Daxil olQeydiyyat

HARRY POTTER FİLMİNİN ÇƏKİLDİYİ YERLƏR

OKTYABR 10, 2019 2 dəq. oxu
HARRY POTTER FİLMİNİN ÇƏKİLDİYİ YERLƏR

“Heç vaxt yatmış əjdahanı qıdıqlama” şüarı ilə sehrbazlıq dərsləri keçirilən Hoqvarts, 9 ¾ platformalı King's Cross vağzalı, qadağan olunmuş meşə və başqa möcüzəli məkanlar Coan Roulinqin yaratdığı “Harri Potter” dünyasıdır. Amma filmdə eləcə də, kitabda olan hadisələr heçdə paralel aləmdə deyil, bizim Yer kürəsində baş verir. Bütün sehirli yerləri, qəsrləri, kəndləri səyahət edən pottermanlar üçün bir araya gətirdik.

Elə isə sehrbazlar dünyasına keçidin yerləşdiyi King's Cross vağzalına səyahət edək. Dəmiryolu vağzalı Londonun şimal-şərqində yerləşir. Hoqvarts-ekspressə keçid etmək üçün 9 və 10-cu platformanın arasındakı 9 ¾ platformasına yollanmaq lazımdır. Təbii ki, bizlər oraya keçə bilmirik, amma yenə də 9 ¾ platformasının yanında Hoqvartsın 4 fakültəsi geyimində maraqlı şəkillər çəkdirib, unudulmaz anlar yaşaya bilərik. Vağzalın yaxınlığındakı suvenir mağazasında isə eksklüziv mallar əldə edə bilərik.

9 ¾ platformasına keçdik, indi də Hoqvarts-ekspress qatarına minməliyik. Bəli, bu  qatar mövcuddur. Qatar 1937-ci ildən 1963 cü ilə qədər xidmət etmiş, daha sonra isə təmir olunaraq film çəkilişində istifadə olunub. Harri Potter filmlərindəki Hoqvarts-ekspress səhnələri üçün istifadə olunan West Highland Line qatar marşrutu, ecazkar mənzərəsi və məşhur Glenfinnan körpüsünün cazibədarlığı ilə dünyanın ən mənzərəli marşrutu adı uğrunda 400 digər rəqib arasında qalib oldu. 2014-cü ildən qatar “The Wizarding World of Harry Potter” - əyləncə parkına gətirilib. Pottermanlar, Orleanda istirahətdə olan zaman Hoqvarts-ekspressdə unudulmaz hislər yaşaya bilərsiz.

Qatarla uzun səyahətdəyik və növbəti dayanacaq Hoqvarts məktəbidir. Məktəbin bütün möcüzəliyini əks etdirəcək qəsr nə Amerikada, nə Şotlandiyada tapılmadığı üçün Hoqvarts bir neçə məkanın birləşməsi nəticəsində ekranlara çıxıb. Hoqvartsın fasadı , həmçinin həyəti XI əsr Şotlandia qəsri Enikə məxsusdur. Məhz burada balaca Harri sehirbazlıqda ilk addımlarını atmışdı. Onun addım atdığı dəhlizlər, gördüyü qalereyaları isə Qloster kafedralında əks olunmuşdur. Minerva MakQonaqlın kabineti isə Durham kafedralında yerləşir. XI-XII əsr tikililəri öz möhtəşəmliyi ilə də turistləri cəlb etsə də, biz buraya cadugərlik öyrənməyə gəldik.

Sehrbazlıq öyrənmək üçün də kitab oxumaq lazım imiş. Elə isə kitabxanaya baş çəkək. Filmin əsas lokasiyaları Oksford universitetində çəkilmişdir. Təsadüfi deyil ki, Oksford kitabxanasında biz Hermiona Qrenyncer, Ron Uizli və Harriyə rast gələ bilərik. Baxın, onlar harasa tələsir. Təbii, axı indi professor Filius Flitvikin dərsidir. Hoqvortsun tilsim dərsləri isə Herrou oğlanlar məktəbində keçirilir. Herrounu U.Çörçill bitirdiyi üçün də bu məktəbi görmədən Londondan getmək olmaz.

Dərslər bitdi, yataqxanaya qalxmadan öncə Harri dostunun yanına gedəcək. Biz də onunla Rubeus Haqridin daxmasına yollanaq. Şotlandiyanın Qlenko vadisi, ordan boylanan Qlen Nevis dağı və möcüzəli mənzərələr... Məhz burda Haqrid balaca dostu ilə uzun söhbətlər edirdi. Təəssüf ki, onun daxması çəkilişlərdən sonra qalmasa da, bura gəlib fantaziya gücü ilə həm daxmanı, həm daha nələr-nələr görərik.

İndi isə Harri ilə birgə sehrli varlıqların yatdığı qadağa olunmuş meşəyə doğru gedirik. Bakinqaşmirin “Qara park”ına hər adam daxil ola bilməz, meşənin qaranlığı ən cəsurumuzu belə qorxudar. Görək, sizin sevginiz, yoxsa qorxunuz qalib gələcək?

Artıq səyahətimizi bitirməliyik, geri dönməyə pulumuz varmı? Yoxdursa, Qrinqotss bankının qapıları bizə açıqdır. Bankın interyerini yaratmaq üçün çəkilişlər “Australia House” də keçirilib. Burada Avsrtaliya komissiyası yerləşsə də, biz bilirik ki, orada qoblinlər bank seyflərini qoruyur.

Getmək vaxtıdır, St Pancras vağzalında yığışaq. Nə vaxtsa, filmin son səhnələrində burada artıq böyümüş qəhramanlarımız - Harri və Cenni, Hermiona və Ron  öz övladlarını möcüzələr dünyasına ötürürdü. Film 2011-ci ildə bu məqamda bitdiyi kimi, bizim də səyahətimiz burda sona çatır.

 

 

Bu bloqları da oxuya bilərsiniz:

JOKER FİLMİ İLƏ BAĞLI BİLİNMƏYƏN NÜANSLAR

LA CASA DE PAPEL SERİALININ ÇƏKİLDİYİ ÖLKƏ VƏ MƏKANLAR

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.