Daxil olQeydiyyat

BÖYÜK PYOTRUN YARATDIĞI SƏNƏT ƏSƏRİ

NOYABR 7, 2019 3 dəq. oxu
BÖYÜK PYOTRUN YARATDIĞI SƏNƏT ƏSƏRİ

Böyük Pyotrun hakimiyyət illəri çox uğurla başlayır. O, 20 illik Şimal müharibəsində ölkəsinin sərhədlərini ciddi şəkildə genişləndirir; Estoniya, Latviya, Litvani isveçlilərin əlindən alır və öz torpaqlarına qatır. Yenilikçi, elm və inkişaf tərəfdarı olan Pyotr, avropasayağı Rusiya şəhəri salmaq, həm yenicə işğal etdiyi torpaqları idarə və həm də qərbdən gələn bütün iqtisadi-ticari əlaqələrə nəzarət etmək üçün Avropaya bir pəncərə kimi Sankt-Peterburq şəhərini saldırır. Şəhərin ilk tikilisi Pyotr və Paul qəsri olur; bu, Neva çayı sahilində, ‘’Dovşan’’ adasında italyan-isveç əsilli memar Domeniko Trezzini tərəfindən hazırlanır və tikintidə Pyotr özü də bir daş qoyur. 

Pyotr əsasını qoyduğu şəhərə aşiq idi. O, 1703-cü ildə tikintisi başlanan bu şəhərə 10 il sonra bütün taxt-tacını daşıyır və burda yaşamağa başlayır. Şəhərin tikintisinə 40 000-ə kimi insan cəlb edilir və hətta onların bəziləri elə bu ərəfədə də ölərək şəhərin bünövrəsində həmişəlik ‘’yatmağa’’ qərq olurlar. Pyotr Sankt-Peterburqu artıq məskunlaşmış böyük bir şəhər kimi görmək istəyir və əmr verir ki, hər əyalət öz ərazisindən bir qisim ailənin oraya köçürülməsini təmin etsin və artıq 1725-ci ildə şəhər əhalisinə görə Rusiyanın 2-cisinə çevrilir.

Ancaq qalmaqallı taxt-tac hekayələrini bilirsiniz:  Böyük Pyotrun az yaşlı nəvəsi hakimiyyətə gələn kimi paytaxtı yenidən Moskvaya köçürdür. Buna baxmayaraq tale elə gətirir ki, nəvə Pyotr elə az yaşında da ölür və Böyük Pyotrın xəstə qardaşının- keçmiş kralın qızı Anna imperatriça olur.‘’Qara səltənət sahibəsi’’ kimi yaddaşlarda qalan Anna, əmisi kimi incəsənətə meyilli idi və onun kimi paytaxtı yenidən qərbə, Sankt-Peterburqa köçürür və Piterin günü bu gün də milyonlarla turisti özünə cəlb edəcək infrastrukturunu qurmağa davam edir. 

‘’Avropanın Venesiyası’’, mədəniyyət şəhəri olan Piter hər il özünə təqribən 5 milyona yaxın turist cəlb edir. Şəhəri hətta dünya miqyasında belə cəlbedici edən onun özünəməxsus Bəyaz Gecələri, dünyanın ikinci ən böyük incəsənət muzeyi sayılan Ermitajı, barokko üslubunda memarlıq abidələri, Neva çayının üzərində yerləşən körpüləri və saymaqla bitməyəcək incəsənət nümunələridir.

Əhalisi milyonu ötən şəhərlər içərisində Sankt-Peterburq şimal qütbünə ən yaxın olanıdır və mayın sonu- iyunda şəhərdə hakim olan məşhur Bəyaz gecələr Piterə xüsusi reputasiya bəxş edir. Bu zaman günəş axşam saat 10-da qürub edir, insanlar küçələrdə qaynayır və festivallar, teatr tamaşaları, fişənglər haqlı olaraq əsl maraq mənbəyinə çevrilir; yay konsertləri, yoqa dərsləri, film nümayişləri bütün lokal restoran və kafelər insan axınını gözləməkdə olur. Sankt-Peterburqu əgər bu periodda görməmisinizsə əminliklə ‘’Piterdə olmuşam!’’ deyə bilməzsiniz; ən azı bu gecələrdən birində tamam oyaq qalmaq, 1905 və 1917-ci illərdə də tarixə öz adını salmış Pyotr və Paul qalasına çıxmaq, Romanovların evi olan Qış Sarayının mərmər bağçasında gəzmək, Fin körfəzinə yaxın Kamarova çimərliynin sərin sularında çimmək, Troytski körpüsünün açılmasına şahidlik etmək və Marinskiy teatrında opera və balet tamaşalarını izləmək (hansı ki, 2-ci Aleksandrın öz xanımının şərəfinə adlandırdığı bu teatrda müqəddəs rus 5-liyindən Rimski-Korsakov və Mussoqorski öz əsərlərinin premyeralarını təqdim ediblər) lazımdır!

Göründüyü kimi şəhər əsl mədəniyyət püskürür ancaq hələ bu harasıdır. Yuxarıda da qeyd olunduğu kimi Piteri hər il görməyə gələn 5 milyon turistin hər biri Ermitaja ziyarəti özünə vicdan borcu bilir- bunu Piterə sevgisindən emosionallaşmış blogger yox, statistika deyir! Məgər bu təəccüblüdür?! Dünyanın sahəsinə görə 2-ci ən böyük muzeyi olan Ermitajda, nümayişə qoyulan 3 milyondan çox eksponatın hər birini görmək üçün sadəcə bircə dəqiqə vaxt sərf etməli olsaydınız ömrünüzün 8-11 ilini sırf buna xərcləyəckdiniz. Ona görə də kitabxanalarda sırf ‘’Ermitajı necə gəzməli’’ deyə kitablara rast gəlməyiniz çox asandır. Muzeyə giriş biletinin qiyməti ucuz, 5-10 dollar arası dəyişir; yaxşı olar ki, uzun növbələrdən yayınasınız deyə bileti onlayn əldə edəsiniz. Bundan əlavə hər ayın 3-cü cümə axşamı günü muzeyə giriş pulsuzdur. Qapılar 10.30da açılır və muzey cüt günlər 6-da, tək günlər isə 9-da bağlanır. 

Nəqliyyata gəldikdə isə Sankt-Peterburq bu cəhətdən əlverişlidir- vahid nəqliyyat biletlərilə, siz, avtobus, trolleybus, metrolardan rahat istifadə edə bilərsiniz. Əslində Piterdə metrodan istifadə təkcə nəqliyyat məqsədli yox, həm də gözəl rəsmlər, incəsənət nümunələri görmək üçün ideal imkandır. 

Rusiya kimi hər cəhətdən zəngin ölkənin gəzməyə dəyər şəhərləri çoxdur; siz özündə alman ruhunu daşıyan qərbi arxitekturalı Kalininqradı; 16-cı əsrdən qalma gözəl məscid və kilsələri olan, Volqa və Kazan çayının üzərində yerləşən tatar şəhəri Kazanı; meşəsi, çimərliyi, xizəksürmə üçün Krasnaya Polyana kurortu, delfinariyası olan Qara dəniz sahilindəki Soçini; qədim slavyanların 11-ci əsr Kiyevskaya rus kəndlərini xatırladan Suzdalı; Baykal sahilində Şamanların məskəni sayılan İrkutsk şəhərlərini də görməlisiniz.  Ölkədə hər cür turisti xoşbəxt yola salmaq üçün resurslar var; istər bunlar insanlar tərəfindən yaradılmış abidələr, incəsənət nümunələri olsun, istər təbiəti olsun, istərsə də insanların elə öz müxtəlifliyi olsun. Ancaq növbəti səyahət planınız arxitektura, estetikadan yanadırsa mütləq Piter üçün zamanınızı xərcləyin. Peşman olmayacaqsınız!

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.