Daxil olQeydiyyat

Dünyanın ən qeyri-adi 10 bayrağı və onların sirləri

NOYABR 29, 2019 5 dəq. oxu
Dünyanın ən qeyri-adi 10 bayrağı və onların sirləri

Hər bir ölkəni təmsil edən onun rəmzləridir. Bu rəmzlərdən ən əsası da dövlət bayrağıdır. Dövlət bayrağı ölkəni müxtəlif müsabiqələrdə, rəsmi görüşlərdə, siyasi konqreslərdə və digər bütün tədbirlərdə təmsil edən başlıca rəmzdir. Hər birimiz Azərbaycan bayrağındakı rənglərin, simvolların mənasını bilir, sadəcə 3 rəng və 2 simvolla ölkəmizi necə bütün yanlarıyla gözəl və ətraflı bir şəkildə ifadə etdiyini bilirik. Lakin bizə tanış olan bir çox bayraqdan fərqli olaraq bəzi bayraqlar var ki, onlar öz simvolları ilə müxtəlif sirlərə malikdir və dünyanın ən qəribə və maraqlı bayraqları sayılırlar. Aralarında hətta adaları təmsil edən, vaxtıykən var olan, lakin indi tarixin səhifələrində qalan və unudulmuş bayraqlar var. Gəlin, bu bizə tanış olmayan eyni zamanda maraq doğuran bayraqlarla yaxından tanış olaq.


Mozambik bayrağı

1983-cü ildə təsdiq olunmuş Mozambik bayrağı dünyada yeganə bayraqdır ki, müasir hücum qüvvəsini təmsil edir. Bu bayraqda simvolu yerləşdirilmiş AK-47 ölkənin illərdir müstəqillik əldə etmək üçün davam edən bir vətəndaş müharibəsi içində olduğunu və onların müdafiə qüvvəsini əks etdirir. Bayraqdan AK-47-nin çıxarılması ilə bağlı təklif olsa da, dizaynın dəyişməz olaraq qalması fikrindən dönmədilər və bayrağın dəyişdirilməsi ilə bağlı bütün təkliflər parlament tərəfindən rədd edildi. Silaha perpendikulyar olaraq yerləşən toxa da ölkədəki kənd təsərrüfatını ifadə edir. Həm silah, həm də toxa isə açıq ağ bir kitab üzərində təsvir olunub. Bu da ölkənin təhsilə verdiyi önəmi ifadə edir. Ulduz isə beynəlmiləllik və marksizmi təmsil edir. Bayraqda yaşıl, qara, sarı, ağ, qırmızı olmaqla 5 rəngdən istifadə olunmuşdur və onların hər birinin də xüsusi mənası vardır. Yaşıl – ölkənin torpaq zənginliyini, qara – Afrika qitəsini, sarı – ölkənin faydalı qazıntılarını, qırmızı – ölkənin müstəqillik mübarizəsini, ağ – sülhü təmsil edir.


Butan bayrağı

Butan bayrağına baxdıqda burada əsas 2 rəng görə bilərik: sarı və narıncı. Onların hər biri bir məna ifadə edir. Sarı - şahın hakimiyyətini, narıncı - Buddizmi ifadə edir. Bayrağın tam mərkəzində ağ rəngdə əjdaha görə bilərsiniz, o tam olaraq 2 rəngin mərkəzində yerləşir, bu da bərabərliyi və ölkənin hər 2 amilə verdiyi dəyəri ifadə edir. Bu ağ əjdaha - Druk həmçinin Şimşək Əjdahası kimi də bilinir. Xüsusən ağ rəngdə olmasının səbəbi isə insan əməllərinin və düşüncələrinin saflığını və təmizliyini ifadə etməsidir. Əjdahanın əlində tutduğu 4 ədəd cəvahirat isə ölkənin zənginliyini və təhlükəsizliyini təmin edir. Uzun illər bir çox növləri düşünülsə də son halı 1969-cu ildə təsdiq olunmuşdur, o zamandan etibarən isə bir daha heç vaxt dəyişdirilməmişdir.


Livan bayrağı

1943-cü ildə təsdiq olunan Lebanon bayrağı qırmızı, ağ və qırmızı zolaqlardan ibarətdir. Bu, Livan dağı ilə Anti-Livan dağları arasındakı Beqaa Vadisini təmsil edir. Livan tez-tez sidrlər torpağı adlanır. Ona görə də, bayrağın mərkəzində, yəni, ağ zolağında bir çox Bibliya keçidlərində istinad edilən Livan sidrinin müqəddəsliyini və dincliyini ifadə edən yaşıl bir sidr var. Bəzi əfsanələrə görə inanılır ki, bu bayraq Avstriya bayrağından ilhamlanaraq yaradılmışdır. Bəzi mənbələrə görə isə qırmızı zolaq Livan xalqının ölkələrini qorumaq üçün mübarizə apararkən tökdükləri qanı təmsil edir.


Guam bayrağı

ABŞ-ın ərazilərindən biri olan Guamın bayrağı 1948-ci ildə təsdiq olunmuşdur. Bundan əvvəlki bayraqlar bir müddət ispan bayrağı, Yapon İmperiyası dövründə isə yapon bayrağı olmuşdur. Bayraq ümumilikdə tünd mavi rəngdən ibarətdir, bu, okeanı təmsil edir. Sonradan, 1960-cı ildə əlavə olunan bir detal da onun ətrafını əhatə edən incə qırmızı zolaqdır. Həmin qırmızı zolaq İkinci Dünya Müharibəsi və İspan suverenliyi zamanı tökülən qanı təmsil edir. Bayrağın tam mərkəzində badam formasında gerb yerləşir. Bu, burada yaşayan qədim insanların istifadə etdiyi alətlərin formasına bənzəyir. Gerbin içində də Hagåtña yaxınlığındakı Agana körfəzində üzən yelkənli gəmi təsvir olunmuşdur. Tam mərkəzdə də qırmızı rənglərlə GUAM sözü yazılmışdır. Arxa tərəfdəki dağa bənzər şəkildə təsvir olunmuş hissə Guamdakı Punta Dos Amantes uçurumunu təsvir edir.


Qrenada bayrağı

Qrenada bayrağı 1974-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etdikdən sonra rəsmi olaraq qəbul olunmuşdur. Bu bayrağa baxdıqda siz sadəcə 3 rəng görə bilərsiniz: qırmızı, sarı və yaşıl. Burada üst və aşağı hissədə olan 6 ulduz ölkədəki 6 kilsəni, mərkəzdə qırmızı bir dairənin içində yerləşən ulduz isə Karriaku və Balaca Martinikanı ifadə edir. Sol hissədə olan muskat qozu isə Qrenadanın mədəniyyətini təmsil edən əsas simvollardan biridir və burada ən çox satılan məhsuldur. Bu, həm də Qrenadanın əvvəlki adı olan “Ədviyyatlar adası” olmasını xatırladan faktor kimi də sayılır. Bayrağın qırmızı rəngi - cəsarət və dirilik, qızılı rəng - hikmət və istilik, yaşıl rəng - bitki örtüyü və əkinçilik deməkdir.


Kiribati bayrağı

Kiribati bayrağına baxarkən özünüzü bir peyzaja baxar kimi hiss edə bilərsiniz. Qırmızı fonda təsvir olunmuş dalğalar, qürubda görünən günəş və yuxarıdan uçan bir quş təsviri bu bayrağı digər dövlət bayraqlarından həqiqətən də çox fərqləndirir.

1979-cu ildə rəsmi formada təsdiq olunmuş bu bayraqda dalğalar Kiribatini əhatə edən Sakit Okeanı təmsil edir. Dalğalarda olan 3 zolaq isə 3 ada qrupunu (Gilbert, Finiks və Line adaları) təmsil etmək üçündür. Okeanın üzərində uçan Frigate quşu onların gerbindən götürülüb, dənizdəki gücü, azadlığı və Kiribati mədəni rəqsinin nümunələrini bildirir. Günəş Kiribatinin Ekvatorda yerləşmə mövqeyini göstərir. Günəşin 17 şüası isə 16 Gilbert adasını və Banabanı (keçmiş Okean Adası) təmsil edir.


Qrinlandiya bayrağı

Bu bayraq yeganə Skandinav bayrağıdır ki, burada Skandinav xaçı yoxdur. Bu bayraq yerli İnuit müəllimi və siyasətçisi olan Thue Christiansen tərəfindən tərtib olunmuşdur. Buradakı rənglər Danimarka bayrağının rənglərinə istinadən seçilmişdir, çünki Qrinlandiya Danimarka Krallığının tərkibində muxtar bir ölkədir.

Bayraq ağ və qırmızı zolaqdan ibarətdir. Mərkəzə yaxın sol kənarda isə bir dairə yerləşir, hansı ki, üst ağ zolaqda olan yarısı qırmızı, aşağı qırmızı zolaqda olan yarısı isə ağdır. Bayrağın ağ zolaqlı və qırmızı yarımdairəli hissəsinə baxdıqda sizə nəyi xatırladır? Yapon bayrağını, doğrudur!

Bayrağın bu maraqlı dizaynının mənası isə aysberqlərlə dolu olan okeanda günəşin batmasını ifadə edir. Mən deyərdim ki, bayraq tam olaraq ölkəsini bir neçə simvolla uğurla təsvir edib.

Maraqlı fakt: Bu bayraqda qərarlaşmamışdan öncə bir neçə digər variantlar da olub ki, bunlarda həmçinin yaşıl rəngdən istifadə olunub.


Nepal bayrağı

Dünyanın yeganə düzbucaqlı formasında olmayan bayrağı - Nepal bayrağı. Deyə bilərik ki, həqiqətən də bu bayraq bütün digər dünya bayraqlarından fərqlənir. Üzərində nə təsvir olunmasından asılı olmayaraq artıq görünüşü ilə maraq oyadır.

Bayraq iki üçbucağa bənzər hissədən ibarətdir. O, öz qeyri-adi forması ilə Everestin yüksək zirvələrini simvolizə edir. Buradakı moruq rənginə bənzəyən qırmızı rəng onların milli gülü olan Rododendronun gülünü təmsil edir. Qırmızı həmçinin müharibədəki qələbəni bildirir. Onu çərçivələyən mavi rəng isə sülhü bildirir. Hər bir hissədə yerləşən günəş və ay simvolları isə sakitlik və qətiyyət rəmzidir. Lakin 1962-ci ilə qədər ay və günəşin yerinə insan simaları var idi. Lakin o ildən sonra simvollar dəyişdirildi və bayraq rəsmi olaraq təsdiq olundu.


Papua-Yeni Qvineya bayrağı

Bayraqda qara rəngin olması bir çox bayraqlara xas olmayan rəngdir. Papua-Yeni Qvineyanın bayrağı da bu istisnalara daxil olanlardandır. Bayraq rəsmi olaraq 1971-ci ildə qəbul olunmuşdur. Həmin il bir müsabiqə keçirilmiş və hər kəs öz dizayn fikirləri ilə bu müsabiqədə iştirak etmişdir. Maraqlı olan isə odur ki, bu müsabiqəni qazanan və hal-hazırdakı gördüyümüz bayrağın dizaynını verən 15 yaşlı biri idi.

Bayrağın yarısı qara, digər yarısı isə qırmızı rəngdədir. Qara rəngdə 4 eyni ölçüdə, biri isə digərlərinə nisbətdə daha kiçik olan ulduz yerləşir. Qırmızı rəngdə isə tünd sarı və ya narıncı deyə biləcəyimiz bir rəngdə bir quş təsvir olunmuşdur. Qara və qırmızı çox uzun illər boyunca Papua-Yeni Qvineyanın qəbilələrini təmsil edən rənglərdir. Qara-ağ-qırmızı 1918-ci ildən əvvəl Yeni Qvineyanı müstəmləkə etmiş Alman İmperatorluğu bayrağının rəngi idi. Az öncə qeyd etdiyim quş - Cənnət quşu isə onların gerbində də əks olunmuşdur.


Siciliya bayrağı

Nəhayət, mənim üçün ən qəribə olan və gördüyüm anda diqqətimi çəkərək heyrətimə səbəb olan bayraq. Öz özəlliyi və bu siyahıda ən qədim olması ilə seçilən bu bayraq 1282-ci ildə ilk dəfə rəsmi olaraq təsdiq olunmuşdur. Bəli, 1282! Bu da onu dünyanın ən qədim bayraqlarından biri edir.

Bayraq diaqonal olaraq çəkilən sarı və qırmızı rənglərdən ibarətdir. Sarı rəng orta əsrlərdə kənd təsərrüfatı şəhəri kimi tanınan Korleono şəhərini, qırmızı isə Palermo bələdiyyəsini təmsil edir.

 Mərkəzdə 3 ayaqlı bir insan fiquru - "Triskelion" dayanır. Güman olunur ki, 3 ayaq adanın 3 küncünü və ya 3 tarixi yuvasını ifadə edir - Pakino, Peloro və Lilibeo. İnsan fiqurunun başı isə Medusa (Gorgon) adlanır və onun kənarlarından çıxan 3 buğda sünbülü vardır. Yunan ikonoqrafiyası ilə müqayisədə, bu versiyada onun başından saçı yerinə çıxan ilanlar deyil, buğda sünbülləridir. Trissel (Triskelion həmçinin belə adlanır) zamana olan hörməti göstərir, gec-tez doğrunun bilinəcəyinə ümid etdiyini bildirir, yağışdan sonra göy qurşağının gəldiyini xəbərdar edir. Üstəlik üç bükülmüş ayağı həmişə bölgəyə xas olan dini və mənəvi faktoru təmsil edir.

 Bəlkə də insanların gülərək baxdığı və qəribə gördüyü bu bayraq 7 əsrdən çoxdur ki, dəyişməyərək əslində bu xalqın kim olduğunu, onların tarixini, mübarizəsini və mədəniyyətini əks etdirir.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

DÜNYANIN 10 ƏN MARAQLI GERBLƏRİ

DÜNYANIN ƏN BÖYÜK 5 PARKI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.