Daxil olQeydiyyat

İSPANİYA MƏTBƏXİ

NOYABR 27, 2019 4 dəq. oxu
İSPANİYA MƏTBƏXİ

Səyahət etdiyimiz ölkələr sadəcə tarixi abidələri, meydanları, insanları ilə yaddaşımızda qalmır, həmçinin orda yediyimiz yeməklərin dadları ilə də unudulmaz xatirəyə çevrilir. Çox zaman, səyahətə gedən birinə gəzib-görüləcək yerlərlə yanaşı, həm də həmin ölkəyə məxsus olan yeməklərin dadına baxmağı tövsiyə edilir. Bu dəfə də mən sizə İspaniyaya gələrkən dadına baxmalı olduğunuz yeməklərdən danışacağam. 

İspaniya mətbəxi deyəndə ağlımıza ilk olaraq tapas, paella, sangria gəlsə də, İspaniyanın bölgələr üzrə bir-birindən ləzzətli və özünəməxsus yeməkləri var. Belə ki, şimal-qərb hissəsində yerləşən Qalisiya bölgəsi içi ət və balıqdan ibarət olan empanadaları ilə, Asturias bölgəsi fabada adlanan yeməyi ilə, Bask bölgəsi fərqli balıq yeməkləri ilə, Katalan bölgəsi meyvə ilə qarışıq hazırlanan ət və balıq yeməkləri ilə məşhurdur. Bunlardan əlavə tarix boyu ərəblərin işğalı altında olması baxımından zəngin mətbəxə sahib olan Əndəlüs bölgəsi var.

İlk olaraq ispanların yemək mədəniyyətindən onu deyim ki, bunlar az-az və tez-tez yemək yeyənlərdəndilər. Gündə 5 öyün yemək yeyirlər. Desayuna adlandırdıqları səhər yeməyi ilə günə başlayib, saat 14:00-15:00 arasında günorta yeməklərini, 22:00-da isə axşam yeməklərini yeyirlər. Aradakı saatlarda isə daha çox yüngül qəlyanaltılarla günü yola verirlər. Onu da qeyd edim ki, günortadan sonra bəzi restoranlar bağlanır, bir də axşam yeməyindən öncə saat 20:00-da açılır. Odur ki, yolunuz İspaniyaya düşərsə, yemək saatlarını bilin ki, sonra ac qalmayasınız. İndi isə sizlərə İspaniyaya gələrkən yeməmiş getməyin dediyim yeməklərdən danışım.


Paella
 – İspaniyaya gələn turistlərin ilk yemək istədiyi yemək paelladır. Əsas vətəni Valensiya sayılsa da, İspaniyanın bütün şəhərlərində paellanın dadına baxa bilərsiniz. Əsas fərq hər bölgənin özünəməxsus hazırlamasındadır, eynilə bizim plovlarımız kimi. Hər bölgəyə özünəməxsus fərqli ərzaqlarla hazırlayır. Paellanın bizim plovlarla digər bir ortaq cəhəti də ispanların əsas yeməkləri olmasıdır. Necə ki, plov bizim yeməklərin şahı sayılır, paella da ispan yeməklərinin şahıdır. Hər gələn qonağa paella təklif edirlər. Paella adını bişirildiyi dayaz paella tavasından alıb. Əsas ərzağı düyü və zəfəran olan bu plov dəniz məhsullurı ilə, toyuqla və tərəvəzlərlə bişirilir. Valensiyalılar bu yeməyi adətən günorta yeməyində yeyirlər.


Tapas
 – Tapas ispanların ən çox yedikləri yemək ola bilər. Əslində tapasa yemək demək də doğru olmaz. Bir növ içkinin yanında verilən qəlyanaltı desək daha düzgün olar. İlk dəfə Əndəlüs bölgəsində yaranan tapasla bağlı fərqli rəvayətlər var. Deyilənə görə, Kral Alfonso səyahət edərkən yolu Cadiz üzərindən keçir və dincəlmək üçün bir məkana gəlib içəcək birşeylər istəyir. Məkanın sahibi də içəcək verərkən içinə toz girməməsi üçün stəkanın üstünə bir boşqab qoyur. Boşqabın da içi boş olmasın deyə içinə yemək üçün bir şeylər qoyur və bu jest kralın xoşuna gəlir. O zamandan sonra tapas adət halını alır. Elə adı da tapa (qapaq) sözündən yaranıb. Hazırda tapasın yüzlərlə çeşidi var. Tasca adlandırılan kiçik bar və restoranlarda günün müəyyən saatlarında bir qədəh şərabın və ya pivənin yanında kiçik çörək dilimləri üzərində kolbasa, vetçina, qurudulmuş balıq, yumurta, zeytun və daha yüzlərlə çeşidi olan tapaslar sifariş edə bilərsiniz.


Pinço
 Bask və Navarra bölgələrinə aid olan, tapas ənənəsini davam etdirən qəlyanaltıdır pinço. Diş çöplərinə batırılan bu qəlyanaltılar sonda hesab ödənən zaman həmin diş çöplərinin sayına görə hesablanır. Vetçinalı, pendirli, balıqlı və s. çeşidləri olur. Bu qəlyanaltıları adətən günorta ilə axşam yeməkləri arasındakı zamanda yeyirlər. İçki yanında həmçinin pendirlər də sifariş edirlər hansı ki, İspaniyaya məxsus ronsal, zamorano, mançeqo və.s. kimi məşhur pendir növləri var.


Tortilla 
– Tortillaya ispan omleti deyə bilərik. Tərkibi kartof, yumurta, soğan olan bu omleti soyuq halda servis edirlər. Dediklərinə görə onda daha ləzzətli olurmuş. Tortillanı həm səhər yeməyində, həm də digər öyünlərdə yeyə bilərsiniz. 


Empanada
 Qalisiya bölgəsinə məxsus olan içi ətli, balıqlı, almalı, kişmişli və s. növləri olan, bizim qutablara bənzəyən yeməkdir. Adətən restoranlarda ana yeməklərdən əvvəl servis edilir.


Qaspaço
 İspan mətbəxinin soyuq supu olan bu yemək daha çox Əndəlüs bölgəsində məşhurdu. Qaspaçonun iki növü var. Biri qırmızı qaspaçodur hansı ki, pomidor, soğan, qırmızı bibər, xiyar, sarımsaq, zeytun yağı, qızardılmış çörək, duz və sirkədən ibarət olur. Digəri isə Ajo Blanco adlandırdıqları ağ qaspaçodur. Ağ qaspaço isə qızardılmış çörək, sarımsaq, zeytun yağı, əzilmiş badam və sirkə ilə hazırlanır. Hər ikisi bişirilmədən, sadəcə blendr ilə əzilərək hazırlanır. İki cür servis edilir, həm kasada həm də fincanda. Sifariş zamanı ofisiant sizdən hansı qabda servis edilməyini soruşa bilər. O artıq sizin seçiminizə bağlıdır. Soyuq servis edilən, qaspaçonun bənzəri bir də Salmorexo supu var. Qaspaçodan tək fərqi servis edilərkən üzərinə doğranmış soyutma yumurta və ya vetçina tökülməsidir. Salmorexo Cordoba bölgəsinə məxsusdur.


Fabada
 İspaniyanın cənub bölgələrində mətbəxin əsasını dəniz məhsulları təşkil edərkən, mərkəz hissəsində əsasən tərəvəzlər və müxtəlif ət növlərindən istifadə olunur. Şimal hissəsində isə quzu əti və paxlalılardan daha çox istifadə olunur. Fabada yeməyi ölkənin şimalındakı dağlıq ərazidə yerləşən Asturias bölgəsinə aiddir. Fabadanın əsas tərkibi ağ lobyadan və ətdən ibarətdir və gildən hazırlanan xüsusi güvəclərdə bişirilir. Biraz türklərin kuru fasulye yeməklərinə bənzəyir, fərqi ondadır ki, fabadanın içinə morçilla adlanan donuz qanından hazırlanmış sosislər əlavə olunur. 


Mar i Muntanya
 Katalan bölgəsinə aid olan bir yeməkdir. Adı ispan dilindən tərcümədə dəniz və dağ olan bu yemək, elə adından da göründüyü kimi həm quru, həm də dəniz məhsullarının birlikdə bişirilmiş formasıdır. Yəni mar i muntanya yeməyi içində həm toyuq var, həm də xərçəng.


Çurros
 İspanların məşhur yeməklərindən danışdın, bəs şirniyyatları yoxdur mu deyirsinizsə, onda sizə çurrosdan danışım. Çurros tərkibinə və bişirilmə qaydasına görə demək olar ki, bizim bamiyəyə bənzəyir. Yağda qızardılmış xəmirdi, sadəcə olaraq hazırlanması əldə deyil, xüsusi çurros hazırlayan maşınlarda xəmirin uzun formada kəsilməsi ilə hazırlanır. Üzərinə şəkər pudrası və ya darçın tökülərək servis edilir və isti şokolada batırılaraq yeyilir. Çurrosun məkanı Madrid sayılır. Odur ki, ölkənin paytaxtına yolunuz düşsə, çurros yemədən geri gəlməyin.


Turron
 İspan halvası. Tam adı turron de Alicantedir. Turron əslində bizim bildiyimiz içi bol badamlı nuqadır. Valensiyaya məxsus olan bu şirniyyatı siz İspaniya səyahətinizdən sonra vətənə əliboş dönmək istəməsəniz, hədiyyə olaraq alıb apara bilərsiniz.


Krema Katalana
 Katalan bölgəsinə aid olan bu şirniyyat süd, qarğıdalı nişastası və yumurtadan hazırlanır. Sobada bişirdikdən sonra üzərinə şəkər tozu tökülüb karamelize edilir. Bu şirniyyat ənənəvi olaraq 19 martda Sant Josep günündə bişirildiyi üçün şirniyyatın digər adı da Crema de Sant Josepdir. 


Sangria
 İspaniya dedikdə, ilk ağıla gələn şeylərdən biri də təbii ki, sangriadır. İspanların ən çox içdiyi alkaqollu içki olan sangria - qırmızı şərab, konyak, şəkər tozu, sprite, buz və meyvə dilimlərindən ibarət olan bir içkidir. İspaniyaya gəldikdə sangria qədəhinizi qaldırarkən “¡Arriba, abajo, al centro, pa’ dentro!” (Yuxarı, aşağı, ortaya, içəri) deməyi unutmayın. İspanların qədəh qaldırarkən dedikləri məşhur tostdur.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:


PİZZANIN YARANMA TARİXÇƏSİ

XATİRƏLƏRİ DADLI EDƏN SƏBƏB

SUŞİNİN TARİXİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.