Daxil olQeydiyyat

DÜNYANIN MƏŞHUR PİRAMİDALARI

NOYABR 21, 2019 2 dəq. oxu
DÜNYANIN MƏŞHUR PİRAMİDALARI

Əzəmət və dəbdəbə həmişə hakimiyyətin simvolu olub.Günümüzdə də siyasi və iqtisadi cəhətdən güclü olan dünya nəhənglərinin sanki bir-biri ilə yarışa girərək ən böyük, ən uzun tikililəri qeyri-adi dizaynda inşa etməsində məqsədin, əslində, güc nümayiş etdirmək olduğunu görürük. Bu ki, əsl “fironluq etmək” iddiasıdır.

 

Tarixin bizə miras qoyduğu möhtəşəm abidələrdən olan Misir ehramları da əzəmətin və gücün mesajını verir. Düzdür,burada Qədim sivilizasiyanın dini baxışları və qeyri-adi dəfn ritualları da önəm daşıyır. Qahirə yaxınlığındakı Gizada yerləşən piramidalar arasında ən böyük Xeops ehramıdır və dünyanın yeddi möcüzəsi siyahısındadır. 4500 il bundan əvvəl tikilmiş piramida firon Xufunun (Xeops) məzarının olduğu yer kimi bilinir və hələ o sağikən inşa edilməyə başlanılmışdır.Böyük piramidanın uzunluğu hazırda 138 metrdir.Amma bu uzunluğun aşınmalara məruz qalmazdan öncə 146 m olduğu deyilir.Xeops 2.3 milyon daş blokdan ibarətdir. Kütləsi 5.9 milyon ton olan bu nəhəngin həcmi 2,5 milyon m3-dir. Tikintisinin isə 20 il davam etdiyi söylənilir. Bu rəqəmlər haqlı olaraq belə bir sual yaradır: Misirlilər bunu necə bacardılar?

Ehramların tikintisində istifadə olunan daş blokların tonlarla ağırlığı var və qranit daşların Qahirədən uzaq ərazilərdən-Sinay yarımadasından gətirildiyi bəllidir. Heç bir texniki avadanlıq olmadan ehramın tikintisini həyata keçirmək necə mümkün ola bilərdi? Bu məqamda bir sıra nəzəriyyələr ortaya qoyanlar məsələni yadplanetlilərə belə bağlayırdılar. Amma son dövrlərdə aparılmış araşdırmalar sirrlərin açılmasına səbəb oldu. Əvvəlcə, blokların uzaq məsafədən necə daşındığına baxaq.Arxeoloqlar qazıntılar zamanı piramidanın alt tərəfində 1224 taxta parça aşkar etmişdilər.Bu parçaların birləşdirilməsi nəticəsində ortaya nəhəng gəmi çıxdı.Alimlər bunu fironun öldükdən sonra digər həyata keçid etməsi üçün simvolik vasitə olduğunu deyirdilər.Ancaq gəminin sökülüb yığılmaq mexanizminə malik olması başqa suallar da yaradır.Fərziyyələrə görə,Sinay yarımadasından daşları gətirmək üçün sökülüb yığıla bilən gəmilər torpaq yolla Qırmızı dənizə qədər aparılmışdır.Başqa bir fərziyyədə isə,Nildən qazılmış kanallar vasitəsilə daşların piramidalar olan əraziyə qədər gətirilməsidir.Bunu təsdiq edən 3 min illik gündəlik alimlər tərəfindən qazıntılar zamanı əldə edilmişdir.Gündəliyin piramidanın inşasında iştirak etmiş Merer adlı misirliyə aid olduğu bildirilir.Arxeoloq Mark Lehner bu kanalların eskizinin artıq hazırlandığını qeyd edir. Belə ağır daşların tikinti zamanı qaldırılmasında isə xüsusi dayaqlardan istifadə olunmuşdur.Piramida şəklinin alınması üçün də dəqiq hesablamalar aparılmışdır.Çünki,daşların azacıq səhv yerləşdirilməsi nəticəsində ortaya belə mükəmməl tikili çıxarmaq mümkün olmaya bilərdi.

Misirin bu məşhur abidələrinin piramida şəklində tikilməsi daha uzaq məsafədən görülməsi üçün məqsədli olaraq seçilib.Xeopsun tək özəlliyi onun ən böyük olması deyil.Digər piramidalarda fironların məzarları ehramın altındadır.Xeops ehramında isə fironun mumyalanmış bədəni üçün piramidanın mərkəzində xüsusi otaq tikilmişdir.Misirlilər insanın öldükdən sonra başqa bir həyat yaşadığına inanırdılar.Bədəndən ayrılmış ruhun öz cismini tapması üçün onun olduğu kimi qalması vacib idi.Bunun üçün xüsusi maddələrlə bədən mumiyalanırdı.Fironların ilahiləşdirilməsi isə onların mumiyaların saxlanılması üçün belə dəbdəbəli ehramların tikilməsinə səbəb olurdu.

Piramidalar həm də günəş saatı funksiyasını da yerinə yetirir.Mühəndislərin düzgün astronomik hesablamaları nəticəsində piramidaların içərisinə ildə iki dəfə gün işığı düşür:fironun doğulduğu və taxta çıxdığı tarixlərdə.

Dünyaca məşhur piramidalar arasında Çiçen İtza da xüsusi yerə malikdir.Mayya mədəniyyətinin mirası olan abidə İtza mayyalarına aiddir və adının mənası “İtza Ağzı”kimi tərcümə edilir.Meksikanın Yukatan vilayətində Çiçen İtza antik şəhərində yerləşir.Digər adı Kukulkan olan abidənin hündürlüyü 24 metrdir. UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən abidə 2017-ci ildən Dünyanın Yeddi Möcüzəsi arasında yer alır.

Çiçen İtza piramidası digər piramidalardan fərqli üslubda tikilişə malikdir.Dörd tərəfdən pillələri olan tikili mayyalıların astronomik araşdırmaları üçün inşa edilib.Hər tərəfdə 91 pillədən ibarət piramidanın ilin günlərinə işarə etdiyi bildirilir.91×4=364 Bura ən təpədəki pilləni də əlavə etdikdə ilin günləri alınır.Çiçen İtzada mayyalıların bir sıra ayinlər keçirdiyi də məlumdur.İnsan qurbanları verilən belə rituallarlarla iki başlı tüklü Kukulkan adlı ilan ilahəsinə dualar edilirdi.Piramidanın inşasında mayyalılar olduqca mahir mühəndislik bacarıqlarını ortaya qoyublar.Belə ki,yaz və payızda ekinoks vaxtlarında(gecə ilə gündüzün bərabərləşməsi) piramidaya düşən günəş şüaları tikilinin çıxıntıları sayəsində pillələrin sonunda olan iki ilan başına doğru “S” hərfi şəklində kölgə salır.

Adını çəkdiyim bu abidələr dünyanın digər ölkələrində olan piramidaların sadəcə ikisi və memarlıq cəhətdən ən möhtəşəmləridir.

 

Bu bloqlarıda oxuya bilərsiniz:

MÜASİR DÜNYANIN 10 ARXİTEKTURA MÖCÜZƏSİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.