Daxil olQeydiyyat

SENQAKUJİ MƏBƏDİNDƏ YATAN 47 SAMURAY

AVQUST 9, 2019 2 dəq. oxu
SENQAKUJİ MƏBƏDİNDƏ YATAN 47 SAMURAY

Yapon mədəniyyəti maqnit kimi güclüdür. Maqnit relslər üzərində saatda 500 km məsafə qət edən sürət qatarları, 500 yaşı olan məbədlərlə qəribə vəhdət təşkil edir. Yaponiyada tarix və gələcək ritmik şəkildə rəqs edir. Bu rəqsə tamaşa etmək üçün hər il milyonlarla insan Gündoğan ölkəyə gəlir.  

Bu ölkədə ən çox ziyarət edilən məkanlardan biri Tokyo şəhərində yerləşir. Tokyo meqa şəhərdir. Bu şəhərdə yaşayan sakinlər, şəhəri ziyarət etməyə gəlmiş turistlər səs və hərəkətdən ibarət meqa xaosu yaradır. Daxili dünyasının səsini eşitmək istəyən qonaqlar Tokyonun cənub hissəsində yerləşən Şinaqava vağzalına gəlir.

Bu vağzaldan çıxıb, 15 dəqiqə gəzəndən sonra Senqakuji adlı Buddist məbədinə çatırsan. Bu məbədin divarlarında sehirli səssizlik gəzir. Yaxınlıqda olan skamyalardan birinə oturub həyatında olub-bitən hər şeyi unudursan. Qədim məbəd divarları, ağaclar və tarixin ruhu səni qucaqlamış olar.

Senqakuji başqa məbədlərə bənzəmir. Bu məbədin Akoroşi adlı sahəsində 47 samurayın məzarı yerləşir. Yaponlar bu samuraylara ronin deyir. Ronin sahibsiz qalmış samurayı izah etmək üçün istifadə edilən sözdür. Ola bilsin ki, siz bu roninləri Kianu Rivzin baş rolu ifa etdiyi hollivud filmində görmüsünüz.

318 il əvvələ qayıdaq. Məbədin yanında olan Edo qalasına getməliyik. Bu qalada bütün Yapon xalqının sevgisi səbəb olan Oyişi və onun samuraylarının hekayəsi başlanır. Edo qalasında Oyişinin sahibi Asano hirsli olduğu üçün Kira adlı zadəgana qılıncıyla hücum çəkir. Kiranın üzünü yaralayır. Asanonun hirsi səbəbsiz deyil. Kira onu dəfələrlə öz adamlarının yanında təhqir edir, hörmətdən salmağa çalışır. Asano sakit dayana bilmir və özündən daha titullu olan Kiranı öldürmək istəyir. Şoqun qaydalarına əsasən Edo qalasında heç kimin dövlət rəsmisinə qılınc qaldırmaq ixtiyarı yoxdur. Asano əməlinə görə xarakiri etməli olur. Onun torpaqları ailəsinin əlindən alınır. 300 samurayı azad buraxılır. Senqakuji camaatı baş verənlərə hiddətlənir. Hərkəs Kiranı pisləyir. Samurayların daxili kodeksinə əsasən Asano üçün qisas alınmalıdır. Şoqun qaydalarına görə qisas alan samuray edam ediləcək.

Sahibsiz qalan Senqakuji və 300 samuray pərən-pərən düşür. Samurayların başçısı olan Oyişi və 46 ronin gizli şəkildə toplanıb qisas almaq üçün söz verir.

1702-ci il, dekabr ayının 14-də Kira öz iqamətgahında roninlərin hücumuna məruz qalır. Oyişi onun başını kəsib roninləriylə birgə Senqakujiyə gətirir. Samuraylar çox sevinir. Asanonun intiqamı alınıb, şərəfi qaytarılıb. Samuraylar isə yenə öz vəzifələrini icra edə bilir. Oyişi və adamları qisası ala bilmək üçün, Kiranın şübhələrini öldürmək üçün 1 il 6 ay gözləyə bilib.

Bu hadisənin sorağı bütün Yaponiyaya yayılır.

Şoqun qaydalarına əsasən, quldur kimi edam edilməli olan roninlərə, samuray kimi, şərəflə xarakiri etmək şansı tanınır. Oyişi və adamları tarixə düşür.

Hər il dekabr ayının 14-də, 47 samurayı yad etmək üçün ölkənin müxtəlif yerlərindən olan minlərlə insan məbədin həyətində yerləşən Akoroşi məzarlığına axışır.

47 nəfərin yatdığı yer şərəf, ləyaqət, sadiqlik və samuray olmanın müqəddəsliyini özündə cəm edir.

Dekabr ayında Tokyoya yolunuz düşərsə, mütləq Şinaqava vağzalına gedin. Vağzaldan 15 dəqiqə aralıda yerləşən məbədə səhər saat 8-də ayaq basın. Skamyada oturub ruhunuza istirahət bəxş edin.

Sonra 47 ədəd “senko” çubuğu alıb samurayların başı üstündə yandırın. Senko tüstüsü sizə qəribə hisslər yaşadacaq. Məbəddə bir otaqlı muzey də var. Akoqişi Kinenkan adlı bu otaqda samurayların əşyaları və məktubları qorunur. Otağa giriş üçün 500 yen ödəməli olacaqsınız.

Festivalın şirin sonluğu olur. Məbədi ziyarət edənlərə “okonomiyaki” və “takoyaki” kimi müxtəlif şirniyyatlar verilir.

Bir sözlə gününüz tarixi və səssizliyi dadmaqla başlayır, şirniyyatı dadmaqla bitir.

Bu yazı da bitir.

Tokyonun meqa küçələrində isə həyat davam edir. 

Şəklin müəllifi:  Stéfan Le Dû

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.