Daxil olQeydiyyat

Rumıniya – Vlad Tepes, Bran qalası və onlara gedən yol

MART 6, 2020 4 dəq. oxu
Rumıniya – Vlad Tepes, Bran qalası və onlara gedən yol

Balkan yarımadasının şimalında yerləşən Rumıniyanın şərq sahillərini Qara dəniz suları yuyur. Karpat dağları, dünyanın ən uzun ikinci çayı Dunay, şam meşələri sayəsində zəngin təbiətə malikdir. Bir çox tarixi hadisələrin meydanına çevrilən bu ölkədə çox saylı mədəniyyətlərin vəhdətini görə bilərik. Zəngin mədəni irsə sahibdir. Ölkədə ortodoks kilsələri çoxluq təşkil etsə də rəsmi olaraq dövlət dini yoxdur. Burada ən qədim insan fosillərinin tapılması Rumıniyanı həm də ən qədim məskənlərdən edir. Avropanın doqquzuncu böyük ölkəsinin neft ehtiyyatları da böyükdür. Bugün Rumıniyanın ən çox gəlir mənbəyi neft və kənd təsərrüfatı sahəsindən əldə olunur. Sürətli inkişafı nəticəsində Rumıniya Avropa Birliyi ölkələri siyahısına daxil ola bilib.


Rumıniyada turizm
Ən çox inkişaf etmiş sahələr arasında turizm xüsusilə fərqlənir. Bugün dünya üzrə turizmin sürətlə inkişafına görə Rumıniya ön pillələrdə qərarlaşıb. Təbiəti, qədim qalaları, Transilvaniyanın ürküdücü havası, Sibui bölgəsinin orta əsr qəsəbələri, əsrlərlə yaşı olan Sakson kilsələri Rumıniyanın daha çox turist cəlb etməsi səbəblərindəndir. Möhtəşəm dağ mənzərələri və az sayda insan ayağı dəymiş bölgələri turistləri heyran edir. Bura son zamanlar turistlərin səyahət etməsinin səbəblərindən biri də, Rumıniyanın ən təhlükəsiz ölkələrdən hesab olunmasıdır. 2017-ci ildə 162 ölkə arasında Rumıniya 30-cu yerdə qərarlaşmışdı. Bugün 75%-lik təhlükəsizlik göstəricisinə sahibdir. Bu faizi daha da artırmaq üçün bəzi nüanslara diqqət etmək lazımdır. Bura səyahət edənlər Buxarestin cənub-qərb hissəsində yerləşən “Ferentari” məhəlləsindən uzaq gəzsələr daha yaxşıdır. Çünki bura paytaxtın cinayət məhəlləsi kimi tanınır. Pulların mübadiləsini də ancaq “Exchange” mərkəzlərində etmək daha yaxşı olar. Əks halda fırıldaqçıların qurbanına çevrilmək mümkündür. Bəziləri səyahət etdiyi ölkədə maşın kirayə edərək ölkəni gəzməyi sevir. Bu Rumıniyada da mümkündür. Amma bəzi makalardan uzaq durmaq şərti ilə. “Volkswagen”, “Opel”, “Mercedes” bu markalar arasındadır. Ölkədə ən çox öğurlanan maşınların bu markalar olduğunu nəzərə alaraq ehtiyatlı olmaq lazımdır. 


Transilvaniyanın turistik bölgələri
Orta əsrlər Avropasına getmək istəyənlər Transilvaniyaya səyahət edə bilərlər. Qorxuducu və ürküdücü mənzərələr görmək istəyənlər də Transilvaniyada Drakulanın evinə baş çəksələr bunların şahidi ola biləcəklər. Daşlarla döşənmiş köhnə torpaq yollar, Drakula filmlərində olan dağların ətrafına dolanan qatar yollarıyla Bran qalasına getmək mümkündür. Daha çox məntəqəni görmək istəyənlər üçün alternativ avtobus xətləri də var. 

Transilvaniyada bir sıra yerlər UNESCO-nun Mədəni İrs siyahısına daxil edilib. Pastel-Hued, Viseri, Bierton və bu bölgdə olan neçə-neçə tarixi tikililər və kilsələr turistlərin mütləq görməli olduğu məkanlar arasındadır. Burada Orta əsrlər Avopasının şəhər görüntüsünün hələ də saxlanılması şəhərə tarixi sima verir.


Bran qalası

Rumınyanın özü qədər məşhur qalası Bran qalasıdır. Qala Transilvaniya və Valaxiyanın sərhəddində Braşov qəsəbəsində yerləşir. Bran qalası Kont Drakulanın evi kimi tanınsa da qalada Drakulaya aid heç bir şəxsi əşya yoxdur. Burada daha çox qalada yaşamış zadəgan ailələrinə məxsus əşyalar görmək olar. Bölgənin ən çox ziyarət edilən tarixi abidələri arasında Peonidi və Hunyadi qalaları da var. Bu qalalar da vampir qalaları kimi tanınır. Braşovun bir çox gəziləcək yerləri var. Qəsəbənin ən böyük küçəsi “Strada Republici” çox saylı kafe və restoranlar, tarixi tikililərlə turistlərin yolunu gözləyir.


Rumıniya və Drakula 
1897-ci ildə irlandiyalı yazar Bram Stoker “Drakula” romanını yazır. Romanda baş qəhrəman Drakulanın prototipi kimi Valaxiya hökmdarı Vlad Tepesin və məkan olaraq Bran qalasının seçilməsi nəticəsində Rumınya Drakulanın vətəni olaraq anılmağa başlanılır. Transilvaniyanın şöhrəti bütün dünyaya çatır. Tarixdə olduqca qəddar, düşmənlərini xüsusi amansızlıqla öldürən Rumınıya şahzadəsi III Vlad Tepesin Drakula olduğu ehtimalı da gündən- günə artır. Qısaca XV əsrə gedək. Vlad Tepes Rumınıyada yerləşən Valaxiya kralının oğludur. Onun atası II Vladın Osmanlı imperiyası ilə uzun müddətli çəkişməsi buranın sultan tərəfindən işğal edilməsi ilə nəticələnir. Valaxiya kralının sultana vergi və iki oğlunu verməsi qarşılığında krala daxili müstəqiliyinin saxlamaq təklif edilir. Kralın razılaşması nəticəsində Valaxiya şahzadələri Tokat (və ya Edirnə) şəhərinə gətirilir. Burada yeniçəri məktəbində böyüyən kiçik şahzadə Vlad illər sonra sultan tərəfindən Valaxiyaya vali təyin edilir. “Fürsət bu fürsət”- deyən şahzadə Valaxiyanı ələ keçirib müstəqilliyini elan edir. Sultan Fateh II Mehmetin vergi tələbini rədd edir və elçiləri şiş payalara keçirir. Bu hadisədən sonra Fatehin göndərdiyi 1000 nəfərlik atlı dəstəni də eyni üsulla məhv edir. Tarixi qeydlərdə göstərilir ki, Vlad Tepes yeniçəri cildində türk ordusuna gizlicə daxil olub Osmanlının Serbiyadan Qara dənizə qədər ərazilərdə olan 24 minə yaxın əskərini məhv edir. Sultanın göndərdiyi 90 minlik ordudan daha 15 min nəfərini məhv etməsi sultanın səbr kasasını daşıran son damla olur və özü şəxsən Vladla döyüşə qatılır. Valaxiya yaxınlığında təxminən üç kilometrlik ərazisi olan meşədə ağaclara saplanmış 20 min nəfərə yaxın Osmanlı əskəri, yaralı qadın və uşaqlar onu qarşılayır. Sonda isə Osmanlı əskərləri tərəfindən başı kəsilərək balla doldurulmuş küpün içərisində Osmanlı paytaxtına göndərilir. 

Drakula adının mənşəyi Vlad Tepesin atası II Tepesə verilmiş “Drakul” rütbəsi ilə əlaqədardır. Osmanlıya və ümüumilikdə, müsəlmanlara qarşı aparılmış mübarizədə seçildiyinə görə ona Alman Cəngavərlər Cəmiyyəti tərəfindən verilən bu adın mənası “əjdaha soyundan gələn” kimi tərcümə dilir.

Bram Stokerin əsəri yazmazdan öncə hadisələrin baş verdiyi məkan kimi başqa bir ərazi seçdiyi bildirilir. Ehtimal olunur ki, daha sonra Bran qalası və Vlad Tepes haqqında yazılı qaynaqlarda oxuduğu məlumatlar onun nəzərlərini Transilvaniyaya yönəldir. Əsərdə Drakula bəyaz tənli, gündüzlər tabutda yataraq gecələr ovlanan bir obraz kimi təsvir edilir.


Transilvaniyada festivallar
Transilvaniyada hər il rəngli festivalların təşkil edilməsi artıq adət halını alıb. Filmsevərlər üçün beynəlxalq film festivalları, musiqi və teatr həvəskarlarının qatıla biləcəyi festivallar olduqca rəngli keçir. Ən maraqlı konseptə malik festivallar arasında isə “Sighişoara Medieval Festival”-da var. Hər il iyun ayının son həftəsi keçirilir. Festivala qatılanlar orta əsrlərə aid geyimlərdə sözügedən dövrün rəqslərini ifa edirlər. Artıq daha çox bayram əhval ruhiyyəsində keçirilən festival hər il bir az daha maraqla qarşılanır.


Rumıniyanın görüləcək digər yerləri
Sighişoara-Transilvaniyada kiçik, orta əsrin izlərini daşıyan traixi qəsəbədir. UNESCO-nun xüsusi qoruması altındadır. III Vlad Tepesin burada doğulduğu bildirilir. 

Kral Dekebalusun heykəli-Tarixi Rumınya krallığı Dakianın sonuncu kralı Dekebalusun qayalara oyulmuş heykəli olduqca heyrətamizdir. 40 metr hündürlüyündə Dunay çayı hövzəsində 1994-2004-cü illərdə qayalar üzərində yonulub.


Skariosora Buz Mağarası
Əgər Rumınyaya yaya aylarında gedəcəksinizsə, ziyarət etməli olduğunuz məkanlar arasında Skasiora buz mağarasına mütləq baş çəkin. Bura dünyanın ən böyük yeraltı buzlağına malik mağara kimi məşhurdur. Mağara Qərbi Rumıniya ərazisində yerləşir. Burada buz qatı mağaranın daxilində olan soyuq hava səbəbilə yaranır. Mağarada havanın temperaturu müsbətə qalxmır və hər zaman termometrin göstəricisi 0º-nin altında olur.


Strambu- Baiut 
Bu ərazidə yerləşən meşələr insan ayağı dəyməyən “virgin” bölgələr kimi tanınır. Meşənin ərazisi təxminən 250 hektara yaxındır. Burada yaşı 500 ilə qədər olan nəhəng ağaclar, nadir bitkilər var. Transilvaniyadan geri qalmayan bədheybətli meşələr hər il yüzlərlə turist tərəfindən ziyarət olunur. 


“Libearty Bear Sanctuary”
Zarnesti ərazisində yerləşən zoopark və sirklərdən xilas edilmiş ayıların təbii şəraitdə yaşamaları üçün bölgələr yaradılıb. Burada 100 yaxın ayıya hüquqları yenidən qaytarılıb. Zarnestiyə getmək hər zaman mümkün olmaya bilər. Bunu tur şirkətləri ilə əvvəlcədən planlaşdırmaq lazımdır. Çünki, bölgəni ziyarət etmək ilin müəyyən vaxtlarında mümkündür. Hərhalda, bu sirk və zooparklarda tamaşaçılardan “yorulmuş” heyvanları yenidən bu streslə yükləməmək üçün atılmış doğru addımdır.

Adı çəkilən turistik bölgələrdən də göründüyü kimi, Rumıniya səyahətçilərə hər cür alternativlər təklif edir. İstər tarixi əraziləri sevənlər, istər təbiət qoynunda vaxt keçirmək istəyənlər və adrenalin həvəskarları, istərsə də modern səyahəti üstün tutanların seçimi Rumınya ola bilər. 

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

ZAHA HADİDİNİN 10 MÖHTƏŞƏM ARXİTEKTURASI

AVROPANIN BİLİNMƏYƏN 10 YERİ

TA PROHM MƏBƏDİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.