Daxil olQeydiyyat

SƏHƏR YEMƏYİ ÜÇÜN NYU YORKUN 10 FƏRQLİ RESTORANI

NOYABR 4, 2019 3 dəq. oxu
SƏHƏR YEMƏYİ ÜÇÜN NYU YORKUN 10 FƏRQLİ RESTORANI

Dünyanın favorit şəhərlərindən biri olan, öz göydələnləri ilə aləmə səs salan, hər bir gəncin ölmədən öncə gedib gəzmək istədiyi Nyu Yorkda ac qalmağın mümkün olmadığını deyirlər. Əhəmiyyətli olan, minlərlə qarışıq seçim arasından zövqünüzə ən uyğun olan təamı seçməkdir. Sizə elə gələ bilər ki, Nyu York sakinləri həmişə yollardadı, həmişə harasa tələsir. Lakin onlar üçün ən vacib qidalanma vaxtı elə səhər yeməyidir. Amerikada səhər nə yeyə bilərəm? deyə çox düşünməyin. Şəhər böyük, restoranlar çox. Sizin səhər yeməyi üçün kiçik bir ləzzət bələdçisinə ehtiyacınız ola bilər. Elə isə, Nyu Yorkun ən dadlı, fərqli və özünəxas səhər yeməklərini müştərilərinə canla-başla təqdim edən 10 fərqli restoranı sizlər üçün sıralayırıq...


"Jack’s Wife Freda"

2012-ci ildə Soho-da bu restoranın açılmasının arxasında böyük bir eşq hekayəsi var. Bu restoranda Amerikan-Ağdəniz mətbəxini və klassik kokteylləri dada bilərsiniz. Burada səhər yeməyi, nahar və şam yeməkləri müştərilərə həftədə 7 dəfə servis edilir. Xüsusi qeyd etməliyik ki, bu restoranda qiymətlər kifayət qədər münasibdir.

Məkanın dekorasiyasında tünd yaşıl rəngdən, düyüdən hazırlanmış maketlərdən və mərmər lövhələrdən istifadə olunub. 40 nəfərlik bu restoranın menyusu isə olduqca zəngindir.


"Kat’z Deli"

Bu restoranın basdırmalı sendviçini mütləq və mütləq dadmalısınız. Normalda içərisinə pendir qoymurlar, lakin siz sifariş edəndə pendir əlavə etmələrini tələb edin. Nyu York küçələrindən birində öz neon reklam lövhəsiylə hər kəsi içəri cəlb edən restoran ən məşhur səhər yeməklərini menyusunda ehtiva edir. Houston küçəsindən keçən hər kəs özünə hakim ola bilməyib buradan sendviç sifariş edir. Bu restoranın sendviçi Nyu Yorkda adını əzbər bildiyimiz markaların burgerləri qədər məşhurdur. Bir gün nə vaxtsa Nyu Yorka yolunuz düşərsə, bu restoranda səhər yeməyi yeməyi əsla unutmayın.


"Buvette"

Grove küçəsindəki ən xoş ləzzət... Bu restoranda yumurtalar elə ustalıqla bişirilir ki, özü də yağsız! Qızardılmış çörək dilimlərinin üzərinə qoyulan bu yumurtaların üstünə isə zeytunyağı ilə qurudulmuş pomidor əlavə olunur. Bir neçə baharatla daha da dadlandırılan bu ləzzət Nyu Yorkluların əvəzedilməz seçimidir.


"The Nomad"

Səhərin erkən saatlarında iclas keçirmək üçün bu restoran idealdır desək yanılmarıq. Eleqant, lyuks və zərafət dolu bu restoran Parisli dizayner Jacques Garcia tərəfindən hazırlanıb. Restoranın görüntüsü özünü menyuda da göstərir. Ev üsulu hazırlanmış çörəyin üzərində çedar pendiri və qızarmış sosislər ilə hazırlanmış sendviç buranın ən populyar səhər yeməyidir. Yanında da bir stəkan çay. Bizim yazdıqca ağzımız sulanır...


"Milk Bar"

2007-ci ildən fəaliyyət göstərən restoran öz daxili dekoruyla qəlblərdə necə taxt qurubsa, hətta siz onu Netflix filmlərindən bir neçəsində də görə bilərsiniz. Filtr qəhvə və yanında “choco pie” sizlərin damaq zövqünüzə birə-bir uyğun olacaq. Gənclərin favorit kafe barlarından olan Milk Bar Nyu York-da 13-cü küçədə yerləşir. Buranı ziyarət etməyi yaddan çıxarmayın.


"Dominique Ansel Bakery"

Fransız əsilli şef-aşbaz Ansel tərəfindən açılan bu kafe Nyu Yorkluların ən çox axın etdiyi məkanlardandır. Səhərin erkən saatlarından bişirilən çörəklər, bulkalar, fransız xalqının ən ləziz təamları buranın menyusunu bəzəyir. İngilislərin südlü çaylarının ən dadlısına da burada rast gəlmək olar. Nyu York restoranları xəritəsi diqqətlə incələndikdə Ansel Bakerynin 3 filialının mövcud olduğunu görə bilərsiniz.


"Russ & Doughters"

1914-cü ildən bəri bir yəhudi ailəsi tərəfindən hazırlanan, hisə verilmiş balıq kimi məhsulları servis edən məkandır. Russ & Doughters'in əhvalatı çox qədimdən gəlir. Restoran iştahaaçan ləzzətlərlə doludur və siyənək, göbələk-arpa şorbası və əriştə kimi klassik yeməklər, həmçinin Russ & Qızları kimi super “bagel” tostu kimi orijinal dadları ehtiva edir. Onlar yəhudi səhər yeməyinin müqəddəs ənənələrinə də hörmət edir və böyük ustalıqla hazırlayırlar.


"Sunday in Brooklyn"

Brooklyn-da yerləşən bu restoran turistlərin sevimlisidir. Çünki burada nəinki amerikan səhər yeməkləri, həm də Uzaq Şərqdən tutmuş, İtaliya, Fransa və başqa ölkələrin təamlarına menyuda rastlamaq mümkündür. Özü də necə böyük ustalıqla hazırlanırlar, bir bilsəniz...

Burada fındıqlı pancake, qızılbalığından tost və çiyələkli tortlar müştərilərin ən çox sifariş etdiyi yeməklərdəndir.


"Two Hands Café"

Avtraliyanın mətbəxi burada sizləri salamlayır. Dadlı kekslər, tortlar, bastırmalar, sendviçlər və nələr-nələr...

Mott küçəsi 164 ünvanında yerləşən bu restoranın rahat və sakit bir küçədə olması dincəlmək və səhər yeməyindən zövq almaq istəyən müştərilərə gəl-gəl deyir.


"Egg Shop"

Elə adından da göründüyü kimi. Səhər yeməyində yumurta yeməyi xoşlayanlar qaçaraq bura gəlir, çünki Egg Shop kafesi yumurta bişirmək mövzusunda ən peşəkardır.

Avokado və yumurtanı heç bir arada təsəvvür etmişdiniz? Onlar bunu bacarır və şübhəsiz ki, heç də pis alınmır. Bunun ən böyük sübutu hər gün səhər buranı 70-dən çox müştərinin ziyarət etməsidir. Bir gün sizlərin də o 70-in içərisində olmağınız diləyilə...

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.