Daxil olQeydiyyat

DUBAYIN 10 ƏN BÖYÜK TİCARƏT MƏRKƏZLƏRİ

OKTYABR 18, 2019 4 dəq. oxu
DUBAYIN 10 ƏN BÖYÜK TİCARƏT MƏRKƏZLƏRİ

İqtisadi cəhətdən bir çox şəhəri arxasında buraxan Dubayı daha çox öz Bürc Xəlifəsi, nefti, qızılı və şeyxləri ilə tanıyırıq. Şəhərin zənginliyi bütün bunlarla kifayətlənmir. 2019-cu ildəki ən böyük alışveriş mərkəzləri siyahısına bir neçə Mall-ını daxil etməyi bacaran Dubay, həm də dünyanın elə ən böyük alışveriş mərkəzinə sahib şəhəridir.

Sözügedən şəhərin alışveriş mərkəzlərinin xəritəsi olduqca qabarıqdır. Burada yüzə yaxın mall-da alışveriş etmək, əylənmək, dincəlmək, qarnımızı doyurmaq və s. mümkündür. Dubayın ən böyük alışveriş mərkəzi ildə orta hesabla 80 milyon ziyarətçi qəbul edir. Bu cür “mərkəz” ifadəsini işlətdikdə ağlınıza bəyaz lyuks işıqlar, bəzədilmiş vitrinlər, hər küncdə sıxılan gənclər və stul arxasında əyləşib sadəcə yeməyini yeyən gənclər gəlməsin. Dubayın alışveriş mərkəzlərində siz balina və köpəkbalıqları ilə əhatələnmiş nəhəng akvariuma, qarla örtülmüş xizək arenalarına, nəhəng çilçiraqlara, lyuks restoranlara və həyatınızda gördüyünüz ən böyük uşaq oyun zallarına rast gələcəksiniz. Elə isə çox intizarda qalmadan keçid alaq Dubayın 10 ən böyük Mall-ını yaxından tanımağa...

"Dubai Mall"

Dünyanın ən böyük ticarət mərkəzi olan Dubai Mall hər həftə 750 mindən çox ziyarətçi qəbul edir. Ziyarətçilərin məqsədləri yalnız alış-veriş etmək deyil, onlar həm də Olimpiya konki meydançasında konki sürmək, akvariumda və sualtı zooparkda gəzmək (burada köpək balığı, müxtəlif növ mamırlar, kiçik balıqlar və  pinqvin sürüsü var),  Dubayın canlı-hərəkətli bəzək hovuzları və “Burj Khalifa” qarşısında selfie çəkmək üçün gəlirlər.

Bölgədə gün boyu dincəlmək və istirahət etmək istəyənlər üçün beş lüks otel var ki, bunlar da bütün günü əsas və məşhur markaların məhsullarını araşdırıb yorulan hər kəs üçün ideal dincəlmə yeridir. Alış-verişdən sonra yorğun olanlar üçün başqa bir seçim isə; Sosial Evdəki "Şərq Qərblə görüşür" konsepsiyasına malik restoranda əyləşib bütün gözəllikləri seyr etməkdir.

Burada qiymətlər ucuzdur desək, səhv etmiş olarıq. Bu qədər heyranedici mənzərəni görmək sizlər üçün bir qədər “əlyandırıcı” ola bilər. Lakin gəzməyi, yeni yerlər kəşf etməyi, həm də dünyanın ən böyük alışveriş mərkəzini görmək istəyənlər bir neçə yüz dolarından keçə bilər deyə düşünürük.

"Mall of the Emirates"

Dünyanın ən böyük qapalı qış parkına sahib bu alışveriş mərkəzi gəlirlərinin elə 60 faizdən çoxunu buradaki Ski Dubai kompleksindən əldə edir. Yaz-yay, payız-qış demədən minlərlə ziyarətçinin gəldiyi bu xizək meydançası bütün dünyada məşhurdur desək, yanılmarıq. Siz burada həm sərbəst şəkildə özünüz xizək sürə bilər, həm də professional müəllimlərdən dərs ala bilərsiniz. Üstəlik istəsəniz buranın balaca və sevimli sakinləri – pinqvinlərlə xatirə şəkli çəkdirə bilərsiniz.

Buradan çıxışda sizə Dubaydan xatirə kimi saxlaya biləcəyiniz kiçik hədiyyələr də verilir. Bütün bunlar isə turistlər üçün olduqca yaxşı və qonaqpərvərlik nümunəsi hesab olunur.

"İbn Battuta Mall"

Adını 12-ci yüzillikdə yaşamış bir kaşifdən alan bu alışveriş mərkəzi nəinki Dubayın, hətta Dünyanın ən böyük temaya sahib alışveriş mərkəzidir. Yəni siz buradakı divarlarda heç öyrəşik olmadığınız nəhəng əl işləmələri, fasadlar, dekorlar görə bilərsiniz. Hətta bu Mall çilçiraqları ilə məşhurdur deyə bilərik.

Alışveriş mərkəzində hər bölmə bir ölkəni xatırladır. Siz burada Hindistanın məşhur fil maketlərini qızıl suyuna salınmış metallarla düzəldildiyini, Misir heroqliflərini, Yunan ilahələrini və s. tapa bilərsiniz.

"Souk Madinat"

Əgər keçmişə bağlısınızsa, daha doğrusu, qədim tikililər, tarixi abidələr sizə zövq verirsə bu alışveriş mərkəzini tez bir zamanda ziyarət etməlisiniz. Ərəb memarları çağdaş dövrdə köhnə tikili effektini məhz bu Mall üzərində sərgiləyib və əla nəticə alıblar.

Mall-da süni kanallar yaradılmışdır ki, sizlər də bu kanallar vasitəsilə ətrafı gəzə bilər və zövq ala bilərsiniz. Ətrafdakı kiçik qayıqlar sizi 10-12 əsr əvvələ götürəcək və özünüzü tamam fərqli yüzillikdə hiss edəcəksiniz.

"Wafi Mall"

The Wafi Mall, ikonik şəkildə hazırlanmış Dubay piramidasında yerləşir və təsəvvür etdiyiniz kimi, binanın Misir ehramları kimi bir görüntüsü var. Qarşısında lüks bir ərəb bazarı və digər tərəfdə yerləşən Cleopatra Spa mərkəzi var. Kompleks əsasən yüksək keyfiyyətli ərəb markaları və bir neçə beynəlxalq məhsulları satır. Bu ticarət mərkəzi yataq dəstləri, ənənəvi kişi geyimləri və yüksək keyfiyyətli Şərq və Qərb ətirlərini axtaran varlı yerli əhali üçün tez-tez rast gəlinən yerdir. Buradakı restoranlar zövqə görə müxtəlif yemək çeşidləri təklif edir. Yeməkdən əvvəl və ya sonra (09: 30-da) qəribə, lakin maraqlı işıq şousunu izləməyi unutmayın. Bu şouda hər fəsildə dəyişən dekorativ heroqliflər canlanır və böyük fironlar işıqlandırılır.

"Dubai Marina Mall"

Turistlərin ən çox ziyarət etdiyi alışveriş mərkəzlərindən olan Dubai Marina Mall öz müştərilərinin sevgisini əsasən uyğun qiymətli restoranları sayəsində və eyni zamanda, burada yerləşən böyük və komfortlu sinema zalı ilə qazanmışdır. 7/24 öz ziyarətçilərinə xidmət edən alışveriş mərkəzində hər kəsin bələd olduğu fastfood restoranları, coffee houselar və s. yerləşir ki, bu da yerli əhalidən ən çox gənclərin bura axın etməsinə səbəb olur.

"City Centre Deira"

Dubayın mərkəzi küçələrində yerləşən bu alışveriş mərkəzi xarici görüntüsü ilə digər bir çox mallardan fərqlənir. Əsasən də gecələr uzaqdan par-par işıldayan alışveriş mərkəzi öz daxili və xarici işıqlandırılması ilə seçilir. 1995-ci ildə açılmış və günümüzədək xidmət göstərməyə davam edən bu alışveriş mərkəzi həm dünyaca məşhur markalardan, həm 4 ulduzlu oteldən, həm də uşaqlar üçün nəzərdə tutulmuş geniş və səliqəli bir parkdan ibarətdir. Mərkəzin dayanacağının isə 3600 maşına qucaq aça biləcək imkanı var.

"BurJuman"

BurJuman kimi adlandırılan və tanınan alışveriş mərkəzi Dubayın ən köhnə və ən çox yaşa sahib alışveriş mərkəzlərindən biridir. Al Ghurair şirkətlər qrupu tərəfindən inşa edilən və günümüzədək inkişaf etdirilən bu mərkəz heç də digər xizək arenalı və akvariumlu alışveriş mərkəzlərindən geri qalmır.

Ən rəngarən iç memarlığa sahib bu Mall-da siz bir çox dünya markalarında alışveriş edə bilər, həm alt, həm də yuxarı mərtəbələrdə yerləşən lyuks və orta seqment restoranlarda dadlı yeməklər yeyə bilərsiniz. Burada ərəb mətbəxinin istənilən təamları ən peşəkar aşbazlar tərəfindən hazırlanır və müştərilərə təqdim edilir. Restoranlarda ziyarətçilər tərəfindən ən çox bəyənilən məqam isə ofisantların gülərüz olması və burada servisin çox yüksək səviyyədə həyata keçirilməsidir.

Uşaqlar üçün bir-birindən maraqlı oyun zallarını özündə ehtiva edən BurJuman alışveriş mərkəzi anaların gözübağlı güvənə biləcəyi ən rahat oyun zallarına sahib alışveriş mərkəzlərindən biridir.

3500-ə qədər maşını öz qarajında yerləşdirmək imkanına malik bu alışveriş mərkəzi ailələrin həftəsonunu keçirməsi üçün ən rahat məkanlardan biridir.

"City Walk Mall"

Xarici və daxili memarlığı bizə günümüzdə çox yayılmış olan sadə interyeri xatırlatsa da, bu alışveriş mərkəzinin arxa və ön həyəti cənnəti xatırladacaq dərəcədə yamyaşıl və gözoxşayıcıdır. Orta və yaşlı nəslin ən çox baş çəkdiyi mərkəzlərdən olan bu yerdə qeyd etdiyimiz kimi möhtəşəm təbiət və rahatlıq mövcuddur. Həyətində yerləşən kafelərdə siz öz çayınızı qurtumladıqca bu əsrarəngiz gözəllikdən zövq ala, həm də alışverişdən geriyə qalan bütün yorğunluqlarınızı ata bilərsiniz.

"City Centre Mirdif"

2010-cu ildə açılan və sakinlərin xidmətinə verilən bu alışveriş mərkəzi qısa bir müddətdən sonra turistlərin də sevimli məkanlarından birinə çevrilmişdir. Çünki burada ərəbistan mətbəxinin zəngin və dadlı təamları özünü restoranlarda tapır.

Qarajında 7000 maşının saxlanmasına imkan verən City Centre Mirdif, sıxlıq sevməyən və sakit istirahətdən zövq almaq istəyən ziyarətçilərin bir nömrəli məkanıdır.

 

Bu bloqları da oxuya bilərsiniz:

SƏYAHƏT VƏ ŞOPİNQ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.