Daxil olQeydiyyat

KORONAVİRUSUN ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİ

APREL 27, 2020 3 dəq. oxu
KORONAVİRUSUN ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİ

Bildiyimiz kimi, Çində ortaya çıxan koronavirus epidemiyası dünya miqyasında təsirini davam etdirir. Dünyanın əksər ölkəsində görülən koronavirus, demək olar ki, dünyada həyatı dayandırdı. Dünya ölkələri bu virusun qarşısını almaq üçün müxtəlif yollara əl atırlar. Bir çox ölkədə evdən çıxma məhdudiyyətləri tətbiq olunur. Dünyanın bir çox yerində virusun yayılmasının qarşısını almaq üçün evlərində qalan insanlar onlayn iş və onlayn təhsil sisteminə keçiblər. Virus səbəbi ilə əksər iş yeri bağlandı, eyni zamanda fabrik və zavodlar fəaliyyətlərini ya dayandırdılar, ya da istehsalı minimal səviyyəyə saldılar. Dünya miqyasında planlı deyil də, koronavirusa görə, istehsal müəsissələrinin dayanmasını təbiətə istirahət etmək şans tanınması kimi də dəyərləndirmək olar. İnsanlar evdən çıxmadığı üçün nəqliyyatdan istifadə də azaldı və bütün bunların təbiətdə yaratdığı fərq sayəsində, bəşəriyyətin təbiətə vurduğu dağıdıcı təsirin nə dərəcədə böyük olduğu ortaya çıxdı.

Virusun ilk başlanğıc nöqtəsi olan Çin, ilk günlərdən etibarən ciddi tədbirlər gördü. Uhan şəhəri tamamilə karantinə alındı. Şəhərə giriş və çıxış qadağan edildi. Uhan’dan başqa Çinin digər şəhərlərində də bu tədbirlər tətbiq edildi. Bütün bu tədbirlər özünü təbiətdə də büruzə verdi. Çin dünyada atmosferi çirkləndirən lider ölkə sayılır. Böyük sənayə müəssisələrinə sahib olan Çində həyatın bir müddətliyə dayanması təbiətdə nəzərə çarpacaq fərqlər ortaya çıxardı. Havaya atılan zərərli CO2 qazının 30%-i tək Çinin payına düşürdü. Virusdan sonra, NASA-nın yaydığı şəkillərdə Çində azot dioksidlərinin səviyyəsinin aşağı düşməsi müşahidə edilib. NASA-nın verdiyi məlumata görə, başlanğıcda hava Çinin Uhan şəhəri ətrafında təmizlənməyə başlayıb. Fevralın sonundan başlayaraq bu tendensiya bütün ölkə ərazisinə yayılıb. Dünyanın ən böyük kömür istehsalçısı və istehlakçısı olan Çində kömür istehsalının dayanmasının da hava təmizliyindəki rolunun böyük olduğu düşünülür. Goddard Kosmik Uçuş Mərkəzinin hava keyfiyyəti üzrə tədqiqatçısı Fei Liu bildirib ki, ilk dəfə müəyyən bir hadisədən sonra geniş ərazidə azot dioksid səviyyəsinin bu qədər kəskin azaldığının şahidi olub. Azot dioksidləri nəqliyyat, elektrik stansiya və sənaye obyektləri tərəfindən ifraz edildiyindən və koronavirusdan sonra bütün bunların dayanması, hava təmizliyinin birbaşa olaraq virusla əlaqəli olduğunun sübutudur.

Koronavirusla mübarizə aparmaq üçün şirkətlər işçilərdən evdən işləmələrini istədilər. Bu yolla eyni zamanda plastik istifadəsi də azalıb. İndi insanlar birdəfəlik istifadə edilən plastiklərdən istifadə etmir və daha az alış-veriş edirlər. Beləliklə tullantıların sayı da azalıb. Bu və ya digər şəkildə, bütün bunlar ətraf mühitin sağlamlığına kömək edir.

Koronavirusun ətraf mühitə gözlənilməz təsiri, İtaliyanın Venesiya şəhərində də özünü büruzə verib. Virus səbəbindən turistlərin sayının azalması səbəbi ilə şəhərin məşhur kanallarında sular durulmağa, təmizlənməyə başlayıb. Belə ki, motorlu qayıqlar kimi su çirkləndiricilərin istifadəsi kəskin dərəcədə azalıb. Şəhər sakinləri suyun təmizliyinə heyran qaldıqlarını və kanalların ilk dəfədir ki bu qədər təmiz olduğuna şahid olduqlarını bildiriblər. Bəzi video və fotolarda suyub dibinə diqqətlə baxsaq balıqların üzməsini belə görmək mümkündür.

Virusun ən sürətli yayıldığı ABŞ-da 678 mindən çox koronavirusa (Covid-19) yoluxanların olduğu məlumdur. Qısa zamanda xəstə sayına görə lider olan bu ölkədə də insanlar evlərinə qapanıblar. Bu tədbirlərin Amerika ekologiyasına da müsbət təsir etdiyi danılmaz faktdır. Xüsusən də, virusun mərkəzi halına gələn Nyu-Yorkun havası olduqca təmizlənmişdir. Tədqiqatçılara görə Nyu-Yorkda karbon qazı kimi hava çirkləndiricilərdə 5% ilə 10% arasında azalma olduğunu müəyyənləşdiriblər. Nəqliyyatdan istifadə də əhəmiyyətli dərəcədə azaldığından bölgənin bəzi yerlərində bu azalmanın 35% təşkil etdiyi məlum olub. Kolumbiya professoru Roşin Commane BBC-yə verdiyi müsahibəsində Nyu-Yorkda son bir il ərzində çox yüksək miqdarda karbonmonoksit sayı olduğunu bildirib. Professorun fikirlərinə görə, Nyu-Yorkdakı hava təmizliyi onun indiyə qədər gördüyü ən yüksək həddə çatıb. 

Koronavirusun təbiətə verdiyi istirahətdən yararlanan ərazilərdən biri də Hindistandır. Hindistanın Odisha əyalətinin sahili boyunca , nəsli tükənməkdə olan Olive Ridley dəniz tısbağaları uzun müddət sonra ilk dəfə gündüz vaxtı yuvalarını qazmaq və yumurta qoymaq üçün sahilə çıxıblar. Yerli sakinlərin dediklərinə görə, onlar 7 ildən sonra ilk dəfə buna şahid olurdular.

Bu hal özünü Braziliyada da büruzə verib. Braziliyadakı insanların axın etdiyi turizm çimərlikləri virus səbəbi ilə boşdur. Bu sakitliyi fürsət bilən Hawksbill dəniz tısbağaları da uzun bir aradan sonra yuvalarını qazmaq və yumurta qoymaq üçün sahilə çıxıblar.

Yəqin ki, bütün bu yaşananlardan sonra bəşəriyyətin təbiətə fəlakətli təsir göstərdiyini inkar edən olmaz. Məlum olduğu kimi əvvəlki gündəlik həyatımızda təbiətə qarşı necə davranacağımızı düşünməmişik və bunun fərqində olmamışıq. İndi evə kilidləndiyimiz bu dövrlərdə hər birimizin təbiətə qarşı olan davranışlarımız haqqında düşünüb doğru və yanlışları bir-birindən ayırmaq üçün bol vaxtı var. Artıq çimdiyimiz zaman suyu necə israf etdiyimizi, noutbukları, kompüterləri, televizorları təkrar-təkrar yandırıb-söndürdükdə elektrik israf etdiyimizi və bu enerji üçün təbiətin necə istismar edildiyini, düşünmədən yerə, dənizə atdığımız tullantıların ətrafı necə çirkləndirdiyini, nəticəsini düşünmədən etdiyimiz hərəkətlərin canlılar aləmini necə məhv etdiyini bilirik. Bu müddət ərzində davranışlarımızın nələrə yol aça biləcəyini dərk edib bütün bu səhvləri aradan qaldıra bilərik. Şübhəsiz ki, bu müddəti ətrafa özünü sağaltmaq və təbiətə aid olan şeyləri geri qaytarmaq üçün bir şans olaraq da dəyərləndirə bilərik. Bizlərin etməli olduğu isə bu müddətdən sonra da bugünə qədər etdiyimiz səhvləri unutmamaq və bundan sonrakı həyatımıza bunların fərqində olaraq davam etməkdir.

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

SƏYAHƏTÇİLƏRİN KORONAVİRUS DÖVRÜNDƏ OXUMALI OLDUĞU KİTABLAR

DÜNYA TURİZM NƏHƏNGLƏRİNİN KORONAVİRUS DÖVRÜNDƏ VERDİYİ MESAJLAR

BİZ BİR DƏ NƏ ZAMAN SƏYAHƏT EDƏ BİLƏCƏYİK?

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.