Daxil olQeydiyyat

RADİOAKTİV TURİZM - ÇERNOBILA SƏYAHƏT

APREL 9, 2020 4 dəq. oxu
RADİOAKTİV TURİZM - ÇERNOBILA SƏYAHƏT

Çernobıl – “Qara Qutu”

Dünya üzərində tarixin müəyyən zamanlarında faciələrə səhnəlik etmiş bölgələr zamanla müasir dünyanın ən böyük turizm ocaqlarına çevrilib. Bu tip bölgələrin siyahısında isə Çernobıl ən yuxarılarda öz yerini alır. Çernobıl Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən kiçik bir ərazi kimi, xüsusilə də, orada yerləşən Atom Elektrik Stansiyasının hesabına tanınırdı. Lakin 1986-cı ildə bu stansiyada baş verən faciəvi partlayışdan sonra bütün şəhər tarixə Çernobıl bölgəsi olaraq keçdi. Hal-hazırda da əslində çox kiçik bir ərazini əhatə etməsinə baxmayaraq, bütün dünyada ünumi bölgə Çernobıl olaraq tanınır. Baş vermiş faciəvi qəzanın təsirləri nəticəsində bir qismi qəzadan sonra, böyük bir qismi isə qəzadan illər sonraya qədər çəkən xəstəliklər səbəbilə olmaqla, ümumilikdə minlərlə insan öldü. Qəzanın yaydığı radiasiya səbəbilə ölənlərin sayı BMT-nin aparmış olduğu araşdırmalara əsasən 4.000, “Greenpeace” təşkilatının araşdırmalarına görə isə 200.000 rəqəmləri arasında dəyişir. Qəzadan 36 saat sonra şəhərdə yaşayanların böyük bir qismi, 10 gün sonra isə bütün şəhər əhalisi evakuasiya edilmişdir. Həmin tarixlərdən başlayaraq 23 il ərzində bu bölgənin 30 km əhatə dairəsi insanlar üçün qadağan olunmuş zona kimi elan olunmuşdur. Elmi araşdırma qrupları və hökümət icazəsi ilə bölgəyə daxil olan xüsusi şəxslərdən başqa şəhərə heç bir insan buraxılmırdı. Yalnız 2009-cu ildə Ukrayna hökümətinin almış olduğu qərara əsasən, bölgə xalq üçün qismən açıq elan olundu və insanlar bütün dünya üçün 23 il ərzində “qara qutu” rolu oynamış bu bölgəni müəyyən turlar vasitəsilə öz gözləri ilə görə biləcəkdilər. Məhz bu gün də bu turizm axını öz axarında davam edir.

Səyahət üçün hansı icazələr lazımdır?

Çernobıl bölgəsinə və Pripyat şəhərinə getməyin hal-hazırda iki yolu mümkündür. İlk olaraq, siz öz istəyinizlə ya təkbaşına və ya kiçik bir qrupla bölgəyə giriş edə bilərsiniz. Əgər illərdir bütün dünyadan izolyasiya olunmuş, tərk edilmiş şəkildə qalan və heç bir insanın məskunlaşmadığı bu bölgəyə tək səyahət etməyi gözə alacaq cəsarətə sahibsinizsə, geriyə sadəcə bir nüans qalır: Ukraynanın Daxili İşlər Nazirliyindən və müəyyən orqanlardan icazə almaq. Bölgəyə tək səyahət etməyiniz üçün ya xüsusi bir səbəbiniz olmalı, ya da çəkiliş üçün gəlmiş mediya işçisi olmalısınız. İcazə aldığınız təqdirdə bir və ya bir neçə bölgə əsgəri tərəfindən müşayiət edilərək səyahət edə bilərsiniz. Digər halda sizi səyahətinizi reallaşdırmağınız üçün müəyyən tur şirkətlərə yönləndirəcəklər. Çernobıl bölgəsinə turlar təşkil edən şirkətlər sizin yerinizə bu qurumlardan lazımi icazələri aldıqdan sonra siz tur qrupunun bir üzvü kimi rahatlıqla bölgəyə səyahət edə biləcəksiniz. Bu turlarda iştirak etmək üçün isə onlayn şəkildə qeydiyyatdan keçmək belə mümkündür.

Xərclər və prosedur

Bölgəyə təşkil edilən turlar əsasən bir günlük, iki və üç günlük turlar olaraq dəyişir. Daha uzun müddət qalmaq insan sağlamlığına ciddi təhlükə yarada biləcəyi üçün əlavə icazələrin alınmasını tələb edir. Turlar adətən Kiyev şəhərindən tur avtobusları ilə başlayır. Pripyat şəhəri və Çernobıl bölgəsi Kiyev şəhərindən təxminən 2 saat yarımlıq məsafədə yerləşir. Turların qiymətləri isə əhatə etdiyi günlərin və fəaliyyətlərin çeşidliliyindən asılı olaraq adətən 90 və 150 avro aralığında dəyişir. Əksər turlar bir günlük səyahət üçün təşkil edilir. Tura başlamazdan öncə məsul şəxslər sizi ümumi prosedur, görüləcək fəaliyyətlər və ən əsası qadağalarla tanış edir.

Səyahət zamanı qadağalar

Səyahətiniz zamanı qarşınıza çox sayda sizi məhdudlaşdıracaq qadağalar çıxacaq. Unutmaq olmaz ki, getdiyiniz yer hazırda dünya üzərində insan həyatı üçün ən təhlükəli yerlərdən biri hesab olunur. İlk olaraq və ən əsası gəzəcəyiniz yerlərdə qarşınıza çıxacaq hər hansısa bir əşyaya toxunmaq, əlinizə götürmək və özünüzdə saxlamaq tam olaraq qadağan edilib. Bölgədəki hər bir əşya hələ də özündə müəyyən miqdarda radiasiya saxlayır və onlara toxunmaq insan bədəni üçün təhlükəli ola bilər. Səyahətiniz zamanı sizə ən az radiasiya qədər təhlükə yaradacaq ikinci şey isə bölgədəki köhnəlmiş tikililərdir. İllərdir heç bir təmir görməmiş, bərpa işləri aparılmayan bu tikililərin əksəri hər an dağıla biləcək vəziyyətdədir. Bu səbəbdən də gedəcəyiniz yerlərin bəzilərinə daxil olmağınıza və ya əgər varsa, yuxarı mərtəbələrinə çıxmağınıza böyük ehtimalla icazə verilməyəcək. Səyahətiniz zamanı geyiminiz isə bütün bədəninizi əhatə edəcək formada olmalıdır. Yəni qısaqol köynək və ya şort geyinmək qadağandır. Uzunqol köynək, şalvar və bədəninizi tam əhatə edəcək geyimlərdən istifadə etməyiniz bədəninizin məruz qalacağı radiasiya miqdarını azalda bilir. Bundan əlavə, səyahətinizin başında sizə radiasiya ölçücü cihaz verilir və siz tur boyunca getdiyiniz bölgələrdə bu cihaz siqnal verdiyi, yəni radiasiya miqdarının insan bədəni üçün yüksək təhlükə daşıdığını bildirdiyi zaman həmin bölgədən qısa zamanda uzaqlaşmalısınız. Qeyd edim ki, bölgənin əksər hissələrində radiasiya miqdarı paytaxt Kiyev şəhərilə müqayisədə cəmi 5-10 dəfə artıq səviyyəyə qədər azaldılmış olsa da, bəzi hissələrində bu miqdar 100-300 dəfə artıq olacaq səviyyəyə qədər qalxa bilir. Səyahətə başlayarkən və qayıdarkən iki məntəqədə yoxlanışdan keçirsiniz. Maraqlısı isə odur ki, qayıdarkən yoxlanış aparatı sizi müayinə etdikdən sonra iki rəng işıq yandıra bilər. Əgər sarı işıq yanarsa, narahatçılığa ehtiyac yoxdur, problemsiz şəkildə turu bitirə bilərsiniz. Yox əgər qırmızı işıq yanarsa... Bu halda biraz narahat ola bilərsiniz, çünki sizi oradan birbaşa hospitala aparıb ancaq lazımi müayinələri və testləri etdikdən sonra evinizə buraxa bilərlər. Şərtlərə və qaydalara riayət etdikcə bu təhlükə demək olar ki, yoxdur.

Çernobılda nələri görə bilərsiniz?

Çernobılda yaşayacağınız təcrübə sizdə bir anda insanlardan izolyasiya olunmuş və heç bir insan təsiri məruz qalmamış bölgənin 30 il müddət ərzində hansı vəziyyətə gələ biləcəyi barədə təəssürat yaradacaq. Bu illər ərzində təbiətin bölgəni necə ələ keçirdiyini, insana və onun yaratdığı “süni sivilizasiyaya” qarşı necə qalib gəldiyini görə bilərsiniz. Səyahətinizi əhatə edəcək yerlər isə əsasən tərk edilmiş evlər, marketlər, teatr və sinemalar, uşaq bağçaları, parklar və ən əsası da illər öncə partlayaraq içərisindəki enerjini bütün dünya üçün gərginliyə çevirmiş, ancaq hazırda zərərsizləşdirilmiş, üstü qapadılmış Çernobıl stansiyası olacaq. Tur zamanı həmçinin bölgədəki radiasiyanın miqdarı səbəbilə yarpaqları qırmızılaşmış və tökülmüş məşhur Qırmızı meşəni də görə bilərsiniz.

Turist axını

Hazırda bölgəyə turist axını öncəki illərə nəzərən qat-qat artıb. Bunun ən böyük səbəbi kimi isə 2019-cu ildə efirə verilmiş “Çernobıl” serialının bölgənin bütün dünyadakı populyarlığını artırması göstərilir. Serial 18 fərqli janrda “Emmy” mükafatına nominasiya alarkən Çernobıl ərazisi də bütün insanlarda xüsusi bir maraq oyatdı. Gün ərzində bölgəyə xüsusi qruplar şəklində ümumilikdə 200-400 nəfər aralığında turist axın edir. Bu tur qrupları əksər hallarda bölgənin xüsusi əsgərləri və məsul şəxsləri tərəfindən müşayiət olunur.

Çernobıla səyahət insan sağlamlığı üçün müəyyən dərəcədə ziyanlı və təhlükəli ola bilər. Ancaq qoyulmuş şərtlərə və qadağalara əməl edərək bu təhlükə riskini minimuma endirə bilərsiniz. Ümumilikdə isə əgər bu səyahəti uzun müddətdir planlayırsınızsa, bilin ki, bunu reallaşdırmaq o qədər də çətin deyil. Müəyyən vebsaytlardan turdakı iştirak üçün qeydiyyatdan keçə və ödənişinizi onlayn həyata keçirə bilərsiniz. Sağlam, təhlükəsiz və xoş səyahət!

 

AXTARIŞA DAVAM EDİN  – BU BLOQLARI OXUYA BİLƏRSİNİZ: 

ADRENALİN DOLU SƏYAHƏT: TƏHLÜKƏLİ QATAR YOLLARI

BUNGEE JUMPİNG ÜÇÜN NƏFƏSKƏSƏN YERLƏR

QORXMAYIN! YEYİN!

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.