Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Fərhad KərimliFərhad Kərimli 05 DEKABR 2019 1514 views 2 dəq. oxu

Amazon çayı

1514 views 2 dəq. oxu
uploads/blog/The Amazon River.jpg

Dünyanın ən məşhur çayları sırasında olan Cənubi Amerikanın ən uzun, dünyanın isə ən bol sulu, dərin və enli çayı olan Amazon çayı Cənubi Amerikanın üçdə birini su ilə təmin edir. Bu nəhəng çay adını qədim hindu xalqlarının döyüşçü qadınları olan “Amazonka”-lardan almışdır. Çayın uzunluğu 6440 km-dir. 6695 km uzunluğa sahib Nildən sonra ikinci ən uzun çay hesab edilir. Atlantik okeanına hər saniyə ortalama 116 min ton su boşaltmaqdadır. Okeanlara tökülən çay sularının beşdə biri Amazona aiddir. 500-dən çox qolu olan Amazonun qollarından 7-sinin uzunluğu 1600 km-dən çoxdur. Ən uzun qolu Madeyranın uzunluğu 3200 km-dir.

Amazon çayı Cənubi Amerikanın Avstraliya böyüklüyündə olan ərazisini əhatə etməkdədir. Çayın orta axınında dərinlik təxmini 70 metr, mənsəbində isə 15-45 m-dir.Bu da ona şərait yaradır ki, Atlantik okeaninda üzən gəmilər mənsəbdən  daxil olaraq materikin içərisinə doğru irəliləyib, Perunun Kuiltos şəhərinin sahillərinə gedib çıxır.

 Amazon çayının eni yuxarı axında təxmini 2 km, orta axında  təxmini 5 km, aşağı axında təxmini 20 km, mənsəbində isə təqribi 80-150 km-dir. Amazon çayının bu qədər enli olmasının nəticəsində çayda müxtəlif adalar yaranmışdır. Sahəsi 48 min kv/km olan çay adası Marajo burada yerləşir.

Amazon çayının sahili alçaq və üç pilləlidir. Güclü yağışlar, qarların əriməsi, böyük daşqınlar zamanı suyun səviyyəsi birinci pillədən ikinci pilləyə qalxır.

Çayın qolları Amazona  müxtəlif  rəngli sular gətirir. Məsələn: Riu-Neqru qolunun suyu tünd; Jurua, Purus, Madeyranın suları bulanıq ağ; Tapajosun suyu isə yaşılımtıldır. Suları sarı; boz və hətta qırmızımtıl rəngə çalan qolları da var. Qolların müxtəlif rəngli sulara malik olmasına baxmayaraq Amazona tökülərkən rənglər itir. Çünki, Amazonun sahib olduğu su kütləsi bütün rəngləri udur.

Amazon çayı dünyanın kəşf edilməmiş son sərhəddidir. Amazonun yağışlı meşələrində müxtəlif heyvanlar, cürbəcür bitkilər, hələ də kəşf olunmamış minlərlə canlı mövcuddur. Amazon meşələrində ağaclara dırmaşa, ağacdan-ağaca tullanmağı bacaran hər növ heyvan vardır. Demək olar ki, bütün ağacların qabıqları rütubətdən mamır bağlamışdır. Günəş işığının cəmi 100-də 10-u meşənin içinə düşə bilir. Dünyanın ən güclü yırtıcı quşu Harpi qartalı da burada yaşayır.

Bəs Amazon meşələrinə getmək mümkündürmü? Amazon çayının qolları arasında rütubətli ekvatorial meşələr yer almışdır ki, bu meşələrdə bataqlıqlardan ibarətdir. Buna görə də Amazon meşələrinin yalnız sahilkənarı hissələrinə getmək mümkündür. Meşənin içinə doğru irəlilədikcə bataqlıq, yırtıcı heyvanlar artır, günəş işığı zəifləyir. Bu da bir başa həyati təhlükə deməkdir. Ümumiyyətlə, Amazona səyahət isə çayın qollarında motorlu qayıqlarla mümkündür. Əgər Amazonun dərinliklərinə getmək istəyirsinizsə, bu çay üzərində günlərlər, bəlkə bir həftədən çox səyahət deməkdir. Lakin bu zaman da müxtəlif nöqtələrdə fərqli mədəniyyətləri özündə daşıyan qəbilələrdə, kəndlərdə gecələmək məcbutiyyətində qalacaqsınız. Bu qəbilələrin  bir neçəsi zamanla oralara səyahət edə turistlərlə inteqrasiya nəticəsində yavaş-yavaş modernləşmişlərdir.

Amazona səyahət üçün müraciət edəcəyiniz turlar içərsində Peru və Kolimbiya turları ucuz, ekonomik olsa da, Braziliya turları bahalıdır. Bundan əlavə Amazonun Peru və Kolimbiya tərəfindəki qəbilələrin demək olar ki, hamısı kəşf olunsa da, Braziliya tərəfdəki qəbilələrin əksəriyyəti kəşf olunmamış vəziyyətdə də qalmaqdadır.

Amazonda normalda olduğu kimi 4 deyil, 2 fəsil mövcuddur: yağışla yaz və yağışsız yaz. Amma təbii ki, Amazon materikin çox geniş hissəsini əhatə etdiyi üçün bir tərəfdə hava yaxşı olanda digər tərəfdə pis olur. Əgər bir gün Amazona səyahət etmiş olsanız özünüzü əvvəlcədən bol və uzun-uzadı yağan yağışa, hədsiz dərəcədə rütubətli olan havaya, buludların arxasından belə yandırıcı istiliyi olan günəşə tab gətirməyə hazırlayın.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

ÇİLİ ZƏRZƏLƏSİNİN YARATDIĞI GÜL SAATI

CƏNUBİ AMERİKA: TƏHLÜKƏ YOXSA GÖZƏLLİK

ARZULARIN BRAZİLİYASI

Paylaş

“Zəhərdən sərxoşlanan” hekayələr kitabının müəllifi, Azərbaycanda “İstiqlal” nəşriyyatının təsisçisi və direktorudur. Jurnalistika fəaliyyəti üzrə bir neçə əməkdaşlıqları mövcuddur.

Bədii yaradıcılığa, mütaliəyə olan sevgisi ona Bakı şəhərində “Autumn Bookcafe” konseptini yaratmağa motivasiya vermişdir.

Eyni zamanda, 20-dən çox qısametrajlı filmin müəllifidir. Çəkdiyi filmlərlə 10-a yaxın müsabiqədə uğur əldə etmiş, “Ən təsirli film” nominasiyasına layiq görülmüşdür. İngiltərədə təqdimatı keçirilmiş “Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli filminin də operatorudur.

Fotoqraf, videoqraf kimi fəaliyyəti üzrə də müsabiqələrdə qalib gəlmişdir.

Hazırda isə digər kitablarının üzərində işləyir.

Bütün bloqlar