Daxil olQeydiyyat

QƏBİLƏLƏR VƏ TAYFALAR: UZAQ MƏDƏNİYYƏTLƏR YOXSA MƏDƏNİYYƏTDƏN UZAQ?

APREL 14, 2020 12 dəq. oxu
QƏBİLƏLƏR VƏ TAYFALAR: UZAQ MƏDƏNİYYƏTLƏR YOXSA MƏDƏNİYYƏTDƏN UZAQ?

Heç də yer üzündə yaşayan bütün insanlar modern yaşayışın bir parçası deyillər. Əksəriyyətimiz çoxqatlı göydələnlər arasında texnologiya ilə əhatələnmiş həyat tərzi yaşayırıq. Bəs hansısa ucqar meşədə müasir dünyadan izolyasiya edilmiş şəkildə təbiət qoynunda davam edən həyat tərzi? Bu yaxınlarda Amazon meşələrində dronlar vasitəsilə çəkilmiş görüntülərdə ilk dəfə qeydə alınmış insan qrupunun olduğu üzə çıxdı. Yad cisim görən bu insanlar “Şeytan arabası” deyib qaçmasalar da, görüntülərdə onların necə təşvişə düşdüyü aydın sezilir. Milyon kilometr uzaqda olan planetləri öyrənmək istəyən biz insanlar Yer üzərində hələ bir-birimizi yaxşı tanımırıq. Tanıdıqlarımızı isə mədəniyyətdən uzaq adı ilə ön mühakimə edirik. Bəli mədəniyyətdən uzaq. Öz ilkin yaşam tərzini qoruyan və heç bir təsirə məruz qalmayan mədəniyyətləri özlərini müasir insan adlandıranlar “mədəniyyətdən uzaq” elan edirlər. Halbuki, hər birinə nəzər saldıqda sadəcə kulturoloji fərqlər olduğunu görmüş oluruq. Bəlkə insanlıq olaraq bir-birimizə daha çox şans verməliyik? Gəlin, bu dəfəki bloqumuzda bu suala birgə cavab axtaraq.

Batak qəbiləsi - Filippin

Filippinin Palavan adasının cənub hissəsində yaşayan Batak qəbiləsinin planetin ilk sakinlərinin genetik daşıyıcıları olduğu düşünülür. Dünyanın hazırki əhalisinin bu irqdən gəldiyi ehtimalı var. Batakların 70.000 il əvvəl Afrikanı tərk edən ilk insan qruplarından olduqları və təxminən 20.000 il sonra Asiya qitəsindən Filippinə keçdikləri düşünülür. Zahiri görünüşcə neqroid irqinə mənsub insanlara bənzəyirlər. Adətən, qısa və qıvrım saçları olur. Kişilər çox vaxt geyimdən istifadə etmirlər və ya yarıçılpaq (bədənin müəyyən hissələri lələklərlə örtülür) dolaşırlar. Qadınlar isə milli geyimlər geyinirlər.

Bataklar əsrlər boyu ovçuluqla və faydalı qida bitkilərin toxumunun ticarəti ilə məşğul olublar. XIX əsrin son illərində amerikalıların bölgəyə gəlişi ilə həyat tərzlərində bir sıra əsaslı dəyişikliklər baş verdi. Beləliklə, illərlə siyasi və mədəni həyatdan kənarda qalan qəbilə kənar şəxslərlə ünsiyyət qurmağa məruz qaldı. 1900-cü ildən etibarən filippinlilər və başqaları Batakın yaşadığı ənənəvi bölgələrə köç etməyə başlayırlar. Bu, Batak mənsublarının qida ehtiyatlarının və torpaqlarının azalmasına səbəb oldu. Dağlıq ərazilərə qədər sıxışdırılan qəbilə daha az məhsuldar ərazilərdə yaşamağa məcbur oldular.

Ümumiyyətlə, onlar utancaq və dinc insanlardır, meşədə ustalıqla gizlənmək və kənar insanlara qayğı göstərmək əsas xüsusiyyətlərindəndir. Bir çox digər yerli tayfalar kimi xəstəliklər və bir neçə səbəbdən hal-hazırda 300-500 nəfərə yaxın üzvü olduğu ehtimalı var. Günümüzdə qəbilə üçün ən böyük təhlükə ekologiyadır. Filippin hökuməti bəzi ərazilərdə meşələrin məhv edilməsini qadağan etdiyi üçün Batak qəbiləsinin meşə ərazilərini yandırmaq və əkinçilik ərazilərini açmaq ənənəsi indiki şəraitdə qadağandır. Bu, onların əksəriyyətinin qidalanmasına təsir edir. Onların inanc sistemi təbiətdə yaşayan ruhlara inam olan animizmlə sıx bağlıdır. Bataklar bu ruhlara müntəzəm olaraq qurbanlar verirlər. Şamanların ruhlarla ünsiyyət quraraq xəstələrə şəfa verdiyinə və insanlarla fövqəl qüvvələr arasında əlaqə yaratdığına inanılır.

Bu gün Batak qəbiləsinin üzvlərinin sürətli depopulyasiyası, oturaq yaşayış və kənar müdaxilələr nəticəsində mədəni şəkildə deformasiyası müşahidə olunur. Digər qonşu qruplardan evlənməyə meyllilik nəticəsində "təmiz" Batak üzvünün qalması nadirdir. Qəbilə üzvlərinin saylarının azalmasına təsir edən başqa amillər də var. Belə ki, qida təminatının çətinləşdiyi üçün çoxalmırlar. Nəticədə, Batak qəbilə kimliyini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.

Huli - Papua Qvineya

Huli tayfası Papua Yeni Qvineya tayfaları arasında ən rəngarəng adət - ənənələrə sahib qəbilələrdəndir. Sayları təxminən 150.000-ə çatan bölgədəki ən böyük, ən orijinal mədəniyyət qruplarından biridir. Huli insanı qürurlu və qorxmaz döyüşçülər hesab olunur. Mübahisələrin həllində, adətən, ənənəvi üsullara üstünlük verirlər. Qəbilə müharibələri torpaqlar, donuzlar və qadınlara görə baş verə bilir.

Onları heç də təcrid edilmiş qəbilələr siyahısına aid edə bilmərik. Belə ki, Huli qəbilə üzvləri müasir dünya ilə fəal ünsiyyət qururlar, turistlərin ən yaxın dostudurlar. Hulilər festival və şənliklərdə iştirak etməyi çox sevirlər. Özlərini Huli adlı kişi əcdadından yaranmış bir xalq hesab edirlər. Donuzlar Hulinin əsas mübadilə vasitəsidir və Huli üçün ən qiymətli varlıqdır. Yerli cəmiyyətdəki insanın vəziyyəti onun sahib olduğu donuzların sayı ilə ölçülür. Donuzlar nə qədər çoxdursa, qəbilədə həmin adamın da bir o qədər nüfuzu olur. Kişilər və qadınlar ayrı evlərdə yaşayırlar, çünki qadınlarla təmasların zərərli olduğu güman edilir.

Onları başqa insanlardan ayırmaq olduqca asandır. Huli insanları unikal və rəngarəng ənənəvi bədən bəzəklərinə malikdirlər və öz saçlarından rəngli pariklər düzəldirlər. Saçlarını xüsusi bir şəkildə toplayıb bəzək əşyaları ilə bəzəməyi sevirlər. Özünü təsdiq etmiş döyüşçü və hər bir kişi mütləq bir neçə parikə sahib olmalıdır. Adi və xüsusi günlərdə istifadə etmək üçün hazırlanan parikləri çobanyastığı çiçəkləri, cənnət quşu və tutuquşuların lələkləri ilə bəzəyirlər. Pariklərin hazırlanması üçün 14 yaşına çatmış hər bir gənc öz saçlarından parik hazırlamağı öyrənmək üçün “parik məktəbinə” başlamalıdır. Bu proses Huli üzvlərinin həyatında ən vacib rituallardan biridir. Saçlarını böyütmək və parik etmək üçün təxminən 18 ay vaxt lazım olur. Bu dövrü başa vuran hər bir kişi üzünü sarı rəngli oxra ilə boyayır və artıq evlənmək üçün ona icazə verilir. Huli qəbiləsindən olan kişilər bu adətlərinə görə həm də “Huli parikli kişilər” kimi də tanınır.

Bədənlərini bəzəmək üçün istifadə etdikləri Ambua - gil inanclarına görə müqəddəs hesab olunur. Huli insanı həm də cəsur döyüşçüdür. Bəzəkləri və geyimlərinə görə onları qorxunc hesab etmək olmaz. Amma Huli qəbiləsi öz döyüşkənliyi ilə seçilir.

Mədəniyyətlərində oğlanlar yeddi yaşına çatana qədər anaları ilə yaşayırlar. Bundan sonra müəyyən bacarıqları öyrənmək üçün ataları ilə birlikdə qalmalıdırlar. Evlənməmiş Huli kişiləri özlərini yetkinlik yaşına özünəməxsus şəkildə hazırlayırlar. 18 yaşı tamam olmuş hər bir gənc kişi bir neçə ay müddətində özünü gələcək həyata hazırlamalıdır. Bu müddət ərzində onlar bütün qadınlarla hər cür təmasdan uzaq olmalıdırlar. Burada əsas məqsəd gənc oğlanların bioloji cəhətdən cinsi prosesinin düzgün həyata keçirilməsinə nail olmaqdır.

Hər il bölgədə keçirilən “Sing-Sing” festivalı və mərasimində ərazidəki digər müxtəlif tayfalar kimi Huli qəbiləsini də görmək olur. Bu həm də bütün yerli qəbilə rəhbərlərin öz məsələlərini müzakirə etmək üçün toplandıqları bir yığıncaq kimi də düşünülə bilər. Eyni zamanda öz mədəniyyətlərini və güclü tərəflərini bir tayfa olaraq təqdim etmək üçün də bu olduqca böyük tədbirdir.

Surma qəbiləsi - Efiopiya

Efiopiyanın cənub-qərbində yaşayan kollektiv insan qrupu Surmaları (və ya Suri) üç alt qrupa ayırırlar: siyasi və ərazi baxımından fərqli olan Chai, Timaga və Baale qrupları. Suri ərazisi 1897-ci ildə Efiopiya qoşunları tərəfindən fəth edildi. Bölgə rəsmi olaraq Efiopiyaya birləşdirildi. Surma qəbiləsinin yayıldığı ərazilər imperiya qoşunları tərəfindən qəbilə basqınlarının tez-tez hədəfi oldu. Artıq milli Efiopiya idarəetmə quruluşlarına daha çox inteqrasiya etmiş surmalar daha çox dövlətin nəzarəti altındadırlar. Cəmiyyət əvvəllər ağsaqqallar, habelə bir neçə ritualları həyata keçirən rəis və ya din rəhbərin başçılığı ilə kifayət qədər muxtar bir siyasi quruluşa sahib idi. Hazırda isə rəhbərlər Efiopiya hökuməti tərəfindən seçilir.

Surmalar Tumu adlı ali bir səma tanrısına inanırlar və ənənəvi bir inanc sisteminə sahibdirlər. Komoru insanlar və Tumu arasında bir vasitəçidir, yağış və bərəkət gətirən səma tanrısı ilə vasitəçi rolunu oynayır. Lakin surmaların Tumuya həsr olunmuş hər hansı bir ictimai dini xidməti-ibadət forması yoxdur. Son 15 ildə xristianlıq surilər (təxminən 200-300), xüsusən Kibiş şəhərində və təhsil almaq üçün ərazini tərk edənlər arasında tərəfdarlar qazandı. Surilərin başqa bir inancı yağış yağdırılması ayinidir. İnanca görə, bu bacarıq irsiyyət yolu ilə ötürülür və yalnız qəbilədə seçilmiş bir kişiyə verilir. Yağış yağdırma ayininə başlamazdan öncə  ağac şirələri torpaqla qarışdırılaraq kişinin bədəninə tökülür. Bu prosesdən sonra yağışın yağacağı gözlənilir.

Surmaların məşhur adətlərindən biri Dronqa adlı kişilər arasında keçirilən döyüş yarışlarıdır. Yarıçılpaq və ya tamamilə çılpaq şəkildə keçirilən yarışlarda kişilərin döyüş bacarıqları nümayiş etdirilir. Həm gələcəkdə baş verəcək hər hansı bir hücumun qarşısını almaq məqsədi ilə kişilərin qüvvəsi yoxlanılır, həm də qadınlara özlərini bəyəndirərək gələcək evlilikləri üçün özlərinə həyat yoldaşı axtarışına çıxırlar.

Qəribə bir ritualda, qəbilənin qadın üzvlərinin, alt dodağının içərisinə gözəllik əlaməti sayılan fərqli gil disklər qoyulmasıdır. Gənc yaşda evlənmək və daha gözəl görünmək üçün əksər qadınların alt dişləri çıxarılır və alt dodaqlar dartılaraq bir gil “dodaq nimçəsi”nin içərisinə yerləşdirilir. Dodağa yerləşdirilmiş “nimçə” nə qədər böyükdürsə, qız evlənərkən daha çox başlıq pulu istənilir. Gənc nəslin nümayəndələri hazırda bu adətdən imtina etməyə başlayıblar.

Maasai - Keniya və Tanzaniya

Maasailər Keniyanın şimalı, mərkəzi və cənubunda, eyni zamanda, Tanzaniyanın şimalında yaşayan tayfadır. Nil vadisinə yayıldıqları üçün maasailəri nilotik etnik qruplar siyahısına daxil edirlər. Tayfa adının mənası “Maa dilində danışan insanlar” anlamına gəlir. Özlərinə xas qırmızı geyimləri və cəsarətli olmaları ilə tanınırlar. Digər tayfalarla müqayisədə daha az izolyasiya olunmalarına görə birincidir. Buna səbəb olan digər amil maasai tayfalarının yerləşdiyi ərazilərin yaşayış məskənlərinə yaxın ərazilərdə yerləşməsidir. Hətta onların bəzi üzvləri ingilis dilində belə danışa bilirlər. Əlbəttə, burada Tanzaniya və Keniya hökumətlərinin müdaxiləsini də qeyd etmək lazımdır. Hökumətlər maasailərin ənənəvi yarıköçəri həyat tərzindən imtina etmələrini təşviq etmək üçün proqramlar hazırlasalar da, buna müəyyən qədər nail ola bildilər. Maasailər hələ də köhnə adətlərini davam etdirməkdədirlər. Turistlərin özlərinin qəbilə həyatlarını müşahidə etməsinə də icazə verirlər. Mədəniyyətlərini, adət-ənənələrini və həyat tərzlərini göstərmək üçün bölgəyə ziyarətləri məmnuniyyətlə qarşılayırlar.

Maasailərin adətləri də bir qədər fərqlidir. Maasailər xüsusi günlərdə - uşağın sünnəti, körpənin dünyaya gəlməsi vəi evlilik münasibətilə keçirilən məərasimlərdə inək qanı içirlər. İnəkləri öldürmədən damarlarından qan çəkilirək içilir. Maasailər həm də salamlaşarkən, bir-birilərinin əlinə tüpürürlər. Yeni doğulan körpənin üzünə tüpürməyin də uşağın gələcək həyatında önəm daşıdığına inanırlar. Elə etməklə qara ruhları körpədən uzaqlaşdırdıqlarına inanırlar.

Kalaş tayfası - Pakistan

Pakistan ərazisində yaşayan bu tayfa üzvləri bəyaz tənli, mavi gözlü avropoid irqinə mənsubdurlar. Kalaşların bu coğrafi bölgəyə yad olan görünüşlərini onların yunan ata-babaları ilə əlaqələndirirlər. Hesab olunur ki, kalaşlar Makedoniyalı İsgəndərin Hindistana hücumu zamanı bölgəyə gələn yunan əsgərlərin soyundandırlar. Bunu onların DNK-ları da sübut edir. Kalaş tayfas Pakistanın şimal-qərbindəki Khyber Pakhtunkhwa bölgəsində yerləşən Çitralda məskunlaşıblar.

Onları fərqli edən yalnız xarici görünüşləri deyil. Bölgədə əksəriyyət təşkil edən müsəlmanlara görə bir çox fərqli mədəniyyətə sahibdirlər. Onların mədəniyyəti UNESCO-nun Mədəni İrs siyahısına əlavə edilib. Kalaşlar şərab istehsal edir, parlaq rəngli geyimlər geyinir (halbuki “kalaş” sözünün mənası “qara” deməkdir), festivallar keçirir və qadınlara daha çox azadlıq verirlər. İllərlə təqib olunan kalaşlar çox allahlı dinlərə inanırlar. 2016-cı ilin statistikasına görə, Kalaş tayfası təxminən 3.000 nəfərdən ibarətdir.

Qoroka - Papua Yeni Qvineya

Papua Yeni Qvineyada yaşayan onlarla qəbilədən biri də Qorokadır. Bu qəbilə üzvləri dünyada daha çox öz rəngli festivalları ilə məşhurdurlar. Bölgədə çoxsaylı qəbilələrin olması ərazidə tez-tez çəkişmələrə, qanlı davalara səbəb olurdu. Bunun qarşısını almaq üçün Qoroka festivalı 1950-ci illərin ortalarında Papua Yeni Qvineyaya gələn ilk missionerlər tərəfindən təşkil edildi. Məqsəd bölgədə sabitliyi bərpa etmək, düşmən münasibətlərə son qoymaq idi. Hazırda isə bu festivallar daha çox turistik məqsədlərə xidmət edir. Hər il sentyabr ayında keçirilən festivala minlərlə turist gəlir. Yeri gəlmişkən, bu ilki festival 19-20 sentyabr tarixlərində keçiriləcək.

Festivalın ən maraqla gözlənildiyi anı “Asaro Palçıq adamlar” şousudur. Şounun düşmən tayfa tərəfindən məğlub edilən qorokaların qədim əfsanələri ilə sıx bağlılığı var. Düşməndən qaçmaq istəyən zaman qorokalar Asaro çayında gil və palçığa batırlar. Düşmən tayfalarının bölgədən uzaqlaşdığını zənn edib kəndə qayıdan qorokaları düşmən tərəfi ruhlara bənzədib qorxub qaçırlar. Beləliklə, Asaro əfsanəsi yaranır. Asaro Mudmen kimi adlanan şouda yerli əhali özlərini ruhlara bənzədib rəqslər edirlər. Qoroka qəbiləsinin üzvləri üzlərinə rəngli boyalar çəkib başlarına rəngli tutuquşu lələkləri taxırlar. Bəzək əşyaları isə balıqqulağılardır. Qəbilə güclü və varlı ailələr tərəfindən idarə edilir.

Sentineles qəbiləsi - Hindistan

Dünya üzərində özünü ən çox təcrid edən qəbilə Sentinelesdir. Andaman adalarının Şimali Sentineles adasında yaşayan bu qəbilə haqqında olduqca az məlumat var. Sentineleslər qara dərili və qısaboyludurlar. Sağlam görünüşə və əzələli bədən quruluşa sahibdirlər. Sentinelesləri heç də qonaqpərvər adlandırmaq olmaz. Çünki kənar insanlarla bütün təmaslara qarşıdırlar və adaya yaxınlaşmaq istəyən hər kəsə hücum edirlər. Hətta 2006-cı ildə bir neçə balıqçı ada sakinləri tərəfindən qətlə yetirilib. 2018-ci ildə isə adaya yaxınlaşmaq istəyən 26 yaşlı amerikalı bloqer Con Allen Çau qəbilə üzvləri tərəfindən öldürülüb. Sentineleslərlə bir neçə dəfə əlaqə qurmağa cəhd olunub. 1974-cü ilin əvvəllərində National Geographic film heyəti Man in search a man sənədli filminin çəkilişləri üçün antropoloqlar qrupu və silahlı polisin müşayiəti ilə adaya üz tutdu. Qəbilə üzvləri ilə əlaqə yaratmaq üçün onlara üç gün ərzində hədiyyə vermə əməliyyatını yaymağı və dostluq əlaqəsi qurmağı planlaşdırırdılar. Sentineleslər dəvətsiz qonaqları oxlarla qarşıladılar. Ekipaj sahildəki təhlükəsiz bir yerə endi və sahilə hədiyyələr, o cümlədən, miniatür plastik avtomobil, kokos, canlı donuz, gəlincik və alüminium qablar qoydular. Əvəzində isə sentineleslər rejissoru yaraladılar, donuzu öldürüb gəlinciklə birlikdə basdırdılar, digər əşyaları isə götürüb getdilər. Bu ekspedisiya sayəsində sentineleslər ilk dəfə görüntüləndilər və National Geographic jurnalında “oxların sözlərdən daha çox danışdığı” insanlar başlığıyla ictimaiyyətə təqdim olundular. Sentineleslərin hannibal olduqları barədə zəif də olsa ehtimallar var. Onların balıqçılıq, yığıcılıqla məşğul olduğu və kiçik qayıqlar hazırlaya bildikləri, eyni zamanda, metal alətlər hazırladıqları məlumdur.

Karo - Efiopiya

Daha bir nilotik qəbilə Aşağı Omo çayının sərhədləri boyunca yaşayan Karo qəbiləsidir. Əsasən əkinçiliklə məşğul olurlar və gözəllik əlaməti olaraq bədənlərini rəngli naxışlarla, heyvan motivləri ilə bəzəyirlər. Saylarının təxminən 2.000 nəfər olduğu Karo qəbilə üzvləri baş geyimlərindən də istifadə edirlər. Əlbəttə, bu həm kişilərin, həm də qadınların əks cinsə daha cəlbedici görünmək istəyindən də irəli gəlir. Karo insanlarının gözəllik anlayışı tamamilə fərqlidir. Qadınlar gözəl görünmək üçün bədənlərində kəsici alətlərlə yaralar açırlar. Yara izlərinin qalıcı olması üçün üzəri küllə ovuşdurulur. Belə izləri sinələrində, kürəklərində daşıyan qadınlar daha cəlbedici və gözəl hesab edilir. Kişilərin bədənlərində olan belə kəsiklər isə güc və cəsarətin simvolu kimi qəbul edilir. Bədəndə olan hər bir kəsik ölümcül döyüşün rəmzidir. Ümumiyyətlə, karolar xarici görünüşə böyük əhəmiyyət verirlər və bunu öz bədənlərində vurğulamağa çalışırlar. Kişilərin saç düzümləri, qadınların geyimlərində üç müqəddəs və mistik rəng - ağ, qara və qırmızı mütləq olmalıdır. Saçlara dəvəquşu lələyi taxmaq da adətlər arasındadır. Saçlarını xüsusi gil dəstədə saxlayan kişilər bunu hər altı aydan bir dəyişdirirlər.

Evlənmək istəyən gənclər gələcək həyat yoldaşlarına özlərini bəyəndirmək üçün rəqslər edirlər. Belə rəqslər adətən, xüsusi mərasimlər zamanı baş tutur. Yetkinlik yaşına çatmış gənc oğlanlar evlənmək istəyirlərsə, öküzlə döyüşməli olurlar. Bu həm də qalib şəxsə böyüklərlə bir məclisdə oturmaq şansı verir.

Piraha - Brazilya

Piraha, əsasən Maici çayı sahilində yaşayan və Braziliyadakı Amazon hindlilərin yerli qəbilələrindəndir. Hal-hazırda qəbilənin 800-ə yaxın üzvü olduğu bildirilir. Bu da əvvəlki onilliklərdə qeydə alınan rəqəmlərdən kəskin şəkildə azdır və demək olar ki, Piraha mədəniyyəti məhv olmaq təhlükəsi ilə üz-üzədir. Piraha qəbiləsinin üzvlərini dünyanın ən xoşbəxt insanları adlandırırlar. Piraha insanlarının mədəniyyəti, dini inancı, yaşayış tərzi tamamilə başqadır. Onlar üçün tarix yoxdur. Ancaq bu gün ilə yaşayırlar.

Tədqiqatçı və antropoloq Daniel Everett bildirir ki, Piraha qəbiləsində rəsmi liderlər yoxdur. Onların sosial sistemi, dünyanın bir çox digər ovçu-yığıcı qrupları ilə eynidır, baxmayaraq ki, fərqlər də olduqca çoxdur. Gündüz və gecə boyu ən çox iki saat yatırlar və gecələr nadir hallarda yuxuya gedirlər.

Onların bəzəkləri əsasən ruhlardan qorunmaq üçün istifadə olunan boyunbağılardır. Piraha qəbiləsi haqqında tədqiqatçılar tərəfindən araşdırılan faktlara gəldikdə, onların mədəniyyəti yalnız birbaşa şəxsi təcrübə daxilində bu gün baş verənlərdən ibarətdir.

Dil sistemi də olduqca fərqlidir. Mürəkkəb söz birləşmələri yoxdur. Pirahaların dilində daha sadə bir neçə səsin birləşməsindən ibarət sözlər var. Dildə rəng terminologiyasının olmadığı barədə mübahisəli bir nəzəriyyə var. Rəng üçün izah edilə bilən kök sözləri yoxdur. Onlar “qırmızı” əvəzində “qan kimi” sözünü istifadə edirlər. Dillərində yalnız üç əvəzlikdən istifadə edirlər və zamanla əlaqəli hər hansı bir sözdən istifadə olunmur. Keçmiş mənalı uzun fel birləşmələri yoxdur. Tədqiqatçılar bildirir ki, pirahalılar uzun cümlələr qurmurlar. Məsələn, “Əlimi yuduqdan sonra sizinlə danışmaq istəyirəm” əvəzinə “Əlimi yuyuram. Sizinlə danışıram.” deyirlər.

Piraha insanı say sistemini bilmir. Onların dilində dəqiq rəqəmlər üçün sözlər yoxdur. Heç vaxt "hamı", "hər", "hətta", "daha çox" kimi sözlər söyləməzlər. Saylar anlayışını qavraya bilmirlər. Onlar üçün iki say var: "bəziləri" və "çoxu".  "Hoi" sözü isə nisbətən az miqdarı bildirir. Kolumbia Universitetinin alimləri tərəfindən aparılan bir araşdırmada onlardan 1 ilə 10 arasında sayları təkrar etmələri istənildi. Amma piraha insanı sayları təkrarlaya bilmədi. Alimlərin gəldiyi nəticəyə görə, say anlayışı olmayan insanların dəqiq rəqəmləri təyin etmək qabiliyyətləri də inkişaf etmir.

Piraha qəbiləsində evlilik münasibətləri digər qəbilələrə görə fərqlidir. Adətən, evlilikdən kənar münasibətlər müsbət qarşılanır. Boşanmalar isə özünəxas adətlərlə həyata keçirilir. Kişi başını arvadının qucağına qoyur və saatlarla həyat yoldaşı onun başına vurur. Könüllü həyata keçirilən bu mərasimdə tərəflər bir-biriləri ilə heç də qəzəbli davranmırlar. Bu mərasimdən sonra onlar boşanmış hesab olunurlar.

Ümumiyyətlə, Piraha qəbiləsində qadınlarla kişilər, demək olar ki, bərabərhüquqlu sayılır. Ov kişilər və qadınlar tərəfindən həyata keçirilir. Kişilər daha çox ov alətləri ilə, qadınlar isə itlərin köməyi ilə ov edirlər. Yığıcılıq isə gündəlik həyatlarının bir hissəsini təşkil edir. Onlar öz ərazilərindəki bütün bitkilərin faydalı və mənfi cəhətlərini bilirlər. Ərazidə olan heyvanların davranışlarını yaxşı sezir və onları necə tutmağı, ovlamağı ustalıqla bacarırlar.  

Antropoloq Everettin Piraha qəbiləsindən bəhs edən “Yatmayın, ilanlar var” kitabındakı qeydlərində bu insanlar haqqında maraqlı faktlara rast gəlmək olur. Onun sözlərinə görə, Pirahanın ali bir ruh və ya tanrı anlayışı yoxdur. Ancaq bəzən ətrafdakı əşyaların şəklini ala biləcək ruhlara inanırlar. Bu ruhlar yaquar, ağac və ya insanlar da daxil olmaqla görünən, görünə bilən şeylər ola bilər. O Piraha insanını belə təsvir edir: “Piraha insanı hər şeyə gülür. Onlar öz bədbəxtliklərinə gülürlər. Çox balıq tutanda da gülürlər, balıq tutmadıqları zaman da. Doyduqları zaman və ac olduqları zaman da gülürlər. Bu geniş xoşbəxtliyi izah etmək çətindir. Bu heç də həyatlarının asan olduğu üçün deyil, həyatlarından və etdikləri işdən zövq aldıqları üçündür. "

Tsaatan tayfası - Monqolustan

Rusiyanın Sibir sərhəddində Monqolustanın şimal ərazilərində məskunlaşan Tsaatan tayfası köçəri həyat tərzi yaşayır. Maral çobanları kimi tanınırlar və bu qrupun son nümayəndələri hesab olunurlar. Min illərdir ki öz həyat tərzlərini və məşğuliyyətlərini dəyişməyiblər.

Əslən Rusiyanın Tuva bölgəsindən olan Tsaatan tayfası Monqolustan və Rusiya sərhəddində tayqa meşələrində yaşayır. Marallar təsərrüfatlarının və mədəniyyətlərinin böyük bir hissəsini təşkil edir. Tsaatanlar özləri də etiraf edirlər ki, maralların yox olması, həm də Tsaatan mədəniyyətinin yox olması deməkdir. Maralların ətini yemirlər və ancaq süd, pendir, ət və nəqliyyat üçün bu heyvanlardan istifadə olunur. Şamanizm və ruhlarla əlaqə yaratmaq inanclarında əsas yer tutur. Tsaatanların inandığı şamanizmin bölgədəki digər şamanizm dinlərindən fərqi böyükdür və bu dinin ən qədim qoludur. Gündəlik həyatlarının bir çox mərhələsində mistik inanclarından istifadə edirlər. Ayinləri “Boo” adlandırılan şaman həyata keçirir.

Yanomami - Şimali Brazilya və Cənubi Venesuella

Şimali Brazilya və Cənubi Venesuella ərazisində yerləşən Amazon meşələrində yaşayan Yanomami qəbiləsi hələ də icma qaydalarını qoruya biliblər. Yanomami qəbiləsi ilk dəfə 1940-cı ildə dünya ictimaiyyəti tərəfindən tanındı. Braziliya hökumətinin Venesuela ilə sərhədlərini müəyyənləşdirmək məqsədi ilə ərazinin öyrənilməsi üçün bölgəyə rəsmilərin getməsi Yanomami qəbiləsinin aşkarlanmasına səbəb oldu. Bundan sonra bölgəyə missionerlərin və hökumətin müdaxiləsi başlandı. Nəticədə, Yanomami qəbiləsində qızılca və qrip kimi epidemiyalar kütləvi ölümlərə səbəb oldu. Daha sonra Amazondan şimal sərhədləri boyunca yol çəkilməsi üçün ərazidə layihələr həyata keçirilməyə başlanıldı. 1970-ci ildə qəbilə üzvlərinə heç bir xəbərdarlıq etmədən bölgəyə buldozerləri yeritdilər. Qəbilənin məskunlaşdığı ərazinin genişliyi kolonistlərin bölgəni ələ keçirməsnə səbəb oldu. 1980-ci ildən etibarən mədənçilərin buraya axını başlandı. Yüzlərlə günahsız qəbilə üzvü öldürüldü. Yalnız 1992-ci ildə beynəlxalq müdaxilədən sonra qəbilənin məskunlaşdığı ərazi “Yanomami Parkı” olaraq qorunmağa başlandı. Mədənçilər bölgədən çıxarılsa da, bir neçə müddətdən sonra yenidən əraziyə qayıtdılar və çoxsaylı qırğınlar həyata keçirdilər. Cinayətkarlar hüquqi cəza alsalar da, hələ də Yanomami ərazisində faktiki hadisələr baş verməkdədir.

Yanomami qəbiləsinin yaşayış tərzində icma qanunları hökm sürür. Ayinlər, dini mərasimlər və icma üçün vacib hadisələr dairə şəkilli mərkəzi meydanda təşkil edilir. Meydanın ətrafında isə yanos (və ya şabono) adlanan evlər tikilir. Hər şabono qəbilə daxilində muxtariyyət hesab olunur, iqtisadi və özünü idarəetmə azadlığına sahibdir. Əksər Amazon bölgələrində olduğu kimi ənənəvi olaraq Yanomami  üzvləri - kişilər də, qadınlar da, bədənlərini çiçək və lələklərlə bəzəyirlər. İcmada ancaq qohum evlilikləri baş tutur. Çünki Yanomami cəmiyyətində və siyasətində ailə münasibətləri üstünlük təşkil edir. Kişilər ovçuluqla, qadınlar isə əkinçiliklə məşğul olur.

Yanomamilərin dini inancları şamanizmlə sıx bağlıdır. Onlara görə hər şeyin ruhu var. Ağacın da, daşın da, heyvanın da ruhu olduğuna inanırlar. Hər cür bədbəxtliklərə, xəstəliklərə, münaqişələrə qara ruhların səbəb olduğuna inanırlar. Yanomamilər onları əhatə edən meşənin mənəvi gücünə böyük önəm verirlər Yerli amazonların əksəriyyəti kimi Yanomami ənənəvi olaraq öz dinləri olaraq animizmi tətbiq edirlər. Yanomami bu şaman ruhları xapiripë (bəzən hekura və ya hekurapë adlanır) adlandırır. Bu ruhları görmək üçün qapo və ya ebene adlı bir halüsinogen istifadə etmək lazımdır. Yopo virola ağacının qabığından hazırlanır və ümumiyyətlə şamanlar və mənəvi cəhətdən seçilmiş insanlar tərəfindən istifadə olunur. Ümumilikdə, Yanomami qəbiləsi “xroniki müharibə vəziyyətində” yaşadıqları üçün şiddətə meyilli qəbilə kimi qiymətləndirilirlər.

Yer üzərində yüzlərlə belə qəbilə və tayfa adı sadalamaq olar. Təəssüf ki, bu gün onlar yox olma təhlükəsi ilə üz-üzədirlər. Müdaxilələr, meşə ərazilərinin azalması və hər cür ekoloji problemlər bu mədəniyyətlərin yox olma riskini artırır. FUNAI kimi təşkilatlar məsələnin həssaslığına diqqət çəkmək üçün bir sıra addımlar atsalar da, təhlükə hər gün artmaqdadır. Belə vəziyyətdə qəbilə üzvlərinin tamam məhv olması, ya da assimilyasiyası baş verə bilər.

 

AXTARIŞA DAVAM EDİN  – BU BLOQLARI OXUYA BİLƏRSİNİZ: 

FİLİPPİNİN ƏN MƏŞHUR ADALARI. PALAVAN, BORAKAY YOXSA SEBU?

AFRİKANIN GÖRMƏLİ OLDUĞUNUZ 6 ÖLKƏSİ VƏ NİYƏ

BU ÖLKƏLƏRDƏ BUNLARI ETMƏK OLMAZ 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.