Daxil olQeydiyyat

SUALTI SƏNƏT MUZEYİ

DEKABR 24, 2019 2 dəq. oxu
SUALTI SƏNƏT MUZEYİ

Bir gün yolunuz Meksikaya düşüb və “Meksikada fərqli haranı görmək olar?” sualını düşünürsünüz? Ağlınıza tekila, gitara, böyük ölçüdə papaqlar, kaktus və səhralar gəlir və bu sizə elə də cəzbedici görünmür? Elə isə gəlin Meksikanın görməli yerlərindən ən maraqlısını tanıyaq.    

Meksikanın Yucata yarımadasının Cancun şəhəri gözəlliyi ilə valeh edən sahilləri ilə məşhurdur. Bu sahillərdə isə gizli bir incəsənət əsəri gizlənmişdir. Bu “Museo Subacuático de Arte”-dir. Dünyanın ilk sualtı heykəl muzeyi olan “Sualtı Sənət Muzeyi” sahilin yaxınlığındadır. 4-8 metr dərinliklərdə yerləşən muzey sualtı gəzintini daha da asanlaşdırır. Muzey ilk dəfə 2009-cu ildə istifadəyə verilmişdir. İlk istifadə zamanı muzeyin daxilinə 100 heykəl aid edilmişdi. Hal-hazırda isə bu say artaraq 500-ü keçmişdir. 420 kv/m-lik sahəyə səpələnmiş heykəllər dənizin müxtəlif  nöqtələrində yerləşdirilmişdir. Bunun səbəbi isə turist axını zamanı bir nöqtədə yarana biləcək tıxacların qarşısının alınmasıdır. Ümumi ağırlığı 200 tondan yuxarı olan, insan, heyvan və cansız əşyaların heykəllərindən ibarət muzeyin müəllifi ingilis fotoqraf, heykəltəraş,  incəsənət xadimi Jason de Caires Taylor-dur. Taylor heykəllərin sualtının bir hissəsinə çevrilməsi üçün xüsusi hazırlanmış, dayanıqlı sement istifadə etmişdir. Bunun sayəsində heykəllərdə dəniz mərcanları, yosunlar, molekullar və bunun kimi digər heyvanlar yuva qura bilmişlər. Beləliklə, bu canlılar heykəllərin görünüşünü zamanla qəribə şəkildə dəyişmişlər. Bu dəyişiklik bəzi heykəllərin üzlərində təbəssüm yaratsa da, bəzi heykəlləri daha vahiməli hala salmışdır.

Muzeyin bu ərazidə salınmasının səbəbi burda baş verən fövqəladə dəniz hadisələrinin baş verməsi və bunların nəticəsində turistlərin sayının azalmasıdır. İndi isə muzeyə ildə milyondan çox turist axın edir. Sualtındakı heykəllər bura baş çəkən turistlərə iki qalereyada təqdim olunur: “Manchones” salonu və “Nizuc” salonu. Birinci qalereya bir dəstə adam heykəllərindən ibarətdir. Bu qalareya dünyanın müxtəlif regionlarında olan ayr-ayrı səbəblərdən “qaçqın” adı almış insanları təmsil edir. 35 “nəfər”dən ibarət bu topluluq dənizin dibində, sanki bilinməyən yerə yürüş edirmiş kimi düzülüblər. Bəzi heykəllərin üzlərində qorxu, bəzilərində kədər, bəzilərində naməlum hisslər ifadə olunmuşdur. İkinci qalareya isə Suriyada davam edən qaçqın məsələlərini özündə əks etdirir. Bu həssas sənət əsərləri ümidsiz insan fiqurlarının tibbi müayinə və yardım gözlədiklərini təcəssüm etdirir.  Hər iki qalereyanın hazırlandıqdan sonra sualtında yerləşdirilməsində ayrı-ayrılıqda bir həftə vaxt sərf olunmuşdur. Jason de Caires Taylor bu fiqurları düzəltdikdən sonra onları bir-bir dənizin altına endirdikdən sonra istədiyi dizayna gətirmək üçün bir həftə sualtında işləmişdir.

“Sualtı Sənət Muzeyi” ərsəyə gəlib istifadəyə veriləndən sonra bütün dünyada məşhurlaşdı. Müəllif bu haqda belə deyir: “Bu sənət əsərləri əyləncə üçün deyil, bütün dünyanın ortaq problemlərini ortaya qoymaq, göz önünə sərmək üçün düzəldilmişdir. Böyük səs-küyə səbəb olan bu proyektə ümumilikdə yarım milyon dollardan çox pul xərclənmişdir. İlk sərmayəyə lazım olan pulu Meksika dövləti ödəyirdisə də, irəlidəki illərdə bu proyektin həm pul, həm də reytinq qazandırdığını görən ayrı-ayrı şirkətlər də sərmayə qoymağa razı olmuşlar.

“Sualtı Sənət Muzeyi”nin incəsənəti təcəssüm etməsiylə yanaşı sualtı idman növlərinə marağı da artırmışdır. Muzey istifadəyə verildiyi gündən bu günə qədər daim dünya mətbuatında, insan hüquqlarını qoruyan təşkilatların iclaslarında və incəsənət tədbirlərində müzakirələrə səbəb olmuşdur.

Meksika sahillərində yatan cazibəli “Sualtı Sənət Muzeyi” digər ölkələrin ilham mənbəyinə çevrilmişdir. Bu muzeydən sonra dünyanın müxtəlif ərazilərində bu tipli incəsənət abidələri salınmışdır. Bunların içərisində Meksikadan sonra ən məşhurları İspaniya və Türkiyə sahillərində salınmış “Sualtı Heykəl Muzey”ləridir.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

ABU DABİNİN LUVR MUZEYİ PARİS LUVRUNA QARŞI

DÜNYANIN ƏN QƏRİBƏ MUZEYLƏRİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.