Daxil olQeydiyyat

ABU DABİNİN LUVR MUZEYİ PARİS LUVRUNA QARŞI

DEKABR 6, 2019 2 dəq. oxu
ABU DABİNİN LUVR MUZEYİ PARİS LUVRUNA QARŞI

Demək olar, hər kəs Luvr muzeyini tanıyır; bilir ki, bu Parisdə yerləşir və dünyanın ən qədim incəsənət muzeylərindəndir. Ancaq nisbətən daha az adam bilir ki, əslində Luvr həm də Birləşmiş Ərəb Əmirliklərində yerləşməkdədir. Digər tərəfdən, düzü, çoxluğu günahlandırmaq da olmaz, çünki ərəb Luvru sadəcə bundan 2 il əvvəl ictimaiyyətə açılıb və o əsl diplomatik sövdələşmədən doğan bir incəsənət nümunəsidir. 2007-ci ildə B.Ə.Ə. Fransa ilə razılığa gəlir ki, qərblə şərq arasında incəsənət əlaqəsini təcəssüm etdirən mütləq nəsə bir nümunə olmalıdır və onlar bunun üçün hətta 1.27 milyard dollar da ayırmağa hazır olurlar. Təsəvvür edin ki, bu büdcənin yarım milyondan çox hissəsi sırf muzeyin adının istifadəsinə icazə üçün fransız tərəfdaşlara ödənilir. Bu adın seçilməsi isə ona görə vacib idi ki, ərəblər fransız reputasiyasından yararlanaraq heç də onlardan geri qalmadıqlarını bəyan etsinlər və həm də Makronun öz dili ilə desək ‘’siyasi gərginlik içərisində olan körfəz ölkələrinə ‘’ səhra və günəş Luvru ’’ yeni nəfəs gətirməliydi’’. Təbii ki, biz arxa fonda gedən bütün diplomatik məsələlərdən agah deyilik ancaq gəzmək, öyrənmək istəyən insan üçün muzeyin inşa səbəbi elə də fərq etmir- təki içi zəngin olsun. Belə düşünən insanları isə ərəb Luvru böyük səxavətlə yola salır.

Sahəsi 38 000 kv metr olan və körfəzin içində yerləşən bu muzeyin sadəcə binası görən gözlər üçün ziyafətdir! Fransanın ən nüfuzlu arxitektorlarından, Pritzker mükafatçısı Jean Nouvel muzeyi elə dizayn edib ki, siz onun dəhlizlərində gəzəndə günorta vaxtı, klassik dar ərəb küçələrindən keçdiyinizi təsəvvür edə biləsiniz. Çünki tavandakı konstruksiyalar maşrabiya effektini verir və eyni texnika ilə günəş içəri bu maşrabvari deşiklərdən süzülərək gəlib çatır. Bütün bu dam konstruksiyası təbii olaraq asan əldə olunan bir şey deyil- bunun üçün 8 000-ə yaxın aluminium ulduz hazırlanıb və təkcə dam özü 7 000 ton ağırlığındadır. Tavandan sonra diqqətinizi qayalarla dizayn edilmiş döşəmə və sonra da özündə artıq əl yazmalar və sənət nümunələrini əks etdirən muzeyin divarları çəkəcək.

Mövzu muzeydirsə daha da əsas məsələ onun daxil zənginliyidir. Abu Dabi Luvrunda bəşəriyyətin universallığını çatdırmaq üçün lazım olan hər cür üslubda incəsənət nümunəsi partnyor Paris muzeylərindən alınaraq buraya çatdırılıb. Şərq və qərb üslubunda, eramızdan əvvəl ilk nümunələr sayılan heykəllərdən tut, müasir rəssam-dizaynerlərin işlərinə qədər muzeydə müxtəlif bölmələrdə işlər sərgilənir. Məcburi kobud ixtisarlar aparsaq ümumilikdə muzeydə 80 əsr əvvələ aid ilk insan heykəllər, firon ll Ramzesin heykəli, islam mədəniyyətinin Aralıq dənizi ətrafına hakimlik etdiyi dövrdən qalma bürünc şir heykəl, ən məşhur Osmanlı rəssamı- Osman Hamdi Bəyin və ya Osmanlı kalioqrafların işləri, 19-cu əsrin sonlarında Avropada yayğınlaşmış Yapon dalğasını hiss etdirən Paul Gauginin, Van Gogun, Pikassonun rəsmləri, dünyanın ən qədim Quran kitabından səhifələr və ya muzeyin ən ‘’sanballı’’ küncü sayılan Leonarda Da Vinçinin ‘’Qadın portreti’’ və ya ‘’Dünyanın xilaskarı’’ yer alır. 

Abu Dabi Luvr muzeyinin biletlərinə və ümumiyyətlə işləmə prinsiplərinə gəldikdə isə muzey bazar ertəsi qapalı olur; fəaliyyət saatları saat 10.00- 20.00 arasıdır (uzun iş günlərində isə saat 10.00-dan 22.00-a kimi). Bilet vergi də daxil 63 dirhəmə başa gəlir. Aşağıdakı ziyarətçilər üçün isə biletlər 30 dirhəmə təklif olunur:

  • 13-22 yaşlılar
  • 65 yaşından yuxarılar
  • Ə.Ə. müəllimləri
  • Ə.Ə. hərbçiləri

13 yaşından aşağı uşaqlar isə pulsuz muzeyə daxil ola bilərlər. Abu Dabi Luvr muzeyinin daha bir üstün cəhəti onun uşaqlar üçün xüsusi guşəsinin olmasıdır. 6-12 yaş arası uşaqlara fokuslanan bu sərgilərdə uşaqlar interaktiv workshoplarda iştirak edir; bu isə muzeyin məşhur eksponatlarına etinasızlıq göstərəcək uşaqların diqqətdən kənar qalmaması üçün yaxsı addımdır.

Yolunuzu mütləq Luvrun yerləşdiyi Saadiyat adasından salmalısınız. Əgər Abu Dabidən gələcəksinizsə Şeyx Xəlifə körpüsündən yol nişanlarını izləyərək gəlib çıxa bilərsiniz. Yox əgər Dubaydan yolunuz bura düşərsə Şeyx Zaid yolunun Saadiyat çıxışı ilə muzeyi tapacaqsınız. Ərəb Luvru da fransız həmkarı qədər görülməyə dəyər və “gəzilməli-görülməlilər” siyahısına alınmalı nöqtədir.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

QOZBELİNİN İNTİQAMI. PARİS NOTR-DAM KİLSƏSİ

DÜNYANIN ƏN QƏRİBƏ MUZEYLƏRİ

SU ALTI SƏNƏT MUZEYİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.