Nərgiz MəmmədzadəNərgiz Məmmədzadə 26 DEKABR 2019 4683 views 5 dəq. oxu

Dünyadakı 10 ən böyük metro sistemi

4683 views 5 dəq. oxu
uploads/The-10-largest-metro-systems-in-the-world.jpg

Metro dünyada gündəlik olaraq ən çox istifadə olunan nəqliyyat növlərindən biri olaraq başda gəlir. Hər gün hər birimiz dərsə gedərkən, işə tələsərkən və ən əsası da pik saatlarda olan tıxaclardan qurtulmağa çalışarkən bir neçə dəfə metroya üz tuturuq. Rahatlığı və ən əsası da sürəti ilə digər bütün gündəlik nəqliyyat növləri arasında populyarlığını və liderliyini qoruyur. Bəs heç düşünmüsünüzmü dünyada ən böyük, ən uzun, ən sürətli, ən çox stansiyaları olan metro sistemləri hansılardır və onlar ölkələrdə yerləşir? Dünyanın müxtəlif yerlərində həqiqətən də görkəmli metro sistemləri çoxdur və mənə hər zaman ən maraqlı olan ərazisi ilə ən böyük olaraq seçilən ölkələrin metro sistemləri olmuşdur. Elə biz də stansiya sayına görə dünyadakı 10 ən böyük metro sistemiylə tanış olaraq bütün bu suallara cavab tapacağıq.

 

10. Dehli Metrosu - Hindistan

Siyahımıza Hindistanın Dehli metrosu ilə başlayırıq. 2002-ci ildə açıldığı üçün yeni metrolardan biri sayılmasına baxmayaraq stansiya sayının çoxluğu ilə dünyanın ən böyük metrosu olaraq siyahıya 10-cu yerdən daxil ola bilib. Ümumilikdə 285 stansiya kimi hesab olunsa da, transfer stansiyalarının bir dəfədən artıq sayıldığını nəzərə almağı unutmamalıyıq. Əgər 24 transfer stansiyası sadəcə 1 dəfə sayılsa o zaman son nəticədə 229 stansiya qalacaqdır. Ümumilikdə 389 km uzunluğa sahib olan və bu göstərici ilə dünyanın 8-ci ən uzun metro sistemi sayılan Dehli metrosu 2018-ci il statistikasına əsasən illik olaraq 900 milyondan daha çox istifadə olunub.

Maraqlı fakt olaraq deyə bilərik ki, Dehli Metro Dəmiryolu Korporasiyası 2011-ci ildə şəhərdəki karbon tullantılarının azaldılması ilə istixana qazı tullantılarını azaldan ilk metro sistemi olaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq edilmişdir. Təəccüblü deyil ki, əhalisi 1 milyarddan artıq olan bu ölkə metrodan istifadə sayının yüksəkliyini nəzərə alaraq belə təşəbbüslərə əl atır və havanın təmizliyini qorumaq üçün ciddi tədbirlər görür.

 

9. Moskva Metrosu - Rusiya

Qonşu ölkələrdən biri olan Rusiya. Moskva Metrosu Moskva Monorailinin 6 stansiyası və Moskva Mərkəzi Dairəsinin 31 stansiyası da daxil olmaqla 236 stansiyaya malikdir. 397,3 km uzunluğa sahib olan bu metro sistemi az öncə qeyd etdiyimiz Moskva Monoraili və Moskva Mərkəzi Dairəsi də daxil olarsa 456 km uzunluğa sahib olaraq dünyada 5-ci ən uzun metro sistemi sayılır. Fəaliyyətinə 1935-ci ildə başlamış Moskva Metrosunun 2018-ci il statistikasına görə istifadə olunma sayı o il ərzində 2 milyarddan daha çox olaraq dünyada 6-cı yerdə qərarlaşmışdır.

Bunu da qeyd etmədən keçmək olmaz ki, stansiyalarından biri olan "Park Pobedy" stansiyası 84 metr dərinlikdə yerləşərək dünyanın üçüncü ən dərin metro stansiyasıdır.

 

8. Quanjou Metrosu - Çin

1997-ci ildə fəaliyyətə başlayaraq cəmi 22 ildir Çinin cənub əhalisinə xidmət göstərməsinə baxmayaraq 257 stansiyaya sahib olması ilə siyahıda 8-ci yeri tuta bilmişdir. 478 km uzunluğa sahib olaraq ən uzun metro sistemləri siyahısı üzrə dünyada 3-cü yerdə qərarlaşan bu metro sistemi gündəlik olaraq 8 milyon dəfəyə yaxın istifadə olunur. Bu ilin 6 iyun tarixində bir gün ərzində 10,62 milyon dəfə istifadə olunaraq özünə görə pik rəqəmə çatmışdır. Ümumilikdə isə 2018-ci ildə il ərzində 3 milyarddan artıq istifadə olunaraq dünyada ən çox istifadə olunan 3-cü metro sistemi kimi ad qazana bilmişdir.

 

7. London Metrosu - Birləşmiş Krallıq

1890-cı ildə fəaliyyətə başlaması ilə dünyanın ən qədim metrosu adını almağa haqq qazanmış tarixi London metrosu. Maraqlıdır ki, adı London yeraltı metrosu olsa da metro sisteminin sadəcə 45%-i yerin altında yerləşir. 270 stansiyası ilə dünyada 7-ci ən böyük, 402 km uzunluğu ilə isə dünyada 4-cü ən uzun metro sistemidir. Gündəlik olaraq 5 milyondan, illik olaraq isə 1 milyarddan artıq istifadə olunma statistik göstəricilərinə sahibdir. 156 ildən artıqdır ki, fəaliyyət göstərən bu metronun həmçinin "The Tube" (Boru) kimi ləqəbi də vardır.

 

6. Madrid Metrosu - İspaniya

Bu il 17 oktyabr tarixində yaranmasının 100 illiyini qeyd edən Madrid metro sistemi 302 stansiya ilə siyahımızda 6-cı yerdə qərarlaşa bilmişdir. Ümumi uzunluğu 293 km təşkil edir. 2018-ci ildə il ərzində 600 milyondan çox istifadə olunma göstəricisinə sahib olması ilə bizim siyahımızda ən az istifadə olunan metro sistemidir.

Maraqlı bir fakt olaraq qeyd edə bilərik ki, Madrid metro sistemində dünyada başqa heç yerdə olmayan qədər eskalator var. Burada tam olaraq 1705 eskalator, həmçinin 529 lift var.

 

5. Paris Metrosu - Fransa

London Metrosundan 10 il sonra, yəni tam olaraq 1900-cü ildə yaranmış Paris Metrosu dünyada 5-ci ən qədim metro sistemi kimi tanınır. Həmçinin Madrid metrosu kimi 302 stansiyaya sahib olması ilə də bu siyahıda da 5-ci yerdədir. Ancaq, biz burada 303 stansiya olduğunu da deyə bilərik, çünki Montmartre funikulyoru 303-cü "yalançı" stansiya olaraq "Funikulaire" adı altında fəaliyyət göstərir və metro sisteminin bir hissəsi hesab olunur. 214 km uzunluğu ilə bizim siyahımızdakı ən qısa metro sistemidir. Gündəlik olaraq 4 milyondana artıq, illik olaraq isə 1 milyarddan artıq istifadə olunur.

 

4. Seul Metrosu - Cənubi Koreya

Bundan sonrakı yerlərdə birinci yerə qədər siyahımızda Asiyaya üzümüzü tuturuq. 1974-cü ildə açılan Seul metrosu 315 stansiyadan ibarətdır. 340,4 km ümumi uzunluğu ilə dünyada 9-cu yerdədir. İllik olaraq 1,9 milyarddan daha çox istifadə olunması ilə dünyada ən işlək metrolardan biri olaraq bilinir. Metronun 2024-cü il də daxil olmaqla o ilə qədər açılacaq yeni stansiyalarının və xəttlərinin planı vardır.

 

3. Pekin Metrosu - Çin

Qarşınıza bir çox yerdə metronun 394 stansiyası olduğu çıxsa da, əslində onlardan 60-ı keçid stansiyalarıdır və bu rəqəm iki dəfə sayılma əsasında yazılır. Əslində isə Pekin metrosunun 331 stansiyası vardır. Bu ilin oktyabr ayının 1-ində fəaliyyətinin 50 illiyini qeyd edən metro sistemi ilk dəfə 1969-cu ildə açılmışdır. Ümumilikdə 678,2 km uzunluğa malikdir, ancaq Xijiao dəmir yolu xətti sayılmasa 669,4 km hesab olunur və bu göstərici ilə Pekin metrosu dünyanın 2-ci ən uzun metro sistemidir. Gündəlik olaraq 10 milyondan artıq istifadə olunur, ancaq bu ilin 12 iyul tarixində istifadə göstəricisi gün ərzində 13 milyondan artıq olaraq bir rekorda imza atmışdır. Ancaq bu yüksək göstəricilərlə də kifayətlənmir, il ərzində 3,8 milyarddan artıq istifadə olunması dünyanın ən çox istifadə olunan metrosu kimi dünya üzrə birinciliyi əldə etmişdir. Lakin 21 milyondan artıq əhalisi olan paytaxt şəhərinin bu göstəriciyə sahib olması və hər 3 kateqoriyada ilk üçlükdə yer alması o qədər də təəccüblü deyil deyə düşünürəm.

 

2. Şanxay Metrosu - Çin

Təəccüblü deyil ki, dünyanın ən çox əhalisinə sahib olan Çin bu siyahıda 3 yeri tuta bilmişdir. İlk dəfə 1993-cü ldə fəaliyyətə başlamış Şanxay metrosu 345 stansiyaya sahib olması ilə dünyanın 2-ci ən böyük metrosu, ümumi uzunluğunun 676 km olması ilə isə dünyanın ən uzun metrosu olaraq qeydə alınıb. Çox kiçik bir fərqlə, yəni ildə 3,7 milyarddan artıq istifadə olunması ilə Pekin Metrosundan sonra dünyanın ən çox istifadə olunan metrosudur. Hətta gün ərzində 10 milyondan artıq istifadə olunması və rekord göstəricisinin 13 milyon olmasıyla Pekin metrosu ilə eyni göstəriciyə sahibdir. Gördüyünüz kimi, hər 3 kateqoriyada Çin metro sistemlərinin hökmranlığı öz sözünü deyir.

 

1. Nyu-York Metrosu - Amerika Birləşmiş Ştatları

Və nəhayət siyahımızda liderlik edən Nyu-York metrosuna gəldik. 1904-cü ildə açılan və 8-ci ən qədim metro sayılan Nyu-York metrosu 2-ci yeri böyük bir fərqlə geridə qoyaraq 424 stansiya ilə dünyanın ən böyük metro sistemi sayılır. Keçid stansiyaların bir neçə dəfə sayılması ilə isə 472 stansiya olduğunu deyə bilərik. Bu 472 stansiyanın 470-i günün 24 saatında, ilin hər günündə fəaliyyət göstərir. Daha 14 yeni stansiyanın açılması da planlaşdırılır.

New York şəhərində yeraltı tranzit sisteminin ilk nümayişi 1869-cu ildə Amerikalı ixtiraçı Alfred Ely Beach tərəfindən verilmişdir. 1900-cü ildə tikintilərə başlanılmış, 1904-cü ildə isə Nyu-York şəhərinin əhalisinin istifadəsinə verilmişdir. 394 km uzunluğu ilə dünyada 6-cı ən uzun, illik olaraq 1,6 milyon dəfə istifadə olunması ilə 9-cu ən işlək metro sistemi sayılır.

 

Bonus: Siyahıda olmasa da çoxumuzun gündəlik olaraq istifadə etdiyi Bakı metrosu haqqında da qısa məlumat vermək istərdim. 25 stansiyadan və 3 xəttdən ibarət Bakı metrosu 1967-ci ildə ilk dəfə açılaraq artıq 52 ildir ki Bakı əhalisinə xidmət edir. Ümumi uzunluğu 36,6 km-dir. 2018-ci il statistikasına əsasən bir il ərzində 231 milyon dəfə, gündəlik olaraq isə 600 min dəfə istifadə olunmuşdur. Qurulan gələcək planlarına əsasən stansiyaların sayının 76-ya çatdırılaraq yeraltı yolların uzunluğunun 119,1 km olması gözlənilir.

Paylaş

Daima bölüşmək, paylaşmaq sevgisi var. Bu sevgi sonradan özünü öyrəndiklərini, oxuduqlarını yazmaqla hamı ilə bölüşmək sevgisi ilə əvəzləyib. Bu yola qısa hekayələr, məqalələr yazmaqla başlayan Nərgiz, gələcəkdə kitabını nəşr etdirməyi məqsəd qoyub. O, yazaraq özümüzü ifadə etdiyimizə, özümüzdən sonrakı nəsillərə xatirələr qoyduğumuza inanır. Ən sevdiyi hədiyyə də kitabdır. Hər kəsdən gələcək kitabxanası üçün bir töhfə verməsini istəyir. İncəsənətə, yeni dillər öyrənməyə marağı böyükdür.

Özünü 1 cümlə ilə ifadə etsə, o cümlə belə olardı: “Bir gün arzuladığım o dünya səyahətim zamanı Madriddə dayanarkən Santiago Bernabeu-da REAL MADRİDin oyununa baxmaq istəyən 12 illik Madridistayam”.

Bütün bloqlar