Daxil olQeydiyyat

ZAHA HADİDİNİN 10 MÖHTƏŞƏM ARXİTEKTURASI

DEKABR 17, 2019 4 dəq. oxu
ZAHA HADİDİNİN 10 MÖHTƏŞƏM ARXİTEKTURASI

Onu “Qövslərin kraliçası” adlandırırdılar. Neo-futuristik arxitektura nümunələri yaradan İraq əsilli Zaha Hadid ənənəvi arxitektura stereotiplərini dağıdan layihələrində bütövlük prinsipinə qarşı çıxaraq əsl memarlıq nümunələri yarada bildi. Zaha Hadid və memarlıq deyərkən, adət edilən həndəsi fiqurlardan azad olmuş iti bucaqlı, dekonstruktiv və avanqard tərzdə, metal konstruksiyaların üstünlük təşkil etdiyi tikililər ağıllara gəlir. Düzdür, onun layihələrini müəyyən bir üsluba aid etmək düzgün olmaz. Bir neçə tərzin yaradıcı birləşimi ortaya ecazkar memarlıq nümunələri çıxarır. Onun xəyalının məhsulu olan bu sənətkarlıq nümunələri daha çox gələcəyə xitab edir. Hadidin əsərləri dünyanın bir çox ölkələrində inşa edilib. Heyrət doğuran nümunələrin onluğunu sizə təqdim edirəm.


"Morpheus" Oteli
Makauda yerləşən 15 iyun 2018-ci ildə rəsmi açılışı olan 40 mərtəbəli otelin xarici görünüşü olduqca cəlbedicidir. Bina “dünyanın ilk sərbəst formalı hündürmərtəbəli ekzoskleti” kimi qiymətləndirilir. Xaricdən fasadı bəzəyən həndəsi şəbəkələr sayəsində, əslində, daxili divarlara və sütunlara ehtiyac qalmadan daha estetik interyer yaranmış olur. Dördbucaqlı otelin içində oyulmuş boşluqlar görünüşə xüsusi indivuduallıq qatır. Makau Xəyallar şəhərinin bir hissəsi olan oteldə 750 otaq, suitlər, spa mərkəzləri, restoranlar, sərgi salonları var.


"Galaxy Soho"
Çinin paytaxtı Pekində 2009-2012-ci illər ərzində inşa edilən Qalaksi Soho biznes mərkəzi kimi fəaliyyət göstərir. Kompleks bir-birinə körpülər vasitəsilə birləşən dörd kürə formalı binadan ibarədir. Zaha Hadidin ən böyük ilham qaynağı həmişə təbiət olub. Bu dizaynda da Çinin mərtəbəli-teraslı əkinçilk sahələrindən ilham alınaraq şəkillənən avanqard yaradıcılıq əsəri ərsəyə gətirilib. Mərkəzdə əyləncə məkanları,  ofislər, restoranlar, məşhur brend butikləri var.


"Riverside" Muzeyi
Zaha Hadidin memarlıq nümunələrindən biri Şotlandiyada yerləşir. Klayd çayı sahillərində Riversayd Nəqliyyat muzeyi olduqca nəzərəçarpan görüntüsüylə göz oxşayır. Ziq-zaq şəkilli dam örtüyünə malik binanın fasadı tamamilə şüşə panellərlə üzlənmişdir. 36 metr hündürlükdə olan tikilinin dam örtüyü və yan divarlarında isə sink panellərdən istifadə edilmişdir. Muzeydə 3000-dən artıq eksponat sərgilənir. Hər növ retro avtomobillər, lakomotivlər ziyarətçilərə təqdim edilir. Səmadan dalğanan  görüntüsü Klayd çayı ilə vəhdət təşkil edərək bütöv peyzaj nümunəsi yaradır. Zaha Hadidin layihələrinin üstün cəhətlərindən biri, inşa edildiyi məkanlara uyğunlaşması, bütövləşməsidir. Bu nümunədə də eyni üsluba sadiq qalınır.


Heydər Əliyev Mərkəzi
Sevindirici haldır ki, Zaha Hadidin sehirli toxunuşunu çox uzağa getmədən doğma Bakıda da görmək mümkündür. Mərkəzin tikintisi 2012-ci ildə tamamlanıb. Hadid bu layihədə yaradıcılığına sadiq qalaraq, kəskin həndəsi fiqurlardan uzaq durmuş və tikiliyə sonsuzluq simvolu kimi düşünülən dalğavari formada dizayn vermişdir. Heydər Əliyev Mərkəzi futuristik və postmodernist elementləri özündə birləşdirir. Dinamik quruluşun bəyaz rənglə sintezi parlaq gələcəyi simvolizə edir. 15,93 hektar ərazidə yerləşən mərkəzin dizaynına görə 2014-cü ildə Zaha Hadidə “İlin dizayneri” mükafatı verilib.


"The Winton Gallery"
Londonda yerləşən qalereyanın tikilmə məqsədləri arasında riyaziyyatın insan həyatındakı rolunu sərgiləmək də var. Qalereyanın mərkəzində tavandan asılmış 1929-cu il istehsalı olan Hendley Peyc (Handley Page) təyyarəsi yerləşdirilib. Bu möhtəşəm tikilinin dizaynında hava axını konseptindən istifadə edilib və üç ölçülü qıvrımlar hava axını kimi təyyarəni hər tərəfdən dövrəyə alır. Bəyaz rəngli bu qıvrımların bənövşəyi işıqlarla vəhdəti onları daha nəzərə çarpan edir. Burada 100-dən artıq elm, mühəndislik, texnologiya və riyaziyyat sahəsinə aid eksponatlar nümayiş etdirilir. Dünyanı dəyişən və təsir edən riyazi bilgilərin bütün sahələrdə önəmi diqqətlərə çatdırılır. Keçən 400 il ərzində dünyanı bugünkü müasir vəziyyətə gətirən elmi nailiyyətlərin ziyarətçilərə Zaha Hadid dizaynında təqdim edilməsi də estetikanın riyazi təcəssümü kimi düşünülə bilər.

Pekin "Daxing" Havalimanı
İraq əsilli Zaha Hadid 2016-cı ildə həyata gözlərini yumsa da, onun layihələrinin inşası hələ də davam etdirilir. 25 sentyabr 2019-cu il tarixində Çin ölkəsinin 70-ci il dönümündə Hadid imzalı dünyanın ən böyük beynəlxalq havalimanının açılışını etdi. 27 km2 ərazidə və ya 98 futbol meydanı böyüklüyündə olan aeroport 268 təyyarəni qəbul etmək imkanına malikdir. Bura həm də ən böyük terminal kimi fəaliyyət göstərəcək. İllik sərnişin tutumunun 2025-ci ilə qədər 72 milyon nəfər olması nəzərdə tutulur. Havalimanında yeni nəsil texnologiyalardan istifadə edilib. Yüklərin izlənməsi üçün radio frekanslar,üz tanıma sistemləri və havalimanını şəhər mərkəzi ilə birləşdirən xüsusi sürət qatarı xətti olan möhtəşəm layihə beş qollu tikili formasında inşa edilib. Burada da kəskin xəttlərdən deyil, dalğavarı və qıvrım elementlərin bir-birini əvəz edən ahəngini görmək mümkündür.

 

"Bach" Pavilyonu
Mançester Sənət Qalereyasının bir hissəsi kimi 2009-cu ildə açılan  musiqi salonu olduqca cəlbedici görünüşə malikdir. Qalereyanın səhnəsi ilan və ya gimnast lentinin qıvrımları şəklində səhnənin tavanından aşağıya qədər uzanır. Eyni zamanda bu qıvrımlar daha keyfiyətli akustik imkanlar yaradır. Böyük panellər şəklində kəsilmiş likra parçasından istifadə edilməsi kreativ dizayn həlli kimi qiymətləndirilir. Bu elastik görüntü klassik musiqinin ağır yükünü estetik cəhətdən yüngülləşdirir.


"Dongdaemun Design" Plaza
Seulda spesifik dizayn həllinə malik funksional imkanları böyük olan Donqdaeumun Plaza neofuturistik üslubda inşa edilib. Fasadı 45000  alüminium panellərlə örtülən mərkəzdə dəb nümayişləri, sərgilər təşkil edilir. Eləcə də kitabxanalar, biznes mərkəzləri fəaliyyət göstərir. 30000 m2 park sahəsi ənənəvi Koreya bağçılıq dizaynını nümayiş etdirir. Üfüqi və şaquli istiqamətlərdə uzanan qatlar təbiətin daim dəyişən aspektlərinin ecazkar təsvirini verir. Plaza bugün Koreya gəncliyinin simvoluna çevrilib. Ekoloji cəhətdən təmiz və enerjiyə qənaətli geotermal qurğularla təchiz edilən tikili ölkənin istər interyeri, istərsə də eksteryeri baxımından müasir texnoloji və innovativ mühəndislik nailiyyətlərini özündə birləşdirən ilk memarlıq nümunəsi kimi tanınır.


"Serpentin Sakler Gallery"
Londonda yerləşən daha bir memarlıq nümunəsi müasirliklə tarixiliyin sintezi şəklində təqdim olunur. İki hissə – XIX əsrə aid kərpic tikili və Hadidin dizayn etdiyi hissə ustalıqla birləşdirilib. Memar 200 illik köhnə barut zavodunu əhatələyən qıvrımları sərbəst axıcı örtük şəklində fiberqlas məmulatından istifadə olunmaqla layihələndirib. Hadidin daha əvvəl Romada tarixiliklə müasirliyi birləşdirən MAXXI XXI əsr İncəsənəti Muzeyi layihəsi maraqla qarşılanmışdı və qalaereya bu trendin davamı kimi diqqət mərkəzindədir. 5 sütunlu müasir hissə kafe və tədbirlərin təşkili üçün nəzərdə tutulub. Digər layihələrində olduğu kimi, burada da təbii işıq effektlərindən istifadənin artırılması üçün fasadın böyük hissəsi şüşə panellərlə üzlənib.


"Guangzhou" Opera sarayı
Çinin Quançjou şəhərinin mərkəzində qoşa finans qüllələrinin yaxınlığında yerləşən 1800 nəfərlik opera sarayı ən son akustik yeniliklərlə təchiz olunub. 400 nəfərlik başqa bir zal sərgilərin keçirilməsi üçündür. Tikiliyə dizayn verilərkən təbii şəkillərdən-eroziya və geoloji təsirlər zamanı yaranan formalardan ilham alınıb. Dalğavarı formalar bina daxilində hissələrarası sərhədləri müəyyən edir. Axıcı dalğalar tikilini xaotik mənzərədən xilas edir. Tikintidə xüsusi qəliblənmiş şüşə və lifli dartılmış gips bölmələrdən, həmçinin beton lövhələrdən istifadə edilib. Opera binasının görünüşü “ənənəvi dəyərləri, optimizm və ambisiyalarla birləşdirən memarlıq nümunəsi” kimi şərh edilir. ”Qoşa Çınqıl” layihəsi kimi də adlanır.


Əlbəttə, Zaha Hadidin həm inşa edilmiş,həm də hələ təhvil verilməmiş digər arxitektur nümunələri ilə bu siyahını daha da uzatmaq olar. London Su İdman Mərkəzi, BƏƏ-də Şeyx Zayed körpüsü, Rusiyada Dominion Ofis, Honq Konqda İnnovasiya Qülləsi və Avstriyada, İspaniyada, İtaliyada, Fransada, Almaniyada, ABŞ-da inşa edilən neçə-neçə layihələrin adını sadalamaq mümkündür. ”Chanel”, ”Roco”, ”BMW”, ”Beko” kimi brendlər üçün layihələri, müxtəlif məkanlarda qurulmuş instalyasiya nümunələrini də bura əlavə etmək olar. Dünyanı bəzəyən qadının hələ uzun illər bu möhtəşəm nümunələrlə memarlığın kraliçası kimi diqqət mərkəzində qalacağı şübhəsizdir.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

MÜASİR DÜNYANIN 10 ARXİTEKTURA MÖCÜZƏSİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.