Daxil olQeydiyyat

Oxuyaraq səyahət etmək

YANVAR 13, 2020 12 dəq. oxu
Oxuyaraq səyahət etmək

Dünyanı tanımağın, müxtəlif məkanları kəşf etməyin, planetimizin heyrətamiz nöqtələrinə bələd olmağın yolu təkcə səyahətdən keçmir. Sadaladıqlarımıza kitab oxuyaraq da sahib ola bilərsiniz. İngilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi Frensis Bekonun dediyi kimi: “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. Bu gəminin sərnişini olmaqla əsrlərdən əsrlərə, ölkələrdən ölkələrə, mədəniyyətlərdən mədəniyyətlərə səyahət edə bilərsiniz”. Səyahətlə bağlı kitabları sizə təqdim edirik ki, siz də bu gəminin sərnişini olma şansını əldə edəsiniz.

 Bəs səyahət kitablarının bizə nə kimi faydaları var?

 

Səyahət edərkm tanış olacağımız mədəniyyətlər haqqında əvvəlcədən oxuyaraq tanış oluruq.
Oxuduğumuz kitablarla hər hansı mədəniyyəti tanıyır, özəlliklərinə bələd olur və sevməyə başlayırıq. Bundan sonra həmin mədəniyyətin ərazisinə səyahət etdikdə həmin mədəniyyətə uyğunlaşmaq daha asan olur. Əvvəlcədən beynimizdə həmin mədəniyyətin modelini qurduğumuz üçün bizə yad gəlmir, əksinə gözləntilərimizlə üst-üstə düşür.

 

Cəsarətimizi artırır.
Başqa bir ölkə, cibimizdə az pul, heç tanımadığımız və nə dediklərini anlamadığımız insanlar, ilk dəfə dadacağımız yeməklər... Təbii ki, bu qıraqdan bizi çox qorxudur. Amma indiyə qədər öz cəsarətinə üstün gəlib səyahət edən insanların qələmə aldıqları səyahət kitablarını oxumaqla biz cəsarət toplaya, öz qorxumuzun üstünə gedə, bütün çətinliklərə baxmayaraq səyahət arzumuzu həyata keçirə bilərik.

 

Şəhərin xəritəsinə bələd olmaq.
Səyahət kitablarının ən yaxşı cəhətlərindəm biri və elə birincisi gedəcəyimiz şəhər haqqında ilkin məlumatlara sahib olmağımızdır. Düşünün, bir şəhərə səyahət etmisiniz, amma nə edəcəyinizi bilmirsiniz. Oxuduğunuz səyahət kitablarının sayəsində harada qalacağınızı, nə yeyəcəyinizi, haraları gəzə biləcəyinizi, hara hansı nəqliyyat vasitəsi ilə gedə biləcəyinizi, insanlarla necə ünsiyyət quracağınızı əvvəlcədən bilmiş olursunuz. Nəticədə qorxmadan, çəkinmədən, sanki artıq bir neçənci dəfə gəlirmişsiniz kimi şəhərə bələd olacaqsınız.

İndi isə keçək səyahət kitablarına. Sadalanan kitabların bəziləri bədii, bəziləri səyahət etmiş insanların xatirələri, bəziləri isə ayrı mövzunun səyahət üzərinə qurulmuş sujet xəttinə sahib əsərlərdir. Gəlin onlarla tanış olaq:

 

Saffet Emre Tonguç – “Avropada görməli 101 yer”
Kitab həm Avropanın 40 ölkəsində gəzib görməli 101 yeri tanıdır, həm də bu ərazilərdəki qədim Osmanlı izlərini araşdırır. Kitab muzeylərdən, kitabxanalardan, tarixi abidələrdən, mənzələri məkanlardan, restoranlardan və s. bəhs edir. Bundan əlavə “Filan şəhərdə harda qalmaq olar?”, “Filan şəhərdə nə yemək olar” suallarına da ətraflı cavab verir. Kitabın üstün cəhətlərindən biri də şəkillərlə zəngin olmasıdır. Yazıçı 40 ölkədə səyahət ediləsi yerlərlə yanaşı əylənməli, alış-veriş etməli yerləri də qələmə alıb. Tonguçun bu əsəri səyahət sevən birinin oxumalı olduğu kitablar siyahısında ilk gəlməlidir.

 

Ernesto Che Guevara – “Motosiklet gündəliyi”
Argentinalı marksist, inqilabçı, siyasətçi Ernesto Çe Gevera 23 yaşında Alberto Granado ilə birlikdə motosikletlə Cənubi Amerikaya səyahət edir. Amerikanı kəşf etmək istəyi ilə yola çıxan Çe səyahət zamanı gündəlik yazmağa başlayır. Çenin gündəliyi əsasında ərsəyə gələn kitabda səyahət zamanı qət etdikləri ərazilər, həmin ərazilərdəki insanların yaşayış tərzi, fərqli mədəniyyətlər haqqında geniş və izahlı məlumat verilib.

 

Sarıhanlar – “Pedalımda 5 ölkə”
“Bir xəyal, iki müəllim, beş ölkə, onlarla şəhər, yüzlərlə kənd, minlərlə rəng, festival, milyonlarla pedal, milyardlarla insan...” Kitabın açıqlamasından da göründüyü kimi bu kitab bir ailənin velosipedlə səyahətindən bəhs edir. İnci Sarıhan və Soner Sarıhan cütlüyü velosipedlə kilometrlər qəth edib və öz xatirələrini, gəzdikləri şəhərləri, gecələdikləri məkanlar, nahar etdikləri restoranları, gözəlliyinə valeh olduqları yüzlərlə yeri qələmə alıblar. Kitabın yazı tərzi sizi özünə çəkəcək və səyahətə marağınızı daha da artıracaqdır.

 

Övliya Çələbi – “Səyahətnamə”
Çələbi ibn Dərviş Muhəmməd Zillin 50 ildən çox Avropa, Qərbi Asiya və Misirdə olub və 10 cildlik “Səyahətnamə” əsərini yazıb. “Səyahətnamə” özündə gəzdiyi yerlərin coğrafiyası, tarixi, ədəbiyyatı; bu yerlərdə yaşayan xalqların mədəniyyəti, dili, dini, sənəti, yaşayış tərzləri və s. haqqında dəqiq, geniş məlumat əks elətdirir. Bundan əlavə kitabda gəzdiyi yerlərdəki məscidlər, kitabxanalar, müxtəlif xalqların mətbəxi, xalq oyunları və s. mövzulara da toxunulub. “Səyahətnamə” ilk dəfə 1848-ci ildə “Kahire Bulak” mətbəəsində dərc olunub. 1902-ci ilə qədər ilk 6 cildi, 1928-də 7-ci və 8-ci cildlər, 9 və 10-cu cildlər isə 1935-1938-ci illərdə çap olunmuşdur. Dünyanın 20-dən çox müxtəlif dillərinə tərcümə olunan bu 10 cildlik möhtəşəm əsər 2013-cü ildə UNESCO-nun “Dünya Kitabxanası”na daxil edilmişdir.

 

Marko Polo – “Marko Polonun səyahətləri”
İtalyan səyyahı Marko Polo öz səyahət xatirələrini 1298-ci ildə kitab şəklində yazır. Kitabda Markonun gəzdiyi ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, təbii sərvətləri və s. haqqında geniş məlumat var. Avropanın müxtəlif ölkələrində məşhurlaşan bu kitab bir çox dillərə tərcümə olunmuşdur. Hətta bəzi səyyahlar “Marko Polonun səyahətləri” kitabından ilhamlanaraq səyahətə çıxmağa qərar veriblər.

 

Bruce Chatwin – “Pataqoniyada”
"The Daily Telegraph" qəzetinin verdiyi məlumata görə, dizel yanacağı istehsal edən meşə göbələyinin tapıldığı Pataqoniya daim Avropanın, eləcə də bütün dünyanın diqqət mərkəzində olmuşdur. Pataqoniyaya səyahət hər bir təbiət sevər səyyahın arzuladığı bir şeydir. Bu əraziyə sevgini isə Bruce Chatwin’in “Pataqoniyada” əsəri birə beş artırır. Kitabda Pataqoniyaya səyahət etmiş səyyah öz gördüyü mənzərə, buranın canlıları, bitkiləri, sirr dolu meşələri, dağlarda gizlənən gözəllikləri, dar və adrenalin dolu yolları barədə geniş məlumat verir.

 

Peter Aufschnaiter – “Tibetdə 7 il”
Kitabın qəhramanları əsirlikdən qaçdıqdan sonra Tibetə gəlirlər və burada yaşamağa başlayırlar. Kitabda da, kitabın əsasında çəkilən eyniadlı filmdə də əsərin sujet xətti ilə bərabər Tibetin yüksək dağlığı, sıx meşəliyi, yaşıl düzənlikləri, canlıları, əhalisi; əhalinin məşğuliyyəti, kənd təsərrüfatı, bir sözlə, Tibetin əsrarəngiz yaşam tərzi əks olunur.

 

Elizabeth Gilbert – Ye, Dua Et, Sev
Nyu-York-lu yazıçı Elizabeth boşandıqdan sonra həyatın anlamını və əsl sevgini axtarmağa başlayır və səyahətə çıxır. Səyahət 3 hissədən ibarətdir: Yemək, dua etmək və sevmək. 1-ci hissəyə əsasən yeməyi ilə məşhur Romaya səfər edir. 2-ci hissəyə əsasən səfərin növbəti dayanacağı əhalisinin dini inanclarına görə məşhur olan Hindistan olur. Sonuncu hissədə isə qəhramanımız sevgi axtarışını Balidə davam etdirir. Kitab və kitabın əsasında çəkilən eyniadlı filmdə səyahət zamanı bu ölkələr o qədər möhtəşəm təsvir olunub ki, oxucuda həmin ölkələrə qarşı səyahət hissinin, marağının, sevgisinin yaranmaması mümkün deyildir.

 

Gizem Altın – Bir Bilet Al
25 yaşlı Gizem qatarla 5 həftəlik Avropa səyahətindən yazır. Kitabı oxumaqla müəlliflə bərabər siz də səyahətə çıxacaqsınız. Fransanın üzüm bağları, Afinada səhər yeməyi, İspaniyada gün batımları, İtalyada Alp dağlarının ucqar zirvələri gözünüzün önündə canlanacaq və tez bir zamanda Avropaya səyahət istəyiniz artacaqdır.

 

Murat Belge – İstanbul Gezi Rehberi
İstanbul – Dünyanın ən qədim şəhərlərindən biri. Bəs tarixi öz içində gizləyən bu şəhərin digərlərindən fərqi nədir. Murat Belge “İstanbulda Gezi Rehberi” kitabında İstanbulun əsli-bərabəri olmayan gözəlliyini, özünəməxsus üslubunu, adət-ənənələrini ustalıqla yazıb və bura səyahətin sizdə nə kimi xoş xatirələr qoya biləcəyini də qeyd edib.

 

Barış Bakır – Sırt Çantamda Avrupa
Gizem Altın’ın “Bir Bilet Al” kitabı o qədər maraqla yazılmış, güclü motivasiya verən kitab idi ki, bir çox səyahət sevər gənc özünü Avropanın qucağına atmışdı. Bunların içində “Sırt çantamda Avropa” kitabının müəllifi Barış Bakır da var idi. Kitabda Paris, Venesiya, Roma, Atinaya səyahət edən müəllifin xatirələri yer alıb. Bununla yanaşı bir səyyahın Avropaya səyahəti zamanı ağlında yarana biləcək ən xırda suallara da cavab verilmişdir. Kitabı oxumaqla müəlliflə birlikdə Parisdə oyanacaq, Venesiyada küçələrdə “üzəcək”, Romada Qladiatorları izləyəcək, Afinada dünya filisoflarının sözləri qulaqlarınızda əks-səda verəcəkdir.

 

Benian Çulhaoğlu – Tek Başına Dünya Gezisi
Tək səyahət etməkdən qorxursunuz? Tək başına səyahət etmək darıxdıcıdır? O zaman bu kitab sizin üçün tam motivasiya mənbəyi olacaqdır. Benian Çulhaoğlunun 4 qitədə 40 ölkədə etdiyi səyahətin qazandırdığı təcrübənin əsasında qələmə aldığı “Tək başına dünya səyahəti” kitabı “Tək başına dünyanı necə gəzmək olar?” sualına çox gözəl cavab verir. Belə ki, tək başına gəzməyin avantajlarından ən birincisi sərhədsiz, azad gəzmə imkanıdır. Tək səyahət etdikdə ürəyimiz istəyəni çəkinmədən edə bilərik. Bu da həyatımızda unudulmaz xoş xatirələr yaradacaqdır. Tək səyahət edərkən öz istədiyiniz yerdə istədiyiniz yeməyi yeyəcəksiniz, istədiyiniz məkanda qalacaq, istədiyiniz yerlərə gedəcəksiniz. Bir sözlə, tək başına səyahət zamanı fikir ayrılığı olmayacaqdır, necə istəyirsinizsə, elə də istirahət edəcəksiniz. Bundan əlavə kitabda səyahət zamanı çantamızda nə olmalıdır kimi suallara da cavab verir. Elə şeylər var ki, əvvəldən bizə lazımsız kimi görünsə də, səyahətdə ən vacib şeyə çevrilir. Benian Çulhaoğlu səyahətlə bağlı bütün suallara cavab verib.

 

Akdoğan Özkan – “Türkiyede ölmeden önce yapmanız gereken 101 şey” və “İstanbulda ölmeden önce yapmanız gereken 101 şey”
Birinci kitabı ilə satış rekordu vuran yazıçı ikinci kitabı ilə də rekorda imza atdı. “Türkiyede ölmeden önce yapmanız gereken 101 şey” kitabında Türkiyənin müxtəlif şəhərlərində qarşılaşa biləcəyimiz özünəməxsus gözəlliklərdən bəhs edilir. Hər fəsildə bir şəhər təsvir olunur və gəzib görməli, vaxt keçirməli yerləri haqqında məlumat verilir. Akdoğan Özkanın “İstanbulda ölmeden önce yapmanız gereken 101 şey” kitabında isə yazıçı İstanbulun hər bölgəsini, hər küçəsini, hər addımbaşını təsvir edir. Kitabı oxumaqla beynimizdə olan İstanbul tamam başqa – sirlərlə dolu, həyata sevgini artıracaq.

 

Jack Kerouac – “Yolda”
Amerika ədəbiyyatının ən öndə gələn yazıçılarından biri Jack Kerouacın qələmə aldığı “Yolda” əsəri bir neçə dostun səyahətindən bəhs edir. Bu dostlar – kimisi yazıçı, kimisi şair, kimisi avara, kimisi musiqiçi və s. - düzəlirlər yola. Hərəsi ayrı dünyanın insanları olsalar da, onları birləşdirən yeganə dəyər başqa həyat, başqa dünya axtarmaqları idi.Beləliklə, Amerikanı başdan ayağa qət etdilər. Yolun bir hissəsini tək başlarına, bir hissəsini dostlarla, bir hissəsini otostop çəkib tanımadıqları insanlarla, bir hissəsini aşiq olduqları qadınlarla, bir hissəsini yenə tək başlarına və yenə birlikdə qət edirdilər. Səyahətin anlamını, mənasını hər bir xarakter öz dilində fərqli anladırdı: “Yolda həyatın anlamı vardı, yolda sevgi vardı, yolda mərhəmət vardı, amma bunlarla yanaşı yolda aclıq vardı, yorğunluq vardı. Hər nə olursa olsun – ya yaxşı, ya da pis – fərq etməz, yolda bir axtarış vardı, suallara cavab vardı”. “Səyahət adını qoya bilmədiyimiz hislər yaradır insanda, bu hisləri nə anlaya bilirsən, nə də onlara tab gətirə bilirsən. Bu hislər səni öz aləminə alır, sənə azadlıq verir və sən qeyri-ixtiyari yola düzəlirsən. Yollar, məsafəlar, ölkələr gəzirsən və günün sonunda gecə isinmək və yeməyi qızdırmaq üçün qalanmış ocağın qırağında dostun gitara ilə həzin musiqi ifa edə-edə düşünməyə başlayırsan. Yenə də adını qoya bilmədiyin hislər və bütün bədənini öz ağuşuna alan xoşbəxtlik hissi”. Kitab demək olar ki, ilk səhifəsindən insanı səyahət etməyə, özünü yollara atıb dünyanı gəzməyə çıxmağa sövq edir.

 

Joshua Slocum – “Yelkənlə tək başına”
Yelkənli qayıqla tək başına dünyanı gəzmək çoxunun arzudur. Yazıçı və səyyah Josua Slocum bu arzunu gerçəkləşdirmiş ilk insandır. Josua Slocum 51 yaşına qədər müxtəlif gəmilərdə fərqli məqsədlərlə Çinə, Yaponiyaya səyahət edib. 24 aprel 1895-ci ildə 51 yaşında “Spray” adlı qayıqla Bostondan yola düşür. 3 il davam edən səyahətin sonunda 46,000 millik yol qət etdikdən sonra 27 iyun 1898-ci ildə Newport, Rhode İslanda çatır. Beləliklə dünya turu tamamlanır. 1899-cu ildə öz səyahət tarixçəsini yazdığı “Sailing Alone Around the World” adlı kitabını nəşr elətdirir və bunun sayəsində yavaş-yavaş bütün dünyada məşhurlaşmağa başlayır.

 

Jon Krakauer – “Vəhşi təbiətə doğru”
“Vəhşi təbiətə doğru” kitabı şəhərlərin müasir texnologiyalarla inkişafından sıxılmış gənc bir adamın həyatın gözəlliyini təbiətdə tapacağına inanmasından bəhs edir. Əsərin qəhramanı Christopher McCandless banl hesabındakı 25,000 dolları xeyriyyə cəmiyyətinə bağışlayır, maşınını çölün ortasında buraxır, pul qabındakı bütün pulu yandırır və yola düzəlir. Səyahət edə-edə Alyaskaya gəlir. Kitabda stabil həyat tərzinin nə qədər sıxıcı, maraqsız olduğu, hər şeyi atıb səyahət etməyin insana həyatı daha yaxşı dərk etməsinə kömək etdiyi, səyahət etdikcə xoşbəxtliyin izahının daha yaxşı başa düşüldüyü təsvir edilir.

 

Robert M. Pirsig – “Zen və motosiklet təmir sənəti”
Axıcı dilə malik əsər bir adamın oğlu və iki dostuyla birlikdə motosikletlə uzun səyahətindən bəhs edir. Əsərin qəhramanları monoton həyatdan sıxılmış, süni həyat yaşayan insanlardan bezmişlər və həyatın əsl anlamını Amerikanın ucsuz-bucaqsız kəndlərində, göz işlədikcə uzanan düzənliklərində, dırmaşdıqca ucalan dağlarında axtarırlar və elə bu yerləri gəzə-gəzə ən son okeana çatırlar. Kitab qəhramanların qəth etdikləri yol boyunca ətrafı təsvir edir və səyahətsiz bu gözəlliklərə şahid olmağın qeyr-mümkünlüyünü izah edir.

 

Luis Sepulveda – “Pataqoniya ekspressi”
Çilinin istedadlı yazıçılarından olan Luis Sepulvedanın ən böyük arzusu səyahət etmək, dünyanı gəzmək, müxtəlif mədəniyyət nümayəndələri olan insanlarla tanış olmaq idi. Öz istəyinə nail olan Luis dünya səyahətinə çıxır və öz səyahət təcrübələrini “Pataqoniya ekspressi” kitabında qələmə alır. Kitabda səyahət xatirələri ilə yanaşı səyahətin psixologiyası da yazılıb. Belə ki, müəllif “dünya səyahətinə necə çıxmaq olar?” sualına cavab axtarır və yazır: “Dünyanı gözümüzdə böyütdükcə səyahət qorxumuz daha da artır və bizə elə gəlir ki, biz dünya turuna çıxa bilməyəcəyik, yolların çətinliyinə dözməyib geri qayıdacağıq. Amma siz dünyanın nə böyüklüyünü, nə də kiçikliyini düşünün. Səyahətə başlayın və düşündüyünüz tək şey sizin yollar, kəndlər, şəhərlər, ölkələr qəth etməyiniz olsun. Səyahəti hiss edin”. Luis Sepulvedanın “Pataqoniya ekspressi” tam bir səyahət üçün motivasiya kitabıdır.

 

İhsan Önder – HindistaNepal
1 səyyah, 2 ölkə, 5 şəhər, 18 gün – bu kitab sıradan,adi bir insanın Hindistan və Nepala etdiyi 18 günlük səyahətin təcrübələri, xatirələridir. Amma kitabın fərqli cəhəti bilirsiniz nədir? İhsan Öndürin “HindistaNepal” kitabı bu ölkələrə səyahətlə yanaşı dünyanın müxtəlif nöqtələrinə səyahət etməyi arzulayan, lakin icazə, maliyə, özgüvən və s. səbəblərdən istəyi yalnız xəyal olaraq qalan insanlara cəsarət verir. Çünki yazıçı özü də bu problemlərdən dolayı öz arzusunu 8 il gecikdirib. Kitab 2 hissədən ibarətdir: Birinci hissədə səyahətə hardan nə ilə başlayıb necə davam etdiyini, haralara baş çəkdiyini, Hindistanda, daha sonra Nepalda nələrə şahid olduğunu anladır. İkinci hissədə isə Hindistan və Nepalın gəzib görməli yerləri, restoranları haqqında qısa məlumat verilir və yazıçının 18 günlük səyahətində çəkdirdiyi şəkillər foto album şəklində təqdim olunur. Kitabın daha bir üstün cəhəti də bu ölkələrə səfər zamanı çıxacaq xərcləri daha öncədən təxmini hesablaya bilmək üsullarının qeyd edilmiş olmasıdır.

 

Bora Ercan – “Göyə yaxın torpaqlar: Tibetə səyahət”
Bora Ercanın səlis qələmi ilə yazılmış bu kitabda “Niyə Tibetə səyahət etməliyik” sualına ən dəqiq və dolğun cavab verilib. Öz səyahəti boyunca başına gələnlər, qatıldığı tədbirlər, gəzdiyi yerlər, gördüyü məkanları təsvir edən yazıçı Tibetin mətbəxindən, yoqasından və yaşam dolu gözəl insanlarından da yazmağı unutmayıb.

 

Figen Gündüz Letaconnoux – “Yaşamımdan süzülən Afrika”
Afrikanın demək olar ki, heç kəşf edilməmiş və ya az kəşf edilmiş ölkələrində bugünkü vəziyyəti anlatan “Yaşamımdan süzülən Afrika” kitabı Figen Gündüz Letaconnuxun səyahət xatirələri ilə yanaşı Afrikanı bizə sevdirəcək motivasiya mənbəyidir. Çoxlarının fikrincə səyahət etməyə ən yaxşı yer inkişaf etmiş ölkələrdir. Amma Letaconnux bu əsəri ilə göstərir ki, inkişaf etmiş ölkələrin üz döndərdiyi Afrikanın sahib olduğu əzəmətli təbiət elə dünyanın ən yaxşı yerlərindəndir. Yazıçının dediyi kimi: “Dünyanı tanımaq, kəşf etmək üçün hər zaman dənizlərə, göllərə deyil, bəzən də quraq iqlimə, uca zirvələrə də getmək lazımdır. Əgər səyahətindən zövq almaq istəyirsənsə, hər kəsin dilində əzbər olan yerlərə yox, heç kimin tanımadığı, kəşf edilməyi gözləyən yerlərə səyahət et”. Kitab çap olunduqdan sonra sürətlə məşhurlaşmağa başladı. Çünki Afrikaya səyahət etmək istəyən çox olsa da, səyahət edən az idi. Ona görə də bu kitab onlara yol rəhbəri funksiyasını daşıyırdı özündə. Digər tərəfdən də yazıçı Afrikanın əksər regionlarını gəzdiyi və yazdığı üçün bu kitab bir ensiklopedik xarakter daşıyırdı.

 

Fazlı Bulut – “Hindistan səyahətnaməsi”
Fazlı Bulutun “Hindistan səyahətnaməsi” kitabı elə ilk cümləsindən insanı səyahətə sövq edir: “Bu kitab bir səyahət kitabı deyil. Tarix kitabı heç deyil. Bu kitabda böyük bir zövqlə gəzdiyim Hindistanı, orada tanıdığım insanları, oxuduqlarımdan, gördüklərimdəm və mənə danışılanlardan öyrəndiklərimi sizlərlə paylaşmağa çalışmışam. Gəzincə dünyanın çox böyük insanların, mədəniyyətlərin isə bir-birinə çox yaxın olduğunu kəşf etdim.”. Kitabda Hindistana səyahət edən bir nəfərin günlük həyatının necə keçə biləcəyi qeyd olunub. Hansı qiymətə necə oteldə qalmaq olar, hansı yeməkdən dada bilərik, hindistanlıların özünəməxsus adət-ənənələri, yeməkləri, geyimləri, dini inancları və s. çox axıcı dildə yazılıbdır.

 

Pukka Living – “Müstəsna İstanbul”
İstanbulu azdan-çoxadan film və seriallardan, kitablardan, videolardan tanıyırıq. Amma bu kitabda İstanbulun 100-dən çox müstəsna məkanı təsvir olunur. Pukka Living monoton İstanbulun qeyri-adi, gəzməyə dəyər yerlərini "Müstəsna İstanbul" kitabında bir araya gətirib. Kitabın özəlliyi ondan ibarətdir ki, kitabda qədimiliyi sevənlər üçün ayrı məkanlar, modernliyi sevənlər üçün ayrı məkanlar, sakitliyi sevənlər üçün başqa yerlər, qələbəliyi sevənlər üçünsə tamam başqa yerlər sıralanıbdır. Pukka Living öz kitabında səyahətin önəmliliyini onunla qeyd edir ki, bir şəhəri tanımaq istəyirsənsə, onun haqqında kitablardan, filmlərdən, internetdən, ora gedib gələnlərdən kəşf edə bilməzsən. Şəhərə hakim olmaq üçün ora səyahət etməli, altını üstünə çevirməlisən.

 

Cliff Jacobson – “Bel çantası hazırlama”
“Bel çantası hazırlama” kitabı Cliff Jacobsonun “Hər şey sənin üçün” kitablar seriyasındandır. Adından da göründüyü kimi bu kitabda hara getməyinizdən asılı olmayaraq bel çantanızda nələr olmalı olduğunu vurğulayır. Amma kitabın özəlliyi bununla da bitmir. Əgər çox bədxərcsinizsə, səyahət zamanı xırda şeylərə belə çox pulunuz çıxacaqdır. Ona görə də nəyəsə qənaət etməlisiniz. Kitabda elə bu barədə mövzu açılır və bədxərc səyahətçilərin xərclərini minimuma endirmək üçün yollar təqdim olunur.

 

Okan Okumuş – “Yaşasın bel çantası”
Dünyada milyonlarla insan dünyanı gəzmək, öz stabil həyatından qırağa çıxıb fərqli məkanlara şahid olmaq, səyahət sayəsində özünü kəşf etmək istəyir. Lakin əksər insanlar səyahətə hardan və necə başlayacağını, səyahət planını necə planlaşdıracağını bilmir. Okan Okumuş “Yaşasın bel çantası” kitabında planlaşdırma, nəqliyyat, gecələmək üçün yerlər, büdcə, faydalı internet mənbələri, yemək, alış-veriş, festivallar, hər xarakterli insanlara özəl səyahət məsləhətləri, gəzib görməli yerlər və s. haqqında geniş və dəyərli məlumatlar verir. Yazıçının da dediyi kimi: “Bu kitab illərdir hər gün işləməkdən bezərək biraz da həmişəki həyatlarını dəyişmək istəyənlərə, dünyanı öz ayaqları altına almaq istəyənlərə, müxtəlif xalqlara məxsus mədəniyyətlərlə tanış olmaq istəyənlərə ilham mənbəyidir və həmin insanlara səyahətin heç də çətin başa gəlmədiyini təcrübələrlə izah edir.

 

Saffet Emre Tonguç – “Boğaz haqqında hər şey”
Yazdığı kitablar və məqalələrlə mükafatlara doymayan tarixçi, yazıçı və səyyah Saffet Emre Tonguçun “Bosfor” boğazı haqqında yazılmış ən dolğun, ən geniş məlumatlı və maraq kəsb edən “Boğaz haqqında hər şey” kitabı bu mövzuda yazılmış kitablar içərisində satış rekorduna imza atmışdır. Kitabın bir fəsli boğazın Avropa, ikinci fəsli Anadolu sahillərindən bəhs edir. Ümumi olaraq isə boğaz ətrafı sahillərdə yerləşən meydanları, otelləri, restoranları, parkları, bir sözlə, gəzib görməli, qalmalı yerləri sadalayır. Kitabda boğazda necə, hansı yollarla su gəzintisinə çıxa biləcəyiniz barədə də məlumat verilib.

 

Ansel Mullins, Yigal Schleifer – “İstanbul arxa küçə ləzzətləri”
Həm səyahət etməyi, həm də yeməyi sevirsiniz? Səyahəti gəzməkdən çox fərqli xalq mətbəxlərinin dadına baxmaq üçün edirsiniz? O zaman bu kitab məhz sizin üçündür. Blog yazarları Yigal Schleifer və Ansel Mullins veb saytlarında səyahətdən, daha çox isə səyahət zamanı qarşılaşdıqları ləzzətlərdən yazdıqları yazılar çox oxununca kitab çap eləməyə qərar verdilər. Bu qərarları isə “İstanbul arxa küçə ləzzətləri” kitabının ingilis və türkcə çap olunmasıyla nəticələndi. İstanbulun restoranından tutmuş kafesinə, barından tutmuş meyhanesinə, aşxanasından tutmuş köftəçilərinə qədər harda hansı ləzzəti dada biləcəyimizi kitabdan öyrənə bilərik. Ümumiyyətlə isə iki yazıçı İstanbula etdikləri səyahət zamanı yeməkləri, xidməti və atmosferindən məmnun olduqları 70 fərqli məkanı yazı və fotolarla şərh edirlər. Hətta bununla bitmir məsələ, yazıçılar hansı əhval-ruhiyyədəsənsə, ona uyğun məkan da tövsiyə edirlər. Bundan əlavə, getdikləri məkanların hekayəsi varsa, yəni yaranmasına və ya adının qoyulmasına aid bir hekayə, onu da kitabda qeyd ediblər.

 

Sevan Nişanyan – “Ankaranın şərqindəki Türkiyə”
Sevan Nişanyanın səyahət kitabı olan bu kitab şərqi Anadolunu gəzmək istəyən səyahət sevərlərin sevəcəyi kitabdır. Kapadokyadan Çukurovaya, Urfadan Karsa qədər uzanan kitab 7 bölümdən ibarətdir. Hər bölümdə bir region təsvir olunub.  Sevan Nişanyan hər bölgəni nə vaxt və necə gəzilə biləcəyini qısa bilgilərlə anlatmaqla yanaşı bu bölgələrin tarixi və etomoloji hadisələrini də qeyd edib.

 

Paulo Coelho – “Kimyagər”
…Və gəldik çap olunduğu 1988-ci ildən indiyə qədər ən oxunan kitablar siyahısından həmişə yer alan “Kimyagər” kitabına. Paulo Coelhonun bu qalmaqallı əsəri səyahət kitabı deyil, İspaniyadan Misir piramidalarının ətəklərində xəzinə axtarışına çıxan çobanın hekayəsidir, lakin süjet xətti və bədii təsviri insanın qeyri-ixtiyari səyahət sevgisini artırır.

Baş qəhramanımız Santiago 16 yaşına qədər çobanlıq edib. Bir gün rahib olmaq istəmədiyini anlayan gənc atasına səyyah olmaq istədiyini söyləyir. Atası da getməyinə icazə verir. Çiyninə bir heybə keçirər və yola düzələr. Xoşbəxtlik axtarışındadır. Yollar, göllər, qəsəbələr, şəhərlər, ölkələr arxada qalır, amma o xoşbəxliyi tapacağına inanır. Səyahətin onun düşünmə bacarığını necə inkişaf elətdirdiyinə, dünyanın gözəlliyinə səyahət etdikcə şahid olduğuna şahid oluruq. Çox səyahətlər edir. Təkrar-təkrar gördüyü yuxunun təsirinə düşür, yuxunu yozması üçün falçı qadının yanına gedir. Falçı qadın Santiaqonun Misirə gedəcəyini və orada xəzinə tapacağını deyir. Beləcə Santiaqonun xəzinə axtarış macərası başlayır. Kitabın sonunda qəhrəmanımız Misir piramidalarına çatır və öz xoşbəxliyinə qovuşur.

“Kimyagər” 6 ildə 42 ölkədə 26 dilə çevrilmişdir.

 Səyahət edənlərlə kitab oxuyanlar arasında fərqlər olduğu kimi, oxşarlıqlar da var. Bu oxşarlıqlar nəticəsində ortaya belə sual çıxıb: “Çox oxuyan çox bilər, yoxsa çox gəzən”. Bu suala hər kəsin fərqli cavabları ola bilər. Amma siz yuxarıda sadalanan kitabları oxuduqdan sonra bu suala yalnız bir cavab verəcəksiniz: “Çox gəzərkən çox oxuyan”.

 

Gəzin və oxuyun!

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.