Daxil olQeydiyyat

The Guardian: “Avropada 10 ən yaxşı aşkar olunmamış sərgüzəştlər: oxucuların rəyləri”

NOYABR 6, 2019 7 dəq. oxu
The Guardian: “Avropada 10 ən yaxşı aşkar olunmamış sərgüzəştlər: oxucuların rəyləri”

2018-ci ildə İngiltərənin "The Guardian" nəşri “Avropada 10 ən yaxşı aşkar olunmamış sərgüzəştlər: oxucuların rəyləri” (10 of the best off-grid adventures in Europe: readers’ tips) adlı məqalə dərc etmişdir. Məqalədə, nəşr oxucularının rəyləri əsasında formalaşan siyahıda Avropada qeyri-adi macəra yaşamaq istəyənlər üçün 10 ən yaxşı məntəqənin siyahısını dərc etmişdir. Azərbaycanın Xınalıq yaşayış məntəqəsi də bu siyahıda yer alıb. Qeyd edim ki, təkcə "The Guardian" deyil dünyanın bir çox nüfuzlu nəşrləri Xınalıq haqqında yazır və buraya turistlərin marağı günü-gündən artmaqdadır. Bəs Xınalığı həm xarici, həm də yerli turistlər üçün bu qədər cəlbedici edən nədir? Bu uğurun sirrinə qısaca sayahət etmək qərarına gəldim. Bu bloqda həm Xınalıqla bağlı şəxsi təcrübəmi, həm də Xınalıq və xınalıqlılar haqqında tədqiqatçıların fikirlərini sizə çatdırmağa çalışacam.  


Xınalıq harada yerləşir?

Xınalıq Böyük Qafqaz dağlarının Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə, Şahdağın yaxınlığında dağlar ilə əhatə olunmuş böyük bir təpənin üzərində salınmış yaşayış məskənidir. Kənd Qudyalçayın sol sahilindədir. Bu kənd Quba şəhərinin mərkəzindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə 2350 m hündürlükdə yerləşir. Xınalıq Azərbaycanın ən yüksək və ən ucqar yaşayış məntəqəsidir. Eyni zamanda Xınalıq Avropanın və dünyanın ən yüksək yaşayış məntəqələrindən biri hesab olunur. Bu yaşayış məntəqəsinin yaranma tarixi dəqiq məlum olmasa da, kəndin tarixinin təxminən 5000 il olduğu ehtimal edilir. Kəndin əhalisi 2 min nəfərdən bir az çoxdur. Kənddəki evlərin özünəməxsus memarlıq xüsusiyyətləti var. Köhnə evlərin hamısı Qudyalçaydan danışan çay daşları ilə tikilib. Bütün evlərin dam örtüyü kəndin ətrafından götürülən xırda daşlı torpaqla örtülüb. Kənd sakinlərinin sözlərinə görə hər il dam örtüklərinin əlavə torpaqla bərkidilməsi evlərin qışda sudan qorunması üçün zəruridir. Xınalıqda evlər bir-birinə sıx yerləşdiyi üçün, demək olar ki, bir evin dam örtüyü digər evin həyətidir. 


Xınalıqda yaşayan əhali kimdir və onları bu qədər özünəməxsus edən nədir?

Burada yaşayan əhali Azərbaycanın aborigen azsaylı xalqları içərisində özlərinə məxsus etnoqrafiq xüsusiyyətləri ilə seçilirlər. Xınalıqlıların Qafqaz Albaniyasında yaşayan 26 alban tayfasından biri olduğu güman edilir. Bir sıra tarixi hadisələr və yerdəyişmələr nəticəsində bəzi dəyişikliklərə uğrayaraq keçmiş etnik adları hazırkı etnik adları ilə əvəzlənib. Xınalıqlılar tarixi-etnoqrafık ədəbiyyatda “Şahdağ qrupu xalqları” adı altında tanınırlar. Onlarla yanaşı buraya daha altı etnik qrup yergüclər, qrızlar, haputlar, əliklər, ceklilərbuduqlular da aiddir. Ümumilikdə yeddi etnik qrupun “Şahdağ qrupu xalqları” adlandırılması onların Şahdağın ətəklərində məskunlaşmaları ilə əlaqədardır. Bu etnik qruplar eyni adlı kəndlərdə yaşayırlar. “Şahdağ qrupu xalqları”-nın sayca digərlərindən bir az çox olanları xınalıqlılar, qrızlar buduqlardır

Hələ 19-cu əsrin 40-cı illərində buduqların və qrızların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salıblar. Qrızlar Xaçmaz rayonunda da yaşayırlar. Xınalıqlılar isə çox az sayda Quba şəhəri və Azərbaycanın digər yerlərində yaşasalar da, əsasən öz tarixi yerlərini tərk etməyiblər. Xınalıqlıların məskunlaşdığı Quba rayonu, Azərbaycanın etnik müxtəlifliklə ən zəngin bölgələrindən biridir. Beləki, burada Azərbaycan türkləri ilə yanaşı, tatlar, yəhudilər, ruslar, ləzgilər, ahıska türkləri və s. xalqların nümayəndələri də yaşayırlar. Xınalıqlıları özünəməxsus edən ilk əlamət təbii ki, onların buradan başqa dünyanın heç bir yerində danışılmayan dilləridir. 


Xınalıqlıların dili  - “xınalıq dili” yoxsa “kətiş dili”? 

İlk öncə onu qeyd edim ki, Şahdağ xalqları və ya etnik qrupları Qafqaz dil ailəsinin Nax-Dağıstan qolunun ləzgi qrupuna aiddirlər. Müəyyən fərqlər nəzərə alınmasa demək olar ki, bu xalqların çoxu bir-birinin dilini başa düşürlər. Lakin bu dillərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir və buna görə də dilçilikdə onların hər biri ayrı-ayrı öyrənilir. Bununla yanaşı bəhs olunan etnik qruplar üçün Azərbaycan dili tarixən vahid ünsiyyət vasitəsi rolunu oynamışdır. Müasir dövrdə isə bu etnosların nümayəndələrinin arasında Azərbaycan dilini bilməyənlərə rast gəlinmir. 

Demək olar ki, bütün rəsmi sənədlərdə və bir çox elmi ədəbiyyatda bu yaşayış məntəqəsi Xınalıq, burada yaşayan əhali xınalıqlılar, dilləri isə xınalıq dili adlandırılsa da, xınalıqlılar öz kəndlərini “Kətiş”, özlərini “kəttid” dillərini isə “kətiş dili” adlandırırlar. Bir çox mənbələrdə qeyd olunur ki, kəndin Xınalıq adlandırılması gün batan zaman kəndin ətrafındakı dağların xına rənginə boyanması ilə əlaqədardır. Xınalıqda şəxsi ev muzeyinin sahibi Bədəlov Hacıbala ilə söhbət zamanı bu məsələ ilə bağlı maraqlı məlumat əldə etdim. Kəndin adıyla bağlı ən çox yayılan, yuxarıda qeyd etdiyim versiyanın doğru ola biləcəyini qeyd edən Hacıbala Bədəlov əlavə olaraq çox az yayılan, lakin məntiqli görünən digər bir versiyanı irəli sürdü. Onun sözlərinə görə, ərəblərin Azərbaycana gəlişi zamanı dağların qoynunda ucqar bir yerdə əhalinin məskunlaşdığını görüb buranı Xanəgah (məkan, yer mənasında) adlandırıblar ki, Xınalıq sözü də Xanəgah sözünün dəyişmiş formasıdır. Bu sual ilə bağlı bir də onu qeyd edim ki, heç bir kənardan qoyulan ad və rəsmi sənədlər bir həqiqətə təsir edə bilmir, xınalıqlılar həmişə olduğu kimi, öz kəndlərini “Kətiş”, özlərini “kəttid” dillərini isə “Kətiş dili” adlandırırlar. 

Bu arada qeyd edim ki, Hacıbala Bədəlov Xınalıq və ətraf Şahdağ qrupu xalqlarının tarixi, onların keçdiyi qədim inkişaf yolu və bugünki vəziyyətləri ilə yanaşı dil, din mədəniyyət və etnoqrafik xüsusiyyətləri ilə bağlı dolğun və maraqlı məlumatlar verdi. Xınalığa getsəniz mütləq Hacıbala Bədəlovun xınalıqlıların tarixi və etnoqrafiyasına aid açdığı şəxsi ev muzeyinə baş çəkməyi unutmayın. Giriş ödənişsizdir. Bu arada, “özünüzü yaxşı aparsanız” sizə çay da verərlər.

Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yeganə fərq Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqləridir. Kətiş dili bir çox yerli və xarici mütəxəssislər tərəfindən tədqiq olunmuşdur. Son illərdə Xınalıq dilinin tədrisini asandlaşdırmaq üçün 39 samit və 9 saitdən ibarət yeni əlifbası tərtib olunub. Lakin hələ də bəzi tədqiqatçılar Kətiş dilinin çoxsəsli olduğundan 76 hərfdən istifadə olunmağının vacibliyini qeyd edirlər. Xınalıq kənd tam orta məktəbində şagirdlərə xınalıq dili tədris olunur. 


Xınalıqlıların məşğuliyyətləri

Xınalıqlıların əsas məşğuliyyəti qoyunçuluqdur. Onların məişətində və mədəniyyətində sənətkarlıq da mühüm yer tutmuşdur. Xınalıq qadınları əsasən toxuculuq və xalçaçılıqla məşğul olurlar. Son zamanlar Xınalığa artan maraq və buraya gələn turistlərin çoxluğu kənd sakinləri üçün bu sahələrdən gəlir əldə etmək imkanı yaradıb. Beləki, onların toxuduqları müxtəlif xalçaları və geyimləri almaq mümkündür. Kənd əhalisi qədimdən bu günə kimi arıçılıqla da məşğul olur.


Xınalıqlıların dini

Xınalıqlılar Azərbaycan tarixinin bütün mərhələlərindən keçərək, bu günüzə kimi gəlib çıxıblar. Hazırda Şahdağ etnik qrupuna daxil olan etnosların hamısı o cümlədən xınalıqlılar İslam dininin sünni təriqətinə məsubdurlar. Lakin onların məişətlərində təbiətlə bağlı inamlara təsadüf olunur. Günəş və ayla bağlı inanclar bu günə kimi qorunub saxlanılır. Xınalıq ətrafında çoxlu qədim qəbiristanlığlara rast gəlinir. Təəsüflə qeyd etmək lazımdır ki, buranın tarixini öyrənmək üçün bu günə kimi arxeoloji qazıntılar aparılmayıb. 


Xınalıqda hansı görülməli yerlər var və burada nə ilə məşğul olmaq olar?

Alimləri, rəssamları, şair və yazıçıları Şahdağın ətəyinə çəkib gətirən təkcə burada yaşayan insanların məxsusi dili, əlifbası, adət-ənənələri deyil, həm də buradakı təbiətin füsunkar gözəlliyə malik olmasıdır. 19 dekabr 2007-ci il tarixindən Quba rayonunun Xınalıq ərazisi "Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu” elan edilmişdir. Qədim tarixə malik Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada muzeylər, orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şahbuz, Əbu Müslüm məscidləri, mağaralar və çoxlu sayda hələ tam öyrənilməmiş arxeoloji abidələr mövcuddur. 

Kənddə “Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun muzey fondu”, “Xınalıq tarix-etnoqrafiya muzeyi”, Bədəlov Hacıbala adlı kənd sakininə məxsus şəxsi Ev muzeyi, Xınalıq sənətkarlıq evi, müxtəlif qonaq evləri və s. tarixi və inzibati binalar da mövcuddur. 

Burada yerləşən ən maraqlı abidələrdən biri Atəşgahdır. Atəşgah Xınalıqdan şimal istiqamətində 5 km məsafədə olmaqla Heydər Əliyev adına zirvənin cənub ətəyində yerləşir. Burada torpaqdan çıxan yanar qaz olduğu üçün Atəşgah adlanır. Xınalıqlıların ilkin inancı atəşpərəstlik olduğunu üçün “Atəşgah” müqəddəs yer sayılır. Atəşgah ekoturizm üçün maraq və istirahət xarakteri daşıyır. Atəşpərəst məbədi Zərdüştlük dininin bu gün də mənsubları olan Hindistandan gələn turistlər üçün xüsusi maraq kəsb edir. 

Kənddən dağ yolu ilə Şah yaylağına keçərək Qızıl Qaya dağ massivinə (3700 metr) qalxmaq olar. Buraya ən yaxın kəndlərdən biri Qusar çayının sahilində yerləşən ləzgi kəndi Lazadır. Otuz kilometr məsafəni ya atla, ya da dağ cığırı ilə getmək olar. Xınalıq sakinləri turistlərə, həmçinin milli güləş, at yarışları və bazarların keçirildiyi Şah Nabat yaylağına atla turlar təşkil edə bilər. Xınalıqdan dağ yolu ilə Qırız və digər kəndlərə də, yürüş turları təşkil olunur. 

Xınalıq kəndindən hazırda 115,895 hektar ərazisi olan Şahdağ Milli Parkına girişlərdən biri başlayır ki, bu da bu kəndi turistlər üçün daha da cəlbedici edir. Xınalığı dağ və zirvə yürüşlərinin başlandığı yer də adlandırmaq olar. Bakıda yerləşən alpinist klublarının, Bazardüzü, Tufandağ, Heydər Əliyev, Atatürk və s. Azərbaycanın ən yüksək zirvələrinə təşkil etdikləri yürüş marşurutları Xınalıq kəndindən keçir.


Xınalıqda harada gecələmək olar? 

Xınalıqda bir neçə ayrıca qonaq evi mövcuddur və təqribən 20-ə qədər ailə şəxsi evlərdə turist qəbul edir. Əgər Xınalıqda bir və bir neçə gün qalmaq qərarına gəlsəniz, məhz şəxsi evlərdə qalmağı sizə tövsiyə edirəm. Evlərdə qonaqların yaşaması üçün şərait zəif, lakin çox təmiz və səliqəlidir. Şəxsi qonaq evlərində qalmaqla siz yerli əhalinin yaşam tərzi ilə yaxından tanış ola və onlarla ünsiyyət qurmaq şansı əldə edə bilərsiniz. Yemək də daxil olmaqla bir nəfər üçün bir gecəlik qiymət 40-50 (20-25 Avro) manat arasında dəyişir. Belə evlərdə haman və tualet var. Tualet adətən evdən kənarda yerləşir. Evlərdə qalan xarici turistlərin xoş təəssüratlarla ayrıldıqlarına yolladıqları məktublardan əmin olmaq olar. Belə məktublara evində qonaq saxlayan hər bir xınalıqlının evində rast gəlmək olar. Şəxsi evlərdə gecələmək üçün əvvəlcədən rezervasiyaya ehtiyac yoxdur. Xınalıqda qalmaq qərarına gəlsəniz sizi qonaq edəcək ev mütləq tapılacaq. Xınalığa səfərim zamanı Zaur Lalayev adlı Xınalıq sakininin evində yüksək qonaqpərvərliyin bir neçə dəfə şahidi olmuşam. 


Bakıdan Xınalığa necə və neçəyə getmək olar?

Əgər səyahətinizi müstəqil planlaşdırırsınızsa, paytaxt Bakı şəhərində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”- dən həftənin hər günü səhər saat 7:30-dan 18:00-dək hər yarım saatdan bir hərəkət edən şəhərlərarası avtobusla Xınalıq kəndinin yerləşdiyi Quba rayonunun mərkəzi Quba şəhərinə 167 km. məsafəni cəmi 4 AZN-nə (2 Avro) gedə bilərsiniz. Bakıdan Quba şəhərinə Bakıda yerləşən 20 Yanvar Metro Stansiyasının çıxışından günün istənilən vaxtı taksi ilə təqribən bir nəfər üçün 10 AZN-nə (5 Avro) getmək də mümkündür. Eyni marşurutla Quba şəhərindən Bakıya geri dönə bilərsiniz. 

Quba şəhərindən Xınalıq Kəndinə olan 57 km-lik məsafədə ictimai nəqliyyatın olmaması əsasən asfalt örtüklü dağ yolu olan bu məsafəni getməyi bir qədər macəralı və daha maraqlı edir desəm yanılmaram. Bu yolu getməyin bir neçə yolu var ki, onları da sizinlə bölüşmək istəyirəm.  Belə ki, Quba şəhərinin Heydər Əliyev prospektinin yerli əhali tərəfindən “köhnə avtovağzal dairəsi” adlandırılan hissəsindən taksi ilə təqribən 40 AZN-ə (20 Avro) xınalıq kəndinə getmək olar. Lakin xüsusilə soyuq, küləkli və qarlı havalarda 2350 m hündürlükdə yerləşən bu kəndə getməyə taksi tapmağınız bir az çətin ola bilər. 

Eyni zamanda, Bakı şəhərində yerləşən çoxsaylı turizm şirkətlərinin xidmətlərindən istifadə etməklə birbaşa Bakıdan Xınalığa gedə bilərsiniz, misal üçün Backpack Azərbaijan . Lakin bu zaman səyahətinizi əvvəlcədən planlaşdırmağınız önəmlidir. Bakıdan birbaşa Xınalıq kəndinə taksi də sifariş edə bilərsiniz ki, bu bir az baha olacaq. Xınalığa ilk səfərim zamanı, Bakı beynəlxalq avtovağzalından ictimai nəqliyyatla Quba şəhərinə getmiş, oradan isə şəhərə bazarlıq üçün gəlmiş yerli Xınalıq sakinləri ilə kəndə getmişəm. Bu yolun bir üstün cəhəti daha az vəsait sərf etməyimdə olubsa, digər cəhəti yerli sakinlərlə ilkin tanışlıq və yol boyu söhbətlər və maraqlı məlumatlar öyrənməyim olub. İlk səfərim zamanı geri dönüşüm, Xınalığa getməyimdən də maraqlı olub desəm yanılmaram. Belə ki, Xınalıqda olduğum iki gündən sonra, yorğun halda kəndin mərkəzində oturub, kəndi seyr edərək bir daha buradakı gözəllikləri yaddaşıma yazmaqla məşğul idim. Bu arada, təbii olaraq, geriyə necə dönəcəyimi də düşünürdüm. Taksi çağırmaq fikirim isə qətiyyən yox idi. Niva markalı bir maşının mərkəzdən tərpəndiyini gördüm, yaxınlaşıb şəhərə gedib getmədiyini soruşanda, otur səni də aparım dedi. Yolda məlum oldu ki, bu şəxs kəndə işiq pullarını yığmaq üçün gələn dövlət məmurudur. Bir sözlə, əgər piyadasınızsa Xınalıqdan geriyə sizi ödənişsiz hər kəs gətirə bilər, hətta bu Xınalığa gələn istənilən turist və s. ola bilər. Bəxtiniz gətirərsə hətta Bakıya kimi gələ bilərsiniz. Qeyd edim ki, Xınalıq və Qrız kəndlərinə turistlərin marağının artması və gediş-gəlişi rahatlaşdırmaq məqsədilə Qubadan bu kəndlərə yeni avtomobil yolunun çəkilişinə başlanılıb. 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.