Daxil olQeydiyyat

DÜNYADA ÇAY MƏDƏNİYYƏTİ

OKTYABR 2, 2019 3 dəq. oxu
DÜNYADA ÇAY MƏDƏNİYYƏTİ

BMT-ə əsasən, dünyada hər gün 6 milyard fincan çay içilir.  Ümumiyyətlə ‘’ən çox içilən içki’’ nominasiyasında pivəyə uduzsa da populyarlıqda sudan sonra çay gəlir. Çayın tarixi haqqında hərə bir cür mif eşidib və ya uydurub, lakin harada yaranmasından asılı olmayaraq dünyanın bəzi nöqtələrində çay içki olaraq milliləşdirlib və hətta spirituallaşdırlıb.

Camellia sinensis- çay bitkisinin latınca adıdır; bildiyimiz sarı, yaşıl, qara və çin çayı bu bitkinin yarpaqlarının qurudulması ilə əldə olunur. Dadlarına görə fərqlənən bu sadalanan növlər, plantasiyadan satışa çıxanadək müxtəlif cür emal prosesi keçir. Məsələn, quruluşu digərlərindən fərqlənən və çin dilindən ‘’qara əjdaha’’ mənasına gələn Yuulung çayı sinensis bitkisinin yarpaqlarının günəş altında qurudulması və bükülmədən əvvəl oksidasiyalaşdırılması hesabına əmələ gəlir. Oksidasiya kimyəvi təbii prosesdir və təzə yığılmış yaşıl çayın tərkibindəki ziyanlı elementləri azaldıb ona rəng və dad vermək üçün həyata keçirilir. Yaşıl çay ümumiyyətlə aktiv oksidasiya olunmur, buna görə də daha ‘’ot təhər’’ və büzücü dada malikdir. Digər tərəfdən, dünyada ən çox içilən çay növü- qara çay, daha zəngin, tünd və meyvəli dada malikdir.

Çay ilk dəfə 5000 il əvvəl Çində tibbi içki olaraq meydana gəlib. Sonra Aralıq dənizindən gələn səyyahlar onu Çindən qərbə daşıyıb və britaniyalılar yalnız 17-ci əsrdə bu içkidən xəbər tutublar. Bundan sonra isə çinlilərin çay üzərindəki monopoliyalarına son qoymaq üçün, o vaxtkı koloniyalarında, Hindistanda nəhəng plantasiyalar salırlar və beləcə çay birdən-birə şərqdən qərbə kök salmağa və süfrədə adət halını almağa başlayır. Çaya dair ilk rəvayətlər daha çox  Çində hakimlik edən nəsil və yüksək təbəqə sayılan ruhanilərlə bağlıdır. Məsələn, maraqlı rəvayətlərdən birində söylənilir ki, divar qarşısında 9 il dayanmadan gecə-gündüz dua edən buddist rahib birdən necəsə olur ki, yuxuya gedir; oyananda özünə əsəbləşən rahib göz qapaqlarını kəsib atır. Bəli, artıq təxmin etdiyiniz kimi bu sabiq ruhani göz qapaqları kök salıb çaya çevrilir. Başqa rəvayətdə isə bu mövzu sevgilisini itirmiş qızın kədərli göz yaşlarından bitən bitki haqqında dolanır. Bugünkü sürətli həyat tərzimizdə rəvayətlərə yer yoxdur, lakin rahatladıcı və bədənimizə yaxşı  təsirləri olan çay əksəriyyət tərəfindən sevilən içkidir. Kofeyə daha çox adaptasiya olmuş mədəniyyətlərdə çay, bir neçə ölkə ilə daha çox asosiasiyadadır- bunlar Çin, Hindistan, Türkiyə, Böyük Britaniya, Taylanddır. Əslində daha dərin baxsaq bütün çaylar bir və ya iki bitki ailəsindən gəlir; onun hansısa ölkə ilə əlaqələndirilməsinin səbəbi yalnızca çayın servis edilmə, istifadə olunan əlavələr və içmə tərzinə görədir. Çinlilərin yetişdirdiyi növ sinensis adlanır və bunlar ‘’balaca yarpaq’’’ çay hesab olunur; hindistanlılar isə assamika növündən istifadə edirlər bu isə ‘’böyük yarpaq’’ çay hesab olunur. Assamika daha tez xarab olduğu üçün böyük çay ixracatçıları sinensis növünə üstünlük verir. Aralarındakı fərq isə necə emal olunmalarından asılıdır; ümumiyyətlə hind çayı daha sərtdir. Hindililər mətbəxlərində olduğu kimi çaylarında da bol ədviyyatı sevirlər və zəncəfil, muskat, darçın, istiot, kardamom və mixək əlavə edirlər. Çay həmişə birinci qonağa təklif olunmalıdır. ‘’Chaiwalla’’ isə hindistanda küçələrdə və ya balaca köşklərdə yerli çay satanlara verilən addır.

Yaponlara məxsus maça çayı isə yəqinki ən distinktiv çaylardan biridir. Bu növ düz 900 ildir ki, eyni üsulla hazırlanır- yaşıl çay cavan vaxtında qoparılır, qurudulur və xüsusi blenderlərlə toz halına salınır. Bu gün qərbin böyük şəhərlərində, menyularında amansız ‘’customization’’ aparan kafe və restoranlarda maça maraqla qarşılandığı üçün artıq tez-tez təklif olunur. Bu çay teksturasına görə çox qatıdır.

Millenialların digər sevimli çaylarından biri də Tayvandan gələn boba çayıdır. Bu içki qara çay və südün qarışığına boba toplarını əlavə etməklə əmələ gəlir; boba topları isə maniok və ya kassava adlı bitkinin köklərindən alınan tapioka adlı nişastanın su və şəkərlə qarışımından hazırlanır. Qərbdə, kafelərdə bu boba toplarına müxtəlif rənglər qatmaqla içkilərlə əməlli vizual oyunlar oynayırlar.

Çaya süd qatan digər məşhur çayxor millət isə britaniyalılardır; günortadan sonra saat 3-4də onlarda ‘’çay saatı’’ hesab olunur və 80/20 qaydasıyla südlə çayı qarışdırıb sendviç və ya peçenyelərlə servis edirlər. Britaniyalılar həmçinin çini fincanlarda çayı içirlər ki, dad dəyişməsin.

Yazının sonluğunun gözəl olması üçün ən axırıncı olaraq Mərakeş çay fəlsəfəsindən danışmaq yerinə düşər. Bərbər viskisi və ya Touareg- bu nə spirtli içki, nə də avtomobil brendidir. Bu bol nanəli və şəkərli, 3 dəfəyə qədər servis edilən Mərakeş çayıdır. Mərakeşlilər çayı qulpsuz, şüşə stəkanda içir və çayı çaydandan stəkana lap yuxarıdan süzürlər ki, həm dadı yaxşılaşsın, həm də getdikcə soyuyub içməli vəziyyətə gəlsin. İçində balaca nanə yarpaqları bol olan bu çaydanlar 3 stəkanlıq çay tutur və hər stəkanın öz fəlsəfi mənası var. Birinci servis ediləcək çay ‘’həyat qədər yumuşaq’’, ikinci ‘’sevgi qədər möhkəm’’ və sonuncu stəkanınız isə ‘’ölüm qədər acı’’ olacaq. Mərakeşin oriental dəyərinə rəng qatan bu çay fəlsəfəsi, çaydanın içində vaxt keçdikcə sərtləşən dəmin dadı ilə əlaqəlidir: həyat kimi bu 3 stəkan da müdrik, şirin və qəmlidir- özü də hamsı eyni çaydandan!

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.