlə götürməli olacağınızlardan bəhs edək.

Mütləq kirayəyə maşın götürün. O, sizə təkcə qütb parıltısını daha yaxşı görmək məqsədilə yeri müəyyən etmək üçün deyil, həm də isinməyə kömək edəcək. Həmçinin özünüzlə bir neçə ehtiyata benzin götürməyi unutmayın.

İsinmək üçün isti çay dolu termos, isti ayaqqabı, qalın geyim götürün. Soyuqda uzun müddət qalmalı olacaqsız, həmin anda bunlar sizin üçün əvəzsiz olacaq.

Keyfiyyətli fotoaparat, ştativ, ehtiyyat üçün akkumulyator və batareyalar da sizə çox lazım olacaq. Şimal işıqlarının möhtəşəm rəqsini təbii ki, adi telefon kamerası ilə çəkməyəcəksiz.  Öncədən özünüzə ya fotoaparat alın, ya da dostlarınızdan istəyin. Həm də bir qədər şəkil çəkməyi sınayın. Axı belə bir andan yaxşı şəkilləriniz olmasa, üzülərsiniz.

Soyuqda batareyalar tez “ölür”. Həm telefonunuz, həm fotoaparat və kameranız üçün akkumulyator götürün ki, lazım olan zaman əli boş qalmayasız.

Artıq qütb parıltısını ovlamağa tam hazırsız!


İldən-ilə yaşıl işıqları görmək istəyənlərin sayı artır. Lakin hər kəs bu möhtəşəm mənzərə ilə qarşılaşa bilmir. Uğur sizinlə olmasa, bəxtinizdən şikayətlənməyin. Axı şimal işıqları dünyanın sonunсu möcüzəsi deyil ki. Əslində dünya özü elə möcüzələr diyarıdır.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.